
PARALELLƏR KƏSİŞMƏLİDİR
Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesləri sinxronlaşdırılmalıdır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyovda, ABŞ səfirinin iqamətgahında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında görüş baş tutdu. Bu, iki ölkənin hazırkı liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən sayca yeddinci görüş idi. Əvvəlki danışıqlarda olduğu kimi, bu dəfə də görüşdə də hər iki ölkənin xaric işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ), həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də ştirak edirdi.
Bir qədər sonra onlar prezidentləri tet-a-tet qoyublar və dövlət başçıları arasında təkbətək danışıqlar raundu keçirilib. Maraqlıdır, əvvəlcədən bu danışıqların, təxminən, 2,5 saat davam edəcəyi nəzərdə tutulsa da, təkbətək görüş 3 saatdan çox çəkib.
Bundan sonra hər iki XİN başçısı, Minsk qrupunun həmsədrləri və A.Kaspirşik yenidən onlara qoşulublar.
MDB sammiti çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri arasında daha bir görüş də keçirilib və bu dəfə onlar Rusiyanın dövlət başçısı Dmitri Medvedevin iştirakı ilə bir araya gəliblər.
Gözlənildiyi kimi, bu görüşlərin yekunu olaraq, heç bir sənəd imzalanmayıb. Tərəflər arasında aparılmış danışıqların məğzi haqda məlumatı isə KİV-ə Minsk qrupunun həmsədrləri veriblər.
Rusiya təmsilçisi Yuri Merzlyakov deyib: "Əsas prinsipləri təkrarlamaq istəmirəm: onlardan altısı sizə məlumdur. Bu prinsiplərin ümumi sayı isə təxminən 15-dir". Merzlyakov Madrid prinsiplərində yer almış 3 prinsipin Helsinki aktından götürüldüyünü isə bir daha xatırladıb. Bunlar güc tətbiq etməmə, xalqların öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü prinsipləridir.
Amerikalı vasitəçi Robert Bradke isə görüşü belə şərh edib: "Pozitiv dinamika davam edir. Müzakirələr ciddi və konstruktiv keçib. Bu mənim iştirak etdiyim ilk danışıqlar idi və prezidentlərin yanaşmaları, işləməyə hazır olmaları çox yaxşı təsir bağışladı".
Bradkenin sözlərinə görə, prezidentlər vasitəçiləri dinləyiblər və onların təklif etdiyi müddəaları dəqiqliklə öyrəniblər; öz təklif və iradlarını bildiriblər və onlara əsasən, müzakirə edilən sənədə müvafiq dəyişikliklər olunacaq.
Jurnalistlərlə söhbətdə hər üç həmsədr bildirib ki, prezidentlər yaxın gələcəkdə növbəti dəfə görüşməyə hazır olduqlarını söyləyiblər.
Tərəflər dialoqu davam etdirmək niyyətlərini ortaya qoysalar da, Ermənistan və Azərbaycan prezidentlərinin Praqa, Sankt-Peterburq və Moskvada keçirilmiş əvvəlki görüşləri kimi, Kişinyov danışıqları da praktiki nəticə verməyib. Kişinyovda Sarkisyanla Əliyev arasında danışıqların aparıldığı bir vaxtda, Ermənistan silahlı birləşmələrinin işğal altındakı Ağdam rayonu ərazisində tanklardan, yaylım atəşi qurğuları və artilleriyadan istifadə ilə hərbi təlimlər keçirməsi də təsadüfi deyildi. Bizi tez-tez silahları cingildətməkdə və hərbi ritorikada günahlandıran xarici mətbuat, diplomatlar və Minsk qrupunun həmsədrləri, ermənilərin bu həyasız hərbi addımını, nədənsə, "görmədilər".
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların yerində saydığı ortadadır və prezident İlham Əliyev çətinləşən situasiyanı geniş ictimaiyyətə çatdırmaq üçün Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə dövlət başçısı bildirib: "Danışıqlarda pozitiv dinamika var. Son 5-6 ildə çox vacib məqamlar razılaşdırılıb. İlk növbədə, erməni qüvvələri Dağlıq Qarabağ ətrafındakı işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır".
Daha sonra İ.Əliyev Azərbaycanın prinsipial mövqeyini bir daha açıqlayıb: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməli, Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar gələcəkdə yüksək muxtariyyət şəraitində yaşamalıdırlar. Bu, dünyada mövcud olan ən pozitiv təcrübədir. Bu çox demokratik yanaşmadır və problem yalnız bu yolla həll oluna bilər".
İlham Əliyev açıq şəkildə bildirib ki, Kişinyov görüşü nəticəsiz qalıb və bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Güman etmək olar ki, Serj Sarkisyanın bu addımı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində atılmış addımlarla bağlıdır. Erməni cəmiyyətində və diaspor dairələrində bu hadisəyə reaksiya heç də birmənalı deyil. Düşünürəm ki, müxalifət tərəfindən qeyri-legitim elan olunmuş, indi isə hakim koalisiyanı tərk etmiş daşnaklar tərəfindən sərt tənqid olunan Serj Sarkisyan üçün həm Ermənistan-Türkiyə münasibətlərində, həm də Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmasını nəzərdə tutan konstruktivliyə getmək çox çətindir. Əgər Qarabağ danışıqlarında irəliləyişin olmaması, Ermənistan prezidentinin Türkiyə ilə münasibətlərin normallaşdırılması naminə götürdüyü məcburi pauza ilə bağlıdırsa, onda bunu başa düşmək olar. Amma əgər ermənilər və onların himayədarları Yerevan-Ankara münasibətlərinin normallaşmasından sonra Türkiyəni Azərbaycandan uzaqlaşdırmağı və Dağlıq Qarabağ münaqişəsini Ermənistanın maraqlarına uyğun şəkildə həll etməyi düşünürlərsə, onda onlar kökündən yanılırlar. İ.Əliyev müsahibəsində bu haqda da konkret danışıb: "Əgər kimsə düşünürsə ki, regionda mövcud olan problemlərin bəzilərini asanlıqla həll etmək olar, mən bu fikirlə razılaşmıram. Çünki regionun əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. İlk növbədə, bu problem həllini tapmalıdır. Yalnız bundan sonra digər məsələlər də həll oluna bilər".
İ.Əliyev müsahibədə Ermənistan-Türkiyə protokollarının imzalanması məsələsinə də toxunub. O, həmin sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin əksini tapmadığını da deyib.
Bununla yanaşı, dövlət başçısı bildirib ki, Türkiyə rəhbərliyi rəsmi bəyanatlarında və şəxsi görüşlərində dəfələrlə söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış, nə protokollar ratifikasiya ediləcək, nə də sərhəd açılacaq. "Bunu Türkiyə prezidenti, baş naziri, həm parlamentin rəhbəri, həm də xarici işlər naziri söyləyib və biz onlara inanırıq".
Dövlət başçısı bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını özünün siyasi və diplomatik uğuru kimi təqdim etməyə çalışır və bu, güman ki, Yerevanın danışıqlarda daha sərt və qəbuledilməz mövqe tutmasına səbəb olacaq. "Danışıqlar prosesi və onun müxtəlif mərhələlərində baş verən hadisələr belə danışmağa əsas verir. Mən birmənalı şəkildə əminəm ki, bu iki proses - Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılması paralel şəkildə aparılmalıdır. Bu proseslər arasında rəsmi əlaqə olmasa da, qeyri-rəsmi əlaqə mövcuddur. Bu əlaqə qorunub-saxlanılmalı və iki proses eyni vaxtda, paralel şəkildə çözülməlidir. Əks halda, regionda status-kvo mənfi tərəfə dəyişə bilər", - deyə Əliyev qeyd edib.
Bu arada isə oktyabrın 10-u axşam Ermənistan və Türkiyə xarici işlər nazirləri Sürixdə İsveçrənin vasitəçiliyi ilə paraflanmış "İki ölkə arasında diplomatik münasibətlərin qurulmasına" və "İkitərəfli münasibətlərin inkişafına dair protokollar"ı imzalayıblar. Sənədlərin imzalanması mərasimi dünyanın 70 telekanalı vasitəsilə yayımlanıb. Bu mərasimdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin XİN başçılarının iştirak etmələrinə də diqqət yetirmək lazımdır. Söhbət Hillari Klinton (ABŞ), Sergey Lavrov (Rusiya) və Bernar Kuşnerdən (Fransa) gedir.
Mərasimə Avropa İttifaqından Havyer Solana da qatılıb.
İmzalanmaya dəqiqələr qalmış isə tərəflər arasında, az qala, prosesi tamamilə pozacaq problem də yaranıb. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın protokolların imzalanmasından sonrakı bəyanatında "soyqırım" haqda danışmaq niyyətindən xəbər tutan onun türkiyəli həmkarı Əhməd Davudoğlu, bunun əvəzində Dağlıq Qarabağ münaqişəsindən söz açmaq fikrini ortaya qoyub. Nəticədə, hadisələrə ABŞ-ın dövlət katibi Hillari Klinton müdaxilə etməli olub və yalnız bundan sonra 3 saata yaxın davam edən "böhran" aradan qaldırılıb. "Rossiyskaya qazeta"nın əldə etdiyi yarımrəsmi məlumata əsasən isə, fikir ayrılıqları Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə aradan qalxıb. Qəzetin yazdığına görə, guya o, erməni həmkarına üzərinə aşağıdakı sözlər yazdığı kağız parçası ötürüb: "Edvard! Heç bir bəyanatsız mərasimə razılaş".
Sonda Ermənistan və Türkiyə təmsilçiləri yekun bəyanat səsləndirməkdən imtina edərək, bir-birlərinin əllərini sıxmaqla kifayətləniblər.
Bununla yanaşı, Davudoğlunun məmnunluğunu gizlətməməsi fonunda, Nalbandyan kifayət qədər bikef təsir bağışlayırdı.
İndi protokollar hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmalıdır. Bu prosesin isə asan keçəcəyini düşünmək qətiyyən olmaz. Güman ki, erməni parlamentarilər protokolların mətninə dəyişiklik edilməsinə və ya ratifikasiyanın Ankara üçün qəbuledilməz bəyanatla müşayiət olunmasına çalışacaqlar. Tərəflər simmetrik fəaliyyət göstərməyə tələsməyəcəklər və ola bilsin, protokolların təsdiqi prosesi gözləniləndən daha uzun çəksin.
Bakı üçün daha vacib məsələyə - Ermənistan-Türkiyə sərhədlərinin açılmasına gəlincə, bu, hər iki parlamentin razılaşmanı ratifikasiya etməsindən ən azı 2 ay sonra baş verə bilər. Türkiyə liderləri Azərbaycan parlameni və ictimaiyyəti qarşısında Dağlıq Qarabağ münaqişəsinin həllinədək sərhədlərin açılmayacağına dair vədlərinə sadiq qalsalar, ermənilər Ankara ilə münasibətlərin normallaşmasının imtiyazlarını hələ çox gözləməli olacaqlar.
Türkiyəli siyasətçilərdə bu məsələdən yayınmağın mümkünlüyünə dair illüziyanın yaranmaması üçün isə Azərbaycanın Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir: "Bizim dəfələrlə bildirdiyimiz kimi, bir dövlətin digəri ilə münasibətlər qurması onun suveren hüququdur. Lakin Türkiyə ilə Ermənistan arasında münasibətlərin erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasınadək normallaşması Azərbaycanın maraqlarına və Azərbaycanla Türkiyə arasında dərin tarixi köklərə əsaslanan qardaşlıq münasibətlərinə ziddir. Azərbaycan XİN hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin birtərəfli qaydada açılması regionda sülh və sabitliyin qurulması məsələsini şübhə altına salacaq. Azərbaycan regionda bütün sərhədlər və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq, belə hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin birtərəfi qaydada açılması, regionda sülh və sabitlik arxitekturası məsələsini sual altına qoyacaq".
Həm İlham Əliyevin müsahibəsindəki fikirlər, həm də XİN-in bəyanatı Ankara üçün bir məqamı tam aydın edir: Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi prinsipial dəstəyi, Ermənistanın "soyqırım" məsələsində geri çəkilməsi müqabilində dəyişməsi Bakı üçün qəbulolunmazdır. Əgər rəsmi Ankara bu xətti tutarsa, bunu "qardaşlığa sadiqlik" kimi gözəl sözlərin arxasında gizlətmək mümkün olmayacaq, Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığına ciddi zərbə dəyəcək. Ermənistanla Türkiyə arasındakı saxta barışıqdan əldə ediləcək dividendlər isə çətin ki, buna dəysin. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması sinxronlaşdırılmalıdır.
Həndəsədən fərqli olaraq, siyasət və diplomatiyada Ermənistan-Türkiyə və Ermənistan-Azərbaydan paralelləri kəsişməlidir. Regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlığın əldə edilməsi üçün bu, olduqca vacibdir.
MƏSLƏHƏT GÖR: