5 Dekabr 2025

Cümə, 22:24

DOLLARA QARŞI GİZLİ DANIŞIQLAR

Neft hesablamalarında ABŞ valyutasını nə ilə əvəz etmək istəyirlər?

Müəllif:

15.10.2009

Bütün dünyada tanınan Britaniya qəzeti "The Independent"də çap edilmiş məqalə bir neçə gün ərzində dünyanın valyuta bazarlarını silkələdi və dolların imicini yetərincə aşağı saldı. Qəzet isə Honkonqun bank dairələrindən olan, adını açıqlamadığı mənbələrə istinadən bildirmişdi ki, Rusiya, Yaponiya, Fransa və Fars körfəzinin bəzi ölkələri neft hesablaşmalarında dollardan imtina etmək istəyirlər. Dollar əvəzinə onlar ien, yuan, avro, qızıl və bölgədəki İqtisadi Əməkdaşlıq Şurasına daxil olan ölkələrin yeni valyutasından ibarət səbətdən istifadə etməyi planlaşdırırlar. Bu şuraya BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər daxildir. Bundan başqa, belə sxemə Hindistan və Braziliyanın da marağı olduğu qeyd edilir. Qəzetin məlumatına görə, bu cür perspektivlər Rusiya, Yaponiya, Çin və Braziliya mərkəzi bank başçılarının və maliyyə nazirlərinin gizli görüşlərində müzakirə edilib. Ehtimal olunur ki, bu, 2018-ci ildə reallığa çevriləcək və dünya maliyyə sistemini tamamilə dəyişəcək. Ekspertlər düşünür ki, bu cür planların hətta ideya, fikir kimi ortaya atılmasının özü belə Amerika valyutasına böyük zərbədir. Əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da bu cür planların reallığına şübhə ilə yanaşanlar var. 

 

Olub, olmayıb?

Beləliklə, əgər "The Indepen-dent"ə inansaq, görəsən, neft hasil edən dövlətləri dollar niyə qane etməyib? Ondan başlayaq ki, enerjidaşıyıcılar alverində ABŞ dollarının əvəz edilməsi barədə söhbətlər çoxdan gedir. Özü də bu ideya ərəb ölkələri tərəfindən dəfələrlə irəli sürülüb. İran da artıq bir neçə ildir, öz neftini başqa valyuta ilə, yəni əsasən avro ilə satır. Amma faktik olaraq İran neftinin qiyməti dollarla müəyyən edilir. Britaniya qəzetinin fikrincə, indiki danışıqların məğzində siyasidən çox böyük iqtisadi səbəblər var. Məsələnin neft ticarətində  dollardan imtina edilməsi kimi qoyulması dünya böhranının gedişində Amerika iqtisadiyyatının zəifləməsi ilə bağlıdır. Bu zaman qəzet Çinin Yaxın Şərqdəki keçmiş xüsusi nümayəndəsi San Biqanın sözlərini misal gətirir. O bildirib ki, bu cür yanaşmada "ikitərəfli qalmaqal və münaqişələr qaçılmazdır" və qeyd edib ki, "Biz bölgədə sayıqlığımızı azaltmamalıyıq". "Bu planlar bütün dünya maliyyə sisteminin görkəmini dəyişəcək", - deyə qəzet çinli bankirin sözlərini dərc edir. Ehtimal olunur ki, yeni sistemə keçid doqquz il çəkəcək və 2018-ci ildə başa çatacaq. Qəzetin müsahibləri hesab edirlər ki, bu cür danışıqların reallığına sübut kimi bazarda qızılın qiymətinin kəskin bahalaşmasını göstərmək olar. 

Ekspertlərin fikrincə, "Indepen-dent"dəki məqalə dolların məzənnəsinə təsir göstərib. "Bloomberg"in yazdığına görə, Amerika valyutası 16 Asiya birjasının 15-də qiymətdən düşüb. "Bazarlara təsir göstərən bu cür mənfi xəbərlər göstərir ki, mərkəzi bankların dollardan uzaqlaşaraq valyutalarını diversifikasiya etmək niyyəti yalnız Asiya ilə kifayətlənmir", - deyə "Westpac"ın analitiki Conatan Kevenaq "Reuters"ə bildirib. "Bu cür məlumatların peyda olmasının özü dolların ayağının altını qazmaqdır"", - deyə  "SJS Markets"in Honkonq filialının baş investisiya mütəxəssisi Dariuş Kovalçik "Bloomberg"ə bildirib. 

Qeyd edək ki, məqalənin dərc olunmasından, demək olar ki, dərhal sonra gizli danışıqlarda guya iştirak etməsi barədə məlumat verilən ölkələrin rəsmi təmsilçiləri, bu məlumatı təkzib etdilər. Fransanın iqtisadiyyat naziri bunu "əsassız spekulyasiya" kimi qiymətləndirdi, Rusiyanın maliyyə nazirinin müavini Dmitri Pankin jurnalistləri əmin etdi ki, RF Maliyyə Nazirliyinin xətti ilə heç bir danışıqlar aparılmayıb. Yaponiyanın maliyyə naziri mətbuat konfransında bildirdi ki, bu cür danışıqlar barədə onun "heç bir məlumatı" yoxdur. Səudiyyə Ərəbistanının və Küveytin rəsmi təmsilçiləri  də təxminən oxşar sözlərlə kifayətləndilər. 

Amma ekspertlər bu fikirlərlə heç də tam razı deyillər və inanırlar ki,  istənilən halda danışıqlar baş tutub. Ancaq bir sıra analitiklər "gizli əlbirlik" planının olmasına şübhə ilə yanaşırlar. "Düşün-mürəm ki, bu danışıqlar əsasında biz hansısa ciddi qərarlarla rastlaşacağıq. Hətta indi dollar zəifləsə də, xammalın qiyməti hələ ki aşağıdır. Faktik olaraq dollar zəifləyir, xammalların qiyməti isə artmağa meyillidir", - deyə Avstraliyanın "Commonwealth Bank of Australia" bankının xammal məhsulları və əmtəə üzrə analitiki Devid Mur bildirir. 

 

Azərbaycan ənənələrə sadiqdir

Qeyd edək ki, Azərbaycanın adı "gizli əlbir" ölkələr sırasında çəkilməsə də, neft çıxaran bir ölkə kimi bu məsələnin ona dəxli var. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı-direktoru Şahmar Mövsümov  jurnalistlərə bildirib ki, respublika neftin satışında ABŞ dollarının başqa valyutalar səbətinə dəyişdirilməsi barədə danışıqlarda iştirak etmir və onu başqa neftçıxaran ölkələr kimi eyni valyutaya satır. "Hazırda Azərbaycan nefti ABŞ dollarına satır və mən inanmıram ki, yaxın zamanlarda hansısa bir dəyişiklik baş verəcək", - deyə  Ş.Mövsü-mov bildirir.

Bununla yanaşı, bir sıra yerli ekspertlərin fikrincə, bəzi ölkələr neftin pulunu ödəyərkən, hətta dollardan imtina etsələr də, bunun Azərbaycana dəxli olmayacaq. 2009-cu ilin birinci yarısında ölkə öz neftini 35 ölkəyə satıb. İxracın 1/3-i ABŞ-ın payına düşür, 40%  Avropaya, 5%  isə Latın Amerikasına ixrac edilib, qalan hissə Cənub-Şərqi Asiyaya - Çinə, Hindistana, Cənubi Koreyaya gedib. Başqa sözlə, Azərbaycanın neft ixracı diversifikasiya edilib. Yalnız keçən il Azərbaycan toplam məbləği  $5,5 mlrd olan neft və neft məhsulları ixrac edib və ölkəmiz neftin pulunu dollarla almaqdan imtina etməyəcək. 

İqtisadçı-ekspert İnqilab Əhmədov isə öz növbəsində bildirib ki, "Azərbaycan dünya neft bazarında yeni ölkədir. Ümumi neft səbətində bizim ölkənin payı yüksək deyil. Və Azərbaycan öz ənənələrindən imtina etməyəcək". 

Ekspert xatırladıb ki, dollardan imtina cəhdləri bir neçə dəfə olub və onların hamısı siyasi xarakter daşıyıb. "Problem ondadır ki, son bir neçə ildə neftin qiyməti həddindən tez-tez dəyişir. İstehsalçılar, alıcılar bu dəyişkən qiymətlər üzündən öz işləri üzrə dolğun plan tuta bilmirlər və bundan əziyyət çəkirlər. Ekspertlər hesab edirlər ki, neftin qiymətinin dəyişməsi çox vaxt dolların məzənnəsinin başqa valyutalara nisbətən dəyişməsindən birbaşa asılıdır və bu da ABŞ-ın siyasətidir. Ancaq bundan başqa ölkələr zərər çəkirlər və buna görə də neftin qiymətini sabit görmək istəyirlər. Amma proqnozlar göstərir ki, ABŞ-ın iradəsi olmadan neftin qiymətində dollardan imtina etmək qeyri-mümkündür", - deyə  İ.Əhmədov bildirir.  

 

ABŞ borclu qalmayacaq

Gerçəkdən ABŞ dünya neftinin 40%-ə qədərini istehlak edir və istədiyi zaman müəyyən müddətə neft almaqdan imtina etməklə dünya neft qiymətlərinə təsir göstərə bilər. ABŞ-ın öz ehtiyatları və dəstəkləmə texnologiyaları var ki, bunlar da bir neçə ay neft almadan keçinməyə imkan verir. Belə olan halda neftin qiyməti, şəksiz ki, düşəcək və bu da neft alqı-satqısında dollardan imtina etməyi qərara alan ölkələrə mənfi təsir göstərəcək. 

Həmçinin analitiklər hesab edirlər ki, danışıqlarda Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətarın mövqeyi də  "zəif halqa" ola bilərdi. Birincisi, onların vahid valyutası hələ yaradılmayıb və bu barədə danışıqlar çoxdan gedir. Onun adı da artıq düşünülüb - "Fars körfəzinin dinarı" olacaq, ancaq buna baxmayraq, o hələ də illüziya olaraq qalır. Yəqin ki, ehtimal edilən valyuta ittifaqının iştirakçıları öz üzərlərinə əlavə öhdəliklər, məsələn, büdcə kəsirinin azaldılması, yol verilən dövlət borcu və inflyasiya hədləri və s. barədə öhdəliklər götürmürlər. Bəlkə də bu, mövcud siyasi fikir ayrılıqları ilə bağlıdır. 

Həm də başqa tərəfdən, ABŞ dolların həddindən möhkəmlənməsində maraqlı deyil. Milli valyutanın dünyanın başqa pul vahidlərinə nisbətən zəifləməsi Amerika istehsalçılarının məhsullarının rəqabət qabiliyyətini artırır. Bu, təbii ki, başqa ölkələrin xoşuna gələ bilməz, Avropa Birliyi ölkələrinin rəhbərləri dəfələrlə bildiriblər ki, dolları daha güclü görmək istəyirlər. Şəksiz, bu da Birləşmiş Ştatların oyunu ola bilər, yəni Avropanı və başqa ölkələri dolları möhkəm görmək istəyinə məcbur edir. 

Bununla yanaşı, Rusiya Ali İqtisadiyyat Məktəbinin elmi rəhbəri Yevgeni Yasin hesab edir ki, danışıqlar haqqında məlumat diqqəti çəkir. "Bunu gözləmək olardı. Çünki dolların zəifləməsi ona gətirib ki, dollar saxlayanlar öz ehtiyatlarını diversifikasiya etməyə can atırlar", - deyə Rusiyanın keçmiş iqtisadiyyat naziri vurğulayıb. Yasin də bu fikirdədir ki, dolların başqa ödəniş vasitəsilə əvəzlənməsi həddindən çətin məsələdir. Ancaq onun fikrincə, Amerika valyutasının zəifləməsi dünyanın bir çox ölkələrində, o cümlədən, Çində böyük həyəcan doğurur. "Çin uzun müddət öz mallarının əvəzinə dollar götürürdü, indi narahat olmağa başlayıb, çünki dolların qiymətdən düşməsi yığılmış valyuta rezervlərinin qiymətdən düşməsinə səbəb olur", - deyə iqtisadçı fikrini izah edib. 

Bildirmək gərəkdir ki, "dollara qarşı gizli sövdələşmə" haqqında xəbərlər dünya iqtisadiyyatını, deməli, hər şeydən öncə ABŞ iqtisadiyyatını ikinci böhran dalğasının gözləməsi barədə edilən çoxsaylı proqnozların fonunda yayılıb. Bu barədə İstanbulda keçirilən beynəlxalq konfransda BVF və Dünya Bankının başçıları Dominik Stross-Kan və Robert Zellik, Amerika iqtisadçısı Nuriel Rubini və Nobel mükafatı laureatı Cozef Stiqlis bildiriblər. Onların nəticələri üst-üstə düşür: ortamüddətli perspektivdə dünya iqtisadiyyatını yaxşı vaxtlar gözləmir. Amma çətin ki, kimsə bu böhranın ilk zərbəsinin onsuz da böhranın birinci fazasında ciddi zədə almış dolları yenidən tutacağına şübhə etmir. 


MƏSLƏHƏT GÖR:

603