13 Mart 2025

Cümə axşamı, 03:32

ELMİ ƏSASLARLA

Yol gedən yorulmaz….

Müəllif:

15.11.2009

1995-ci il. Binə Beynəlxalq Hava Limanının açılışı. Cəmi bir neçə ildir, müstəqilliyini əldə etmiş ölkənin ən önəmli strateji obyekti istismara verilir. Azərbaycanın Ümummilli Lideri prezident Heydər Əliyev tikintinin iştirakçısı olmuş rəhbərlərə və bütün kollektivə təşəkkür edir. Almaniyanın "Virtgen" şirkətinin sahibi cavab çıxışında bildirir: "Sizə, azərbaycanlılara "sağ olun" demək lazımdır. Bunda sizin alim Əli Əliyevin xidməti var. Məhz onun yaratdığı texnologiya hesabına bu cür məsuliyyətli işi keyfiyyətlə görmək mümkün oldu".

Həmin tarixi hadisədən 15 il keçib, Vətənə qayıdan hər birimiz hava limanına yaxınlaşarkən qürur və razılıq hissi ilə giriş yollarının rahatlığından, təyyarələrin yumşaq enişindən zövq alırıq. 

Texnika elmləri doktoru Əli Əliyev tərəfindən yolların və hava limanlarının tikintisi üçün işlənmiş uğurlu texnologiyanın sirri nədədir?

Əli Musa oğlu Əliyev bütün böyük alimlər və iş adamları kimi az danışandır. O, 100-dən çox elmi işin, 4 monoqrafiyanın və bir sıra tədris-metodik vəsaitin müəllifidir. Onun elmi-texniki axtarışlarının prioritetliliyi 20 ixtira və patent şəhadətnaməsi ilə müdafiə olunub. Asfalt-beton örtüklərin regenerasiyası işində elmi əsasların yaradılmasında, avtomobil yollarının və hava limanlarının tikintisində yeni texnologiyaların tətbiqində göstərdiyi böyük xidmətlərə görə alim, bir sıra beynəlxalq akademiyalara üzv seçilib. 

2004-cü ildə Ə.M.Əliyev Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının vitse-prezidenti seçilib. 2005-ci ildə "Türk Dünyası qarşısında xidmətlərinə görə" qızı medalı, "İlin alimi" beynəlxalq diplomu ilə təltif olunub, 2006-cı ildə isə beynəlxalq Atatürk mükafatının ilk sahibi olub. 

- Siz bir elmi-tədqiqat institutunun görə biləcəyi nəhəng işlərin müəllifisiniz. 20 yaşınızdan körpülər, yollar tikirsiniz, arxada 55 illik əməli iş təcrübəniz var. Deyin görək, yollar necə tikilməlidir ki, uzun müddət xidmət göstərə bilsin? 

- Elm çox suallara cavab tapmağa qadirdir, amma bununla yanaşı o, bütün cavabları həyatın, təbiətin özündən, yəni praktiki təcrübədən tapır. Bizim hər birimiz özümüzə ev tikirik və hər şeydən öncə onun etibarlılığını düşünürük, bundan sonra gözəllik və xarici görkəm barədə fikirləşirik. Evin etibarlılığını möhkəm bünövrə təmin edir. Yolun bünövrəsi isə  onun altı və torpaq örtüyüdür. Son illərdə biz yolların və hava limanlarının tikintisi zamanı özül material kimi əhəngdaşlı mineral materiallardan istifadə edirik. Əhəngdaşı mədən karbonat süxurudur. Vətənimiz əhəngdaşı ilə zəngindir, onlar demək olar ki, Azərbaycanın bütün rayonlarında, o cümlədən, Abşeron yarımadasında da boldur. Dünya praktikasında ilk dəfə olaraq Binə Hava Limanının uçuş-eniş zolağının tikintisi zamanı bizim tərəfimizdən əhəngdaşı tullantıları hesabına təmir özünüsementləşdirmə əsasında material alınması texnologiyası ilə işlənilib. 

- Amma tikinti təşkilatlarının bir sıra rəhbərləri, şəhər və respublika hakimiyyətinin təmsilçiləri, o cümlədən də "Virtgen" firmasının başçısı, Almaniyanın mərkəzi laboratoriyasının rəisi doktor Niss əhəngdaşı tullantılarının Binə Hava Limanının uçuş-eniş zolağında, ümumiyyətlə, bütövlükdə avtomobil yollarının tikintisində işlədilməsinin əleyhinə idilər?

- Hə, etiraz və şübhələr var idi. Bu, başa düşüləndir. Ölkə üçün önəmli və strateji baxımdan vacib olan, tikintisi Bakı Şəhər Yol Trestinə və Almaniyanın "Virtgen" şirkətinə tapşırılmış  bir obyektin inşaası zamanı səhv etməyə heç kimin haqqı ola bilməzdi. Almaniya tərəfi öhdəsinə buraxılmış bütün məsuliyyəti anlayaraq, risk etmək istəmirdi və sözlərimizə inanmırdı. Əhəngdaşının yol və hava limanlarının tikintisində işlədilməsinin mümkünlüyünü və yararlılığını sübut etmək üçün mən Almaniyada  20 gündən çox vaxt keçirməli oldum. Azərbaycandan gətirilmiş əhəngdaşı tullantılarının üzərində apardığımız təcrübə-sınaqlar  uğurla nəticələndi. 

***

Sonradan "Virtgen" firmasının rəhbərləri professor Əli Əliyevə göstərdiyi texnoloji yardıma görə təşəkkür məktubu təqdim etdi və beləliklə də şirkətin normativlərinə əhəngdaşı tullantılarının yol-hava limanı tikintisində istifadəsi texnologiyası da əlavə olundu. 

Binə Hava Limanının uçuş-eniş zolağının artıq 15 ildən çox uğurlu istismarı, professor Əli Əliyev tərəfindən əvvəl edilmiş nəticələrin doğruluğunu bir daha  təsdiqləyir: əhəngdaşı tullantıları hava limanlarının və yolların tikintisi üçün yararlı materialdır. Sonradan özünü doğruldan bu texnologiya A klassına aid Gəncə, Lənkəran hava limanlarının, həmçinin, Zaqatala Hava Limanının tikintisində, metronun "Əzizbəyov" stansiyası - Hava limanı - Bilgəh yolunun yenidən qurulmasında, eləcə də avtomobil yollarının tikintisində istifadə edildi. 

***

- Amma bünövrə kimi çınqıl materiallarından da istifadə etmək mümkündür?

- Hər şeydən istifadə etmək olar, amma texniki və iqtisadi baxımdan bu nə qədər məqsədəuyğundur? Təcrübə əksini göstərir. İlk dəfə biz əhəngdaşı tullantılarını 1985-ci ildə Bayıl qəsəbəsində uzunluğu 250 metr olan sahənin tikintisində işlətmişik, orada əhəngdaşı tullantılarından ibarət qatışıq da istifadə olunub. Eyni zamanda, paralel yerləşən 120 metrlik sahədə çınqıl-qum mineralı materialından da  yararlanıblar. Aradan 20 il keçib və bu illər ərzində dəfələrlə yoxlanılıb ki, birinci sahənin keçid hissəsi yaxşı vəziyyətdə qalıb, heç bir axma, ciddi dağıntı baş verməyib. İkinci isə 1997-ci ildə təmir edilməli oldu, baxmayaraq ki, eyni şəraitdə istismara verilmişdi. 

- Bəs bataqlıq yerdə yol tikintisində necə?

- Bizim təcrübədə bu da sınaqdan çıxarılıb. Bakı - Ələt yolunun Şıx çimərliyindən Səngəçal qəsəbəsinə kimi olan hissəsində qum alt təbəqə əvəzinə əhəngdaşı tullantılarından istifadə etmişik. Yol qumlu və qrunt suları bol olan özül üzərində çəkilib və bunun  2-3 km-i bataqlıq yerlərin yanından keçib. Bir sıra sahələrdə çınqıl və Bəhramtəpə, Mingəçevir mədənlərinin qumundan istifadə edilərək, düzəldilmiş konstruktiv laylar yaradılmışdı. Beşillik istismar boyunca yolun asfalt-beton örtüyünün müxtəlif hissələrinə avtonəqliyyat vasitələrinin və iqlimin təsiri müxtəlif oldu. Belə ki, çınqıl-qum konstruksiyalı örtüyün səthində eninə çatlar və deformasiyalar yarandı, amma əhəngdaşı tullantıları istifadə edilən yerlərdə belə çatlar yox idi. Bu sahələrdə örtüklərin istismarının eyni çətinlikli qrunt-hidroloji şəraitdə, nəqliyyat vasitələrinin intensiv hərəkəti altında getməsinə baxmayaraq, əhəngdaşı tullantılarından düzəldilmiş konstruktiv laylarda deformasiyalar demək olar ki, baş verməyib. 

-  Nəyə görə əhəngdaşı daha əlverişlidir?

- Yol vahid mühəndis konstruksiyasıdır, onun bütün layları əlaqəlidir və istismar zamanı bir-birini dəstəkləyir. Onun vacib laylarından biri yer örtüyüdür. O, qrunt, hidrogeoloji və iqlim şərtlərindən asılı olmayaraq, bütün istismar müddəti ərzində möhkəm olmalıdır. Amma təcrübə göstərir ki, çox vaxt torpaq yolverilən normalaşdırılmış yüklənməyə dözmür. Həddindən quru və ya həddindən nəm qruntu bərkitmək olmur. Bunun qarşısını almaq üçün yer örtüyünü keyfiyyətcə yaxşılaşdırmaq və ya dəyişdirmək lazımdır. Qədim zamanlarda torpaq layına bərklik vermək üçün əhəngdaşından istifadə ediblər. Hələ romalılar və çinlilər bilirdilər ki, əhəngdaşı torpaqdan suyu özünə çəkir, beləliklə, möhkəmlənir, şaxtayadözümlü olur və ömrü uzanır. 

Əhəngdaşı süxurlarının vacib göstəricilərindən biri onda kalsium-oksidin olmasıdır. Məhz bu onların təbii sementləşdirilməsini təmin edir. Bunun üçün onları xırda doğramaq və maşınlarla basmaq lazımdır. Əhəngdaşı tullantısının optimal miqdarda su ilə qarışdırılması zamanı iki fazanın sərhədində fiziki-kimyəvi proses gedir. Bu cür texnoloji proses nəticəsində  xırdalanmış əhəngdaşının nəmlə doyması baş verir, təbii yolla sementləşdirilmiş uzunmüddətli möhkəm əhəngdaşı betonu yaranır. Beləliklə, özünüsementləşdirmə xassəsinə malik olan əhəngdaşı tullantıları yol və hava limanı örtüklərinin ümumidaşıyıcı qabiliyyətini artırmağa imkan verir. Həmçinin, nəqliyyat yüklənməsi nəticəsində yaranmış gərginliyin böyük meydança boyunca yayılmasına şərait yaradır. Bu isə hətta əlverişsiz təbii-iqlim şəraitində örtüyün sabit işləməsini təmin edir. 

Başqa tərəfdən isə əhəngdaşı tullantılarının sementləşdirilməsi prosesinin özü kapilyarların bağlanmasına şərait yaradır ki, bu da suyadavamlılığı artırır və bataqlıqlaşmanın qarşısını alır.  Məhz buna görə bu texnologiya bataqlıq yerlərdə və ya qrunt sularının səviyyəsi yuxarı olan sahələrdə yol tikintisində uğurla işlədilir. Yeri gəlmişkən, bu problemlə Binə Hava Limanının uçuş-eniş zolağının tikintisi zamanı da rastlaşmışdıq. Uçuş zolağında qrunt sularının səviyyəsi yol verilən normadan yuxarı idi. 

Buna görə də torpaq örtüyünün dibinə suyun çıxmasının qarşısını almaq üçün biz köhnə özülü sökməli olduq, aqreqat vasitəsilə layları qurutduq və ardınca əhəngdaşı tullantıları tökdük, buna paralel şəkildə onları yolbasanlarla möhkəmləndirdik. Optimal miqdarda su saxladıq. Təkrar su peyda olanda lazımi nəticələrin alınması üçün lay-lay qurutmağı davam etdirdik. Müəyyən vaxtdan sonra kapilyarların bağlanması ilə suyun gəlməsi dayandı və təbii sementləşmə baş verdi. 

- Əhəngdaşı tullantılarının işlədilməsi görülən işin dəyərinə necə təsir göstərir? Axı yol tikintisi böyük maddi xərclər tələb edən çətin işdir... 

- Kənardan gətirilmə çınqıl və qumdan ibarət ənənəvi qatışığın yerinə yerli əhəngdaşı tullantılarının işlədilməsi böyük qənaətə imkan yaradır. Müqayisə aparaq. Binə Hava Limanının uçuş-eniş zolağının tikintisi zamanı əhəngdaşı tullantıları istifadə edilib və bu zaman xərclər 4 milyon ABŞ dollarına bərabər olub. Eyni parametrlərlə Tbilisidə hava limanının uçuş-eniş zolağı qum-çınqıl materialları əsasında aparılıb və bu bir neçə dəfə baha başa gəlib. Bundan başqa,  Bakı Hava Limanının uçuş-eniş zolağı indiyə qədər yaxşı vəziyyətdədir və öz möhkəmlik göstəriciləri ilə seçilir. Bakıda alman həmkarların təklif etdiyi idxal tozu əvəzinə asfalt-beton qarışığı tərkibli aktivləşdirilmiş mineral tozdan istifadə edilib. 

Hələ 80-ci illərin ortalarında biz yol- hava limanı tikintisində əhəngdaşı tullantılarından istifadə məsələsini qaldırmışdıq və bununla çox önəmli bir məsələni - ətraf mühitin çirklənməsinin qarşısını almaq məsələsini gündəmə gətirmişdik. S.A.Dadaşov adına Elmi-Tədqiqat Tikinti Materialları İnstitutunun məlumatına görə, yalnız Abşeron əhəngdaşı mədənlərində tullantıların illik həcmi 8,9 mln tondur, bunun 1,3 mln tonu Qaradağ mədəninin payına düşür. Hazırda ölkənin daş karxanalarında daşkəsmədən yaranmış tullantıların ümumi həcmi 30 mln tonu ötür. Bütövlükdə, əhəngdaşı tullantıları yol-hava limanı örtüklərinə əlavə möhkəmlik verir, qum və çınqıl istifadəsinə ehtiyac qoymur, ətraf mühitin çirkləndirilməsinin qarşısını alır, insanlar üçün ziyansızdır, korroziya yaratmır, bioloji baxımdan tamamilə təhlükəsizdir və qənaətlidir. 

 P.S. Professor Əli Əliyev tərəfindən yaradılmış bu texnologiya 1993-cü ildə patentləşdirilib. Hazırda "Əhəngdaşı materiallarının yol-hava limanı tikintisində tətbiqi" adlı dərslik vəsaiti üzərində iş gedir. Qeyd etmək lazımdır ki, professor Ə.Əliyev bir sıra dərsliklərin, o cümlədən, bu yaxınlarda rusca çap edilmiş "Avtomobil yollarının və hava limanlarının tikintisi" kitabının müəllifidir. Sonuncu kitab Rusiya və Orta Asiya ali məktəblərində çox populyardır və  ona böyük  tələbat var. Deməli, Peyğəmbər olmaq üçün Vətəndə qalmaq da kifayətdir. 


MƏSLƏHƏT GÖR:

567