14 Mart 2025

Cümə, 21:47

BƏŞƏRİ ÜMİD

Kollektiv yanaşma olmadan bəşəriyyət qarşısında dayanmış problemlərin həlli mümkünsüzdür...

Müəllif:

01.10.2009

Möhtəşəm şəhərlərdən  sayılan Nyu-Yorkda keçirilən bu siyasi şounu hər il bütün dünya  böyük maraqla izləyir.

Bu ilin sentyabrında da "dünyanın paytaxtı"nda keçirilən BMT Baş Assambleyasının 64-cü sessiyasına 120-dən artıq prezident, monarx və baş nazir, 3 vitse-prezident, 8 baş nazir müavini və 55 xarici işlər naziri qatılmışdı. 

Onlar bir neçə gün ərzində bir-birlərinin çıxışlarını dinləməklə yanaşı, həm də dünya siyasətindəki 160-dan artıq vacib məsələ ətrafında müzakirə apardılar. Onların arasında Yaxın Şərq və Əfqanıstan problemləri, həmçinin daha qlobal məsələlər - sülh və təhlükəsizliyin təmini, terrorizmlə mübarizə, ekologiya məsələləri, səhiyyə, tərksilah olma, insan haqları, dəniz təhlükəsizliyi və s. var idi.

1945-ci ildə İkinci Dünya müharibəsindən dərhal sonra 50 dövlət tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatının məqsədi o zaman tam aydın şəkildə ortaya qoyulmuşdu: "Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi və bu məqsədlə sülhə təhlükələrin qarşısının alınması üçün effektiv kollektiv tədbirlərin görülməsi... Millətlər arasında bərabərhüquqluluq və xalqların müqəddəratını təyinetmə prinsipləri əsasında dost münasibətlərinin yaradılması... Beynəlxalq iqtisadi, sosial, mədəni və humanitar problemlərin aradan qaldırılmasında, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün insanların haqları və əsas azadlıqlara hörmətin gücləndirilməsi məqsədi ilə əməkdaşlığın təmin edilməsi".

Bütün bunlar, həqiqətən də, həyata keçirilsə idi, yəqin ki, dünya cənnətə çevrilərdi...

Düzdür, əlbəttə ki, son 65 ildə dünya yaxşılığa doğru bir qədər dəyişib. Lakin təəssüf ki, yuxarıda qeyd olunan ideal duruma çatmağa hələ çox var. BMT-nin yaradılmasından keçən dövrdə bəşəriyyət dəfələrlə yeni dünya müharibəsi təhlükəsi ilə üz-üzə qalıb. İndinin özündə də heç kəs bu fəlakətdən sığortalanmayıb. Planetin ekoloji durumu sürətlə pisləşir, milyonlarla insan aclıq, müxtəlif cinayətlər və xəstəliklər üzündən dünyasını dəyişir. "İnsan haqları" anlayışına gəlincə, dünyanın böyük hissəsinin sakinləri bu terminlə, ümumiyyətlə, tanış deyillər.

BMT Karib böhranı ilə müşayiət olunan "soyuq müharibə"ni, Vyetnam və Əfqanıstan savaşlarını, həmçinin Baş Assambleyanın tribunasına ayaqqabı ilə döyəcləməni arxada qoyubsa  bu, özü-özlüyündə yaxşı əlamətidir. Axı istənilən halda, hələ ki bu təşkilatdan yaxşısı yaradılmayıb.

Əsas odur ki, BMT öz sələfinin - əsasən Avropanın (yəni Qərbin) maraqlarına diqqət ayıran, "müstəmləkə" adlandırılan çoxsaylı Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərq dövlətlərinin kənarda qaldığı Millətlər Liqasının taleyini yaşamasın. Çünki indinin özündə də BMT-dən narazı olan xeyli ölkə var və onların əsas narazılıqları qurumun qərarlarının Təhlükəsizlik Şurasının beş daimi üzvü (Böyük Britaniya, Çin, Rusiya (SSRİ-nin varisi), ABŞ və Fransa) tərəfindən qəbul edilməsindədir. 

Artıq xeyli vaxtdır ki, daimi üzvlərin sırasına Hindistan, Braziliya, hətta Yaponiya və digər dövlətlərin qəbul edilməsi, Fransa və Böyük Britaniyanı isə Avropa İttifaqı nümayəndəsinin əvəzləməli olması haqda danışılır.

Nəticədə qurumun fəaliyyətinin effektivliyini artırmaq problemi ilə yanaşı, hər il BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına dair müzakirələr də davam etdirilir. 

Qeyd edək ki, Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılması vacibdir. Yeri gəlmişkən, qətnamələrə əməl edilməsinə nail olmaq üçün sanksiyalarla yanaşı, kollektiv hərbi müdaxilə də nəzərdə tutulur və bunu unutmaq olmaz.

Beləliklə, bir tərəfdən, deyirlər ki, TŞ-nin daimi üzvlərinin az olması onun operativliyinin təminatıdır. Digər yandan isə, getdikcə daha çox politoloq və ekspert belə düşünür ki, İkinci Dünya müharibəsinin bitməsindən xeyli vaxt keçib və hazırkı "böyük beşlik" artıq dünya arenasındakı real qüvvələr nisbətini əks etdirmir.

Bu il sözügedən mövzuda daha radikal mövqeni Livanın qalmaqallı və qeyri-adi lideri Müəmmar Qəddafi ortaya qoydu. BMT üzvləri arasında qeyri-bərabərliyin olduğunu bəyan edən prezident bildirdi ki, Təhlükəsizlik Şurası tamamilə onun beş daimi üzvünün nəzarətindədir. Bu bəyanatının ardından BMT Nizamnaməsinin yazıldığı broşürü qurumun tribunasına atan Qəddafi bəyan etdi ki, həmin 5 dövlətin daimi üzvlüyü və veto hüququ nizamnaməyə ziddir və özündə "siyasi feodalizmi" əks etdirir.

Qəddafinin o qədər də yaxşı olmayan imicini kənara qoysaq, onun bəyanatında məntiqin olduğunu etiraf etməmək sadəcə mümkünsüzdür. Həqiqətən də, bəzən hətta TŞ-nin fəaliyyətini iflic edən daimi üzvlərin istisnasız veto hüququ xeyli tənqidlərə səbəb olur. O da qeyd olunmalıdır ki, qurumda veto bu və ya digər situasiyanın səbəbləri və ya gedişindən asılı olaraq yox, daha çox 5 dövlətin aralarındakı münasibətlərə əsasən qoyulur. Bu halda qətnamələrin aid olduğu dövlətlər sanki həmin ölkələrin "böyük oyun"ununda xırda pula çevrilir.

Bununla yanaşı, aydındır ki, BMT-nin gələcəyi bu quruma dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın münasibətindən asılıdır. Axı əks halda digər dövlətlərin bu beynəlxalq təşkilata inamı itir.

Bu və ya digər dövlətin BMT TŞ-nin göstərişlərinə əməl etməməsi də ciddi problemlər yaradan məqamlardan biridir. Məsələn, yaxşı məlumdur ki, Ermənistanın bu günədək BMT TŞ-nın qətnamələrini qulaqardına vurmasına rəğmən, hələ də heç bir cəza almayıb.

Hazırkı şəraitdə isə BMT TŞ-nin ya razılaşdırılmamış möv-qeyinə, ya da onun qeyri-effektivliyinə bariz nümunə kimi İranın nüvə proqramı ətrafında yaranmış situasiyanı da göstərmək olar. Bəzi KİV-də yer almış məlumatlara görə, ABŞ prezidentinin təhlükəsizliyini təmin edən Secret Service əməkdaşları Baş Assambleyanın iclasına qatılmaq üçün Nyu-Yorka gəlmiş İran prezidenti Mahmud Əhmədinejatın hərəkət marşrutunu diqqətlə izləyiblər ki, İslam Respublikasının rəhbəri ilə ABŞ prezidenti Barak Obama təsadüfən qarşılaşmasınlar. İran ətrafında situasiyanın necə inkişaf edəcəyi isə Tehran rəsmilərinin vasitəçi "altılıq"la (TŞ-nin 5 daimi üzvü və Almaniya) oktyabrın əvvəlində keçirəcəkləri görüşdən sonra bəlli olacaq.

İran prezidentinə gəlincə, o, Baş Assambleyadakı çıxışında həmişə olduğu kimi, yenə də Fransa və ABŞ-ın nümayəndə heyətinin iclas zalını tərk etmələrinə nail olub. Buna səbəb Əhmədinejatın "azğın dünya kapitalizmi erasının sona çatmaq üzrə olduğunu" və kapitalizmin "marksizimin taleyini yaşayacağını" bəyan etməsi idi. 

İran lideri çıxışı zamanı ölkəsinin nüvə proqramı haqda bilavasitə danışmayıb və yalnız onu qeyd edib ki, Tehran beynəlxalq təhlükəsizliyin təminində "səmimi və açıq tərəfdaşlara dostluq əlini uzatmağa" və bütün xalqlarla əməkdaşlığa hazırdır. 

İranın özünün "səmimi və açıq" olub-olmayacağına isə  Əhmədinejat aydınlıq gətirməyib...

Oktyabrın əvvəlində İranın nüvə proqramına dair aparılacaq danışıqlar iflasa uğrasa, Tehranı əlavə sərt sanksiyalar gözləyir. Hələliksə İranın dünya ictimaiyyəti qarşısında mövqelərindən geri çəkildiyini söyləmək olmaz - o, əvvəlkitək iddia edir ki, nüvə proqramı birmənalı şəkildə dinc xarakterlidir.

Bunun fonunda aydındır ki, İran probleminin diplomatik yolla həllinə nail olmaq üçün, ən azı, TŞ-nin bütün üzvlərinin mövqeləri razılaşdırılmalıdır.

"Mən bu gün Barak Obamaya dedim ki, biz İrana düzgün qərarın qəbul edilməsində köməklik göstərmək istəyirik. Tehrana sanksiyaların tətbiqinə gəlincə, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi sadədir: sanksiyalar nadir hallarda effektli nəticə versə də, ayrı-ayrı situasiyalarda onlara əl atılması qaçılmaz olur. Bu, seçim məsələsidir", - deyə Rusiya prezidenti Dmitri Medvedev Obama ilə görüşdən sonra verdiyi açıqlamada bildirib.

İndi çoxları ABŞ-ın Rusiyaya güzəştlərindən, hətta Obamanın Medvedevi sınamasından danışır... Lakin daha bir məqamı diqqətdən qaçırmaq olmaz: Çin də Rusiya nümunəsindən istifadə edəcəkmi? Digər tərəfdən, heç Moskvanın özü də hələlik bu haqda hər hansı dəqiq mövqe ortaya qoymayıb. Axı dərindən düşünsək, Qərbin İranla münasibətlərinin normallaşması Rusiya üçün o qədər də sərfəli deyil - çünki "uduş"a "nəhəng karbohidrogen qazancları" qoyulub...

Ərəb-İsrail münaqişəsi də TŞ-ni dəfələrlə dalana dirəyib. Baş Assambleyanın Nyu-Yorkda keçirilən 64-ci sessiyası çərçivəsində də ABŞ, İsrail və Fələstin liderləri arasında üçtərəfli görüş keçirilib. Müşahidəçilərin sözlərinə görə, müzakirələrin gedişində Obama bir qədər əsəbi təsir bağışlayıb. "Biz daha "bir addım irəli, iki addım geri" təcrübəsini davam etdirə bilmərik. Bu məsələdə uğur hamıdan asılıdır və problemin aradan qaldırılması üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemin həlli həyati əhəmiyyət daşıyır və bu, yalnız israillilər və fələstinlilər üçün vacib deyil. Bu, bütün dünya üçün həyati əhəmiyyət kəsb edən məsələdir", - deyə ABŞ prezidenti qəti şəkildə bildirib.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı Nyu-Yorkda keçirilmiş bu görüşü pisləyərək bildirib ki, Fələstin Muxtariyyəti Administrasiyasının rəhbəri Mahmud Abbas "bütün Fələstin xalqını təmsil edə bilməz"...

BMT-nin mənzil-qərargahında Təhlükəsizlik Şurasının tərk-silah və kütləvi qırğın silahlarının yayılmamasına həsr olunmuş sammiti də keçirilib. BMT TŞ-nin iclasına ilk dəfə olaraq, ABŞ prezidenti sədrlik edib - Obama toplantını sentyabrda TŞ-yə sədrlik edən ölkənin prezidenti kimi aparıb. 

Beləliklə, bu ilin sentyabrında BMT TŞ 1945-ci ildən indiyədək dövlət başçıları miqyasında özünün sayca 5-ci toplantısını keçirib. İclas hansısa konkret məsələlərə həsr olunmayıb və dövlət başçıları bu sahədə problemlərin aradan qaldırılması üçün qlobal yanaşmalardan danışıblar. TŞ-yə daxil olan 15 dövlətin rəhbərləri ABŞ-ın təklif etdiyi qətnaməni yekdilliklə dəstəkləyiblər. 

Qeyd edək ki, sənəddə nüvə tərk-silahının əsas prinsipləri yer alıb, nüvə silahının olmadığı dünyanın yaradılmasına çağırış əksini tapıb. Obama əmindir ki, TŞ-nin kütləvi qırğın silahlarının yayılmaması haqda müqavilənin şərtlərinin pozulmasına reaksiya vermək üçün lazımi "nüfuzu və məsuliyyəti" var.

Beləliklə, Baş Assambleyanın budəfəki toplantısı fəallığı və nəyisə dəyişməklə bağlı real istəyi ilə çoxlarını sevindirib. Həm Obama, həm Medvedev, həm də digər liderlər BMT-nin möhkəmlənməsini dəstəkləyiblər və bildiriblər ki, hazırda bu qurum beynəlxalq münasibətlərdəki çətin prosesləri hansısa formada idarə etmək üçün yeganə, alternativsiz mexanizmdir.

Maraqlıdır ki, bəzi müşahidəçilərin fikrincə, Obama Baş Assambleyadakı çıxışı zamanı faktiki olaraq, birqütblü dünyadan imtina edib və qlobal problemlərin həllində öz müttəfiqlərindən kömək istəyib. Ağ evin rəhbəri ABŞ-ın insanların öz müqəddəratını təyinetmə hüququna bundan sonra da dəstək verəcəyini bildirsə də, bununla yanaşı, qeyd edib ki, demokratiya ölkələrə kənardan gətirilə bilməz və hər bir ölkə öz şəxsi yolunu özü seçməlidir. Obama "heç bir yolun mükəmməl olmadığını" da əlavə edib. 

"Demokratiya ixracatçısı" olan Corc Buş administrasiyası ilə müqayisədə kəskin ziddiyyət ortadadır, elə deyilmi?

Obama, sanki Ağ evin bundan əvvəlki administrasiyası dövründəki problemlərlə "savaşmaqdadır". Lakin o, kompromislərə və qeyri-aqressiv qərarlara daha meyyillidir. Obama "övladlarımıza arzu etdiyimiz gələcəyin qurulması" üçün əsas saydığı məqamlar haqda da danışıb - bu, nüvə silahlarından imtina, sağlam ekologiya, güclü iqtisadiyyatdır.

Doğrudan da, Yer üzündə kimsə öz övladlarına Hollivudda çəkilmiş fəlakət-filmlərdə göstərilən od-alov içində olan, insan nəslinin kəsildiyi, robotların qiyam etdiyi bir dünyada yaşamasını istəməz.

Bəlkə, məhz bunun dərk edilməsi hazırkı siyasətçilərə daha hövsələli və məsuliyyətli olmağa kömək edəcək?

Kollektiv yanaşma olmadan bəşəriyyət qarşısında dayanmış problemlərin həlli mümkünsüzdür - dünyanın praktik olaraq, bütün ölkələrinə toxunmuş maliyyə böhranı, ekoloji fəsadlar, enerji təhlükəsizliyi, həmçinin terrorizmlə mübarizə bunu bir daha sübut edir. 

Maraqlara uyğun qurulmuş koalisiyalar indi də var və yəqin ki, gələcəkdə də olacaq. Lakin bununla yanaşı, planetimizdəki hər bir rejim və istənilən dövlət anlamalıdır ki, təklikdə hamı məğlub olacaq.


MƏSLƏHƏT GÖR:

498