14 Mart 2025

Cümə, 20:57

FUTBOL TƏQVİMİ: ÖLÜM-QALIM OYUNU

VƏ YA SERJ SARKİSYANI QAPI-QAPI DÜŞÜB DİLƏNMƏYƏ NƏ VADAR ETDİ?

Müəllif:

01.11.2009

Türkiyə-Ermənistan yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyi haqda nə qədər danışılsa da, son hadisələr bunun əksini göstərir. Ötən il Rusiya ilə Gürcüstan arasında yaşanmış müharibədən sonra, onsuz da özünü təcrid duruma salmış Ermənistan, ətraf dünya ilə yeganə quru əlaqəsindən də məhrum oldu. Nəticədə, qonşu ölkənin iqtisadiyyatı tam iflasın bir addımlığına gəlib çatdı və artıq Rusiya tərəfə boylanmaq da mənasını itirdi. Çünki Moskva, hətta öz forpostunun xətrinə belə, Gürcüstanla sülhə getmək fikrində olmadığını Ermənistanın nəzərinə açıq şəkildə çatdırıb.

Demək olar ki, bütün analitiklər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstan-Rusiya sərhədinin bağlanmasından sonra Yerevana reallığı nəzərə almaq və qonşularla münasibətləri normallaşdırmaq haqda məsləhətinin məhz bu anlama gəldiyinə əmindirlər.

Nə qədər ki münasibətlər düzəlməyib və sərhədlər bağlıdır, Ermənistan rəhbərliyi əl açaraq, dünyanı gəzmək məcburiyyətində qalıb. Buna əmin olmaq üçün Serj Sarkisyanın Rusiyaya son səfəri ilə bağlı "Armenia Today" saytında yer almış məqalənin başlığına diqqət yetirmək kifayətdir: "Serj Sarqsyan və Bako Saakyan pul yığmaq üçün Moskvaya yollanıblar".

Hətta Ermənistan KİV də, ölkə prezidentinin Moskvadakı xeyriyyə ziyafəti zamanı növbəti ehsan payı almaq imkanı qazandığı üçün emosiyasını gizlədə bilmədiyini diqqətdən qaçırmayıb. "Mən sizin hamınızı vəsaitin toplanmasında əliaçıqlıq və səxavətlə iştirak etməyə çağırıram, bu işdə bizim tarixən əliaçıqlığı ilə seçilən xeyriyyəçilərimiz və mesenatlarımızın adına layiq olun", - deyə çıxış edən S.Sarkisyan müstəqil dövlətin prezidentindən daha çox, kazinoda kartpaylayanı və ya hərrac aparıcısını xatırladırdı.

Sarkisyan ABŞ-dan da pul istəyir - əlbəttə ki, birbaşa yox, "Ermənistanın dostu" olan konqresmenlərin vasitəsi ilə: oktyabrın sonlarında ABŞ Konqresinin Ermənistana yardım qrupu Senata müraciət edərək, gələn il bu ölkəyə 48 milyon dollar yardım və 3,5 milyon dollar hərbi yardım göstərilməsini istəyib. Onlar Dağlıq Qarabağa 10 milyon dollar ayrılmasını da tələb ediblər. Konqresmenlər bildiriblər ki, bu yardım "Rusiya-Gürcüstan müharibəsi nəticəsində, təxminən, 680 milyon dollar ziyan görmüş Ermənistan iqtisadiyyatını az da olsa kompensasiya edəcək".

Ermənistan iqtisadiyyatının bərbad halda olması S.Sarkisyanı yalnız öz həmyerlilərindən, ABŞ və Rusiyadan yox, nə qədər qəribə olsa da, hətta Azərbaycandan da səxavət istəməyə məcbur edib. Düz 1 il əvvəl o, aşağıdakı etirafı da dilə gətirmişdi: "Mən Azərbaycan prezidenti İlham Əliyevə azərbaycanlıların Qarabağın yüksək rifahında, təhlükəsiz həyatında maraqlı olduğunu nümayiş etdirmələri üçün oraya investisiya yatırmağa çağırmışam. Bəlkə bundan sonra Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamağa razı olarlar".

Azərbaycan və Ermənistan parlamentinin nümayəndə heyətləri arasında bu yaxınlarda Moskvada keçirilmiş görüşdə də iqtisadi yardım məsələsinə işarə edilib: erməni tərəfi sərhəddə azad iqtisadi zonanın yaradılması təklifi ilə çıxış ediblər.

Doğrudur, Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan torpaqları işğal altında qaldıqca bu ölkələr arasında heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Və vəziyyətin bu cür olması Yerevanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyaya real yanaşmağa məcbur edirdi. Bunu Azərbaycan prezidenti İlham Əliyev də Bakıda türkiyəli parlamentarilərlə görüşündə təsdiqləyib.

Lakin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmağa başlaması ilə situasiya da dəyişməyə başlayıb və Rusiyanın Türkiyədəki səfiri Vladimir İvanovskinin dediyi kimi, bu, "Moskvanın real dəstəyi ilə" baş verib.

