5 Dekabr 2025

Cümə, 22:27

SƏVİYYƏNİN SÜBUTU

Danimarkada keçirilən Dünya Çempionatı güləşçilərimizin ildən-ilə irəli getdiklərini sübut etdi

Müəllif:

15.10.2009

Azərbaycan güləşçilərinin Danimarkada keçirilən Dünya Çempionatındakı parlaq çıxışı ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Komanda tarixində ilk dəfə  3-ü "qızıl" olmaqla 10 medal əldə etdi. Bu nailiyyət, həqiqətən də, nadir uğurdur. Çünki indiyədək Olimpiya növlü idmanların heç birində komandamız mundialda birdən-birə 3 qızıl medal qazanmamışdı.

 

Yenilməz Fərid

Dünya birinciliyində "klassik" Fərid Mənsurovun (66 kq) uğurunu xüsusi qeyd etmək yerinə düşər. O, təəccübləndirməkdə davam edir. Xatırladaq ki, 2007-ci ildə Fərid uzun-uzadı zədələrdən sonra böyük idmana zəfərlə dönərək, Bakıda keçirilən dünya birinciliyində özünü yüksək səviyyədə göstərə bilmişdi. Bunun ardından Pekin Olimpiadasında uğursuzluq, daha sonra isə növbəti zədə və sonda yenə də idmana böyük qələbə! 

Danimarkada Mənsurovun qarşısında heç kəs tab gətirə bilmədi. Bu yarışda Fərid rəqiblərinə bir daha göstərdi ki, onu hesabdan silmək tezdir və hələ ki güləşdə son sözünü deməyib. Mənsurov Azərbaycanda qazandığı titulu  iki il qorumağı bacarmış azsaylı idmançılardan biridir. Axı ötən il Dünya Çempionatı Olimpiada üzündən yalnız qadınların çıxışları ilə yadda qalıb və bu səbəbdən atletin indiki uğuru ikiqat qiymətlidir.

Bundan başqa, bizim dünya çempionatlarında iki dəfə zəfərə imza atmış idmançılarımızı barmaqla saymaq olar. Buraya yalnız stend atıcısı Zemfira Meftahətdinova və ağır atlet Nizami Paşayev daxildirlər. Odur ki Olimpiya çempionumuz adını seçilmişlərin sırasına yazdırdı. İndi Fəridin səviyyəsini qoruması və eyni zamanda, Londonda keçiriləcək Olimpiadaya hazırlaşması üçün idman formasını daha da yaxşılaşdırması zəruridir. Çünki 2012-ci il Olimpiadasının həm Mənsurov, həm də karyerasında ilk dəfə dünya birincisi adını qazanmış Mariya Stadnik (48 kq) üçün çətin keçəcəyinə şübhə yoxdur.

Yeri gəlmişkən, Stadnik bu titula qədər kifayət qədər uzun yol qət etməli olub - Avropa çempionluğu, gənclər arasında dünya birincisi və Olimpiada üçüncülüyü. Danimarkadakı zəfər isə onun karyerasında yeni səhifə açıb. Axı 2008-ci il Olimpiadası artıq tarixin bir hissəsinə çevrilib və indi hər şeyə yenidən başlamaq lazımdır. 

Hər halda, Mariya qısa zaman ərzində əsas güləşçilərdən birinə çevrilib və o, bu statusunu qoruyub-saxlaya bilir. Şübhəsiz,  rəqabət güclüdür. Lakin Stadnik yerində saymır. Əgər belə olsaydı, sadalanan nəticələrin əldə edilməsi mümkünsüz olardı.

Ümumiyyətlə, güləş üzrə Azərbaycanın qadınlardan ibarət yığmasının mundialda qazandıqları mükafatları nəzərə alaraq - iki "qızıl" və "gümüş" - onların haqqında xüsusi danışmaq lazımdır. Çempionatda ən yüksək ali kürsüyə analıq məzuniyyətindən dönərək, millinin bir nömrəsi olduğunu yenidən sübut edən Yuliya Radkeviç (59 kq) də yüksəldi. Onun uğuru haqda, hətta Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili də danışıb: "Radkeviç ötən il ana olub və indinin özündə böyrək problemlərindən əziyyət çəkir. Onun ən texnikalı güləşçi olduğunu və ya yarışa digərlərindən daha hazır çıxdığını söyləyə bilmərəm. Yuliya rəqiblərini qələbəyə olan böyük həvəsi və iradəsi hesabına üstələdi. Finalda Radkeviç Polşadan olan rəqibini sındırmaq üçün bütün gücünü ortaya qoydu və qarşılaşmanın son saniyələrində istəyinə nail oldu. Lakin Radkeviç uduzsaydı belə, onun utanacaq heç nəyi  yox idi. Axı Yuliya döşək üzərində var gücünü ortaya qoymuşdu".

Lakin indi Yuliyanın üzərində daha ciddi məsuliyyət olacaq: axı titulu qazanmaqdan başqa, onu qorumağı da bacarmaq lazımdır. Üstəlik, güləşçimizin rəqiblərinin ona qarşı hazırlığı da fərqli olacaq və bu üzdən Yuliya üçün qarşılaşmalar asan keçməyəcək. 

Amma kim deyir ki, Dünya Çempionatında "qızıl" qazanmaq asandır?

Diqqətçəkən məqamlardan daha biri ondan ibarətdir ki, qadınlardan ibarət yığmada medalları yalnız legionerlər yox, yerli idmançılar da qazanır. Məsələn, güləşə cüdodan gəlmiş Sona Əhmədli (55 kq) mundialda finaladək yüksələrək, yalnız həlledici döyüşdə yaponiyalı Yoşideyə məğlub olub. Lakin bu, qələbəyə bərabər məğlubiyyətlərdəndir. Yığmamızın komanda hesabında birinci olması da təsadüfi deyil və bu çox qiymətlidir.

 

"Sərbəstçilər" sürət yığır

Ali mükafatlar əldə edə bilməyən yeganə komanda sərbəst güləşçilərimizdən ibarət yığmadır ki, burada da özünəməxsus xüsusiyyətlər var. Mundialda birdən-birə üç güləşçimiz - Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq) və Xetaq Qazyumov (96 kq) finala yüksəlsələr də, həlledici döyüşlərdə rəqiblərini üstələyə bilmədilər. Lakin bu nəticələr də yüksək qiymətləndirilməlidir və üstəlik, güləşçilərimizin artıq gələn il yüksək titul uğrunda mübarizə aparmaları və onu əldə etmələri üçün bütün imkanları var. Bu mövsümün onlar üçün həqiqətən uğurlu keçdiyini söyləmək olar - Dünya Kubokundakı komanda qələbəsini Avropada "qızıllar", indisə mundialda qazanılmış "gümüş"lər əvəzləyib. Bu yerdə özünü yaxşı tərəfdən göstərə bilmiş perspektivli debütant Şərif Şərifovun (84 kq) əldə etdiyi "bürünc"ü də qeyd etmək lazımdır. 

Danimarkaya səfər komandanın yeni məşqçisi Saypulla Absaidov üçün də ilk sınaq oldu və o, bu yarışı öz aktivinə yaza bilər.

Bununla yanaşı, "klassiklər" Rövşən Bayramov (55 kq) və Vitali Rəhimovun (60 kq) qazandıqları "bürünc"lər də qeyd olunmalıdır. Xüsusilə, sonuncu üçün bu, "dünya" karyerasında ilk mükafatdır. Onunla müqayisədə Rövşən yarışda daha təcrübəli təsir bağışlayırdı. Xatırladaq ki, o artıq bir dəfə mundialın finalında yarışaraq, ikinci yerə sahib çıxmışdı. Bu dəfə isə Rövşən finaladək irəliləyə bilmədi. 

Qeyd edək ki, artıq Beynəlxalq Güləş Federasiyası (FILA) və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərləri Rafael Martinetti ilə Cak Roqqe artıq Londonda keçiriləcək 2012-ci il Olimpiadasında qadın güləşi üzrə mükafat komplekstlərinin sayının 4-dən 7-yə qaldırılması haqda ilkin razılıq əldə ediblər. Lakin bu zaman yunan-Roma və sərbəst güləşdə komplekstlərin sayının azaldılmaması çox vacibdir. Hazırda FILA Olimpiadada 18 mükafat komplekstinə malikdir: yunan-Roma və sərbəst güləş üzrə hərəyə 7, qadın güləşi üzrə 4. Lakin Olimpiada proqramına yalnız 2004-cü ildə salınmış qadın güləşinin inkişaf tempi BOK-u o qədər məmnun edib ki, Cak Roqqe Rafael Martinettinin onun Olimpiadadakı təmsilçiliyinin artırılmasına dair diskussiyaya başlamaq təklifini qəbul edib.

FILA tərəfindən BOK-a verilən təklifdə nəzərdə tutulur ki, qadın güləşi üçün mükafatlar kompleksinin artırılması hər üç növdə idmançıların sayının artırılmaması şərti ilə həyata keçirilsin. Qeyd edək ki, hazırda onların sayı 352 nəfərdir. Bununla yanaşı, hər çəki dərəcəsində sayın azaldılması nəzərdə tutulur. Belə təklif var ki, yunan-Roma və sərbəst güləşdə kişilər arasında 7 çəki dərəcəsində 126 idmançı (hər kateqoriyada 18 nəfər), qadınlar arasında isə 7 çəki dərəcəsində 76 (hər kateqoriyada 12 güləşçi) iştirak etsin.  Olimpiya oyunlarını təşkil edən ölkəyə minimal kvota - 6 idmançı ilə çıxış etmək imkanı veriləcək. Daha 10 iştirakçını isə BOK, beynəlxalq federasiyalar və Olimpiadanın Təşkilat Komitəsinin nümayəndələrindən ibarət ənənəvi üçtərəfli komissiya müəyyənləşdirəcək.

Dünya Çempionatına qayıdaraq qeyd edək ki, bu yarış Azərbaycanın qızıl medallar uğrunda yarışda Rusiyanın əsas rəqibi olduğunu sübut etdi. Hər halda, dünyada güləşçilərimizin mövqeyi ildən-ilə güclənir və Danimarkada qazanılmış 3 qızıl medal bunun bariz göstəricisidir. Axı Olimpiya mərhələsi yeni başlayıb, Olimpiadanın bitməsindən cəmi 1 il keçib, lakin artıq qüvvələr nisbəti nəzərəçarpacaq dərəcədə dəyişib. Və indi pəhləvanlarımızın öz bacarığını təsdiqləmələri üçün turnirdən-turnirə irəli getmələri lazımdır. 

Əlbəttə ki, bu, böyük psixoloji məsuliyyətdir, lakin idmançılarımızın əksəriyyəti artıq qalib psixologiyasını mənimsəyib və bu, gələcəkdə onlara kömək edəcək. Azərbaycan güləşçilərinin keçirdikləri fantastik mövsümü də nəzərə alsaq, bunun üçün bütün imkanlar var. 

Ona görə də bunun yalnız başlanğıc olduğuna inanmaq istərdik.


MƏSLƏHƏT GÖR:

501