14 Mart 2025

Cümə, 21:00

DOST OLSAQ DA, CİBLƏRİMİZ AYRIDIR

Azərbaycan qazının marşrutu qiymət və alıcıların çevikliyindən asılıdır

Müəllif:

01.11.2009

Xəzəryanı ölkələrin enerjidaşıyıcılarının Avropaya tranzit marşrutlarının diversifikasiyası məsələsi oktyabrın ikinci yarısından başlayaraq, yeni çalar almaqla gündəmin bir saylı məsələsinə çevrilib. Və məlum olub ki, enerji marşrutlarının ehtimal planına müəyyən redaktələrin ediləcəyi istisna edilmir. 

Azərbaycan prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin növbəti iclasında ölkənin bu məsələyə dair mövqeyinə aydınlıq gətirib: "Azərbaycan öz qazını Avropa İttifaqı bazarlarına ixrac etməyə hazırdır. Avropa ölkələri isə öz növbəsində, bizim qazımızı gözləyir. Bizim potensial tərəfdaşlarımız arasında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, İsveçrə kimi ölkələr var. Bu ölkələr Azərbaycan qazını dünya qiymətinə almaq istəyirlər. Biz də bunu dünya qiymətlərinə satmaq fikrindəyik. Bu, ikitərəfli mənfəət  gətirən bir layihədir. Ancaq əfsuslar olsun, iki ilə yaxındır ki, biz bu imkanlardan məhrum olmuşuq. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, Azərbaycanla Türkiyə arasında tranzit məsələləri həll olunmayıb. Azərbaycan bütün ölkələrlə - həm dost ölkələrlə, həm tərəfdaş ölkələrlə münasibətləri qarşılıqlı maraqlar üzərində qurur. Necə ki başqa ölkələr öz maraqlarını güdürlər, biz də əlbəttə, ilk növbədə, öz maraqlarımızı güdürük. Amma öz maraqlarımızı güdməklə, bizim təklif etdiyimiz məsələ dünya praktikasına əsaslanır. Azərbaycan uzun illərdir, Türkiyəyə qazı dünya qiymətlərinin üçdəbir hissəsinə, 30 faizinə satır. Bu heç bir məntiqə sığmayan məsələdir. Ötən ilin aprel ayından bu günə qədər çoxsaylı  danışıqlar, əfsuslar olsun, heç bir nəticə verməyib. Biz istəyirik, qazımız dünya qiymətinə satılmasa da, heç olmasa, ona yaxın qiymətə alınsın. Rusiya qazının qiymətinə bərabər olmasa da, ondan bir 8 faiz, 10 faiz aşağı olsun, daha 50 faiz yox". 

İ. Əliyev Azərbaycan qazına görə Türkiyənin tələb etdiyi tranzit tarifləri haqda da danışıb. Nə qədər təəccüblü olsa da, Türkiyə bu məsələdə hamını mat qoyub: Ankaranın Azərbaycandan tranzit üçün tələb etdiyi tarif, dünya standartlarından 70%-dən artıqdır. Məhz belə bir şəraitdə Azərbaycan prezidenti bildirib ki, Bakı, ilk növbədə, öz maraqlarından çıxış edərək, enerjidaşıyıcılarının nəqli üçün digər tranzit imkanlarını nəzərdən keçirəcək. O, bu təkliflərin dünyadakı qiymətlərə maksimum yaxın olmasının vacibliyini də vurğulayıb. 

Xoşbəxtlikdən, Azərbaycanın bu məsələdə geniş seçim imkanları var. Moskva ilə Tehran çoxdandır ki, Azərbaycan qazının alınması, həmçinin, tranzitinin həyata keçirilməsi üçün Bakını dilə tutur. Bunu öz çıxışında İ.Əliyev də dolayısı ilə xatırladıb. 

Prezidentin bu açıqlaması Azərbaycan qazına iddia edən digər ölkələr, enerji marşrutlarının diversifikasiyasında istehsalçı ölkədən daha çox maraqlı olan dövlətlər üçün də özünəməxsus siqnal olmalıdır. Lakin təəssüf, hələ ki onların real əməlinin deyil, söz-söhbət və müxtəlif maneələrinin şahidi oluruq...

Bəzi dairələrin prezidentin bu açıqlamasında siyasi çalarlar görməsi də təəccüblü deyil. Onların fikrincə, sözügedən bəyanatlarda Qərblə Rusiyanın lobbiçiliyi ilə həyata keçirilən Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə əlaqədar siyasi məqamlar var. Guya Bakı, təcavüzkarla yaxınlaşmaya görə Ankaranı məhz bu yolla "cəzalandırmaq" qərarına gəlib. 

Belə yanaşmada, bəlkə də, müəyyən məntiq var, amma məsələni birmənalı şəkildə bu cür qiymətləndirmək düzgün olmazdı.

Birincisi, Azərbaycan qazının satışı və tranziti ilə bağlı Türkiyəylə aparılan  danışıqlar artıq iki ildir ki, davam edir. Yəni bu, Türkiyə-Ermənistan yaxınlaşması prosesinin başlamasından xeyli əvvələ gedib çıxır.

İkincisi, həqiqətən də, Azərbaycan prezidentinin dediyi kimi, dünyada enerji resurslarını qardaşlıq hissləri və altruizm əsasında öz maraqlarına zidd satan ölkə tapmaq qeyri-mümkündür.

Üçüncüsü, "G20" nin üzvü olan və ümumi daxili məhsulun həcminə görə dünyada 15-ci yeri tutan Türkiyə, nəyə görə Azərbaycandan bu qədər ciddi iqtisadi dividendlər tələb etməlidir? Axı Azərbaycan qeyd olunan göstəriciyə görə Türkiyəyə 5 dəfə uduzur. Dünya təcrübəsi göstərir ki, əslində, hər şey əksinə olmalıdır. Hər halda, 3 il əvvəl Rusiya Azərbaycana satdığı qaza görə Bakıdan 2,5 dəfə yüksək qiymət tələb edən zaman iqtisadi imtiyazlar heç kimin yadına düşmürdü.

Dördüncüsü, Ankara nəyə görə dünyanın daha bir iqtisadi güc mərkəzi olan Rusiyadan belə güzəşt tələb etmir? Yeri gəlmişkən, Rusiya Türkiyəyə verdiyi qazın üçüncü ölkəyə satılmasına qadağanı yalnız bu il aradan qaldırıb və güman ki, bununla da ilk növbədə, Ermənistanı düşünüb. Bu məqamda Moskva, mütəmadi olaraq, Ankaranı idxal olunan Türkiyə mallarına görə, gömrük qiymətlərinin artırılacağı ilə də hədələyir.

Beşincisi, bəzi türk biznesmenlər, həmçinin, rəsmi Ankara Türkiyə-Ermənistan sərhədlərinin açılmasında öz iqtisadi maraqlarını düşünür. Türkiyəli ekspertlər də daxil olmaqla, bəzilərinin fikrincə, əgər sərhədlərin bağlı olduğu hazırkı şəraitdə iki ölkə arasında ticarət dövriyyəsi, təxminən, 150-200 milyon dollardırsa, sərhədlərin açılmasından sonra bu göstərici ikiqat arta bilər. Qeyd etmək lazımdır ki, burada söhbət Türkiyənin əldə etməyə çalışdığı təmiz gəlirdən yox, ticarət dövriyyəsindən gedir. 

Bunları nəzərə alsaq, ortaya belə bir sual çıxır: Azərbaycan hər il yüz milyonlarla təmiz gəlirini nə səbəbdən havaya atmalıdır? Axı bu vəsaiti, ölkənin müdafiə qabiliyyətinin artırılması, əhalinin rifah halının yüksəldilməsi, sosial proqramların maliyyələşdirilməsi və ölkə infrastrukturunun müasirləşdirilməsinə də yönəltmək olardı.

İndi isə məsələnin siyasi tərəfləri haqda. Hələlik dünyada heç kəs siyasətlə iqtisadiyyatın tam ayrı-ayrı anlayışlar olduğunu sübut edə bilməyib. 

Məlum olduğu kimi, siyasət xətrinə siyasət olmur. O, bir qayda olaraq, daim iqtisadi maraqlarla bağlıdır və siyasi-iqtisadi əlaqə, müvafiq qanunauyğunluqla izah edilir. 

Böyük siyasətdə isə bəzən siyasi mövqelərin möhkəmləndirilməsi xətrinə müttəfiqlərlə qarşılıqlı münasibətlərdə müəyyən iqtisadi güzəştlərə gedilməsi lazım gəlir. Amma müttəfiqlər səni artıq borclu çıxarmağa başlayanda, müəyyən dəyişikliyə getməyə məcbur olursan. 

Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nailiyyət olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Çünki bu, təcavüzkarın iqtisadi vəziyyətini yaxşılaşdıracaq. 

Odur ki, rəsmi Bakı, enerji sahəsində əməkdaşlıqda Azərbaycandan maliyyə dividendləri güdən Türkiyənin, onun 20% ərazisini işğal altında saxlayan Ermənistanın iqtisadi inkişafına kömək etməsi ilə razılaşmaya bilər.

Qeyd etmək lazımdır ki, Ankara özü də əvvəllər bu məsələyə siyasi çalar verirdi. Vaxtilə o, "Nabukko" layihəsinin reallaşdırılması məsələsini Ankaranın Avropa İttifaqına üzvlüyü ilə əlaqələndirməyə çalışırdı. Lakin Aİ-nin köhnə sakinləri tərəfindən ciddi etiraz aldıqdan sonra o, bu kəmərlə nəql ediləcək qazın 25%-nin Ankaraya güzəştli qiymətlərlə verilməsi tələbini irəli sürdü.

Daha sonra Bakı ilə Ankara arasında tranzit tariflərinin ədalətli səviyyəyə gətirilməsinə dair uzun-uzadı danışıqlar başladı, amma  nəticə hələ də yoxdur. Bununla, təxminən, eyni vaxtda "Nabukko" layihəsinin reallaşdırılmasını nəzərdə tutan hökumətlərarası sazişin imzalanması prosesinə də başlanıldı ki, o da bir neçə dəfə məhz Türkiyənin addımları üzündən təxirə düşdü. 

Bu razılaşma, nəhayət, bu il iyulun ikinci yarısında imzalandı.

Bütün bunlarla yanaşı, Bakı Türkiyənin tranzit imkanlarından maksimum siyasi və iqtisadi dividend əldə etmək cəhdlərinə normal yanaşır. Bu baxımdan, Türkiyənin Moskva tərəfindən lobbiçiliyi həyata keçirilən və "Nabukko"ya alternativ sayılan "Cənub axını" layihəsinin reallaşdırılması istiqamətində fəaliyyətini gücləndirməsi də  normaldır. Qeyd edək ki, İtaliyanın Baş naziri Silvio Berluskoninin bir müddət əvvəl Moskvaya etdiyi səfəri bu məsələyə də bir qədər aydınlıq gətirdi. Berluskoninin iştirakı ilə keçirilən Sankt-Peterburq-Ankara telekörpüsü zamanı Rusiyanın Baş naziri Vladimir Putin türkyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirdi ki, Berluskoni "Cənub axını" layihəsinin reallaşdırılmasında Rusiya şirkətləri qarşısında çətin vəzifə qoyur: "O deyir ki, "Cənub axını" "Şimal axını"ndan tez Baltik dənizinin dibi ilə çəkilməlidir". 

Bununla yanaşı, Putin məsələ ilə əlaqədar nikbin olduğunu da söyləyib. Putin hesab edir ki, artıq onların Türkiyə ərazisindən "Mavi axın" kəmərini çəkməklə qazandıqları təcrübə, bu işin də reallaşdırılması imkanlarını artırır. 

Xatırladaq ki, bu layihədə də üç ölkə birlikdə işləyib.

Putinə cavab olaraq, Ərdoğan konkret addımların razılaşdırılması ilə bağlı deyib ki, o, yaxın zamanlarda Moskvaya səfər etmək niyyətindədir.

Rusiya Baş nazirinin nikbinliyini bir sıra məlum məqamlarla əsaslandırmaq olar. Oktyabrın ilk yarısında Bakı ilə Moskva arasında Azərbaycan qazının Rusiyaya satışını nəzərdə tutan razılaşma imzalandı. İlkin mərhələ üçün satılacaq qazın həcmi o qədər böyük olmasa da (ildə cəmi 500 milyon kubmetr), tərəflər qarşılıqlı razılaşma halında onun bir neçə dəfə artırılacağını istisna etmirlər. Rusiya buna çox  ümid edir. Belə ki, "Cənub axını" borusu ilə Avropanın cənubuna ildə 63 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulub. Lakin Rusiyada qaz hasilatı azalır, "Qazprom" şirkətinin maliyyə potensialı isə yeni yataqların kəşfiyyatı və işlənməsinə ciddi vəsait ayırmağa imkan vermir. Odur ki, Moskva "Cənub axını"nı həm də Xəzərin "Şahdəniz" yatağından çıxan qazla doldurmaq istəyir. 

Öz növbəsində Avropa İttifaqı bu yatağa "Nabukko"nun əsas resurs bazalarından biri kimi baxır. 

Bakı ilə Ankara arasında qazın qiyməti və tranzit tarifləri ilə bağlı fikir ayrılığının fonunda Moskvanın şansları kifayət qədər artır. Üstəlik, Ankara da "Cənub axını" layihəsinə meyil etməyə başlayıb. Elə Türkiyə prezidenti Abdulla Gül də rusiyalı həmkarı Dmitri Medvedevlə telefon danışığı zamanı Qara dənizin Türkiyəyə aid iqtisadi zonasında geoloji kəşfiyyat işlərinin aparılmasına öz razılığını  verib. O, bunu "Cənub axını" layihəsinin reallaşdırılmasını sürətləndirmək məqsədi ilə edib. 

Lakin enerji marşrutlarının Rusiyadan yan keçməklə diversifikasiyasında maraqlı olan Qərbin müttəfiqi sayılan Ankaranın bu addımlarını Avropada başa düşməyə də bilərlər.

Bu arada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyəyə bir müddət əvvəl etdiyi səfər zamanı A.Gül ölkəsinin Qazaxıstanın "Nabukko" layihəsinə marağını yüksək qiymətləndirdiyini söyləyib. Belə çıxır ki, Ankara iqtisadi və siyasi baxımdan bilavasitə rəqib sayılan iki layihənin heç birini əldən buraxmaq istəmir?! 

Bütün bu suallara, ilk növbədə, Ankara cavab verməlidir, özü də mümkün qədər tez bir zamanda. 

Digər tərəfdən, "Nabukko" layihəsini reallaşdırmaq üçün heç cür vəsait tapa bilməyən Qərb də yaxşı düşünməlidir. Əks halda, Rusiya Avropaya "mavi yanacaq" nəqlini və bütünlükdə postsovet məkanını tam monopoliyaya götürə bilər. Üstəlik, Moskva digərləri ilə müqayisədə, həm qazın alışı, həm də tranziti üçün kifayət qədər ciddi məbləğlər təklif edir. Xəzər hövzəsindəki enerji resursları istehsalı ilə məşğul olan ölkələrin mövqeyinə gəlincə, bu olduqca aydın və sadə mövqedir: marşrutların istiqaməti qiymətdən və maraqlı tərəflərin çevikliyindən asılıdır.


MƏSLƏHƏT GÖR:

464