24 Noyabr 2024

Bazar, 18:49

RUHUN İFLASI

Bütün xəstəliklərin 90%-i bu və ya başqa şəkildə əsəb və streslərlə bağlıdır

Müəllif:

15.10.2009

Stres -  bu heç də başınıza gələnlərlə deyil, sadəcə, baş verənləri necə qəbul etməyinizlə bağlı məsələdir. Bu sözlər Avstriya-Macarıstan mənşəli Kanada endokrinoloqu, "stres" kəlməsini gündəmə gətirmiş Hans Selyeyə məxsusdur. Hələ 1936-cı ildə o, diqqət yetirmişdi ki, orqanizm mühtin istənilən tələbinə cavab olaraq gərginliklə reaksiya verir (hərfi anlamda "stres" sözü elə "gərginlik" deməkdir). Başqa sözlə, stres çeşidli yeni şəraitə uyğunlaşmağı təmin edən məqsədyönlü alışdırıcı reaksiyadır. Selye stresi iki növə - fizioloji (eustress) və patoloji (distres) növlərinə ayırıb. Sonuncu ifrat, əlverişsiz qıcıqlandırıcıların təsiri altında yaranır. Və biz çox gözəl anlayırıq ki, işdənqovulma, imtahandankəsilmə, dostlarla savaşmaq - bütün bunlar stres qaynağıdır. 

 

Stres nədir?

Psixoloq Azad İsazadə "Region plus"la söhbətində bildirir ki, stresin fizioloji mərhələsindən  patoloci mərhələsinə keçməmək çox önəmlidir, çünki onda psixo-emosional problemi həll etmək daha da çətinləşir: "Bunlar stresin iki mərhələsidir: birincisi, həyəcan mərhələsidir, onda orqanizm öz güclərini cəmləşdirir. İkincisi isə təhlükəli tükənmə mərhələsidr və mənfi amillərin güclü təsiri altında səciyyələndirilir. Bu halda orqanizmin adaptiv qüvvəsi tükənir və bu da müxtəlif xəstəliklərə gətirə bilir". 

İsazadənin sözlərinə görə, praktik olaraq bütün insanlar stres keçirirlər, əks halda, insan olmazdılar. "Ancaq stres reaksiyasının apatiya, nevrozlar, depressiya, fiziki ağrıların baş verməsi ilə müşayiət olunan xəstəlik halına çevrilməsinə yol vermək olmaz. Stres əlamətləri çoxsaylı ola bilər. Məsələn, kiçik problemlərə lüzumsuz şəkildə dərindən reaksiya vermək, dözümsüzlük, həddən çox yemək və ya iştahsızlıq, daim narahatlıq hiss edilməsi və s. Əksər hallarda çoxları bunu stres əlaməti kimi qəbul etmir. Tez-tez güclü psixo-emosional gərginliyin təsiri altında yuxu pozula, insanın nəsə etmək, işləmək, qərar qəbul etmək istəyi yoxa çıxa bilər. Stres halında özünəinamı itirən insanlar, adətən, yanlış qərarlar qəbul edirlər".

Mütəxəssisin sözlərinə görə, hazırda tibbi yardım üçün müraciət edən insanların çoxunun problemləri məhz stresdən başlayır. Statistika göstərir ki, bütün xəstəliklərin 90%-i bu və ya başqa dərəcədə nervozlarla və streslə bağlıdır. Psixoloq qeyd edib ki, Avropada hər il 1,5 milyon adam stresdən qaynaqlanan xəstəliklərdən ölür. Bu cür xəstəliklər sırasına insultlar, miokard infarktı da daxildir.  

Fizioloji baxımdan stres bizim orqanizmin təcili və fövqəladə durumlara reaksiyasıdır. Hər hansı bir təhlükə yaranırsa və ya nəsə həddən artıq həyəcanlamaya səbəb  olursa, bizim beynin böyük bölümü buna reaksiya verir - buna "sürünən şüur" da deyirlər. O, müəyyən məlumat maddələri göndərir və bu bizə belə fövqəladə durumları idarə etmək imkanı yaradır. Məhz bu prosesi biz sonucda stres kimi qəbul edirik. Düzdür, bu bizim üçün elə də problem yaratmamalıdır, amma bir "əmma" var. Əgər biz uzun müddət stres durumunda qalarıqsa, bu, fiziki və psixi problemlər yaranmasına səbəb ola bilər. 

Bununla yanaşı, biz özümüz üçün aşağıdakıları aydınlaşdırmalıyıq: stres, bizim orqanizmimizin şüurlu reaksiyasıdır. Ancaq davamlı stres durumu bizim üçün təhlükə yarada bilər və özü ilə risk daşıyır. Belə olan halda, stres doğrudan da orqanik və psixoloji problemlərə gətirər və müxtəlif fəsadlara səbəb ola bilər. Bunların sırasında yuxusuzluğu, yüksək qan təzyiqini, ürək xəstəliklərini, allerigiyanı, qarın və başağrılarını, depressiyanı, seksual pozuntuları göstərmək olar. 

 

Stresdən necə çıxmalı? 

Stres halından necə çıxmaqla bağlı suala cavab kimi praktik olaraq bütün psixoloqlar ən kəsərli üsulun mütəxəssisə müraciət etməyin olduğunu bildirirlər. Ancaq çoxları bu durumdan müstəqil çıxmağa üstünlük verirlər, çox vaxt onlara belə məsləhətçiyə müraciət etmək tövsiyə  ediləndə özlərini təhqir olunmuş sayırlar. 

Amma streslə  mübarizədə başlıca məsələ "depressiyaya düşən"in vəziyyəti dəyişmək istəyi olarsa, müstəqil olaraq apatiya və əlacsızlıqla da mübarizə etmək mümkündür. "İdmanla məşğul olmaq, şəhərdə hər gün  gəzmək olar. Ümumiyyətlə, nə iləsə məşğul olmaq zəruridir. Öz problemin barədə danışmaq və ürəyini boşaltmaq da az əhəmiyyət kəsb etmir. Hətta tanımadığın adamla söhbət də yüngülləşdirə bilər. Belə olan halda əsas rolu anonimlik oynayır, çünki qarşıdakı adam sizi tanımır və böyük ehtimalla siz bir də onu görməyəcəksiniz. Öz həyəcanınızı vərəqlərə də etibar edə, məktub yaza bilərsiniz. Nəticədə aydın olacaq ki, hər şey heç də elə pis deyil. Bəzən gərgin qrafik də depressiyaya səbəb ola bilər, belə olan halda dincəlmək yaxşı olardı. Tətilə çıxmaq, qısa müddətə harasa getmək də məsləhətdir. Vəziyyəti dəyişmək çox önəmlidir", - deyə İsazadə bildirir.  

Autogen məşq (autotreninq), yəni özünətəlqin üsulu da çox səmərəlidir. Həm yuxudan qabaq, həm gə istənilən başqa vaxt özünətəlqinlə məşğul olmaq mümkündür. Önəmli odur ki, diqqətini cəmləşdirməyə, "özünə qapanmağa" çalışmalısan. Buna görə də autotreninq öncəsi televizoru, radio və telefonu söndürmək lazımdır. Bu cür məşğələdə sakit musiqi, hətta  yararlıdır. Gözlər qapalı halda  bir sıra əhvalı yaxşılaşdıran fikirlər  2-3 dəfə dəfə təkrar olunur. Depressiyaya qarşı ən yaxşı profilaktika özünə müsbət rakursdan yanaşmaq, xırda zəiflikləri bağışlamaq və boş şeylərə görə özünü qınamamaqdır. 

Psixoloqlar bildirirlər ki, əgər siz stresi idarə edə bilmirsinizsə və bu sizin imkanınızdan kənardırsa, onda onun erkən əlamətlərinə  fikir verin. Çünki siz onu nə qədər erkən aşkar edərsinizsə, orqanizmdə yaranan geriləmənin səbəbləri və nəticələri ilə daha asan mübarizə apara bilərsiniz. Şübhəsiz, özünü dərk  etməyə çalışaraq siz öz həyatınızı keyfiyyətcə dəyişdirə bilərsiniz. Gözlənən təhlükənin ilkin siqnallarına ciddi münasibət sağlamlığı və uzun ömrü qorumağa imkan verən yolu düzgün seçməyə yardımçı olar. 


MƏSLƏHƏT GÖR:

508