Əlbəttə ki, Moskva öz forpostunu taleyin ümidinə ata bilməzdi. İki yol qalırdı - ya Azərbaycan, ya da Türkiyə. Yerevanla Bakı arasında münasibətləri düzəltmək üçün isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi vacib idi. Moskva bu məsələdə Ermənistana təzyiq etmək istəmir. Üstəlik, Dağlıq Qarabağ münaqişəsinin həlli heç də az vaxt tələb edən məsələ deyil. Ermənistanın üzləşdiyi vəziyyət isə təcili tədbirlər tələb edirdi və bu üzdən məhz seçim Türkiyə üzərində dayandı.

"Ötən ilin sentyabrında Gürcüstandakı məlum hadisələrdən sonra mən Türkiyənin Xarici İşlər Nazirliyində olarkən iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün çox əlverişli dövr olduğunu hiss etdim", - deyə Rusiyanın Ankaradakı səfiri etiraf edib. Bununla da diplomat faktik olaraq, Gürcüstan-Rusiya müharibəsinin "futbol diplomatiyası"na təkan verdiyini təsdiqləyib. Ermənistan üçün həmin kritik anda S.Sarkisyan, A.Gülə zəng etməyə məcbur idi, futbol cədvəli isə bu işdə lap yerinə düşdü.

Bir il sonra isə dünya "futbol diplomatiyası"nın ilk nəticələrinin şahidi oldu. Bu işdə əhəmiyyətli rolu yenə də Rusiya oynadı. "Biz oktyabrın 10-da Sürixdə Ermənistan-Türkiyə protokollarının imzalanmasında Sergey Lavrovun hansı vacib rolu oynadığını yaxşı bilirik", - deyə İvanovski bildirib və bununla da Lavrovun erməni həmkarına "Edvard! Bəyanatsız tədbirə razılaş!" məzmunlu kağız göndərdiyinə dair informasiyaları dolayısı ilə təsdiqləyib.

Analitiklərin fikrincə, erməni tərəfi bu məsələ ilə razılaşmaya bilməzdi. Çünki bu, ölkəni boğucu təcrid durumundan çıxartmağın yeganə yolu idi.

Lakin Türkiyə güzəştə gedən kimi, Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövqeyi sərtləşib. Bunu təsdiq edəcək bir neçə faktı diqqətə çatdırırıq.

Birincisi, Azərbaycan prezidentinin Kişinyov danışıqlarından dərhal sonra Türkiyə ilə münasibətlərin normallaşmasından ruhlanan Ermənistanın danışıqlarda tonu dəyişməyə başladığını bəyan etməsi heç də təsadüf deyil. Xatırladaq ki, Kişinyov görüşü Sürixdə Ermənistan-Türkiyə protokollarının imzalanmasından bir neçə gün əvvəl keçirilib.

İkincisi, nədənsə Kişinyovda S.Sarkisyan çoxdan razılaşdırılmış məsələlərin üzərinə yenidən qayıtmağa başlayıb.

Üçüncüsü, o, uzun illərdir davam edən danışıqların mövzusunu da inkar etməyə başlayıb. "Biz Azərbaycan prezidenti ilə heç zaman ərazilərin boşaldılmasını müzakirə etməmişik", - deyə S.Sarkisyan bildirib. Maraqlıdır, əgər Azərbaycan və dünya ictimaiyyəti işğal altındakı torpaqların boşaldılmasını tələb etmirsə və bu, danışıqların predmeti deyilsə, S.Sarkisyan İ.Əliyevlə 7 dəfə nə üçün görüşüb?

Dördüncüsü, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından dərhal sonra Yerevan Azərbaycanın işğal altındakı ərazilərində genişmiqyaslı təlimlər keçirmək qərarına gəlib, S.Sarkisyan isə təlimlərdə şəxsən iştirak edib.

Və nəhayət, təlimlərin ardından Ermənistan prezidenti Moskvaya yollanıb və özü ilə apardığı nümayəndə heyətinin tərkibinə Qarabağ separatçılarının lideri Bako Saakyanı da qoşub. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin paytaxtında olan S.Sarqsyan Azərbaycanın işğal altındakı Şuşa şəhərini "Şərqi Ermənistan"ın qədim torpağı adlandırıb. Bununla da o, bir daha açıq şəkildə söhbətin "Qarabağ xalqı"nın öz müqəddəratını təyinetməsindən yox, Ermənistan tərəfindən işğal faktından getdiyini göstərib. Bundan başqa, separatçıların rəhbəri Saakyan bəyan edib ki, "DQR"in bir sıra "nazirlik" və "idarə"ləri Şuşaya köçürüləcək.

Beləliklə, Yerevanın özünü konstruktivlikdən uzaq apardığı ortadadır. 

Bəs görəsən, ATƏT-in Minsk qrupunun həmsədrləri və Türkiyə rəhbərliyi bunları nəzərə alacaqmı?


MƏSLƏHƏT GÖR:

572