14 Mart 2025

Cümə, 20:57

EHTİYAT BÜDCƏNİN YARAŞIĞIDIR

Azərbaycan Hökuməti büdcə parametrlərinin formalaşmasına daha ehtiyatlı yanaşma forması seçib

Müəllif:

15.11.2009

Böhran şəraitində Azərbaycanın iqtisadi siyasətinin əsas leytmotivi olan mühafizəkarlıq, nəhayət, ölkənin Dövlət Büdcəsinə də yetişib. 2009-cu ildə dünyanın neft birjalarında qiymətlərin qalxıb-enməsindən və bütövlükdə bunun təbii yolla dövlət gəlirlərinə təsir göstərməsindən narahat olan hökumət bu dəfə daha ehtiyatlı mövqe seçib və əsas iqtisadi sənəddə neftin dəyərini xeyli aşağı nəzərdə tutub. Ancaq neftin barrelinin qiymətini $70-dən $45-ə endirmək parlamentdə, cəmiyyətdə və ekspertlər arasında birmənalı qarşılanmayıb. Buna baxmayaraq hökumət təmsilçiləri bildirirlər ki, bu addım düşünülüb və təklif edilən parametrlər dünya iqtisadiyyatındakı titrəmələr nəzərə alınmaqla müəyyənləşdirilib.  

 

Məsələ qiymətdədir 

Dövlət büdcəsinin kəsri Azərbaycan üçün yenilik deyil. Amma gələn il o, əvvəlkilərdən bir qədər böyük - ümumi daxili məhsulun (ÜDM) 3,9%-ni və ya 1 mlrd 249 mln manat təşkil edəcək. Bununla yanaşı, gəlir və xərc bölmələri üzrə proqnozların azalması müşahidə edilir. Gələn il üçün Dövlət Büdcəsinin gəlirləri 10 mlrd 015 mln manat (ÜDM-in 31,5%-i) səviyyəsində planlaşdırılır, bu il üçün isə proqnoz 12 mlrd 177 mln manatdır. Gələn ilin xərclərinin isə 11 mlrd 264 mln manat (ÜDM-in 35,4%-i) səviyyəsində olması planlaşdırılır, bu il üçün  xərclərə gəldikdə o, 12 mlrd 355 mln manat səviyyəsində proqnozlaşdırılır. 

Artıq deyildiyi kimi, göstəricilərin azalmasının əsas səbəbi neftin qiyməti və dünya iqtisadiyyatındakı tənəzzüllə bağlıdır. Parlament müzakirələrinin gedişində maliyyə naziri Samir Şərifov bildirib ki, "Bu cür azalma qlobal böhrandan çıxış şəraitində dünya üzrə çağırışlara cavab addımı olaraq atılır.  2010-cu ilin Dövlət Büdcəsində neftin barrelinin qiymətinin 45 dollara qədər azaldılması isə qoruyucu addımdır". 

Nazirin sözlərinə görə, proqnozların hazırlanıması zamanı hökumət çalışıb ki, 2010-cu ildə dünya iqtisadiyyatında böhrandan çıxışla, enerjidaşıyıcılarının qiymətinin bərpa olunması ilə bağlı gözlənən böhranın risklərindən qorunsun, həmçinin, ölkə iqtisadiyyatının daha da inkişafına təkan versin. "Gələn il üçün dünya iqtisadiyyatının artımı üzrə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 1,4%, DB tərəfindən 2,9% səviyyəsində bəyan edilən müxtəlif proqnozlar və bütövlükdə dünya bazarlarında vəziyyətin qeyri-müəyyən olaraq qalması nəzərə alınaraq, sabit maliyyə təminatının qorunması məqsədilə büdcə proqnozlarının formalaşdırılmasında konservativ yanaşmaya üstünlük verilib", - deyə nazir vurğulayıb. 

Bununla yanaşı, bir sıra ekspertlər, həmçinin parlamentarilər Dövlət Büdcəsində neftin qiymətinin 45 dollara qədər azaldılmasını həddindən mühafizəkar yanaşma kimi qiymətləndirirlər. Onların fikrincə, hökumət bir ifratçılıqdan digər bir ifratçılığa  yol verir. Rahatlıqla $55 rəqəmində dayanmaq olardı, özü də dünya bazarlarında neftin qiyməti artmaqda davam edir. Büdcədə milyard manatdan çox kəsr olmasından narahat olan bir sıra deputatlar da təxminən eyni qənaətdədirlər. 

Bu fikirlərdə, yəqin ki, rasional əsaslar var. Amma bu da aydındır ki, mənfi təcrübədən nəticə çıxarmaq da yararlıdır. Göründüyü kimi, hökumət məhz bunu edir. 2009-cu ilin təcrübəsi Dövlət Büdcəsi gəlirlərini dünyanın neft birjalarında gedən proseslərə bağlamağın necə təhlükəli olduğunu göstərdi. Azərbaycan Dövlət Neft Fondunun icraçı-direktoru Şahmar Mövsümov bununla bağlı bildirib ki, "Biz 2008-ci ildə 2009-cu ilin büdcəsində neftin qiymətini barrelə görə 70 dollardan götürəndə bazarda onun real qiyməti barrel üzrə 140 dollar idi. Onda hamı soruşurdu: "Niyə neftin qiyməti 140 dollar ola-ola büdcədə cəmi 70 dollar götürməliyik?".  Həyat göstərdi ki, hətta 70 dollar da çox imiş. Bu gün biz gələn il üçün 45 dollar götürəndə hamı dünya iqtisadiyyatında və neft qiymətlərində sabitləşmədən danışır və bu qiymətin azlığını vurğulayır". 

Beləliklə, büdcəni qiymət titrəmələrindən maksimum qorumaq gərəkdir və neftin qiymətinin bazar göstəricilərindən aşağı götürülməsi yeganə doğru addımdır. Belə olan halda, büdcənin xərc hissəsinin parametrlərini onun gəlir hissəsinin həcmi yox, iqtisadiyyatın real tələbatı daha yaxşı müəyyən edir. 

 

Etibarlı prioritet

Maraqlıdır ki, 2010-cu ilin Dövlət Büdcəsi xərclərinin azalması vergitutma bazasının genişləndirilməsi ilə müşayiət olunacaq. Buna isə vergi dərəcələrinin azalması, yəni mənfəət vergisinin 22%-dən 20%-ə, fiziki şəxslərdən gəlir vergisinin 35%-dən 30%-ə endirilməsi, həmçinin sadələşdirilmiş sistem üzrə vergi tutulması üçün illik gəlirin həcminin 90 min manatdan 150 min manata qədər qaldırılması, məktəbəqədər təhsil müəssisələrinin əlavə dəyər vergisi (ƏDV) ödənişindən azad edilməsi ilə nail olunacaq. 

Qeyd edək ki, 2010-cu ildə gəlir hissəsinin yerinə yetirilməsində əsas yük üç qurumun üzərinə düşür: Vergilər Nazirliyi 3 mlrd 980 mln manat, Dövlət Gömrük Komitəsi (DGK) 1,1 mlrd manatın daxil olmasını  təmin etməlidir və Dövlət Neft Fondu (ARDNF) transfer kimi Dövlət Büdcəsinə 4 mlrd 915 mln manat köçürəcək. İqtisadi siyasət üzrə parlament komitəsinin başçısı Ziyad Səmədzadə bildirib ki, "Vergilər Nazirliyinin və DGK-nin proqnozları realdır və biz əminik ki, bu qurumlar Dövlət Büdcəsinin təmin edilməsi üçün öz fəaliyyətlərini genişləndirəcəklər". Yeri gəlmişkən, 2010-cu il üzrə ölkənin məcmu büdcəsinin gəlirləri 11,885 mlrd manat, xərcləri isə 12,466 mlrd manat həcmində proqnozlaşdırılır. 

Büdcənin xərc hissəsinin azaldılmasına gəldikdə isə, ilk öncə bu, ictimaiyyəti narahat edir, amma heç vəchlə xərclərin sosial hissəsinə toxunulmayıb. Yəni pensiyaların, müavinətlərin və Dövlət Büdcəsindən maliyyələşən əmək haqlarının azaldılmasından söhbət gedə bilməz. Əksinə, büdcədə sosialyönümlü xərclərin xüsusi çəkisi 34,4% (3878 mln manat) təşkil edəcək ki, bu da qabaqkı ilin göstəricisindən 1,8% çoxdur. Maliyyə Nazirliyinin büdcə şöbəsinin rəisi Fazil  Fərəcov bildirib ki, 2010-cu ildə də Azərbaycan hökuməti bu istiqamətdə  məqsədli dövlət proqramlarının gerçəkləşdirilməsinə davam edəcək. O cümlərdən, gələn il Elmin İnkişafı Fonduna 7 mln manat, ümumi təhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə  16,4 mln, məktəblilərin pulsuz dərsliklərlə təmin edilməsinə  8 mln manat, onkoloji xəstələrin dərman preparatları ilə təmin edilməsinə  11 mln manat, teatrın inkişafına 9 mln,  kino sənayesinə  6 mln manat ayrılması nəzərdə tutulur. Bütövlükdə, elm, mədəniyyət, təhsil və səhiyyə sahəsində dövlət proqramlarının gerçəkləşdirilməsinə 2010-cu ildə ayrılan maliyyə 242 mln manat təşkil edəcək.

Sosial bölümlə yanaşı, büdcə xərclərinin azalması müdafiə istiqamətinə də toxunmayacaq. S.Şərifov bildirib ki, 2010-cu ildə Azərbaycanın müdafiə xərcləri 2005-ci illə müqayisədə 4,2 dəfə çox olacaq və 1 mlrd 120,991 mln manat təşkil edəcək. "2009-cu ilə baxanda müdafiə xərclərinin artımı 10,7%, 2008-ci illə müqayiəsədə isə  0,9% olacaq", - deyə nazir vurğulayıb. 

 

Hər şey irəlidədir

Onda xərclərin azaldılması nəyin hesabına gerçəkləşdirilib? Hökumət nümayəndələrinin sözlərinə görə, bu, birincisi, dövlət tərəfindən maliyyələşdirilən bir sıra iri infrastruktur və yatırım layihələrinin başa çatması ilə bağlıdır. Strateji vacib və təcili olmayan yeni layihələrin başlanması isə yaxşı vaxtlara kimi təxirə salınıb. Bununla yanaşı, qeyd edək ki, 2010-cu ildə dövlət əhəmiyyətli proqram və tədbirlərin maliyyələşdirilməsinə 4387,3 mln manat yönəldiləcək ki, bu da büdcə xərclərinin 39%-ni təşkil edəcək. 

Büdcə kəsrinə gəldikdə isə, onun maliyyələşdirilməsi üçün dörd mənbə nəzərədə tutulub. Burada dövlət əmlakının özəlləşməsindən daxilolmalar, yerli və xarici borclanmalar, o cümlədən vəsaitlərin xaricdə qiymətli kağızlara yatırılması hesabına əldə edilən gəlirlər və büdcə qurumlarının göstərdikləri pullu xidmətlərdən daxilolmalar, həmçinin, 1 yanvar 2010-cu il tarixinə Dövlət Büdcəsinin vahid xəzinədarlıq hesabında qalıq nəzərə alınıb. 

Bir sözlə, hökumətin ehtiyatlı olması ölkəni hər hansı bir ciddi iqtisadi fəlakət təhlükəsi ilə üz-üzə qoymur. Əksinə, onun təmkinliliyi hər şeydən öncə, büdcənin yerinə yetirilməsində gərginliyə yol verməmək və uyğun olaraq dünya iqtisadiyyatında mümkün  dəyişikliklərə çevik reaksiya məqsədi güdür. Əgər dünyada böhrandan sonrakı problemlər uğurla həll edilərsə və büdcənin gəlir hissəsi artıqlaması ilə yerinə yetirilərsə, onda hökumət Dövlət Büdcəsi haqqında qanuna artım məqsədilə yenidən baxa bilər.  

Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, yaranmış təcrübəyə uyğun olaraq, gələn ilin ortalarında parlament təklif edilən düzəlişlərə baxa bilər. Belə ki, Azərbaycanın artıq alışmış olduğu büdcə göstəriciləri artım templərinin 2010-cu ildə bərpa edilməsi ehtimalı yetərincə yüksəkdir. 


MƏSLƏHƏT GÖR:

553