
"KRALLAR ÇOXDUR, ORFEYSƏ BİRDİR"
Dünya əfsanəvi ifaçı, böyük Azərbaycanlı və yaxşı insan Müslüm Maqomayevi xatırlayır
Müəllif: Zərifə BABAYEVA Bakı
İstedadı gizlətmək mümkün deyil. Mümkün deyil ki, o, diqqəti cəlb etməsin. İnsanların gücə, ağıla, gözəlliyə, mərhəmətə və ədalətə can atması, onları daim işığa qaçan pərvanələrə bənzədir. İnsanlar üçün belə işıqlardan biri də unudulmaz Müslüm Maqomayev idi. 2008-ci il oktyabrın 25-də o bizi tərk etdi. Adama elə gəlir ki, hər birimiz üçün müxtəlif hadisələrin baş verdiyi bu il, böyük Müslüm Maqomayevin həyatının sonuncu ili, bizimsə Müslümsüz qaldığımız ilk zaman kəsiyi kimi yaddaşlarda qalacaq. Bu tarix ondan "əvvəl" və "sonra" üçün, bir növ, orientirə çevrilib.
"Əvvəl" - sarsılmaz gerçəkliklər, alicənablıq, istedad, təbiilik, cəngavərlik, heyranlıq, saxtakarlıqla barışmazlıq dövrüdür. "Sonra" isə qəlbinin hər bir hüceyrəsi ilə hiss etdiyin boşluqdur. Bu insanla soydaş olduğunu hiss etmək necə qürurludursa, onun artıq aramızda olmamasını anlamaq da bir o qədər ağırdır, kədərlidir. Və bu ağrı yerli, eləcə də hətta daha çox Rusiya telekanallarından, çap nəşrlərindən, elektron KİV-dən də əyan olur. Bir il ərzində belə idi və innən sonra da həmişə belə olacaq. Dünyanın faniliyindən yuxarı qalxmaq, ucalmaq bax, budur. O, unudulmazdır. Ağ smokinqi, ağ royalı, qara süzgün gözləri və məstedici, ürəyin hər bir zərrəsi ilə duyulan bariton səsi ilə...
Vədlərə əməl etmək, sözünün üstündə durmaq, öz prinsiplərinlə və alicənablığınla yaşamaq, sınmamaq və yolundan azmamaq necə də çətindir. Bəlkə də bu sözlərin bizim hər birimizə dəxli var, amma Müslüm Maqomayev üçün yox. 1963-cü ildən şəriksiz hökmranlıq etdiyi estradadan Müslüm Maqomayev sakit getdi, gurultulu vidalaşmadan, adının "Rossiya" kinokonsert zalının qarşısında həkk edilməsindən birdəfəlik imtina etdi. Hələ 19 yaşında "Oqonyok" jurnalına verdiyi müsahibəsində səsinin ilk "gərilməsi"ndən sonra dərhal səhnəni tərk edəcəyi barədə verdiyi vədə əməl etdi. Biz Müslüm Maqomayevi belə xatırlayırıq, necə var idisə, elə də qəlbimizdə qalıb.
Fərhad Bədəlbəyli:
- O böyük insandır, həmişə mənim xatirimdə uşaqlıq dostum və dahi ifaçı kimi qalacaq. Müslüm Maqomayev Azərbaycan incəsənətinin dünyada təbliğ olunmasında böyük iş görüb. Onun ad gününü - 17 avqustu xatırlayıram. Təntənəli masa arxasına nə qədər dostlarını yığardı. Çox mehriban axşamlar idi. Təəssüf ki, o, daha aramızda yoxdur. Onun aramızdan getməsi ilə söylənə bilməyən bir boşluq hiss edilir. Müslüm həmişə diqqət mərkəzində idi. Onu hamı sevirdi. Son illərdə camaatdan uzaq dururdu, demək olar ki, evdən kənara çıxmırdı. Təbiətcə həddindən artıq ciddi adam idi. Müslüm Maqomayevin aramızda olmaması çox ağrılıdır.
