14 Mart 2025

Cümə, 21:47

SİYASİ "VİRUS"

Yanukoviçlə Timoşenko hələ Vasili Protıvsixdən daha "həyat qabiliyyətli" olduqlarını sübut etməlidirlər

Müəllif:

15.11.2009

Ukraynadakı prezident yarışının əsas simasının Yuliya Timoşenko, Viktor Yuşşenko, Viktor Yanukoviç və hətta "hamının əleyhinə" (Vasili Protıvsix) adlı vətəndaşın olmayacağını kimsə güman edərdimi? Onların hamısını "donuz qripi" xeyli arxada qoyub...

 

Fəlakətin köməyi...

Hər şeyin qaydaya düşməsindən sonra, yəqin ki, Ukraynada yayılmış qrip, bəşəriyyət tarixində ən siyasiləşmiş epidemiya kimi Ginnesin rekordlar kitabına düşə bilər. Artıq xeyli vaxtdır Ukraynada A/H1N1 virusunu belə adlandırırlar. Prezident Viktor Yuşşenko isə bu virusu, hətta ölkənin təhlükəsizliyi üçün təhdid hesab edir.

Ukrayna ictimaiyyətinin diqqətinin bu problemə yönəlməsi təbiidir, amma  ölkə siyasətçiləri də prezident seçkisi öncəsi əlavə xal qazanmaq üçün məhz bu faktordan istifadə etməyə çalışırlar. Onların fikrincə, hazırkı şəraitdə reytinq yüksəltmək üçün ən yaxşı vasitələrdən biri qripin daha çox insana yoluxduğu bölgələrə səfər etməkdir. Amma bölgələrə televiziya işçilərindən ibarət dəstələrlə səfər edən siyasətçilərin bu situasiya ilə üzləşmiş insanlara necə kömək edə biləcəkləri məlum deyil.

Daha bir versiyaya görə isə, ukraynalılar arasında "donuz qripi" ilə əlaqədar vahimə məqsədli şəkildə yaradılıb… Bəzi KİV-də yer almış versiyaya görə, epidemiya nəzarətdən çıxacağı təqdirdə, ölkədə fövqəladə vəziyyətin elan edilməsi mümkündür. Bu isə 2010-cu ilin yanvarında keçirilməli olan prezident seçkisini həmin ilin mayınadək təxirə sala bilər. Maraqlıdır ki, bu versiya Ukrayna prezidenti katibliyinin rəhbəri və onun parlamentdəki təmsilçisi İqor Popov tərəfindən səsləndirilib: "Qrip epidemiyası Ukraynada seçki kampaniyasının gedişində radikal dəyişikliyə səbəb olub. Gündəmdə olan məsələlərdə prioritet, təbliğat aksiyalarının planı dəyişib, qərargahlar təcili olaraq namizədlərinin irəli sürülməsi texnologiyasına yenidən baxmalı olub". 

Bununla yanaşı, Popov epidemiyanın süni xarakter daşıması haqda fikirləri birmənalı şəkildə rədd edib.

Ukraynanın müxtəlif KİV-ində yer alan kifayət qədər ziddiyyətli məlumatlara görə, artıq ölkədə qripdən dünyasını dəyişənlərin sayı 200 nəfərə çatır. Ümumilikdə xəstələrin sayı isə (epidemiyanın yayılmasından bu yana) milyonu ötüb. Artıq Ukraynanın bir çox vilayətlərində (xüsusilə ölkənin qərbində) karantin elan olunub - təhsil və məktəbəqədər tədris ocaqları bağlanıb, müxtəlif kütləvi tədbirlər təxirə salınıb.

Bu da məlum olub ki, "donuz qripi" prezident seçilmək istəyən siyasi rəqiblərin bir-birini xalqının qeydinə qala bilməməkdə günahlandırması üçün yaxşı vasitədir. Dövlət başçısı postunu tutmaq istəyən siyasətçinin reytinqi üçün bundan pis nə ola bilər?

Noyabrın 4-də Yuşşenko Baş Prokurorluğa müraciət edərək, Yuliya Timoşenko blokunun oktyabrın 24-də Kiyevin Azadlıq meydanında keçirdiyi mitinqlə əlaqədar cinayət işinin açılmasını istəyib. O, bunu "qrip epidemiyasınıni yayıldığı dövrdə kütləvi aksiyanın keçirilməsinin yolverilməzliyi" ilə əsaslandırıb. 

