14 Mart 2025

Cümə, 10:41

NÖQTƏ, YOXSA VERGÜL?

BVF Azərbaycandakı fəaliyyətini məhdudlaşdırıb, amma ölkədən getməyib

Müəllif:

15.10.2009

Bir neçə gün əvvəl Azərbaycanın bir sıra KİV-də yayılan "BVF Azərbaycandan gedir" xəbəri xeyli səs-küy doğurdu. Doğrudur, fond, demək olar ki, artıq 4 ildir Azərbaycanda məsləhət-tövsiyə missiyasından və icmallardan başqa proqram gerçəkləşdirmir; həmçinin,  bu qurumla hökumət arasında müəyyən çəkişmələr olub, ancaq bu cür "gediş" üçün  son zamanlar elə bir ciddi əsas müşahidə edilməyib. 

Amma sonradan məlum oldu ki, söhbət heç də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanla qarşılıqlı münasibətlərinin tam kəsilməsindən getmir. Sadəcə, hələ bu ilin yayında bildirildiyi kimi, fond ölkədə ştat sayını yetərincə - iki adama qədər azaldır, təbii ki, öz nümayəndəliyini ofisə çevirir. Bu, dünya iqtisadi böhranı şəraitində normal rasional yanaşmadır. BVF-nin keçmiş Bakı nümayəndəliyinin sabiq başçısı Koba Qvenetadze bildirib ki, "kredit xətləri olmayan ölkələrdə BVF daimi nümayəndəliklər saxlamağa ehtiyac duymur". Onun sözlərinə görə, BVF bu cür yanaşmanı Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələrdə də tətbiq edir. Daha öncə Gürcüstanda da yalnız ofis fəaliyyət göstərirdi, lakin bu ölkədə hərbi əməliyyatlar başlayandan sonra o, daimi nümayəndəliyə çevirldi. "BVF-nin Azərbaycandakı ofisində iqtisadçı və menecer işləyəcək", - deyə Qvenetadze bildirib.

 

Sadə olmayan münasibətlər tarixçəsi 

Beynəlxalq Valyuta Fondu (BVF) və Azərbaycan hökuməti arasında formalaşmış münasibətlər praktikasında, adətən, eyni məsələyə görə tərəflərin münasibəti, demək olar ki, çox vaxt üst-üstə düşməyib. Əgər lik vaxtlarda hökumət bu barədə susurdusa, sonradan iqtisadiyyatın inkişafı və xarici borca xidmətdə problemin olmaması ölkənin öz sözünü cürətlə deməsinə imkan yaratdı. Bununla yanaşı, hazırki  prizmadan baxdıqda, sözügedən qurumun ölkədəki maliyyə-iqtisadi durumun sabitləşməsində oynadığı rolu danmaq olmaz.  Həmin dövrün bütün postsovet ölkələri kimi, Azərbaycan da dərhal həll edilməsi tələb olunan problemlərlə baş-başa qalmışdı; həmçinin, iqtisadiyyatın yeni, kapitalist idarəetmə modelinin qurulması vacib idi. Eyni zamanda, BVF-nin tövsiyələri və kreditləri həm inflyasiyanın cilovlanmasında, həm də yavaş-yavaş iqtisadi artım əldə edilməsində xilaskar həlledici rol oynamışdı. 

Ancaq artıq o zaman, daha doğrusu, 1990-cı illərin sonlarına yaxın vacib strateji məsələlərə baxışda bu qurumla ölkə hökuməti arasında fikir ayrılıqları müşahidə edilirdi. Bu, Neft Fondu vəsaitlərinin bir hissəsinin Bakı-Ceyhan neft kəmərinin tikintisinə xərclənməsinə narazılıq, həmçinin, daxili bazarda enerjidaşıyıcılarının qiymətinin qaldırılmasının BVF-nin tələb etdiyi 2000-ci ildən 2006-cı ilə kimi gecikdirilməsi, Azərbaycanın iki dövlət bankında - Beynəlxalq Bankda və "Kapitalbank"da dövlətin payının özəlləşdirilməsində yaranmış fikir ayrılığı, həmçinin, dövlət büdcəsinin tutulması, xüsusilə də onun xərc hissəsi ilə bağlı mütəmadi mübahisələr şəklində özünü göstərirdi. Zaman sübut etdi ki, əksər bu cür məsələlərdə Azərbaycan hökumətinin mövqeyi daha doğru imiş və nəticədə, ölkə həm iri regional layihələr gerçəkləşdirə bildi, həm də öz iqtisadi zənginliyini təmin etdi. 

Ölkənin ayağa qalxması ilə edilən birinci iş isə  kreditlərdən, yəni BVF-dən maliyyə asılılığından imtina edilməsi oldu. Bütün proqramlar içində yalnız  "BVF-nin yaradılması haqqında" sazişin IV bəndinə uyğun gələnləri, yəni texniki yardım proqramlarını saxlamaq qərara alındı. Fond bu bənd çərçivəsində hər il ölkə iqtisadiyyatının orta və uzunmüddətli perspektivlərini qiymətləndirir və tövsiyələr verir. Bunlar sadəcə tövsiyələr və məsləhətlər olsa da, hökumətin fəaliyyətinə kənardan istənilən səriştəli baxış kimi önəmlidir, axı heç kim səhv buraxmaqdan sığortalanmayıb. 

Düzdür, BVF də, başqa beynəlxalq maliyyə institutları və reytinq agentlikləri kimi dünya böhranına gətirən yanlış qiymətləndirmələr üzündən günahlandırılır, amma bütün inkişaf etmiş ölkələrdə onların fikri ilə hesablaşmaqda davam edirlər. Həmçinin, inkişaf etməkdə olan ölkələrin çoxu öz iqtsadiyyatlarını yalnız bu cür qurumların yardımı hesabına saxlayırlar. Bəlkə də BVF-nin texniki yardım proqramının həcmlərinin son zamanlarda yetərincə azalmasına baxmayaraq, 

Azərbaycan bunun gələcəkdə də davam etdirilməsini bu baxımdan istisna etmir - çünki məcburi olmayan tövsiyələrdən hələ heç kimə ziyan dəyməyib. 

 

Yalnız tövsiyələr!

BVF-nin Azərbaycan iqtisadiyyatının son durumu barədə qiymətləndirmələrinə və proqnozlarına gəldikdə isə, onlar yetərincə nikbindir. Fond 2009-cu ildə ölkə ümumi daxili məhsulunun (ÜDM) neft bölməsində 11%, neftdənkənar bölmədə 4% artım proqnozlaşdırır. Bir az əvvəl isə  BVF-nin yeniləşdirilmiş proqnozlarına uyğun şəkildə bildirilib ki, bu il Azərbaycan iqtisadiyyatında 7,5% artım gözlənilir (ilkin proqnoz isə 2,5% idi), gələnilki artım isə  7,4% səviyyəsində proqnozlaşdırılır (əvvəlki proqnoz 12,3% idi). K.Qvenetadzenin sözlərinə görə, bütövlükdə Qafqaz və Mərkəzi Asiya regionunda bu il ÜDM artımı 1,5% təşkil edəcək. Qeyd edək ki, Azərbaycan hökuməti 2009-cu ildə ÜDM-in 12,9%,  2010-cu ildə isə 6,8% artacağını proqnozlaşdırır. Eyni zamanda, bu il neft bölməsində ÜDM artımı 20,3% səviyyəsində,  neftdənkənar bölmədə isə  3,2% proqnozlaşdırılır, gələn il isə bunun uyğun olaraq  8,3% və 4,1% olacağı düşünülür. 

"İlkin olaraq, biz ehtimal edirdik ki, gələn ilin yekunları üzrə Azərbaycanda dövlət büdcəsinin kəsiri müşahidə ediləcək. Amma indi, ilk növbədə, dünya bazarında neft qiymətlərinin artması ilə bağlı olaraq vəziyyət dəyişib. İlkin proqnozları biz bir barel neftin qiymətini $50-dən götürməklə etmişdik, indi isə $62-dən götürürük. Buna görə də 2009-cu ilin yekununda Azərbaycan büdcəsinin profisitlə yerinə yetiriləcəyini düşünürük", - deyə BVF nümayəndəliyinin başçısı vurğulayıb. BVF, həmçinin, 2009-cu ilin yekunlarına görə, Azərbaycanın tədiyə balansında profisi olacağını proqnozlaşdırır. 

Bundan başqa. BVF hesab edir ki, 2009-2010-cu illərdə Azərbaycanın xarici borcu ÜDM-in 10%-ni keçməyəcək. "Dünya böhranı Qafqaz və Mərkəzi Asiya ölkələrinin iki qrupa ayrılması ilə nəticələnib. Azərbaycanın da daxil olduğu bir qrup ölkə xarici borcu nəzarətdə saxlamağı bacarıb. İkinci ölkələr qrupu - Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistanın xarici borcu isə yetərincə artıb, 2009-cu ilin yekunlarına görə, ÜDM-in 38-55%-i arasında dəyişəcək",- deyə BVF təmsilçisi vurğulayıb.  Onun məlumatına görə, 2008-ci ilin yekunlarına görə, Azərbaycanın xarici borcu ÜDM-in 8%-i səviyyəsində olub, 2009-2010-cu illərdə isə onun səviyyəsi ÜDM-in 10%-i çərçivəsində olacaq ki, bu da dünyada indi müşahidə edilən iqtisadi durum üçün yaxşı göstəricidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında ölkənin birbaşa və zəmanət verilən xarici borcu 2,3% artaraq, 1 iyul tarixinə $3 mlrd 71,7 mln.-a çatıb. Qurumun qiymətləndirməsinə görə, 2010-cu ildə Azərbaycanın xarici borcu 9% təşkil edəcək. 

K.Qvenetadzenin fikrincə, bütövlükdə, Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadi artımı təmin etmək üçün regional əməkdaşlığı inkişaf etdirməli, iqtisadiyyatda davamlı struktur islahatlarının keçirilməsinə çalışmalı, həmçinin, biznes mühiti yaxşılaşdırılmalıdır. 

Bundan başqa, böhrandan sonrakı dövrdə iqtisadi durumun sabitləşdirilməsi üçün daha çevik məzənnə siyasəti yürüdülməlidir. "BVF-nin Azərbaycana əsas tövsiyəsi böhrandan sonrakı dönəmdə çevik valyuta məzənnəsi siyasəti ilə bağlıdır. Biz düşünürük ki, bu cür siyasət iqtisadiyyatın xarici şoklara daha hazır olmasına və iqtisadi prosesləri absorbasiya etməsinə imkan verəcək", - deyə K.Qvenetadze vurğulayıb. Beləliklə, Azərbaycan Milli Bankı (AMB) bir müddət sonra valyutaların məzənnəsinin müəyyən edilməsində birvalyuta səbətinə qayıda bilər, böhran dönəmində AMB bu siyasətdən imtina etmişdi. 

Həmçinin, qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan çəkişmələr və narazılıqlar olmasına baxmayaraq, Azərbaycanla fəal əməkdaşlıq dönəmində BVF dəfələrlə və açıq şəkildə ölkə rəhbərliyinin iqtisadi siyasətinin doğruluğunu etiraf etmişdi. Amma bununla yanaşı, qurum tövsiyə və məsləhətlərdən imtina etmək fikrində deyil. Məsləhətlər, əsasən, neft və qazdan gələn gəlirlərin daha səmərəli istifadəsi ilə bağlı olacaq. "Azərbaycan dünya iqtisadi böhranından zəif dərəcədə zərər çəkib. Ancaq bununla yanaşı, BVF 2010-cu ilə qədər iqtisadiyyatın fiksal stimullaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edir", - deyə K.Qvenetadze vurğulayıb, sonra isə tez əlavə edib: "Amma bu barədə qərarı ölkə hökuməti verməlidir". Yəni gələcəkdə də iki qurum arasında münasibətlərin davranış tərzi bü şəkildə olacaq.


MƏSLƏHƏT GÖR:

554