5 Dekabr 2025

Cümə, 22:27

DANIŞIQLAR BİTDİ, PROBLEMLƏRSƏ QALIR

Cenevrədəki "böyük diplomatiya"nin nəticəsi, ən azı, birmənalı olmadı

Müəllif:

15.10.2009

Ekspertlər əmindirlər ki, dünya KİV hələ xeyli müddət İran probleminə dair Cenevrədə keçirilmiş danışıqların nəticələrini analiz edəcək. Əldə olunmuş razılaşmaya əsasən, Tehran ona məxsus uranın zənginləşdirilməsinin Rusiyada davam etdirilməsinə, əldə edilmiş nüvə yanacağının isə Fransada işlənməsinə icazə verib. Bundan başqa, iranlılar Qum şəhərində inşa olunduğunu etiraf etdikləri ikinci nüvə zavoduna BMT müfəttişlərinin baş çəkməsinə də razılaşıblar .

Ekspertlərin əksəriyyəti bunu ciddi irəliləyiş adlandırır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana ümid edir ki, son danışıqlar yeni intensiv əməkdaşlıq prosesinə stimul olub. Növbəti görüşdə tərəflər İranın nüvə probleminin həlli və iştirakçıları maraqlandıran "istənilən qlobal problem"i nəzərdən keçirəcəklər.

Solana xüsusi olaraq vurğulayıb ki, danışıqların hazırkı raundunun uğurlu alınması, daha çox, dialoq ərzində ilk dəfə olaraq, ABŞ-ın prosesə tam cəlb edilməsi üzündən baş verib. Məsələ ondadır ki, altıtərəfli danışıqlar çərçivəsində ABŞ dövlət katibinin müavini Uilyam Börnslə İran nümayəndəsi Səid Cəlili arasında da görüş keçirilib. Bu, diplomatik münasibətləri 30 il əvvəl kəsmiş Vaşinqtonla Tehran arasında ilk diplomatik əlaqədir. Amerika KİV artıq bu faktı ikitərəfli münasibətlərin inkişafı baxımından "əlamətdar" hadisə adlandırıb.

İran nümayəndə heyətinin rəhbəri Səid Cəlali danışıqlar zamanı bildirib ki, Tehran nüvə proqramının inkişafından imtina etməyi düşünmür. Bununla yanaşı o, İranın iqtisadi və siyasi əməkdaşlıq məsələsini müzakirə etməyə, həmçinin, dünya təhlükəsizliyi, xüsusilə nüvə tərk-silahı məsələlərinin müzakirəsinə açıq olduğunu söyləyib. Tehran "altılıq" üzvlərinin sammit səviyyəsində dialoq aparması təklifi ilə də çıxış edib.

Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəsmisi, qurumun baş katibi Məhəmməd əl-Baradeyinin İrana səfər etmək niyyətində olması haqda məlumatı təsdiqləyib.

Britaniyanın "The Guardian" qəzetinin fikrincə, Cenevrə danışıqları zamanı əldə edilmiş razılaşmaları son 3 ildə bu sahədə ən ciddi uğur saymaq olar. Qəzet bildirir ki, bu nailiyyətlər, ən azı, bir müddətlik də olsa, "nüvə böhranı"nın aradan qalxacağına ümid yaradır.

Əlbəttə, Tehranın mövqeyini bu dərəcədə dəyişməsinin səbəbləri haqda müxtəlif versiyalar irəli sürmək mümkündür. Ola bilsin, bu işdə Rusiya prezidenti Dmitri Medvedevin "bəzən sanksiyalarsız keçinmək mümkün olmur" bəyanatı ciddi rol oynayıb. Bir çox ekspertlərin fikrincə, İran Kreml rəhbərinin bu bəyanatını Moskvanın öz mövqeyinə yenidən baxmağa və Tehrana qarşı daha sərt mövqe tutmağa hazır olması kimi qiymətləndirib. 

Bununla yanaşı, danışıqlar Vaşinqtonun Şərqi Avropada Hava Hücumundan Müdafiə (HHM) sisteminin yerləşdirilməsi planından "İcis" dəniz bazasının xeyrinə imtinasından sonra baş tutduğu da bəllidir. Əksər müşahidəçilər Ağ evlə Kreml arasında guya Vaşinqtonun Şərqi Avropada HHM sistemindən imtinası müqabilində, Rusiyanın da  İran probleminə dair mövqeyini dəyişəcəyinə dair "razılaşma"nın olduğunu hələ də israr edir. Baxmayaraq ki həm Moskva, həm də Vaşinqton bunu dəfələrlə təkzib edib.

Bununla yanaşı, bəzi analitiklər başqa məqama da diqqət çəkirlər. Onlar İran epopeyasında belə "irəliləyişlər"in artıq çox yaşandığını, lakin sonda heç bir nəticənin əldə edilmədiyini xatırladırlar. Belə fikirdə olan müşahidəçilər hesab edir ki, bu dəfə də İranın müfəttişlərin üzünə açacağı zavodun tamamilə "boş" çıxması mümkündür.

"İranın Qum şəhərində tikilən uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş ikinci zavodda nüvə istehsalı ilə əlaqədar heç bir qurğu yoxdur", - deyə İranın xarici işlər naziri Mənuçöhr Möttəki BMT-də keçirilən mətbuat konfransında bildirib. Bunu, bir növ, "ağızdan söz qaçırmaq" da adlandırmaq  olar. "Orada sentrifuqalar və ya digər avadanlıqlar yoxdur. Orada nüvə istehsalı ilə bağlı heç bir avadanlıq quraşdırılmayıb və həmin zavodda hazırda, ümumiyyətlə, heç nə yoxdur", - deyə Möttəki qeyd edib.

ABŞ prezidenti Barak Obamanın da Cenevrə danışıqlarında İranla əldə edilmiş prinsipial razılaşmaları irəliyə addım kimi qiymətləndirməsinə baxmayaraq, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Con Bolton bu müzakirələrin nəticəsini İranın növbəti qələbəsi hesab edir. O, bu fikri "The Wall Street Journal" qəzetinə açıqlamasında səsləndirib. "Diplomatiya dilində "prinsipial razılaşma" ifadəsi ən etibarsız ifadədir", - deyə Bolton bildirib.

Onu da qeyd edək ki, İranın Londondakı səfiri Cenevrə görüşünün sonunda "Az zənginləşdirilmiş uran Rusiyaya aparılacaqmı?" sualına "Yox, yox! Bu hələ müzakirə edilməyib" cavabını verib. 

Bundan başqa, İran Rusiyanın uranın zənginləşdirilməsini həyata keçirəcək müəssisəsinə öz "müşahidəçilər"ini də göndərəcək və onların həmin müəssisədə yeni texnologiya əldə edib-etməyəcəkləri bəlli deyil. Nəhayət, yeni razılaşma, bundan sonra Rusiyada tam zənginləşdirilməsi nəzərdə tutulan İranın az zənginləşdirilmiş uranını legitimləşdirir.

Boltonun fikrincə, İranda son illər ərzində istehsal olunmuş az zənginləşdirilmiş uranın həcmi öz-özlüyündə artıq 1696 saylı qətnamənin pozulmasıdır. O hesab edir ki, Tehranın "etibarı" nəzərə alınarsa, onun bu maddənin həcmi haqda açıqladığı rəsmi rəqəmlərin reallığı əks etdirib-etdirmədiyi də məlum deyil. Nəticədə, Obama qeyri-legitim yolla zənginləşdirilmiş urandan istifadəni dəstəkləməklə, Tehranın "beynəlxalq öhdəliklər"ə əməl etməli olmasına dair səsləndirdiyi bəyanatlarının əksinə gedir.

Bundan başqa, Bolton xatırladır ki, ABŞ prezidenti beynəlxalq müşahidəçilərin iki həftə ərzində Qum şəhəri yaxınlığındakı zavoda buraxılmayacaqlarını bəyan edib. Lakin bir qədər sonra Ağ evin mətbuat katibi bu məsələdə konkret tarixin hələ ki bəlli olmadığını söyləyib. "Vaşinqton yenidən İranla danışıqların xaosu ilə yüklənib və bu, Tehrana nüvə proqramını inkişaf etdirmək üçün dəyərli vaxt qazandırır. Cenevrə görüşündən əvvəl, biz İranın nüvə təhlükəsini aradan qaldırmağa daha yaxın idik", - deyə təcrübəli diplomat bildirib.

Avropa ilə ABŞ İran uranının  zənginləşdiriləcəyi Rusiyaya da inanmırlar. Rusiyada artıq İran uranının zənginləşdirilməsindən əldə ediləcək qazancın hesablanmağa başlanıldığı bir vaxtda, "The Times" qəzeti yeni Rusiya-İran qalmaqalının əsasını qoyub. Qəzetin yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu bu ilin sentyabrında Moskvaya etdiyi gizli səfər zamanı Kremlə Təl-Əvivin versiyasına görə, İrana nüvə başlıqlarının istehsalında köməklik göstərən rusiyalı mütəxəssislərin siyahısını təqdim edib. "Eşitdiyimizə görə, Netanyahu Moskvaya rusların İrana nüvə silahı əldə etməyə köməklik göstərdiyini sübut edən konkret faktlarla gəlib", - deyə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə qəzetə açıqlamasında bildirib: "Məhz bu səbəbdən, səfər gizli saxlanılıb. Burada əsas məqsəd Moskvanı pis vəziyyətdə qoymaq yox, onu konkret addımlara vadar etməkdir".

ABŞ və Böyük Britaniya rəsmiləri isə  bildirirlər ki, Rusiya mütəxəssisləri artıq İranın nüvə proqramında iştirak etmirlər. 

Yeri gəlmişkən, təxminən, bir il əvvəl MAQATE Rusiya hökumətinin razılığı olmadan rus mütəxəssislərinin sözügedən sahədə çalışmalarından narahatlığını ifadə etmişdi. "İsrail təmsilçiləri isə iddia edirlər ki, rus mütəxəssisləri İranda yalnız rəsmi icazə ilə işləyə bilərlər", - deyə "The Times" yazır. 

Bunun fonunda Tehranın uranın zənginləşdirilməsi prosesinin Rusiyada davam etdirilməsinə razılaşması, tamamilə fərqli təsir bağışlayır.

İstənilən halda, hazırda bir qrup analitik Cenevrə görüşündə əldə olunmuş "inkişaf"dan həvəslə danışdığı halda, digərləri yenə də hadisələrin "güc tətbiqi" ilə nəticələnəcəyini proqnozlaşdırırlar. "İndi İranla müharibə qaçılmazdır", - deyə "The Washington Times" qəzetinin şərhçisi, Edmund Berk İnstitutunun prezidenti Jeffri T.Kuxner yazır: "Məsələ, sadəcə, bunun gec və ya tez başlayacağındadır. Tehranın bir müddət əvvəl keçirdiyi raket sınaqları və hərbi oyunları belə düşünməyə əsas verir ki, artıq molla rejimi də bu həqiqəti anlayıb".

Məqalə müəllifi hesab edir ki, indi İranın ortamənzilli "Şahab-3" və "Sacil" raketləri, İsrail də daxil olmaqla, bütünlükdə Yaxın Şərqi, həmçinin, Avropanın bəzi hissələrini vurmaq iqtidarındadır. Tehran tədricən özünün regional təsir imkanlarını artırır və bunu İraq müqavimətçilərinə, HƏMAS və "Hizbullah" kimi qruplaşmalara dəstək verməklə, Suriyanı özünün "siyasi vassal"ına çevirməklə, həmçinin, Uqo Çaveslə ittifaq yaratmaq, Rusiyadan HHM kompleksləri almaqla edir.

Bu arada, Cenevrə görüşlərindən az müddət sonra Varşava Vaşinqtondan HHM sahəsində yeni təklif alıb. Bunu Vaşinqtondan səfərdən dönən Polşanın müdafiə naziri Stanislav Komorovski bəyan edib. Onun sözlərinə görə, Polşada əvvəl planlaşdırılan 10 ədəd "zərərsizləşdirici" raketin yerləşdirilməsi əvəzinə, indi Varşavadan bu ölkə ərazisində " arxa təminat"  bazası və SM-3 raketlərinin komanda məntəqələrinin yaradılması üçün ərazi ayrılması istənilir. İki həftədən sonra keçiriləcək Polşa - ABŞ danışıqlarında isə Varşavaya əvvəllər Amerika tərəfinin nəzərdə tutduğu kimi, təlim xarakterli yox, hazır başlıqlı "Patriot HHM" raketlərinin verilməsi məsələsi müzakirə olunacaq.

Bir çox ekspertlərin fikrincə, ABŞ-ın Polşada "Patriot" raketləri yerləşdirmək haqda qərar verməsinə İran ətrafındakı son hadisələr səbəb ola bilər. Söhbət xüsusilə, Tehranın Şərqi Avropanı vura biləcək raketlərini sınaqdan keçirməsindən gedir.



MƏSLƏHƏT GÖR:

665