Tamara Sinyavskaya:
Müslüm Maqomayevin ölü-mün-dən sonra düz, bir ildir, Tamara Sinyavskaya susur, səhnəyə çıxmır. Azərbaycan hökuməti böyük müğənninin xanımına istədiyi vaxt pulsuz Bakıya uçaraq ərinin Fəxri Xiyabandakı məzarını ziyarət etmək imkanı verib. Tamara Sinyavskaya deyir ki, onun Müslümlə belə uzun birliyi təkcə sevgi hesabına olmayıb.
- Bizim ümumi maraqlarımız çox idi. Xüsusilə də söhbət musiqidən, oxumaqdan gedəndə. Müslüm televizorda nəyisə görəndə və bu onu duyğulandıranda tez mən tərəfə dönürdü: "Sən bunu eşitmisən?!" . Və suallar, cavablar, heyranlıqlar və nifrətlər axşamı başlayırdı. Müslüm çox həssas adam idi, bizim zövqümüz və qiymətləndirmə tərzimiz adətən, üst-üstə düşürdü. İndi bu maraqlı dialoqları eləməyə heç kim yoxdur/.
Xuraman Qasımova:
- Kədərli xəbərlərə heç vaxt hazır olmaq mümkün deyil. Ruhca yaxın, gerçəkdən istedadlı insanların itkisini heç zaman sakit qarşılamaq olmur. Və bu baş verəndə "yaddaş kitabını vərəqləməyə" və səni bu insanla bağlayan ən işıqlı və ən xoş anları toplamağa başlayırsan. Müslüm Maqomayev bütöv bir dövr idi. Bu, yalnız Azərbaycan üçün şanlı mədəniyyət çağları deyildi. Milyonlarla insan üçün pərəstiş yeri olan bu insan heç vaxt ötərgi dəbin dalınca qaçmadı, toplumla oynamadı, amma onun istedadı və cazibəsi milyonlarla ürəyi fəth etdi.
O, opera ariyalarını çox gözəl ifa edirdi. Estrada səhnəsində uğurları bundan da gur idi. Tamaşaçıdolu zallar, çiçəklər, əfsanələr, çox sayda heyran gözəllər - bütün bunlar Müslümün həyatında yetərincə olub, amma o, buna baxmayaraq, gözdən pərdə asmaq üçün deyil, gerçəkdən ciddiliyini qoruyurdu, daxili ləyaqət hissini ayıq özünüqiymətləndirmə ilə bir yerdə tuta bilirdi.O, səsi ilə deyil, ruhu ilə oxuyurdu. İndi bütün dünyaya bəyan etmək olar ki, ikinci Müslüm Maqomayev bir daha olmayacaq.
Dmitri Qordon:
- Nə vaxtsa sovet qızları otaqlarına divar kağızı əvəzinə Müslüm Maqomayevin şəklini yapışdırırdılar, binaların girişləri, liftlər və hətta hasarlar ona sevgi etirafları ilə dolu idi/. Baş katiblər və nazirlər onun səsinin vurğunu idilər, vilayətlərin hər şeyə qadir birinci katibləri mehmanxana dəhlizlərində onun nə vaxt yuxudan oyanacağını gözləyirdilər. Dövrünün əfsanəvi mədəniyyət naziri Yekatrina Furtseva onun göbəyini elə kəsmişdi ki, bu oğlana hər şeyi - itaətsizliyi, burjua qalstuklu kəpənəyi, yüksək tribunalardan "xaç atası" mövzusunda və başqa ideologiyaya xas şlyagerləri oxumağı, partiyaya üzv olmamağı və xaricdə qohumlarının olmasını bağışlayırdılar.
Maqomayevi tale ərköyünü, seks-simvol və "cənab yox" adlandırırdılar; yəni istəmədiyi heç nəyi eləməzdi. Yəni böyük artist öz qiymətini bilirdi. "Mənim boğazımda bütöv bir var-dövlət var", - deyirdi və gerçək idi: əgər iş yaxşı qurulsa idi, o, SSRİ-yə Bakı neft mədənlərindən çox sərbəstdönərli valyuta gətirə bilərdi. Bircə bunu demək yetərlidir ki, Maqomayevin Krasnodardakı dörd konsertində yerli filarmoniyadan dörd milyon rubl əldə edilmişdi ki, bu da simfonik orkestrə yarım il maaş verməyə imkan verdi. Rostovdakı altı konserti isə Kuban kazaklarının ansamblına yeni kostyumlar bəxş etdi.
Bununla belə, müğənninin özü hamının düşündüyü kimi milyonçu deyildi. Amma musiqiçilər istənilən vaxt gəlib ondan borc ala bilirdilər və adətən, heç geri qaytarmırdılar da. Maqomayevin bir vaxt milyon tirajlarla yayılan plastinkaları indi əntiq əşyaya çevrilib və lot kimi İnternet hərraclarına çıxarılır. Amma Kanndakı beynəlxalq müsabiqədə əldə edilmiş iki "Qızıl disk"ə və həmçinin plastinkalardan gəlirlərə "Melodiya" firması əl qoyub. Maestro öz gözəl günlərində 130 günə 140 konsert verirdi, onu əliaçıqlıqla ordenlərlə təltif edirdilər, amma o, Rusiyanın pensiyasını belə qazana bilmədi. Onu qeydiyyata da bu yaxınlarda götürmüşdülər, bütün bu illər ərzində Moskvada moskvalı qadınla evli olan bakılı kimi yaşadı. Hələ bəlli deyil ki, əgər Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ona və arvadı Tamaraya prezident təqaüdü təyin etməsəydi və sonrakı prezident - İlham Əliyev də bunu ödəməkdə davam etməsəydi, o, son illərini necə yaşayardı? Müslümün sözlərinə görə, məbləğ elə böyük olmasa da, amma Böyük Teatrın solistinin pensiyasından çox idi...
Svetlana Morqunova (ok-tyabrın 25-də Moskvada "Crocus City Hall" konsert zalında Müslüm Maqomayevin xatirə gecəsindəki çıxışından)
- Düz bir il qabaq ölkəmiz saat əqrəblərini geri çəkəndə Müslüm Maqomayevin ürəyi əbədi dayandı. Onunla birgə bu böyük artistin və müğənninin yaratdığı möcüzənin geri dönməsinə və davam etməsinə ümidlər də sona çıxdı. Yalnız belə bir itki ilə üz-üzə qalandan sonra, Müslüm Maqomayevin bizə nə qədər lazım olduğunu anlamaq mümkün oldu. Onun ifasına laqeyd qalan insan tanımıram. Müslüm Maqomayevin gedişi ilə yalnız zaman yerini dəyişmədi, həm də bizim şou-biznesi onun dövründə "incəsənət" adlandıran anlamdan ayıran sədd uçdu. O, bir kral kimi, sağlığında tacını heç kimə vermədən dünyadan getdi. Ona görə yox ki, tacını özündən sonrakılara vermək istəmədi, sadəcə, buna layiq olanı tapılmadı. Zamanı saxlamaq olmaz, başqaları gələcək və amma xoşbəxt anların birbaşa bağlı olduğu bu təzahür bir daha təkrarlanmayacaq. Musiqiyə fədakar sadiqliyi ilə seçilən Orfeyin sehrli və həyəcanlı melodiyaları bizim yaddaşımızda və bizim ürəyimizdə daim səslənəcək.
Maksim Semelyak:
- Mənim səksəninci illərin əvvəllərində keçmiş şüurlu uşaqlığımda Müslüm Maqomayev bir az qeyri-adi idi. Mən yaxşı xatırlayıram ki, məktəbdə bizə Kobzonun "Günəşli dünyaya - hə, hə, hə! Nüvə partlayışına - yox, yox, yox!" mahnısını əzbərləməyi tapşırmışdılar. Leşşenkonu televizordan xatırlayıram, amma artıq onda Maqomayev nadir idi, şimşək və ya dolu kimi. Bu, bir tərəfdən onun oxuması ilə bağlı idi, nəsə özünəməxsus anlamı vardı, o biri tərəfdən ondan nəsə ekzotika axırdı. Xarici görkəmi, adı və səsi nəsə qeyri-adi idi.
Adamın beş-altı yaşı olanda plastinkaya baxmaq, qulaq asmaqdan daha çox xoşu gəlir və məni ən çox Maqomayevin üzərində siqaret çəkdiyi plastinkası heyran edirdi. Mən sonradan öyrəndim ki, Maqomayev on doqquz yaşından siqaret çəkir və ömrünün sonuna kimi də çəkib, amma o vaxtlar mən cəsarətlə yandırılmış siqaretdən gözümü çəkə bilmirdim və düşünürdüm ki, bu insana hər şey etməyə icazə verilib. Əslində, elə belə də idi. Maqomayev haqqında duyğuları "hər şey olar" sözləri ilə ifadə etmək olar. Musiqi baxımından o, gerçəkdən növ seçməmişdi. Onun səsi opera zirvələrindən danışıq tərzinə yaxın "Kişi sədaqəti"nə qədər gəzdi.
O, eyni şuxluqla transparant şairanəliyindən və çalar incəliyindən istifadə edirdi. Hər şeyi ifa edə bilirdi: italyan bitinin, amerikan estradasının, Odessa bəndlərinin, Azərbaycan folklorunun, qaraçı özfəaliyyətinin, rus havalarının, nomenklatura rəsmiyyətinin və hətta doxsanıncı illərin sonundakı nadir çıxışlarının birində oxuduğu "Maşina vremeni"nin qar haqqında təzadlı kompozisiyasının onun üçün fərqi yox idi. Mahnılarında o, Din Martin kimi görkəmli, Frenk Sinatra kimi lirik, Semmi Devis kimi qızğın idi, müəyyən mənada o, təkbaşına bütün "Siçan dəstəsi"nə dəyərdi.
Polad Bülbüloğlu:
- Biz onunla uşaqlıqdan tanışıq. Dəstə-dəstə dalaşardıq. Oxumağa da Tarzan kimi qışqıra-qışqıra başladıq. Düzdür, aramızda mübahisə və münaqişələr də olurdu. Amma mənim 55 yaşımda Müslüm mənə çox ilıq bir məktub yazdı ki, daha bəsdir, küsdük-barışdıq, artıq elə yaşdır ki, hər şeyə son qoymaq lazımdır. Və mən səhnədən ona söz verdim ki, innən belə heç zaman dalaşmayacağıq.
Valeri Leontyev:
- Bu hədsiz istedadlı, maraqlı adam idi. Parlaq şəxsiyyət idi. İndi elə andır ki, hər şeyə qadir varlığa çevrilib, zamanı geri qaytarmaq və hər şeyi düzəltmək istəyirsən. Amma təəssüf ki, bu mümkün deyil.
İlya Reznik:
- Biz onunla 1962-ci ildə Piterdə stadionda tanış olduq. Konsert idi, mən inqilabçı kubalını oynayırdım, o da inqilabçı rolunda idi. Kulisdə pivə butılkası arxasında tanış olduq. 80-ci illərdə isə bizim münasibətimiz yaxın idi. Bakıya biz Alla Puqaçova ilə qastrola gəlmişdik. O, bizi evində qonaq elədi. Çox gözəl qarşıladı! Duz-çörəkli idi! Alla və o, atüstü "Bu yol necə qorxuludur"u ifa elədilər. Onda mənim başımda ideya yarandı ki, onların ikisinin bir yerdə çıxış etməsi gözəl olardı: səhnədə iki rolda - qırmızı və qara geyimdə oynaya bilərdilər. İdeya onda hamıya xoş gəldi, amma elə orada da dəfn edildi, gerçəkləşmədi. Mən onun yardımlarına görə təşəkkür edirəm. O mənim "Müğənnilərin monoloqu" kitabımın çap edilməsinə yardım etdi. Onda pop musiqi yazanlara çox pis baxırdılar, görməyə gözləri yox idi. Müslüm mənə görə xahiş etdi. O, dahilərlə - Edit Piafla və Mario Lansla bir sırada idi. Kimsə dedi ki, Müslümün ölümü ilə estrada çox şey itirdi. Amma estrada anlamı onun üçün çox dardır. Əslində musiqi incəsənəti böyük itki verdi.
Vladimir Vinokur:
- Biz onunla dost idik. Müslüm Maqomayev yadımda ciddi, amma çox istedadlı adam kimi qalıb. Ona nə mühafizə lazım idi, nə də istəyirdi ki, qarşısında baş əysinlər. Çünki o, dünya səviyyəli ulduz idi. Çoxları deyirdilər ki, əvəzedilməz insan yoxdur və Maqomayevin də əvəzi tapılacaq. Amma illər keçdi və möcüzə baş vermədi. Maqomayevi heç kim əvəz eləmədi və heç kim bunu etməyi bacarmayacaq.
Vladislav Verestnikov:
- O özünə qarşı çox tənqidlə yanaşırdı. Əgər hansısa notu götürə bilmirdisə, bütün partiyanı oxumaqdan imtina edirdi. Yalnız estrada mahnıları deyil, həm də klassik repertuarı olmasına baxmayaraq, heç bir opera teatrının ştatlı işçisi olmayıb. Bütün populyarlığına baxmayaraq, Müslümlə görüşmək çox asan idi, təmiz və hətta sadəlövh insan idi. Maqomayev dünya adamıydı. Gəncliyində onu "agent 007" aktyor Şon Konneri ilə müqayisə edirdilər, xarici görkəmlərində nəsə ümumi cəhətlər vardı. Kinoda çəkilmək Maqomayevə çox xoş gəlirdi, baxmayaraq ki, o öz işlərindən zarafatla danışırdı. Ona Aleksandr Zarxinin "Anna Karenina"sında Vronskinin rolunu təklif etmişdilər, amma o, Vasili Lanovoyun xeyrinə imtina etdi, Nizami rolunda iştirak etməyə isə razılıq verdi.
Axşamlar biz Tver bulvarı ilə gəzirdik. Müslümə gəzmək lazım idi, mən onu qaçış trenajoru almağa dilə tuturdum. Amma bu ideya onun xoşuna gəlmirdi. Həkimlər deyirdilər ki, siqaret çəkməklə ömrünü 15 il qısaldır, gündə üç qutu siqaret çəkirdi. Amma o, siqareti tərgitməyə, həyat tərzini dəyişməyə razılıq vermirdi. Deyirdi: "Hətta ölüm qorxusu altında belə siqareti atmaram". Başqa cür, düzgün yaşamaq onun üçün maraqlı deyildi. Məncə, nəsə onu çəkirdi. Dəfələrdə deyirdi: "Qoy məni gənc xatırlasınlar". Bunu təkcə səhnədən deyil, həm də həyatdan erkən getməklə bağlı deyirdi. O düşünürdü ki, artıq hər şeyi edib, ümumittifaq sevgisi və şöhrət ona hələ 19 yaşında nəsibi olmuşdu. Tanrıdan tək bir istəyi vardı, o da tez ölmək idi.
MƏSLƏHƏT GÖR: