14 Mart 2025

Cümə, 21:47

GÖZ OXŞAYAN GÖZƏLLİK…

Əməkdar incəsənət xadimi, Azərbaycan rəssamlar ittifaqı və SSRi rəssamlar ittifaqının, eləcə də YUNESKO-nun Beynəlxalq Rəssamlar Assosiasiyasının üzvü Sara xanım manafovanın yubileyinə həsr edilir

Müəllif:

01.10.2009

Gözəl rəssamın dünyamızı tərk etməsindən düz üç il keçir. Ancaq ustanın yaradıcılığına maraq bu illər ərzində nəinki azalmayıb, əksinə, ondan daha çox danışmağa kəskin ehtiyac duyulur. Bəs görəsən, bunun sirri nədədir? Onun yaradıcılığına hər dəfə yenidən üz tutmağa və hər dəfə yeni bir şey kəşf etməyə nə vadar edir? Rəssamın baxışının təkrarsızlığımı, fərdi yaradıcılıq metodumu, yoxsa bənzərsiz ifadə vasitələrimi burada rol oynayır? Bəlkə ustadın bütün işlərinin dərin fəlsəfəsi əsasdır? Yəqin ki, bu sadalananların hamısını və üstəgəl rəssamın bütün həyatıboyu daşıdığı, rəsmlərinə hopdurduğu  Gözəllik və Sevgi kimi iki dəyişməz duyğunu da burada unutmamalıyıq. Rəssamın sevgi və gözəllik bucağından baxdığı dünyası bütün parlaqlığı, gözlənilməzliyi və dəbdəbəsi ilə gözlərimiz önündə canlanır. Onun romantik olmayan çağların böyük romantiki olduğu ortaya çıxır. 

İncəsənətin orijinal istiqamətinin - mistik Şərq romantizminin parlaq təmsilçisi olan  Sara Manafova rəsm əsərlərində və qrafik vərəqlərdə böyük yaradıcılıq irsi qoyaraq gedib. Bunlar müxtəlif üslub, texnika və janrları əhatə edirlər.

Yüksək peşəkarlıq, özünüifadə azadlığı, bədii təfəkkürün parlaqlığı onun yaradıcılığı üçün səciyyəvidir. Xalq rəssamı ən "köklü" incəsənətdə dərin millilik əldə edə bilib. Gerçəkliyin və rəmziliyin çuğlaşmasında Azərbaycan məişətinin, dəyərlərinin və xarakterlərinin özünəməxsusluğunu ifadə edə bilib. Bu, Şərq şairanəliyinin gözəlliyinə bürünmüş gözəl romantik arzu  şəklində ifadə edilib. 

İncəsənət milli mənsubiyyətindən asılı olmayaraq, hər bir tamaşaçı üçün yaxın və anlaşıqlıdır. Onun yaradıcılıq texnikası istifadə edilən üsulların yeniliyi ilə - azad və cürətli kompozisiyası, enerjili rəsmləri, pastel tonların təlqini, rənglərin dolğunluğu ilə seçilir. Son illərdə rəssam müəyyən bir sintez edilmiş üslub ilə, rəsmlə qrafikin çuğlaşmasında işləyirdi, bu, Sara Manafova üslubu idi. O, qrafika işlərini əli ilə və dəzgahçı rəssamın gözləriylə yaradırdı. Onun rəsmlərindəki pastel yağlı boyalarla oturulur. Onun işlərində rənglər fəal emosional ifadəlilik qazanır və mənalı, aparıcı yük daşıyırdı. Palitrada parlaq, səsli tonlar tamamilə çəkisiz pastel havaları ilə növbələnir. Yəni işıq və gölgənin kontarstları alovlanan gözəl cərgə ilə düzülür. 

Bütün bunlar Şərqdən qaynaqlanan rəssamın əli ilə yaradılıb.  Şərq çoxrəngli və çox ahənglidir, yaranmış obrazları ilə düşüncələri heyrətə gətirir. İsti "pastel"liyə qədər təmkinli, parlaq, sadə rənglərə qədər açıqdır.  Onun Şərq miniatürü üslubundan olan işləri arasında levkas, yəni tabaşirlə yapışqan vasitəsilə  qarışdırılmış alebastr lövhələr üzərində işlənmiş yeddi,  müxtəlif janrlı işində Nizaminin ölməz "Yeddi gözəl" poeması canlandırılıb. Qədim Bakının Şərq nağıllarında təsvir edildiyi kimi "Tale xətləri" silsiləsindən olan işlər rəngarəng, parlaq, bir az qeyri-real və çox cazibədardır. İnsan ruhunun həyati rəngarəngliyinin və gözəlliyinin gözlənilməzliyinə baxmayaraq, rəssamın çoxjanrlı işlərində düşündürücü obrazlar ifadə edilib. Onun məşhur buxara bürünmüş "Hamam"ında ənənəvi parlaq "fata"larla təsvir edilən Azərbaycan veneraları əylənirlər. Şəklin koloriti,  obrazların təsvirindəki qeyri-adiliyin yaratdığı əhval-ruhiyə bu obrazları, demək olar ki, real, hissedilən edir. 

Psixoloji portretlər ustası olan Sara Manafova modelin real fərdi cizgiləri ilə obrazların fantastik alleqorik təsvirlərinin qarışığından ibarət  xüsusi janrlı portret üslubunu yaradıb. İnsan ehtiraslarının dramatik gərginliyi  və mistikanın dinamik ritmləri təsvir edilir. Onların arasında dünyada tanınan işlər var  - "Tütək çalan qız", "Qız və quş", "Sevda xanımın portreti", "Qızımın portreti".  Rəssamın parlaq portret silsiləsindən son işi Nizaminin "Yeddi gözəl"dən götürülmüş və canlı modellərin təsvir edildiyi yeddi portretdir. Bütün bu işlər Sara Manafovanın portret janrındakı yaradıcılığını durğunluqdan çıxararaq ümumi qəbul edilən səviyyəyə çatdırıb. 

"Leyli və Məcnun" triptixi, yəni üç hissədən ibarət olan qatlama şəkil yüksək mənəviyyatı ilə seçilir və filosof-rəssamın yaradıcılığında aparıcı mövqeyə çıxmış energetik qavramadır. Füzulinin böyük şairanə dühasının qeyri-adi təsviri olan triptixdə adların İncil süjetlərindən gələn  "Sevgi", "Sevginin çarmıxa çəkilməsi", "Tabut vəziyyəti" şəklində verilməsi orta yüzilliklərin bu sevgi dastanında xüsusi kəskinlik, bu günə xas faciəvilik yaradır. Süjetin qəhrəmanı Məcnun mistik şəkildə Məsih İsanın obrazı ilə eyniləşib və tamaşaçını hər ikisinin hər şeyi özündə birləşdirməsinə - sevgi naminə özünü qurban verməsinə yönəldir. Rəssamın ümumi standartlara uyğun gəlməyən əsəri təbiiliyi və yüngüllüyü, təntənəsi və oynaqlığı, kövrəkliyi və həyati səmimiliyi, mənəvi yaradıcılığı və dünyanı dərk etməsinin yeniliyi ilə seçilir. Metaforik zərifliyə, təlqinə və mübaliğəyə, maraqlı və qeyri-səlist hər şeyə meyil özünü göstərir. Rəssamın çoxsaylı natürmortları "Qara qızı gül "də, "İkisi bir gecədə ", "Üçlər" öz həyatlarını yaşayaraq təlqin edirlər - "ölü natura"nı təsvir etmirlər. "Solan qızılgüllər" isə kədərlənirlər! 

Rəssamın son yaradıcılıq dönəmi işlərinin silsiləsi - "Döymə rüsvayçılığı" çox sənətşünasları dalana salıb, çünki  tapmacalarla doludur. Orada insani ifadələrdən, sifətlərdən məhrum olmuş çılpaq kukla varlıqlar bəzən ikiüzlü, bəzən də  ikicinslidirlər. Bədənləri döymə, pirsinq, amuletlərlə bəzədilib?..  Bu silsilə barədə rəssam bir dəfə bildirmişdi: "Rəssam hərdən nəyi görür, onu da çəkir. Mən bunu çəkəndə heç nə barədə düşünməmişəm. Sadəcə, bir dəfə Münhenin küçələrində bu cür özünü eybəcərləşdirmiş insan kütləsi görmüşdüm. Onda bu mənə güclü təsir göstərmişdi. Bir insan kimi bu adamların psixologiyası məni maraqlandırdı. Amma rəssam kimi isə... Bu çox gözəl, qeyri-adi idi! Həm də qorxuluydu".  İkicinslilik, ikiüzlülük və rəmzlər. Bu işləri görəndə qəribə həyəcan hissi yaranır. Bu, sadəcə, eybəcərləşmiş insanların nizamsız kütləsi deyil. Bu, bəlkə də, insan və zamanın dəyişməsi haqqında spontan danışmaq cəhdidir? Bəlkə də spontan deyil? Getdikcə  daha çox kuklalaşan insanların ruhlarında baş verən dəyişikliklər haqqındadır? Rəssamın peyğəmbərcəsinə dünyanın taleyi barədə düşündükləri və öncə gördükləridir? Gerçəkdən təlqindir! 

İncəsənətdə atdığı ilk addımlardan özünə məxsusluğu barədə danışmağa vadar edən rəssamın yaradıcılıq taleyi ona mərhəmətlidən də artıq olub. Beynəlxalq səviyyədə tanınan ilk işləri onu beynəlxalq miqyasda məşhurlaşdırıb. Onun üçün çoxsaylı beynəlxalq sərgilərdə tanınmaq imkanı yaradıb. Onun bu uğuru, daha doğrusu, uğura gedən yolunun asanlığı çox sayda bədxahının olmasına rəvac verib. İndi buna inanmaq çətindir, amma dövrlər olub ki, çox şeylə - həm tanınmaq və  qəbul olunmaqla, həm də rədd edilməklə və qiymətləndirilməməklə yadda qalıb. Çünki istedad həmişə həsədlə əhatələnib. Bəlkə də bu onunla bağlıdır ki, istedad yeganə şeydir ki, anadangəlmədir, onu satın almaq, fəth etmək mümkün deyil. Hətta katorqa əməyi ilə belə qazanmaq olmur. Həmişə sınağa çevrilən  Tanrı vergisidir. 

Bu gün mövcudluq qanunlarına görə ustadın olmadığı bir zaman insan anlayır ki, mütləq mənada onun yoxluğu baş tutmayıb. Çünki rəssam öz ruhunun əsərlərində qalan energetik hissəciklərində - bu dünyaya sevgi, rəhm və işıq duyğularında yaşamağa davam edir. İnsanın şəxsiyyətinə xüsusi ruh qaydaları və xüsusi missiya kimi Tanrı tərəfindən pay kimi verilmiş Gözəlliyi görmək və yaratmaq vərdişlərində yaşayır. 

Sara Manafovanın yaradıcılıq həyatı başa çatmayıb, o, davam edir və davam edəcək, çünki adətən "böyük cisimlər uzaqdan daha yaxşı seçilir". Nə qədər ki insan ruhu gözəlliyə can atacaq, nə qədər ki ünsan ruhunun ümid çırağı sönməyəcək, o da yaşayacaq/.

Onun əsərlərinə köklənən insanlar ayrılmaq istəmirlər. Onlara baxanda hiss edirsən ki, zaman donub, hamı gözəl, gənc və ölümsüzdür!..  



MƏSLƏHƏT GÖR:

573