14 Mart 2025

Cümə, 21:45

ZƏNCİR ƏN ZƏİF HALQADAN QIRILIR

Sadəcə psixoloqa və ya psixiatra müraciət etməklə çox problemlərdən qaçmaq olar, Azərbaycanda bunu heç də həmişə etmirlər

Müəllif:

01.10.2009

Adətən belə hesab edilir ki, gizli, latent şəkildə gedin proses ən təhlükəlidir. Əgər insanın psixoloji durumu ilə bağlı daxili problemləri varsa, çox vaxt bundan hətta yaxınları belə xəbər tutmur. Bunun nəticəsi olaraq, psixi depressiyalar kədərli nəticələr verə bilər. Buna görə də psixi sağlamlıq məsələlərinə diqqəti artırmaq önəmlidir, çünki çoxları belə böhranlı durumda məhz "psix" ləkəsi "qazanmaqdan" qorxmaları üzündən psixatrın yardımına müraciət etmək istəmirlər. 

Məhz elə bu səbəbdən də 1992-ci ildə Dünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə hər il oktyabrın 10-da  Dünya Psixi Sağlamlıq Günü qeyd edilir. Bunda məqsəd psixi problemləri olan insanların təcrid edilməsinin qarşısını almaqdır. 

 

Depressiyalar, intiharlar, boşanmalar

Bu məsələ Azərbaycan üçün də aktualdır.  Respublika Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev "Region plus"la söhbətində etiraf edib ki, Azərbaycanda  psixi pozuntulardan əziyyət çəksə də, toplum tərəfindən başqa cür qəbul edilməsindən qorxaraq  mütəxəssisə müraciət etmək istəməyən insanlar çoxdur. 

"Bundan başqa, çox vaxt psixi problemləri olan insanlara bərpa xidmətlərini son mərhələdə göstərirlər ki, onda da xəstəyə yardım etmək çox çətin olur. Onu da  qeyd etmək lazımdır ki, Azərbaycanda kadr heyətinə kəskin ehtiyac duyulur. Axı anlamaq lazımdır ki, psixoloqlar və psixiatrlar ruh həkimləridir. Təsadüfi deyil ki, "psixologiya" sözünün birinci hissəsi "psixo" yunan dilindən tərcümədə "ruh" anlamını verir. Belə çıxır ki, əgər insanda psixoloji çətinliklər yaranarsa, onda problemin kökünü görmək lazımdır, bunu isə bu sahənin Azərbaycanda sayı çox az olan mütəxəssisləri bacarır", - deyə D.Rzayev vurğulayıb.

Bizim ölkədə təcrübəli psixoloqların çatışmazlığı hiss edilir. "Xüsusilə də məni o fakt narahat edir ki, istənilən çətinlik və ya ruhi sarsıntı olanda bizdə falçılara, sehirbazlara, cadugərlərə üz tuturlar. Beləliklə biz özümüzü elə bir dalana soxuruq ki, oradan geriyə yol yoxdur. Məsələn, statistikaya görə, Şimali  Amerikada hazırda 200 min,  Nigeriyada 100, Çində 500 psixoloq işləyir. ABŞ-da hər bir beşinci şagird psixoloji təhsil alır, özü də bunların 90%-ə qədəri qadınlardır. Düşünürəm ki, Azərbaycanda ixtisaslı psixoloqların yerinə "ruhun müalicəsi" ilə 200 min falçı və şaman işləyir", - deyə mütəxəssis bildirir. Dövlət psixiatriya qurumlarında işləyən kadrların sayı hər 100 min adam üçün 22,2  təşkil edir. Psixatrların 92%-i dövlət psixiatriya qurumlarında işləyir. Psixoloq hesab edir ki, həm də işləyən psixoloqlar ştatında bizdə olmayan nikah məsləhətçiləri, seksoloqlar, seksopatoloqlar olmalıdır və onlara böyük ehtiyac var. 

Azərbaycanda hər il 80 mindən çox adam psixi sağlamlıqla bağlı yardım üçün müraciət edir. Bu, yerli hökumət tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) verilən göstəricilərdə də əks olunub. Ancaq Bakı ofisində əmindirlər ki, bu, gerçəkdən mütəxəssislə məsləhətləşmələrə ehtiyacı olan insanların yalnız bir hissəsidir. ÜST-ün qiymətləndirməsinə görə, hazırda bizim planetdə 450 milyondan çox adam psixi xəstəliklərdən əziyyət çəkir. 

Təhlükəli məqam isə Azərbaycanda ildən-ilə intiharların sayının artması ilə bağlıdır.  Belə isə, getdikcə daha çox insan dərin şəxsi sarsıntılar keçirir və depressiyaya düşür, özünü itirir. İntiharların səbəbləri müxtəlifdir, ancaq simptom eynidir - bu, vaxtında həkim müdaxiləsi tələb edən psixi natarazlıqdır. Ancaq bizim ölkədə intiharların qarısını vaxtında almağa yönəlmiş məqsədyönümlü iş yoxdur. Düzdür, Qərb ölkələrinə baxanda Azərbaycanda intihar səviyyəsi elə də yüksək deyil. Amma bu heç də o demək deyil ki, bu məsələni həll etməyə ehtiyac yoxdur - psixi təhlükəsizlik, psixi sağlamlıq, psixoterapiya haqqında qanunlar qəbul etmək lazımdır. Uyğun nazirlik və idarələr bu barədə təşəbbüslər qaldırmalıdırlar. İndi Azərbaycanda vəziyyət belədir: hər hansı bir şəxsi və ya ailə problemi çıxarkən istəyənlər yalnız özəl psixoloqlarla məsləhətləşə bilərlər, ölkədə hələ ki dövlət psixoloji xidmətləri yoxdur. 

D.Rzayev bildirir ki, bu sahədə böyük yardımı "qaynar xətlər" - "etibar telefonları" edə bilər. Bu xidmətlər Qərbdə çox populyardır. "Bizdə YUNİSEF tərəfindən yaradılmış psixoloji yardım xidməti var. Orada fiziki qabiliyyətləri məhdud olan uşaqlar işləyirdilər. Onlar peşəkar deyildilər, amma ağır əlil həyat təcrübəsi işdə onlara yardım edirdi. Onlar telefonla məsləhətlər verir və işlərinin öhdəsindən çox yaxşı gəlirdilər. Buna görə də mən əminliklə deyə bilərəm ki, bizim ölkədə profilatik psixoloji iş sıfır vəziyyətindədir. İntihar sayı artmaqdadır. Biz bu barədə düşünməliyik. Axı dövlət səviyyəsində "etibar telefonu" yaratmaq çətin deyil. Əgər bu xidmət hansısa bir intiharın qarşısını ala bilərsə, bunu böyük qələbə saymaq olar", - deyə psixoloq hesab edir.

D.Rzayevin fikrincə, məhz stress və depressiyalar üzündən ölkədə boşanma faizi yüksəkdir. Çox vaxt bunun əsas səbəbi ərlə arvadın cinsi çətinlikləri olur. Ancaq demək olar ki, bütün hallarda bu, gizli qalır. "Çox vaxt ailədə cinsi baxımdan çətinliyi kişilər yaşayır, ancaq onlar nadir hallarda psixoterapevtlərə müraciət edirlər - bunun nəticəsi isə ailə münaqişələri, boşanmalar olur. Buna görə də ölkəyə bu məsələlər üzrə məsləhətçilər lazımdır", - deyə o bildirir.

 

Fəaliyyət planı necədir?    

Əgər son zamanlara qədər ölkədə əhalinin psixi sağlamlığına yetərincə diqqət yetirilmirdisə, heç olmasa indən sonra gecikmədən bu sahədə vəziyyət qaydaya salınmalıdır.  Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli buna əmindir. Onun sözlərinə görə, 2006-cı ildən Azərbaycanda psixi sağlamlıq sahəsində  milli siyasətin işlənib hazırlanması gerçəkləşdirilir. Sənəd artıq beynəlxalq təşkilatların ekspertizasından keçib,  sənədə əhaliyə psixiatriya yardımının və psixoloji sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş konkret tədbirlər üzrə 10 illik plan əlavə edilib. Son zamanlarda Azərbaycanda psixi xəstəliklərin sayının artıb-artmaması barədə suala cavab verən G.Gəraybəyli bildirib ki, streslərlə, təbii və sosial kataklizmlərlə, informasiya yüklənmələri, insanların həyatının və məişətinin dəyişməsi ilə bağlı xəstəliklərin artması meyli müşahidə edilir. Bunun nəticəsi kimi həyəcan-qorxu pozuntuları -  depressiyalar və başqa oxşar durumlar, posttravmatik stress pozuntuları, stressə reaksiyalar özünü göstərir. Ancaq bütün psixi xəstəliklər bircins olmayan xstəliklər qrupudur. Onların sırasında ağır xroniki psixozlar da ola bilər. Düzdür, sonuncularda dinamik artım müşahidə edilmir. 

G.Gəraybəyli həmçinin bildirib ki, Azərbaycanda insanlar  psixoloq məsləhətlərinə və gənəşmə üçün psixiatr yanına getməyə çox ehtiyatla yanaşırlar: "Mütəxəssisə adi bir müraciət yolu ilə bir çox ailə münaqişələrinin və boşanmaların qarşısını almağın mümkün olduğunu anlayanda belə nəticəyə gəlirsən ki, cəmiyyətdə "ləkələnmə", "adı çıxma" probleminin aradan qaldırılmasına yönəlmiş tədbirlərin görülməsi vacibdir. Bununla bağlı olaraq, psixiatrik və psixoloji yardım göstərən qurumların şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.  Bunlar ya psixi sağlamlıq mərkəzinin bazasında, ya da elmi-psixi məsləhətləşmə mərkəzinin bazasında fəaliyyət göstərəcək. "İnsanı psixatrdan məsləhət almaq üçün psixatriya xəstəxanasına və ya tibb qurumuna daxil olmağa məcbur etmək mümkün deyil. Xalq arasında  bü cür klinikaları adətən "sarı ev" adlandırırlar. Əgər psixiatr xəstələri psixoloji mərkəzlərdə qəbul edirsə, bu tamamilə ayrı məsələdir və poliklinikaya adi səfər kimi  görünəcək", - ölkənin baş psixiatrı buna əmindir.  

Bununla yanaşı, Azərbaycanda psixi sağlamlığın qiymətləndirilməsi üzrə ÜST-ün Bakı ofisi tərəfindən hazırlanmış  və ölkənin Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş son hesabatın göstəricilərinə görə, dövlət tərəfindən psixi sağlamlıq üçün adambaşına xərclənən vəsait ildə $0,34-dür. Azərbaycanda zəif və orta depressiya və ya həyəcanlanma  kimi bir sıra psixi pozuntular ciddi emossional problemlər kimi  qəbul edilmir, "psixi xəstəlik" anlayışı yalnız ağır psixi pozuntlar kimi başa düşülür. Psixiatriya müəssisələrinin şəraiti və mövcud texniki avadanlığı çağdaş tibbi xidmət standartlarının tələblərinə uyğun gəlmir. Bu müəssisələrin çoxu yetərincə köhnə, lazımi su və istilik təchizatı olmayan bərbad binalarada yerləşir. 

ÜST-ün hesablamalarına görə, Səhiyyə Nazirliyi öz xərclərinin 3%-ni psixi sağlamlıq üçün yönəldir. Bunun  85%-i psixiatriya xəstəxanalarının payına düşür. Hesabatda deyilir ki, insanlar "psixi xəstə" ləkəsindən qorxaraq uçota durmaq istəmirlər, bununla da pulsuz psixotrop vasitələrdən istifadə imkanından məhrum olurlar, həmin dərmanları öz hesablarına alırlar. 

Hesabatda həm də o bildirilir ki, Azərbaycanda psixi sağlamlıq sahəsində səlahiyyətli qurum yoxdur. Ölkədə 11 ambulator psixiatriya müəssisəsi işləyir, onlardan yalnız biri uşaqlara və yeniyetmələrə baxmaq üçün nəzərədə tutulub. Ambulator psixiatriya müəssisələrində müalicə olunan xəstələrin təxminən 25 faizi qadınlardır, 16% -i isə uşaq və yeniyetmələrdir. Azərbaycanın mentaliteti ilə bağlı olaraq qadınlar kişilər kimi elə də tez-tez psixiatriya xəstəxanalarına müraciət etmirlər, onlar daha çox ailələrindən və qohumlarından yardım alırlar. Adının "psixi xəstə" kimi çıxması qorxusu qadınlarda kişilərə baxanda daha çoxdur və çox hallarda onların şikayətləri ciddi qəbul edilmir. Ambulator  psixiatriya qurumlarına psixi və davranış pozuntuları ilə bağlı müraciət edənlərin diaqnozları əsasən nevrozlarla, stresslərlə, xəstəliyin somatik formaları  (25%) və şizofreniya ilə, həmçinin şizofreniyaya bənzər hallarla və sayıqlamalarla (19%) müşayiət olunan xəstəliklərlə bağlı olur. 


MƏSLƏHƏT GÖR:

588