
"İMPERİYALAR QƏBİRİSTANLIĞI"
Bu tezisin yaratdığı qorxu ABŞ və Avropanı Əfqanıstan böhranından təcili çıxış yolu axtarmağa vadar edir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Əfqanıstanda hadisələrin gedişatı beynəlxalq ictimaiyyətdə böyük həyəcan yaratmaqdadır. Gündən-günə bu ölkə ərazisində hərbi əməliyyatlar daha sərt xarakter almağa başlayır. Əfqanıstan probleminin həll yolunun tapılmasını çətinləşdirən amillərdən biri isə buraya əvvəlkitək, həddindən artıq çox maraqlı qüvvələrin cəlb olunmasıdır.
Səkkizillik fəaliyyət və "fəaliyyətsizliyin qiyməti"
ABŞ və NATO - nun Əfqanıstanda apardığı antiterror kampaniyasının başlanmasından artıq 8 il ötür. Xatırladaq ki, əməliyyatlara Nyu-Yorkda törədilmiş məlum 11 Sentyabr terroruna cavab olaraq başlanılmışdı. Lakin ötən dövr ərzində "Əl-Qaidə" terrorçu şəbəkəsi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən radikal "Taliban" qruplaşmasına qarşı mübarizədə ciddi nailiyyət əldə edilməyib. Bundan başqa, Əfqanıstan cəmiyyətində də daxili siyasi sabitliyə nail olunmayıb. Burada parçalanma, sanki artıq xroniki xarakter alıb. Antiterror əməliyyatını keçirənlər üçün isə qlobal maliyyə böhranı nəticəsində situasiya getdikcə daha da ağırlaşır. Genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi üçün maliyyənin çatmaması, beynəlxalq koalisiyaya daxil olan hərbçilər arasında çoxsaylı itkilər, talibançıların sərt müqaviməti, Qərbə Asiyanın lap mərkəzində terror ocağının məhv edilməsi kimi əsas məqsədə nail olmağa imkan vermir.
Ağ evə Barak Obamanın rəhbərlik etməyə başlaması ilə Birləşmiş Ştatlar Əfqanıstan siyasətində yeni konsepsiya əsasında fəaliyyət göstərməyə qərar verib. Bu ilin martında ABŞ prezidenti amerikalı hərbçilərin Əfqanıstandan tədricən çıxarılmasını nəzərdə tutan strateji planı açıqlayıb. Bu, dünya tərəfindən Vaşinqtonun güc və diplomatiyanı özündə birləşdirən "prinsipial yeni mövqeyi" kimi qəbul edilib; sanki artıq ABŞ demokratiya ixracı və "Amerikanın düşmənləri"nə qarşı kompromissiz hərbi əməliyyatları nəzərdə tutan siyasi neomühafizəkarlıqdan imtina edir.
Ağ evin planına əsasən, koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması bu ölkə polisinin sayının 82 mindən 240, daha sonra isə 400 min nəfərədək artırılması fonunda həyata keçirilməlidir. Planın vacib hissəsi polisin sıralarına "mülayim taliblər"in cəlb edilməsidir. Bu zaman, ilk növbədə, Əfqanıstanda işsizlər "ordusu"na daxil olan şəxslərin polis orqanlarına işə götürülməsi nəzərdə tutulur.
Bununla yanaşı, Əfqanıstan və Pakistanın sərhəd rayonlarında müqaviməti davam etdirən talibançılarla mübarizənin gücləndirilməsinə də ciddi əhəmiyyət verilir.
ABŞ-ın Əfqanıstanla bağlı yeni konsepsiyası bu ölkədə müharibəni əvvəlki qaydalarla udmağın mümkünsüzlüyünün etirafı da sayıla bilər. Şübhəsiz, ABŞ-ın Avropadan olan müttəfiqlərinin mülki layihələr və Əfqanıstanın bərpası məsələsinə daha ciddi maraq göstərmələri də belə qərarın verilməsinə böyük təsir göstərib. Böyük Britaniya və Almaniya açıq şəkildə bildirir ki, uzun-uzadı davam edən bu müharibənin başa çatması üçün talibançılarla birbaşa danışıqlara gedilməlidir. Qərbdə tez-tez xatırlayırlar ki, yüzillik ərzində Əfqanıstanı "imperiyaların qəbiristanlığı" adlandırıblar və məhz bu tezisin yaratdığı qorxu ABŞ-la Avropanı Əfqanıstan böhranından mümkün qədər tez çıxmağa məcbur edir.
Bununla yanaşı, Qərbdə bu haqda nə qədər düşünsələr də, koalisiya qüvvələrinin döyüş meydanını birdən-birə tərk etməsi mümkün deyil. Üstəlik, Obamanın planının reallaşdırılması üçün ilk mərhələdə, hətta bu ölkədəki ABŞ kontingentinin gücləndirilməsi tələb olunur. Məhz bu üzdən Ağ ev rəhbəri yazda Əfqanıstana daha 21 min hərbçi göndərib; həmin vaxtadək orada 33 min amerikalı, ümumilikdə isə 70 minədək əcnəbi hərbçi var idi.
Lakin az keçmiş, Amerika komandanlığı belə qənaətə gəlib ki, hətta bu qədər geniş kontingentlə belə, Əfqanıstan missiyasının uğurla başa çatdırılması mümkün deyil. Bu ilin sentyabrında Əfqanıstandakı koalisiya qüvvələrinin komandanı, amerikalı general Stenli Makkristal ölkədəki ABŞ hərbçilərinin sayının 30-40 min artırılmasını təklif edib. Onun Əfqanıstandakı situasiya ilə bağlı hazırladığı məruzədə bildirilir ki, əgər ABŞ yaxın il ərzində bu ölkədəki hərbi kontingenti artırmasa, Əfqanıstan kampaniyası birdəfəlik uduzulacaq.
Bu günlərdə Slovakiya paytaxtında NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin qeyri-formal görüşündə də Əfqanıstanda koalisiya qüvvələrinin sayının artırılması əsas müzakirə obyekti idi. Şimali Atlantika Alyansının baş katibi Andreas Foq Rasmussen deyib: " "NATO-nun Əfqanıstan kampaniyasındakı iştirakı çox baha başa gəlmir ki?" sualını verən insanların sayı getdikcə artır. Onlara belə cavab verə bilərəm ki, fəaliyyətsizliyin qiyməti daha baha olardı. Hər şeyi öz axarına buraxmaq, nüvə silahına malik olan Pakistan da daxil olmaqla, hər şeyin "Əl-Qaidə"yə verilməsi olardı".
Lakin Amerikanın müttəfiqləri ABŞ-ın Əfqanıstandakı ordusuna hərbi və mülki dəstək verməyə hazır olduqlarını bildirsələr də, bu yalnız sözdə edilir və heç bir ölkə əməli addım atmır. Avropa İttifaqı ölkələrində hərbçilərinin bundan sonra da Əfqanıstan kampaniyasında iştirakından narazılıqları nəzərə alsaq (hələlik yalnız şifahi olsa belə), Köhnə Dünya ölkələrinin talibançılarla mübarizədə ABŞ-a dəstək verməyə hazır olduqlarını yalnız sözdə ifadə etməsi, Vaşinqtonun Bratislava görüşündən gözləyə biləcəyi maksimum nəticə idi. Üstəlik, Obama da general Makkristalın Əfqanıstanda ABŞ hərbçilərinin sayının artırılmasına dair təklifini bəyənməyib. Yeri gəlmişkən, bu fakt Amerika "qırğıları" arasında aşkar narazılıq yaradıb. Onlardan biri - sabiq vitse-prezident Dik Çeyni - Barak Obamanı açıq şəkildə "qərar verməkdən qorxmaqda" günahlandırıb.
Ağ ev sahibi özü isə, görünür, Əfqanıstandakı hərbçilərin artırılması ideyasını dəstəkləmək istəmir və bacarmır. Obama bununla seçkiqabağı dövrdə ABŞ-ın ölkədən kənardakı əməliyyatları dayandıracağına dair vədinə cavab olaraq, Amerika isteblişmenti və elektoratı tərəfindən ona verilən dəstəyi itirəcəyindən ehtiyatlanır. Odur ki, Amerika Hərbi Dəniz Qüvvələrinin Floridadakı bazasında çıxışı zamanı prezidentin Əfqanıstana əlavə hərbi kontingentin yalnız son dərəcə vacib olarsa, göndərilə biləcəyi barədə sözləri təəccüblü deyil. Ağ evin mətbuat katibi Robert Gibbs isə yalnız Obamanın Əfqanıstana əlavə hərbçilər göndərmək haqda qərar qəbul etmək ehtimalının olduğunu söyləməklə kifayətlənib. O, bunu Əfqanıstanda noyabrın 7-nə təyin edilmiş prezident seçkisinin ikinci turu ilə əlaqələndirib.
Kərzai ilə Abdulla arasında
Əfqanıstanda 2009-cu il avqustun 20-də keçirilmiş prezident seçkisi çoxsaylı qanun pozuntuları ilə yadda qalıb ki, bu da yəqin ki, çox az adamı təəccübləndirib. Axı söhbət yoxsul, faktik olaraq parçalanmış, üstəlik, müharibə aparan xalqın prezident seçməsindən gedir. Burada sakinlərin əksəriyyəti ya döyüşməkdən başqa heç nə bilmir, ya da narkomaniya ilə məşğuldur.
Əfqanıstanın müstəqil seçki komissiyası seçkidən düz 2 ay sonra "şübhəli bülletenlər"ə yenidən baxmaqla, hazırkı prezident Həmid Kərzainin ilk turda 49,67% səs topladığını etiraf etməli olub. "Beləliklə, namizədlərdən heç biri 50%+1 səs toplamayıb", - deyə qurum bildirib.
Xatırladaq ki, bundan əvvəl, ilkin məlumatlarda Kərzainin guya 55% səs yığdığı və bununla da ilk turda qələbə qazandığı bildirilirdi.
Lakin indi ölkədə prezident seçkisinin ikinci turu elan olunub və orada Əfqanıstanın hazırkı lideri ilə sabiq xarici işlər naziri Abdulla Abdulla arasında mübarizə gedəcək.
Barak Obama Kərzainin prezident seçkisinin ikinci turunda iştirak etməyə razılıq verməsini alqışlayıb və bildirib ki, "bu qərar Əfqanıstanın yeni demokratiyası üçün vacibdir". Əfqanıstan liderinin bu addımını Böyük Britaniya da bəyənib. "Həmid Kərzai qərarı ilə açıq şəkildə göstərib ki, ölkədə konstitusion proses davam etdirilməlidir", - deyə Britaniyanın Baş naziri Qordon Braun bildirib.
Bir məqam da aydındır ki, seçkinin saxtalaşdırılması ətrafında iki ay davam edən qalmaqal ölkə daxilində Kərzainin nüfuzuna xeyli ziyan vurub. Bunun əvəzində özünü Əfqanıstanı uzun illərdir davam edən müharibə şəraitindən çıxara biləcək islahatçı kimi göstərməyi bacaran Abdulla Abdullanın tərəfdarlarının sayı bir qədər də artıb. Düşünmək olar ki, keçmişdə Kərzai hökumətinin üzvü olmuş Abdulla qələbə qazanacağı təqdirdə, həm Əfqanıstanın sistem qüvvələri, həm də maraqlı xarici mərkəzlər arasında "maraqlar balansı" yaratmaq fikrinə düşəcək.
Lakin Abdullanın öz siyasi mövqelərini gücləndirmək üçün prezident seçildikdən sonra Kərzai kursunu dəyişə biləcəyi Qərbdə narahatlıq yaradır. Orada düşünürlər ki, yeni prezident hakimiyyətin mərkəzləşdirilməsindən imtina edə, aparıcı administrativ səlahiyyətləri yerli səhra komandirlərinə verə bilər. Onun xarici siyasətdə İranla yaxınlaşmağa üstünlük verə biləcəyi də Qərbi narahat edən məqamlardandır.
Bütün bunlarla yanaşı, hazırda Əfqanıstan daxilində yaşanan rəqabətdə bir paradoks diqqəti cəlb edir. Söhbət ondan gedir ki, Tehran, sanki Kərzai ilə Abdulla arasında kompromisin qarşısının alınmasında maraqlıdır. Əfqanıstan siyasətçiləri açıq şəkildə bildirirlər ki, İran mənəvi baxımdan Kərzaini, maddi cəhətdən isə Abdullanı dəstəkləyir. KİV-ə hətta belə bir məlumat sızıb ki, doktor Abdullanın "sərt ritorikası" məhz iranlı məsləhətçilər tərəfindən hazırlanır. Tehran belə düşünür ki, namizədlərdən hansınınsa inamlı və sarsıdıcı qələbə nəticəsində prezident seçilməsi, Amerikanın Əfqanıstandakı mövqelərinin möhkəmlənməsinə şərait yaradardı. Odur ki, hazırkı şərait Tehranın maraqlarına uyğundur. Əfqan ekspertləri, hətta belə bir fikri də səsləndirirlər ki, Tehran bu yolla bir müddət əvvəl İranda siyasi qarşıdurmanı qızışdırmış Vaşinqtondan qisas almağa çalışır.
İstənilən halda, sosioloqlar artıq indidən bildirirlər ki, seçkinin ikinci turunda seçici fəallığı son dərəcə aşağı olacaq. Bu, ilk növbədə onunla bağlıdır ki, əhali avqustun 20-də keçirilmiş səsverməyə qatılmış insanlara qarşı çoxsaylı qanlı terror aksiyaları törətmiş talibançılardan qorxur. Səsvermənin nəticəsinə baxmayaraq, Əfqanıstanda "ümumxalq iradəsi"nin legitimliyinin aşağı olacağı, ikinci turda məğlub olacaq namizədin rəqibinin qələbəsini qəbul etməyəcəyi və nəticədə, ölkədə daxili siyasi gərginliyin davam edəcəyinə dair proqnozlar da situasiyanı ağırlaşdıran məqamlardandır. Qərb strateqlərinin ehtiyat etdikləri daha bir məqam: əgər prezident seçkisinin ikinci turu iflasa uğrayarsa, Əfqanıstanda elə təlatümlər yaşanar ki, hakimiyyət, hətta hərbi xuntanın əlinə keçə, sonda isə ölkədə fövqəladə vəziyyət elan oluna bilər. Belə olarsa, Əfqanıstanda demokratikləşmə haqda danışmağa ehtiyac qalmayacaq. Bu isə o deməkdir ki, Əfqanıstanın işğalının ideoloji bəhanəsi özünün əsas "açar"larından birini itirəcək.
Odur ki, ABŞ üçün daha arzuolunan ssenari Kərzai ilə Abdulla arasında barışığın əldə olunması, koalisiya hökumətinin formalaşdırılmasıdır. Bu ssenari çərçivəsində Abdulla Baş nazir və ya xarici işlər naziri postlarından birini tuta bilər. Müxtəlif mənbələr bildirir ki, hazırda Amerikanın siyasi texnoloqları məhz bu məqsəd uğrunda çalışırlar.
Görünür, Kərzai ilə Abdullanın qərargahları arasında aparılan danışıqlarda Əfqanıstan üzrə məşhur amerikalı mütəxəssis, ABŞ-ın İraqdakı, Əfqanıstandakı və BMT-dəki sabiq səfiri Zalmay Xəlilzadın iştirakı da təsadüf deyil.
MƏSLƏHƏT GÖR: