
QAZ BAZARINDA FARS MOTİVİ
İran, Avropaya təbii qaz ixracında liderliyə iddialıdır
Müəllif: Nurlanə QULİYEVA Bakı
Xəzərdə qaz rəqabəti yeni oyunçular qoşulmaqla gündən-günə daha ziddiyyətli şəkil alır və bu oyunçular var gücləri ilə Azərbaycan qazının axacağı boru kəmərini öz tərəflərinə çəkməyə çalışırlar. İndi də səhnəyə yeni bir oyunçu - İran çıxıb və o da Avropanın artan qaz ehtiyacını ödəmək üçün ümid bağladığı yeganə layihə "Nabucco"nun əsas iştirakçılarından biri olmağa çalışır. Əlbəttə, İran bu istəyində uğur qazanarsa, Qərbdə laxlamış nüfuzu baxımından xeyli siyasi dividendlər qazanmış olardı, buna görə də niyyətində çox ciddi görünür. Ancaq Avropa bu qaz layihəsinin yeni oyunçusunu qəbul etməyə nə dərəcədə hazırdır? Bəs Azərbaycan üçün hansı rol nəzərdə tutulur?
Azərbaycan təkrar ixraca qarşıdır
Hazırda heç kim Azərbaycanın qaz ixracatçısı kimi etibarlı olmasına şübhə ilə yanaşmır. İndi ölkədə ildə 27 mlrd. kub. m-ə yaxın qaz çıxarılır, 2020-ci ilə kimi bu rəqəm 40-45 mlrd. kubmetrə çata bilər. Bundan başqa, Azərbaycanda kəşfiyyat işləri aparılmamış perspektivli qaz strukturları da var. "Biz ümid edirik ki, "Ümid" yatağının işlənməsi zamanı böyük qaz ehtiyatları tapılacaq. Geoloqların hesablamalarına görə, Xəzərin Azərbaycan sektorunda 5 trln. tona yaxın şərti yanacaq var", - deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. ARDNŞ Fransanın "Total" şirkəti ilə birgə "Abşeron"un işlənməsinə başlayır, orada böyük qaz ehtiyatları gözlənilir.
"Biz həmçinin "Azəri-Çıraq-Günəşli" blokunun dərində yerləşən qaz ehtiyatlarının işlənməsi üzrə də danışıqlar aparırıq. Orada sübut edilmiş qaz ehtiyatları 400 mlrd. kubmetrdir. Beləliklə, Azərbaycanın qaz ehtiyatları var. Amma onların işlənilməsi vacibdir",- deyə Rövnəq Abdullayev bildirib.
Bununla yanaşı, "Şahdəniz"də ixrac ətrafında yaranmış bütün bu gözlənilməzliklər layihənin gerçəkləşdirilməsi müddətlərinə təsir göstərir. ARDNŞ təmsilçisi jurnalistlərlə qeyri-rəsmi söhbətində bildirib ki, nə qədər ki qazın satışı barədə məsələ həll edilməyib, "Mərhələ-2" layihəsinin sanksiyalaşdırılması təxirə salınacaq. Ancaq potensial alıcıların heç birini incitmək istəməyən Azərbaycan üçün hanısısa qərar qəbul etmək elə də asan deyil.
ARDNŞ prezidenti R. Abdullayevin bildirdiyi kimi, "Biz indən belə də öz enerji daşıyıcılarımızın dünya bazarlarına çıxarılmasını diversifikasiya etmək niyyətindəyik, "Nabucco", TGI (Türkiyə - Yunanıstan - İtaliya), Transadriatik boru kəməri və s. kimi qaz nəqli layihələrinə qoşulmaq istəyirik". Azərbaycan həmçinin enerji nəqli məsələsində Rusiya ilə əməkdaşlıq edir, bu ölkəyə ildə 500 milyon kubmetr qaz satmaq niyyətindədir. "Hazırda boru kəmərində təmir işləri aparılır və ilin sonuna bu layihəyə start verilməsi düşünülür",- deyə R.Abdullayev əlavə edib. O qeyd edib ki, Azərbaycan enerji nəqli məsələlərini siyasiləşdirmək niyyətində deyil və ölkəyə əlverişli olan bütün layihələrə qoşulacaq.
Bununla yanaşı, Rusiyadan başqa daha bir qonşu ölkə ilə - İranla müqavilə bağlanıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhraninin sözlərinə görə, İran Azərbaycandan ildə 5 mlrd. kubmetr qaz alacaq. Belə çıxır ki, bizim qaz İrana məhz "Nabucco"ya qoşulmaq ideyasını gerçəkləşdirmək üçün lazım olub.
Bununla belə, Azərbaycan tərəfi öz qazının təkrar ixracına qarşı sərt mövqe tutub və hətta istehsalçılara, tranzitçilərə və istehlakçılara təklif edir ki, tranzit ölkələrinə əldə etdiyi qazı təkrar ixrac (reeksport) etməyi qadağan edən saziş bağlasınlar. R.Abdullayev bu barədə yaxın günlərdə Qazaxıstanda keçirilmiş VI Avrasiya Energetika forumunun gedişində bildirib. "Bizim, yəni istehsalçı ölkələrin istəyi dəqiq tarif dərəcələri və tranzitçi ölkələrin qazı təkrar ixrac etməmələridir", - deyə o bildirib və əlavə edib ki, bu şərtlərə riayət edilməsi biznes subyektləri arasında şəffaf münasibətlərin yaranmasına səbəb olacaq.
Qaz dostluğu, yoxsa siyasi çəkişmələr?
Əgər bu sazişlər gerçəkləşərsə, onda aşağıdakı mənzərəni müşahidə etmək mümkün olacaq: ölkələr Azərbaycan qazını ehtiyacları üçün istifadə edəcək və öz qazını isə satacaq. Soruşa bilərsiniz ki, bundan elə həmin İrana nə fayda? Həm siyasi, həm də iqtisadi faydası var!
İran yalnız "Nabucco"ya can atmaqla qalmır, həm də növbəti onillikdə Avropa ölkələri üçün əsas təbii qaz istehsalçısı və təchizatçısına çevrilmək niyyətindədir. İran Milli Qaz Şirkətinin (NIGC - National Iranian Gas Company) təmsilçisi Həsən Torbati iddia edir ki, hazırda Avropaya ildə 10 mlrd. kubmetr qaz ixracı imkanlarına baxılır.
"Biz inanırıq ki, "Nabucco" boru kəməri İran qazının Avropaya nəql edilməsi üçün əlverişli variantlardan biridir, amma biz özümüzü yalnız bu boru kəməri ilə məhdudlaşdırmaq fikrində deyilik. Bizim başqa imkanlarımız da var, onların sırasına Avropa şirkətləri ilə İran - Türkiyə sərhədində qaz satışı barədə bağlanmış DAF tipli sazişlər bağlanması da daxildir. Beləliklə, İran qazının nəqli ilə yaranmış problemlərin böyük bölümü Avropa şirkətlərinin özü tərəfindən həll ediləcək. Biz yalnız qazımızı Türkiyə ilə sərhəddə satacağıq", - deyə o, "Trend" agentliyinə bildirib.
Paradoksal haldır ki, həmin planlar bu ölkədə daxili qaz istehlakının dəyişməz artım dinamikası fonunda qurulur. Belə ki, 2008-ci ildə İranın qaz istehlakı 117 milyard kubmetri ötüb, bu, 2007-ci il göstəricisindən, demək olar ki, 4 milyard kubmetr, 2006-cı il göstəricisindən isə 9 milyard kubmetr çoxdur, 1998-ci il göstəricisini isə 66 milyard kubmetr üstələyir. Ümumiyyətlə, bu ölkədə düşünürlər ki, vəziyyəti daxili qaz tariflərini qaldırmaqla düzəltmək olar. "Doğrudan da, son illərdə İranda qaz istehlakı artıb. Amma iki şeyə diqqət yetirmək lazımdır: birincisi, bu illər ərzində İranda fəal qazlaşdırma aparılıb, hazırda İran şəhərlərinin 98%-i qazdan istifadə edir. İkincisi, indiyə kimi İranda qazın qiyməti çox aşağı olub ki, bu da ondan səmərəsiz istifadəyə gətirib. Hazırda dövlət qaz istehlakının sabitləşdirilməsi də daxil olmaqla bir sıra proqramlar üzərində işləyir", - deyə Həsən Torbati bildirib.
Avropada İranın bu planlarını yalnız alqışlayırlar və "Nabucco" bu ölkəni öz dəstək qrupuna qoşmaq üçün canla-başla hazırdır. "Şimal axını" layihəsi ilə məşğul olan "Nord Stream" şirkətinin səhmdarlar cəmiyyətinin sədri, direktorlar şurasının üzvü Gerhard Şreder bildirib ki, "yaxşı mövqe əldə etmək üçün "Nabucco" İran qazı ilə doldurulmalıdır. Və bu, doğru yoldur, çünki Avropaya qaz nəqli üçün bizə daha bir imkanı da qazandıra bilər".
Keçmişdə tanınmış siyasətçi olan Gerhard Şreder həm də etiraf edib ki, "Avropa Birliyinin (AB) siyasi müqavimətlərin qarşısını almağa ehtiyacı var". "AB İrana qarşı bu ölkədən gələn enerji daşıyıcıları ilə bağlı yönəldilmiş sanksiyalar üzrə fikir ayrılığını aradan götürmək üçün özündə güc tapmalıdır", - deyə Şreder bildirib. Ancaq məşhur ifadəni bir az dəyişərək belə demək olar ki, "qazdan qaziyi gəlmir" və Avropa, doğrudan da, "divara dirənsə", siyasi şübhələr ikinci plana keçəcək.
İranın üstünlükləri
Biz öz qazımızı ölkəmiz üçün siyasi məsələlərdə mövqeyi həmişə ikibaşlı olan İrana niyə verməliyik? Bundan Azərbaycan nə qazanacaq?
Birincisi, İran blokada şəraitində olan Naxçıvanın qazla təchizatı məsələsində Azərbaycana yardım edir. Məhz Cənub qonşumuzun hesabına bu məsələ Azərbaycan üçün maksimum əlverişli olan svop təchizatı yolu ilə həll edilir. Necə deyərlər, əl əli yuyar, əl də qayıdıb üzü. Ona görə də İran Azərbaycanın müsbət davranışına ümidlidir. Başqa tərəfdən, İranın milli qaz şirkəti "Şahdəniz" yatağında 10 faizlik iştirak payına malikdir və uyğun olaraq, yataqdan çıxan qazın necə nəql edilməsi məsələsində müəyyən rol oynaya bilər. Ən nəhayəti isə, İran "Xəzər beşliyi"nin dənizin milli sektorlara bölünməsi ilə bağlı özünəməxsus baxışı olan üzvlərindəndir. Onun mövqeyi təkcə dənizdəki "mübahisəli" yataqların işlənməsi baxımından deyil, həm də artıq istismar edilən strukturlardan əldə edilən qazın ixracı məsələsi aspektindən də çox maraqlıdır. Bunu "StatoilHydro Azerbaijan"ın başçısı Kristian Hauskenin sözlərindən də başa düşmək olur: "Mərkəzi Asiyadan Avropa bazarlarına Cənubi Qafqazdan keçməklə qaz nəqli üçün nəzərdə tutulan Transxəzər qaz kəmərinin tikintisinə bütün Xəzərətrafı ölkələrin razılığı lazımdır".
Başqa sözlə, türkmən qazına ümid edən Avropa ilə qaz oyununda bu məsələ də İran üçün önəmli üstünlüklərdəndir. Energetika üzrə Avropa komissarı Andris Piebalqs hesab edir ki, "Cənub dəhlizi" layihəsi 2020-ci ildə Avropanın qaza olan tələbatının 10%-ni təmin edəcək. ""Cənub dəhlizi" Avropa ölkələrinə gedən enerji təchizatının marşrutlarının diversifikasiyası baxımından çox önəmlidir. Biz ümid edirik ki, Azərbaycanda, Qazaxıstanda və Türkmənistanda bu diversifikasiya siyasəti davam etdiriləcək", - deyə Avropa komissarı vurğulayıb.
Piebalqsın sözlərinə görə, Rusiya Avropa Birliyi (AB) üçün qaz təchizatçısı kimi böyük rol oynamaqda davam edəcək və 2020-ci ildə Avropa ölkələrinə yanacaq təchizatında Rusiyanın payı 30-35%-ə çatacaq. Piebalqsın fikrincə, Avropanın xarici təchizatdan asılılığı ildən-ilə artır. 2013-cü ildə bu asılılıq indiki 50% səviyyəsindən 70% səviyyəsinə, 2020 -ci ildə isə 90%-ə qədər arta bilər.
"Biz Azərbaycan qazına çox maraq göstəririk, amma əsas məsələ kommersiya risklərinin minimal olmasıdır", - deyə A.Piebalqs bildirib. Onun sözlərinə görə, AB Avropaya Türkiyədən yan keçən heç bir qaz nəqli marşrutuna diqqət yetirmir. ""Nabucco" layihəsi ilə bağlı hökumətlərarası saziş bağlandıqdan sonra biz faktik olaraq Türkiyə ərazisindən qaz tranziti ilə bağlı bütün siyasi problemləri həll etmiş olduq. Beləliklə, biz öz seçimimizi etmişik. Ancaq Azərbaycan qazının Türkiyə yolu ilə ixracı dalana dirənsə, biz başqa variantlara da baxa bilərik. Amma bu gün üstünlük Türkiyə ərazisindən tranzitə verilir və biz bu istiqamətə diqqətlə baxırıq", - deyə o vurğulayıb.
Amma göründüyü kimi, İran istənilən şəkildə Avropa qaz bazarının liderləri üçlüyünə çıxacaq. Azərbaycan isə "köhnə dostlar"la bağladığı iki-üç sazişə görə etibarlı təchizatçı imicini itirməyəcək.
MƏSLƏHƏT GÖR: