13 Mart 2025

Cümə axşamı, 02:40

MƏSƏLƏ PRİNSİPDƏDİR

İsrailin Azərbaycandakı səfiri Ermənistanı beynəlxalq ictimaiyyətin tələblərinə əməl etməyə və Azərbaycan torpaqlarını boşaltmağa çağırdı

Müəllif:

15.10.2009

Mixael Lavon Lotem İsrailin Azərbaycandakı səfiri vəzifəsinə yenicə təyin olunub. Lakin burada qısa müddət olmasına baxmayaraq, artıq səfirdə ölkəmiz barəsində xoş təəssüratlar yaranıb.  Doğrudur, yeni təyinata hazırlaşarkən diplomatlar artıq həmin ölkə barəsində müəyyən məlumatlara malik olurlar. Bununla belə səfir Bakıya gələndən sonra belə bir ölkəni gördüyündən çox məmnun olduğunu bildirir. "Həm şəhərin özü, həm də şəhərdən kənarda olduğum yerlər məndə çox gözəl təəssürat oyatdı", - deyən Mixael Lavon Lotem bizi öz iş otağının kandarında qarşıladı və eyni zamanda etiraf etdi ki, Azərbaycanın da yerləşdiyi belə bir mürəkkəb bölgədə işləmək onun üçün o qədər asan olmayacaq. "Bir şeyə əminəm ki, darıxdırıcı keməyəcək", - deyən səfir suallarımızı cavablandırmağa hazır olduğuna işarə etdi. Və biz bu fürsətdən məmnuniyyətlə istifadə etdik...

- Cənab səfir, icazə verin, vaxt itirmədən Azərbaycan- İsrail münasibətlərinə keçək. Yəqin ki, bu sualı Siz çox eşitmisiniz, amma yenə də - ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Əlbəttə, mən ikitərəfli münasibətlərin səviyyəsindən razıyam. Xüsusən də nəzərə alsaq ki, siz çox mürəkkəb bir qonşuluqda yerləşirsiniz; bu baxımdan, təbii ki,  Azərbaycan-İsrail münasibətlərindən biz çox razıyıq. Bu səbəbdən  prezident Şimon Peresin Azərbaycana səfəri çox böyük önəm daşıyır; çünki İsrail prezidenti və ya baş nazirinin  səfər etdiyi ölkələrin siyahısı elə də geniş deyil. Azərbaycan məhz belə nadir ölkələrdəndir. Və prezidentin bu səfərdən sonrakı təəssüratları ikitərəfli münasibətlər üçün yaxşı mənada bir mesaj oldu. 

Bəzən belə yüksək səviyyəli səfərlər heç də asan başa gəlmir. Müxtəlif maraqlar güdən qruplar və müxtəlif dövlətlər var ki, onlar prezidentin məhz onların ölkəsinə, onların regionuna səfər etməsini çox istəyirlər. Bu baxımdan həm İsraildə olan ekspertlərin, prezidentin ətrafındakı insanların, həm də prezidentin özünün Azərbaycanı seçməsi böyük mətləblərdən xəbər verir. 

- Dediniz ki, Azərbaycan çətin bölgədə yerləşir. Buna baxmayaraq məlumdur ki, rəsmi Bakı kifayət qədər balanslaşdırılmış xarici siyasət yürütməyə müvəffəq olur.  Bəs İsrail dövləti bu siyasəti necə qiymətləndirir? Münasibətlərimizin daha da yaxşılaşdırılması üçün Azərbaycandan hansısa gözləntiləriniz varmı?

- Mən sualın ikinci hissəsindən başlayardım. Sizin yerləşdiyiniz regionun və vəziyyətin həssaslığını nəzərə alsaq deyə bilərəm ki, bununla belə biz sizin liderlərlə çox azad, çox rahat şəkildə təmaslar qururuq və onların addımları da çox sərbəstdir. 

O ki qaldı bizim gözləntilərə, sadəcə, onu demək istərdim ki, öz tərəfimizdən Azərbaycanın bizim apardığımız bütün dialoqlara yardımını və istənilən formada dəstəyini alqışlayardıq. Bu, istənilən mövzuda ola bilər. İstər bizim fələstinlilərlə dialoqumuza, istər regiondakı başqa qonşularımızla münasibətlərə Azərbaycanın hər hansı bir dəstəyini böyük məmnuniyyətlə alqışlayardıq.

Əlbəttə, bu regionla bağlı bir çox həssas məsələlər var. Mən belə bir misal gətirmək istərdim. Cəmi bir həftə əvvəl (səfirlə müsahibə sentyabrın 30-da baş tutub - red.) BMT-nin üzvü olan bir ölkənin prezidenti BMT kürsüsünə qalxıb, demək olar ki, bütün dünyanın həssas yanaşdığı və qəbul etdiyi Holokosta qarşı çıxış etdi və Holokost kimi bir faktı tanımadı. Mən istəməzdim onun haqqında nəsə söyləyim. Amma deyərdim, bu cür siyasət, təbii ki, qəbulolunmazdır. BMT-nin üzvü olan hər hansı bir ölkənin insanlığa qarşı törədilmiş bu cür faciəni rədd etməsi, təbii ki, bizim üçün anlaşılmaz və qəbulolunmazdır.

- İran mövzusuna biz toxunacağıq, cənab səfir. İcazənizlə istərdim ki, Azərbaycan-İsrail münasibətləri ilə bağlı söhbətimizi davam etdirək. Burada fəaliyyətə başlayanda Siz demişdiniz ki, əsas diqqəti iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəldəcəksiniz. Bu gün iki ölkə arasındakı  potensialdan nə dərəcədə yararlanırıq və hansı sahədə istifadə olunmamış imkanlar var?

- Mən qısa müddətdir Azərbaycandayam. Amma Azərbaycanın iqtisadi potensialı və iqtisadi münasibətləri barədə müəyyən məlumatlarım var. Bu az  müddətdə mənə aydın oldu ki, Azərbaycana həqiqətən də çox böyük sərmayələr cəlb olunub və bu çox əhəmiyyətli məsələdir. Bununla belə deyərdim ki, ərzaq istehsalı sahəsinin genişləndirilməsi ən aktual məsələlərdən biridir. Bu məsələ təkcə Azərbaycanda yox, bir çox ölkələrdə, o cümlədən, İsrailin özündə də aktualdır. Və İsrail prezidenti Azərbaycanda olanda iki prezident bu məsələni müzakirə edib. 

Mən istərdim, İsraildən olan biznesmenlər buraya gəlsinlər və yerli iş adamları ilə müəyyən işbirliyi qursunlar. Bu, istər ət istehsalı, istərsə də südçülük və ya kənd təsərrüfatının müxtəlif sahələri ola bilər. Hesab edirəm, bu sahə hər iki tərəf üçün çox böyük maraq və önəm kəsb edir. 

Əlbəttə, unutmaq lazım deyil ki, İsrail iqtisadiyyatının 70 faizini yüksək texnologiyalar tutur. Bu baxımdan, istər kommunikasiya, istər inteqrasiyalı kompüter sistemləri, elektron hökumət sistemi olsun - bu sahələrdə birgə işləmək üçün Azərbaycanda çox böyük imkanlar var. Artıq İsrailin "Ness" şirkəti burada fəaliyyət göstərir. Hesab edirəm, İsraildən Azərbaycana daha çox sayda iş adamları və şirkətləri cəlb etmək olar. 

İsrail texnologiyaları barədə kiçik bir misal çəkim. Bizdə yol hərəkətinin tənzimlənməsində belə bir kompüterləşdirilmiş sistem var. Həmin sistem fotokameralar vasitəsilə yollarda sürət həddinin aşılması faktlarını qeydə alır və mərkəzə ötürür. Mərkəzdən isə bu məlumat cərimə ilə birlikdə qaydanı pozan sürücünün evdəki kompüterinə göndərilir. Bu, vətəndaşın həm vaxtına, həm də puluna qənaət etməyə imkan verir.

Oxşar sistem səhiyyə sahəsində də tətbiq olunur. Bilirik ki, adətən, xəstənin taleyi bir həkimin təyinatından asılı olur. İsrail texnologiyasına görə isə, tibbi müayinənin nəticələri on-layn sistemi vasitəsilə özünüz seçdiyiniz bir neçə həkimə göndərilir. Bu, eyni vaxtda bir neçə mütəxəssisin fikrini öyrənməklə daha dəqiq müalicənin təyin olunmasına imkan verir.

- Məlum olduğu kimi, bizim ticarət mübadiləmizdə əsas yeri neft və neft məhsulları tutur. Ticarət dövriyyəsində digər sahələrin payını artırmaq üçün hansısa konkret planlarınız varmı? Məsələn, hansısa biznes-forumların keçirilməsi və sair bu kimi tədbirlər nəzərdə tutulurmu?

- Sizin dediyiniz o planlarla bağlı mən tamamilə fərqli bir metodun tərəfdarıyam. Bizdə - İsraildə belə bir deyim var: "Dost dost gətirər". Əlbəttə, mən formal hesabat xatirinə müxtəlif seminarlar və biznes-forumlar təşkil edə bilərəm. Amma biz hesab edirik, bu o qədər də səmərəli olmazdı. Məsələn, 50-dən çox şirkət gətirərik buraya, onlar sadəcə gəlib iştirak edər, hərə öz fikrini söyləyib çıxıb gedər. Bizim üçünsə daha müvafiq olar ki, spesifik sahələrdən olan insanları bura gətirək, yaxud da buradan İsrailə aparaq, onları birbaşa maraqlı olduqları sahə ilə yaxından tanış edək və onlar arasında əlaqə quraq. Bu, iki-üç şirkətdən, iş adamından da ibarət ola bilər. Onlar arasında müəyyən bir təmas qurmaq, layihə həyata keçirmək, zavod açmaq, avadanlıqlar gətirmək olar. Təbii ki, bu cür insanlar nə qədər uğurlu iş qurarlarsa, onlar İsraildə olan digər iş adamlarına bu regionun daha stabil, daha səmərəli və buradakı  biznesin daha məhsuldar olduğunu çatdırarlar və beləcə də irəliyə doğru addımlamaq olar. 

- Bütün bunları etmək üçün, sözsüz ki, münasib biznes mühiti olmalıdır.  Azərbaycandakı investisiya mühiti barədə nə deyə bilərsiniz? 

- Azərbaycan biznes üçün çox əla ölkədir. Sizin ölkəniz biznes üçün çox yaxşı mühitə malikdir, burada çox böyük pullar və iş qurmaq üçün müvafiq insanlar var və onlar biznes qurmağın müxtəlif tərəflərinə çox yaxşı bələddirlər. İsraildə də bir çox adamlar var ki, onlar bu cür insanlarla iş görmək üçün addım atarlar. 

- Qayıdaq bölgədəki vəziyyətə. Siz dediniz ki, Azərbaycan çox həssas bir bölgədə yerləşir. Vəziyyətə həssaslıq gətirən amillərdən biri də Qarabağ münaqişəsidir. Sizcə, bu münaqişənin indiyədək həllini tapmamasının səbəbi nədir? Beynəlxalq ictimaiyyət daha hansı səyləri göstərə bilər ki, bu münaqişə həllini tapsın? 

- Əlbəttə, mən də münaqişə yaşayan bir ölkədən gəlmişəm. Bu iki münaqişənin arasında oxşarlıqlar da var, fərqlər də. Bizim ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi və bunun da çox əhəmiyyətli mənası var. Bizim münaqişədə, məsələn, beynəlxalq ictimaiyyət İsrail qarşısında konkret tələb qoyub ki, İsrail 1967-ci ildə ona qarşı hücumdan sonra tutduğu torpaqlardan tamamilə çıxsın. Əgər İsraildən bu tələb olunursa və bu bir prinsipdirsə, deməli, bu prinsiplər prinsip kimi də qəbul olunmalıdır. 

Prinsiplər öz yerində, amma münaqişənin həlli üçün istər-istəməz hər iki tərəfdə bir iradə də olmalıdır ki, onlar əyləşsinlər masa arxasında və münaqişəni həll etsinlər. Mən hesab edirəm, bu çox vacibdir. 

- Yeri gəlmişkən, eyni sualı İsrail-Fələstin münaqişəsi ilə bağlı da verərdim. Bu gün beynəlxalq aləmin bu münaqişəyə yanaşması, onun həlli üçün göstərdiyi səylər İsraili qane edirmi? 

- Əlbəttə, beynəlxalq ictimaiyyətin münasibəti çox əhəmiyyətlidir. Çünki onların münasibəti istənilən münaqişənin həllində şərtləri yaradan mühitdir. Amma bu məsələdə qarşı tərəfin mövqeyi də çox vacibdir. Bu məsələ haqda  danışdıqda biz fələstinlilərin də nə istədiyini düşünməliyik. Biz uzun illər, xüsusən də 2000-ci illərdə beynəlxalq ictimaiyyətin çox böyük səylərini gördük. Onlar həm diplomatik, həm də maliyyə cəhdləri göstərdilər, masaya müəyyən  bir miqdarda maliyyə qoydular, iki tərəfi razılığa gətirsinlər. Lakin Fələstinin ovaxtkı lideri Yasir Ərəfat razılığa gəlmək istəmədi. Obrazlı desək, masada olan tortun 96 faizini ona təqdim etdilər, o isə 100 faizinə sahib olmaq istədi. Lakin mən Yaxın Şərq bazarını yaxşı tanıyan bir insan kimi sizə deyirəm ki, Yaxın Şərqdə belə bir ənənə var - əgər sən həmin o tortun 50 faizinə sahib durursansa, bu artıq çox yaxşı bir nəticədir. Lakin təəssüflər olsun, Fələstinin ozamankı liderləri 96 faizlə də qane olmadılar. 

Əlbəttə, beynəlxalq ictimaiyyətin cəhdləri ilə bağlı çox yaxşı nümunələr var - bayaq sadaladığım həm diplomatik cəhdlər, həm külli miqdarda maliyyə vəsaitlərinin cəlb olunması, lakin gördüyünüz kimi, bəzi hallarda bu cəhdlər də kifayət etmir.

- O zaman baş verənlər aydındır. Bəs bugünkü administrasiyanın tutduğu mövqe necə, masa arxasında oturub məsələni həll etməyə imkan verirmi?

- Fələstinin hazırkı administrasiyası barədə danışdıqda, ilk növbədə, nəzərə almaq lazımdır ki, bugünkü administrasiya bütövlükdə Fələstin xalqını idarə edən, ona tam nəzarət imkanları olan bir administrasiya deyil. Onların əlində yalnız Fələstinin bir hissəsidir. Təbii ki, elə bir lider olmalıdır ki, o, qərar vermək səlahiyyətində olsun, onda böyük bir istək olsun ki, mən öz xalqıma xoş gələcək istəyirəm, mən bu məsələni həll etmək arzusundayam və masa arxasında oturub öz şərtlərimi İsrail tərəfi qarşısında irəli sürmək, eləcə də qarşılığını görmək niyyətindəyəm. Yəni Fələstin tərəfindən qərarlı və istəkli bir lider olmalıdır ki, həm də öz xalqına tamamilə nəzarət edən bir lider olsun. 

Məsələn, İkinci Dünya müharibəsindən sonra 6 milyon yəhudi qırılmışdı. Bir tərəfdən yəhudilər arasında qurban psixologiyası hökm sürürdü, digər tərəfdən, onlar ərəblərin hücumlarına məruz qalırdılar. O zaman David Ben-Qurion qərara aldı ki, o, kompromisə getməyə və İsrail xalqının əlində olan torpaqlarda İsrail dövlətini qurmağa hazırdır. O zaman, hətta Yerusəlim də İsrailin deyildi, təsəvvür edirsinizmi, yəhudilər Yerusəlimsiz nə deməkdir?

Lakin David Ben-Qurion buna da razı idi. Bu gün fələstinlilərə də məhz belə bir lider lazımdır ki, o, idarə olunan yox, idarə edən bir insan olsun.

- Bəs İran məsələsində necə? Bildiyiniz kimi, bu yaxınlarda Tehran ikinci nüvə obyektini açdı və ardınca raket sınaqları keçirdi. Sizcə, əgər diplomatik və iqtisadi təzyiqlər, sanksiyalar nəticə verməsə, nə baş verə bilər? Bütün dünyanın ehtiyat etdiyi İsrail-İran hərbi münaqişəsi başlaya bilərmi?

- Demək istərdim, İranla bağlı problemə İsrailin problemi kimi yanaşmaq böyük səhv olardı. Əlbəttə, İran məsələsi İsrail üçün də bir problemdir, amma bu, ilk növbədə həm region, həm də beynəlxalq ictimaiyyət üçün çox böyük bir təhlükə və başağrısıdır. İranın nüvə silahına sahib olmaq istəyi, terrora dəstək təkcə İsrailin problemi deyil. Əlbəttə, siz bu gün gedib İran mollalarından soruşsanız, onlar deyəcəklər ki, İsrail bizim üçün çox kiçik bir ölkədir. Mən onu demək istəyirəm ki, bu, dünya ictimaiyyəti üçün çox təhlükəli bir məsələdir, başağrısıdır. Hətta bir sıra ərəb ölkələri var ki, nüvə silahına malik İran onlar üçün də dəhşətli bir yuxudur.

Və mən hesab edirəm, beynəlxalq ictimaiyyət buna çox sərt bir reaksiya verməlidir, bununla ciddi məşğul olmalıdır, necə ki məşğul olurlar. İstər Rusiya olsun, istər dünyanın bir çox dövlətləri və ABŞ da bu məsələni çox ciddi qəbul edirlər; çünki onlar yaxşı başa düşürlər ki, nələr baş verir. Siz özünüz son dövrlərdə şahidi oldunuz ki, Əhmədinejatın BMT Baş Assambleyasındakı çıxışı, ondan sonra İranda yeni nüvə obyektinin açılışı və ardınca da raketlərin sınaqdan keçirilməsi açıq-aşkar mesajlardır. Bəzən insanlar şüarları axtarmaqla məşğul olur, halbuki həmin o səslənən şüarları biz bu yaxınlarda açıq-aydın gördük. 

- Və sonda, kiçik bir dəqiqləşmə aparmaq istərdim.  Qarabağla bağlı sualıma cavabınızda Siz İsraili nümunə gətirdiniz və bildirdiniz ki, beynəlxalq ictimaiyyət İsraildən 1967-ci ildə məcbur olub tutduğu Fələstin torpaqlarının azad edilməsini tələb edir və Siz bunu bir prinsip kimi qəbul edirsiniz. Eyni cavabı Qarabağa da aid etmək olarmı? Axı elə həmin BMT-nin bir neçə qətnaməsində Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması tələb olunur...

- (Diplomat gülümsəyir) Siz bunu məndən yaxşı dediniz. 

- Çox sağ olun, cənab səfir. Bizə vaxt ayırdığınız üçün minnətdarlığımı bildirirəm. 


MƏSLƏHƏT GÖR:

545