Qeyd edək ki, prezident epidemiyanın başlandığı gün kimi, şifahi olaraq oktyabrın 20-ni elan edib və həmin gündən Ternopolda məktəblər karantinlə əlaqədar qapadılıb. Timoşenkonun paytaxtda keçirdiyi mitinqə, epidemiyanın geniş yayıldığı regionlardan da insanlar qatıldığı üçün Yuşşenko kiyevlilərin təhlükə ilə üz-üzə qoyulduğunu düşünür. Onun fikrincə, "siyasi dividendlər və iddialar üçün hər şeydən keçən hökumət məmurları da" baş verənlərə görə cəzalandırılmalıdırlar. Prezident daha inandırıcı görünmək üçün, hətta Timoşenkonun mitinqini Kiyevdə 1986-cı ildə Çernobıl qəzasından dərhal sonra keçirilmiş 1 May nümayişi ilə müqayisə edib.

Yuşşenko ölkədə qrip epidemiyasının qarşısının alınması üçün 1 milyard qrivenin ayrılmasını nəzərdə tutan qanunun qəbuluna imkan verməyəcəyini bəyan edib. Onun fikrincə, bu vəsaitin ayrılmasına israr edən Baş nazir Yuliya Timoşenkonun yürütdüyü siyasət milli valyutanın devalvasiyasına səbəb olacaq.

Prezidentliyə digər namizəd Arseni Yasenyuk "hadisə yeri"nə baş çəkdikdən sonra bəyan edib ki, "qriplə mübarizədə bütün ağırlıq yerli rəhbərliyin, həkimlərin və xəstələrin özlərinin çiyinlərinə düşür". O, mərkəzi hakimiyyətin məsələyə dair "səs-küylü bəyanatlar"la kifayətləndiyini bildirib.

Bunların fonunda Regionlar Partiyası uşaqlara, həkimlərə və yoxsul ailələrə "şəxsi vəsaiti hesabına" qripdən fərdi şəkildə qorunmaq üçün vasitələr verməklə fərqlənməyə çalışıb. Əgər epidemiyanın olmadığı dövrdə "regionçular" kasıb insanlara hədiyyələr paylasaydı, bu, seçicinin ələ alınması sayılardı. İndi isə Yanukoviçin partiyası öz xalqına, sadəcə, kömək edir və nəticədə əhali arasında liderə simpatiya bəsləyənlərin sayı artır.

Qeyd edək ki, siyasətçilər bəyanatlarında o qədər uzağa gediblər ki, ölkənin səhiyyə naziri Vasili Knyazeviç onları "KİV-lər vasitəsilə qeyri-peşəkar məsləhətlər verərək,  əhali arasında panika yaymamağa, dövlətdə vəziyyəti gərginləşdirməyə son qoymağa" çağırıb: "Siyasətçilərdən, hətta tibbi təhsili olan şəxslərdən belə xahiş edirəm: televiziya ekranlarından A/H1N1 virusu haqda şərhlər və məsləhətlərinizi saxlayın. Axı tibbi məsələ ətrafında siyasi çıxışlardan sonra jurnalistlər Səhiyyə Nazirliyindən də şərh istəyirlər. Ona görə də mənasız bəyanat və fikirləri təkzib etmək üçün biz özümüzün qiymətli vaxtımızı sərf etməli oluruq. Cənab siyasətçilər, hər kəs öz işi ilə məşğul olmalıdır! Tibb işçilərinin qiymətli vaxtına heyfiniz gəlsin. Onlar həmvətənlərimizin həyatlarını xilas edir!".

 

Ənənələrə sadiqlik

Ukraynada seçkiqabağı kampaniyanın digər mövzusu isə artıq ənənəyə çevrilmiş - Rusiya ilə qaz problemi məsələsidir. Oktyabrın 30-da Rusiyanın Baş naziri Vladimir Putinin, ukraynalı həmkarı Yuliya Timoşenko ilə telefon söhbətində Kiyevin qaza görə borcların ödənilməsinə dair öhdəliklərini xatırlatması ilə məsələ ətrafında yenidən söz-söhbət qızışıb. Maraqlıdır ki, Putinin sözlərinə görə, söhbət zamanı Timoşenko ona Yuşşenkodan şikayətlənib. Baş nazir bildirib ki, Yuşşenko Mərkəzi Bankla Ukrayna hökuməti arasında normal əməkdaşlığa maneə yaradır və "maliyyə vəsaitlərinin köçürülməsinin qarşısını alır".

Yuşşenkonun katibliyindən Timoşenkonun bu fikirlərinə reaksiyanı çox gözləmək lazım gəlməyib. Qurumdan bildiriblər ki, Baş nazir prezidenti "əlavə pul çap edərək, qaz borcunu ödəməkdən imtina etdiyi üçün" günahlandırır. Yuşşenko isə bu addımı atmaqdan imtina edir və "bundan sonra da imtina edəcək". 

Katiblikdən bildiriblər ki, prezident hökumətə "mavi yanacaq"a görə borcların ödənilməsinin başqa yolunu tapmağı təklif edir.

Bir gün sonra Putin Avropadakı tərəfdaşlarını Ukrayna ərazisi ilə nəql olunan qazın verilişində fasilələrin yarana biləcəyinə dair xəbərdar etmək qərarına gəlib. O, eyni zamanda, Avropa İttifaqını Kiyevə maliyyə yardımı göstərməyə də çağırıb: "Qoy Avropa Ukraynaya kredit formasında maliyyə yardımı etsin. Biz artıq 2,5 milyard dollar ödəmişik. Qoy onlar da heç olmasa, 1 milyarddan keçsinlər".

Putinin bu təklifi Brüsseli heç də məmnun etməyib. Noyabrın 5-də Avropa Komissiyasının sədri Joze Manuel Borrozu Yuşşenkonu Ukrayna ərazisindən nəql olunan Rusiya qazının tranzitində heç bir problem yaranmaması üçün tədbirlər görməyə çağırıb və bu zaman vəsait haqda ümumiyyətlə, heç bir fikir söyləməyib. "Avropa vətəndaşları Ukrayna ərazisindən nəql olunan Rusiya qazının verilişində yeni problemlərin yaşanmasından əziyyət çəkməməlidirlər", - deyə Borrozu qeyd edib.

Hər halda, Avropada 2009-cu ilin yanvarında yaşananları hələ unutmayıblar. Xatırladaq ki, həmin vaxt Rusiya qaz nəqlini 2 həftə ərzində dayandırmaqla, istehlakçıları çətin durumda qoymuşdu. Tərslikdən bu, Aİ ölkələri üçün son dərəcə şaxtalı keçən hava ilə üst-üstə düşmüşdü.

Aİ-yə sədrlik edən İsveçin sənaye və energetika naziri Mod Olofsson öz növbəsində bildirib ki, qaza görə ödənişin edilməsi üçün Ukraynaya kredit verilməsi Avropa İttifaqının vəzifələrinə daxil deyil. Bununla yanaşı, Oloffson məsələnin Rusiya - Ukrayna danışıqlarının predmeti olduğunu da qeyd edib.

Qeyd edək ki, qaz mövzusu Yuşşenko ilə Timoşenkonun siyasi mübarizəsində çoxdan əsas "kozır"a çevrilib. Məsələn, prezident hesab edir ki, Baş nazir Timoşenkonun 2009-cu il yanvarın 19-da Rusiya ilə imzaladığı qaz müqavilələri Ukraynanın milli maraqlarına cavab vermir və onlara yenidən baxılmalıdır: "Belə müqavilələr bizi yalnız enerji baxımından yox, iqtisadi və siyasi baxımdan da müstəmləkəyə çevirir". Yuşşenkonun beynəlxalq enerji təhlükəsizliyi məsələləri üzrə nümayəndəsi Boqdan Sokolovski isə bir müddət əvvəl bildirib ki, "Neftoqaz" "Qazprom"a müqavilələrin dəyişdirilməsinə dair təkliflərini göndərib. Sokolovskinin fikrincə, müqavilələr olduğu kimi saxlanılarsa, növbəti mövsümdə - 2010-2011-ci illərdə Ukrayna Rusiya qazının Avropaya fasiləsiz nəqlinə zəmanət verə bilməz.

Putin isə qəbul edilmiş qərarların düzgün olduğuna şübhə etmir: "Ukraynaya verilən qaza görə ödəniş olunmayacaqsa, deməli, yanacaq almayacaqlar. Onlar qaz almayacaqlarsa, demək,  tranzit borusundan mavi yanacaq çəkməyə çalışacaqlar. Bu zaman isə biz  nəql olunan qazın həcmini azaltmalı olacağıq", - deyə Rusiyanın Baş naziri Avstriya kansleri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Maraqlı cəhət ondan ibarətdir ki, Rusiya hökumətinin başçısı Kiyevin Rusiya qazına görə ödənişi həyata keçirmək üçün maliyyə vəsaitinin olduğuna əmindir. "Bunu BVF də təsdiqləyir. Problem ondadır ki, bu, hər şeydən əlavə həm də prezident seçkisi öncəsi mübarizədir. Bildiyiniz kimi, Ukraynada prezidentlə Baş nazir müxtəlif düşərgələri təmsil edirlər. Mənim fikrimcə, biz Ukraynadakı daxili proseslərə müdaxilə etməməli, onların öhdəliklərə əməl etməsinə nail olmalıyıq. Bu, Avropa ölkələrinə qaz nəqli ilə bağlı öhdəliklərə də aiddir", - deyə Putin qeyd edib.

 

"Döyüş"?

Hər halda, Ukraynada prezident seçkisi 2010-cu il yanvarın 17-nə təyin edilib. Noyabrın 6-da isə seçkiyə hazırlığın ilk mərhələsi - prezidentliyə namizədlərin müəyyənləşməsi prosesi başa çatıb. Viktor Yuşşenkonu prezident kürsüsündə əvəzləməyə (çətin ki, o, özü-özünü əvəzləyə bilsin) ən şanslı namizəd kimi, Baş nazir Yuliya Timoşenkonun, Regionlar Partiyasının lideri Viktor Yanukoviçin, həmçinin, Ali Radanın sabiq spikeri Arseni Yasenyukun adları çəkilir.

Qeyd olunan şəxslərlə yanaşı, hüquqşünas Oleq Ryabokon, "Vətəndaş mövqeyi"nin lideri, keçmiş müdafiə naziri Anatoli Qritsenko, Ali Radanın spikeri Vladimir Litvin, Kommunist Partiyasının rəhbəri Pyotr Simonenko, Milli Bankın sabiq rəhbəri Sergey Tigipko, Ukrayna Xalq Partiyasının lideri Yuri Kostenko, "Azadlıq" birliyinin rəhbəri Oleq Tyaqnıbok, Sosialist Partiyasının sədri Aleksandr Moroz, vətəndaş Vasili Protıvsix və digərləri də prezidentlik uğrunda yarışa qoşulublar. Hələ Ukraynanın Mərkəzi Seçki Komissiyası bir neçə namizədi qeydə almaqdan imtina edib.

Aparılan sorğular göstərir ki,  Vladimir Litvin və Pyotr Simonenkonun, çox olmasa da, qələbə şansları var. Onların hər birini, təxminən, 4% seçici dəstəkləyir. 

Yarışın autsayderi isə Sergey Tigipkodur: ukraynalılar arasında onu dəstəkləyənlər 1%-dən azdır.

Namizədlərin hər biri Ukraynada sabitlik və əmin-amanlıq yaratmaq iqtidarında olduğunu bildirir. Əksər namizədlər isə Qərbdə olduğu kimi, öz çıxışlarında dindarlıq əlaməti olan ifadələr işlətməyə çalışırlar.  Onlar bu yolla seçicilərdə əlavə simpatiya yaranacağına ümid edirlər. Axı işlərində və qərarlarında "Allahın qaydaları"na əməl edən şəxs, pis insan ola bilməz.

Odur ki, namizədlərin çıxışlarında dini ritorika açıq-aydın sezilir.

Timoşenko bildirir ki, "Ukraynaya əsl Allah əmrlərinə əsaslanan qanun və intizam, intizam və qaydalar diktaturası lazımdır".

Viktor Yanukoviç də möminlik etmək qərarına gəlib və seçki kampaniyasını "Allahın köməyi ilə qələbəyə!" şüarı ilə başlayıb. Qeyd edək ki, o, hələ ki prezidentlik yarışının favoritlərindən biri sayılır. Amma Yanukoviçin seçkiqabağı şüarlarında hər hansı yenilik müşahidə edilmir - o, rus və Ukrayna dillərinin bərabərliyinə nail olmaq (Şərqi Ukraynanın rusdilli əhalisinə vəd), Ukraynanın neytrallığını təmin etmək, Rusiya ilə qaz problemindən çıxış yolunu tapmaq niyyətindədir.

Yeri gəlmişkən, Yanukoviç qaz probleminə son dərəcə praqmatik yanaşır: "Mənim bu məsələyə münasibətimi bilmək istəyirsinizsə, düşünürəm, biz son 5 ildə Ukrayna-Rusiya münasibətlərində yaranmış bütün problemlərə kompleks yanaşmalıyıq. Düşünürəm, bütün bu məsələləri nəzərdən keçirməklə, qaz ixracı sahəsində də qarşılıqlı səmərəyə əsaslanan açar tapa bilərik".

Y.Timoşenko da Ukraynanı təbii qaz asılılığından xilas etmək haqda düşünür. O, ölkənin böyük kömür ehtiyatlarından effektli istifadə etmək yolu ilə ölkəyə enerji müstəqilliyi vəd edir. 

Ukraynanın Baş naziri, bəzi ərazi və regionlarda alternativ enerji mənbələrindən istifadə olunacağını, enerji təchizatına dair proqramın icra ediləcəyini, ixrac üçün məhsulların istehsalına xüsusi güzəştlərin tətbiq olunacağını da bildirir. 

 

Planlar, əlbəttə ki, genişdir, lakin sanki dağınıqdır

Timoşenkonun reytinqinin yüksəlməsinə qonşu Belarus prezidenti Aleksandr Lukaşenko da öz töhfəsini verib. Söhbət Lukaşenkonun bir müddət əvvəl Kiyevə etdiyi səfər zamanı Baş naziri "cəsarətli" adlandırmasından gedir: "Siz çox çətin bir dövrü yaşayırsınız. Yazıq qadının üzərinə o qədər problemlər toplanıb ki. O, kişilər arasında tək döyüşür. Mən baş verənlərə görə sizi təbrik edə bilmərəm. Sadəcə, bu döyüşdən xəsarətsiz və sağlam çıxmanızı arzulayıram"//.

Arseni Yasenyuk daha çox ideologiyadan danışır və ukraynalının "özünü əşya yox, insan saya bilməsi üçün" əlindən gələni edəcəyini bildirir. Opponentlərinə gəlincə, siyasətçi əmindir ki, onlar daha çox YTB  fraksiyasının deputatlarının adının hallandığı məsələ - uşaqların zorlanması məsələsindən fikirləri yayındırmaq üçün əllərindən gələni edirlər: "Eyni zamanda, insanların diqqətini bu siyasi qüvvəni təmsil edən deputatın törətdikləri qətllərdən, həmçinin, qaz problemindən yayındırmağa da çalışırlar". 

Yasenyuk bildirir ki, bu gün Ali Radada çoxluğa sahib olan Regionlar Partiyası ilə YTB "bir-birindən heç nə ilə fərqlənmir": "Bu gün Ukraynada dövlət səlahiyyətləri tamamilə onların əlində cəmləşib".

Viktor Yuşşenkoya gəlincə, Prezident Katibliyinin rəhbəri Vera Ulyançenkonun sözlərinə görə, hazırkı dövlət başçısının növbəti müddətə prezident seçilmək uğrunda yarışmasının bir səbəbi var: "O, 2005-2010-cu illərdə prezident kürsüsündə əldə etdiyi nailiyyətləri daha da möhkəmləndirmək istəyir".

Sorğular isə Yuşşenkoya cəmi 4-8% seçicinin səs vermək fikrində olduğunu göstərir. Buna baxmayaraq, prezident boş dayanmır, təbliğat aparır, iddia edir ki, istənilən başqa şəxsin prezidentliyi Ukraynanın müstəqilliyini itirməsinə səbəb ola bilər.

 

Yuşşenkonu artıq unutmaq olar

Qaz problemi ilə bağlı məsələ, əlbəttə ki, Moskva-Kiyev münasibətləri, həmçinin, Rusiyanın Ukrayna siyasətçilərinə təsir imkanları ilə sıx bağlıdır. Hazırda emosiyalar "narıncı inqilab" dövründəki kimi olmasa da, istənilən halda, Kreml Ukraynada keçiriləcək seçkiyə etinasız qala bilməz. Son hadisələri nəzərə alaraq, Moskvanın Yuşşenkoya tam etinasızlıq göstərmək taktikasını seçdiyini söyləmək olar. Rusiya üçün Yuşşenko artıq keçilmiş mərhələdir - bu siyasətçi ilə Rusiyada danışa bilmirlər və danışmaq istəmirlər.

Kremlə Ukraynaya Rusiyanın bu ölkədəki maraqlarını qoruyacaq və möhkəmləndirəcək şəxsin rəhbərlik etməsi lazımdır. 

Odur ki, oyun davam edir. Bəzi versiyalara görə, Moskva, hadisələr müəyyən istiqamətdə inkişaf edəcəyi təqdirdə, Ukraynanın iki hissəyə bölünməsinə çalışa, yaxud Krım yarımadasının kimə məxsus olmasına dair mübahisə aça bilər.

Qeyd olunan problemlərin mövcudluğunu heç kim inkar etmir. Lakin onlara daha az diqqət ayırmaq yalnız xeyir gətirərdi. Axı KİV lazımsız ehtirasların daha da coşmasına səbəb olur. Rusiya, çətin ki, Ukraynada belə radikal ssenarinin reallaşdırılmasına getsin. Dünya ictimaiyyətinin də buna imkan verəcəyi inandırıcı deyil. 

Bütün bunlardan çıxarıla biləcək yeganə nəticə ondan ibarətdir ki, əgər Yuşşenko "narıncı" yolla gedirsə, Ukraynanın yeni prezidenti, yəqin ki, Moskva ilə münasibətləri daha "rəngsiz" əsaslarla quracaq. Timoşenkonun artıq bu yolu getməyə başladığını düşünmək olar - onun Putinə Yuşşenkodan şikayət etməsi nəyə desən dəyər. Bundan başqa, yaxın vaxtlarda iki baş nazir arasında görüşün keçirilməsi də nəzərdə tutulub və bu zaman Timoşenkonun daha çox danışmaq imkanı olacaq.

 

 Vətəndaş  "Hamının Əleyhinə"

Amma bütün bunlar bir yana, Ukraynada gözlənilən seçkilərin ən yaddaqalan hadisəsi, prezidentlik postuna İvano-Frankovsk vilayətinin Sənaye-Ticarət Palatasının rəhbərinin (çoxları onu "vətəndaş hamıya qarşı" adlandırır) də namizədliyinin qeydə alınmasıdır. Bir müddət əvvələdək soyadı Qumenyuk olan Vasilinin yeni soyadı rus dilinə tərcümədə "hamının əleyhinə" mənasını verir.

Bu vətəndaşın niyyəti çox sadə və hiyləgər təsir bağışlayır. Belə ki, keçirilən sosioloji sorğular göstərir ki, yanvarın 17-də seçki məntəqələrinə gedəcək ukraynalıların əksəriyyəti məhz bütün namizədlərin əleyhinə səs verməyi düşünür. Artıq Ukrayna şəhərlərinin küçələrində müvafiq çağırışların yer aldığı plakatlara da rast gəlinir.

Seçicilərin 25%-dən çoxu isə hələ də kimə səs verəcəyini müəyyənləşdirməyib. Onlar xüsusilə fevralın əvvəllərində keçiriləcəyi güman edilən ikinci turda seçimlərinin necə olacağını dəqiqləşdirə bilmirlər.

Mətbuatda yer almış digər məlumata görə, noyabrın 5-də "Qara komitə" hərəkatının fəalları onun prezidentliyə namizədliyinin qeydiyyata alınmasına çalışıblar. Belə soyadlı namizəd tapmadıqları üçün, onlar MSK-ya parçadan hazırlanmış kukla ilə gəliblər. Lakin milis Timoşenko və Yanukoviçə belə "ciddi" rəqibin ortaya çıxmasına imkan verməyib.

Zarafatı kənara qoysaq, seçkiqabağı kampaniyanın gedişi bir daha göstərir ki, Ukraynada həm siyasi seçim (Qərb və ya rusiyapərəst istiqamət), həm də sosial-iqtisadi mənada Meydan hadisələrindən keçən dövrdə heç nə dəyişməyib. Bununla yanaşı, bir məqamı qeyd etmək lazımdır ki, indi Qərb "narıncı" Ukraynadan əvvəlkitək məmnun deyil. Üstəlik, Ağ evə Barak Obamanın gəlişi ilə ABŞ və Rusiya arasında mübarizənin səviyyəsi də azalıb.

Ukraynanın daxili probleminə gəlincə, oradakı siyasətçilər artıq effektiv birgə fəaliyyət üçün təmas nöqtələrini tapmalıdırlar. Onların bir-birləri ilə mübarizəsi o qədər uzanır və artıq insanları o dərəcədə bezdirib ki, daha bu mübarizəyə maraq da itib.

Hazırda bütün sosioloqlar əsas üstünlüyü Yanukoviçlə Timo-şenkoya verir. Güman ki, əsas mübarizə məhz onların arasında gedəcək (əgər başqa ssenari oynanılmasa - seçkinin ixtisara salınmasından tutmuş, Yasenyukun reytinqinin sürətlə artmasınadək). 

Bu iki siyasətçinin şansını artıran daha bir məqam ondan ibarətdir ki, istənilən digər namizəd həm də parlamentdəki nəhəng fraksiyalarla hesablaşmalı olacaq.


MƏSLƏHƏT GÖR:

548