
RAKETLƏR, SETRİFUQALAR VƏ "QIRĞI"LAR
Müəllif: Redaksiya
İran ətrafında situasiya gərginləşir. Bu ölkənin yaxın məsafəli raketləri ("Fateh", "Tondar", "Zilzal"), həmçinin ABŞ-ın regiondakı bazaları və İsrail ərazisini vurmaq iqtidarında olan "Şahab-3" və "Secal" ballistik raketlərini sınaqdan keçirməsinə dair xəbərlər dünya ictimaiyyətində Tehran rejiminin sülhməramlılığı haqda növbəti şübhələr yaradıb. İranın öz gücünü nümayiş etdirməsinə, nüvə proqramının dayandırılmasına ciddi şəkildə çalışan fövqəldövlətlərə Tehranın cavabı kimi də baxmaq olar.
BMT Təhlükəsizlik Şurası sentyabrın sonlarında nüvə silahının yayılmamasına dair müqavilənin üzvlərini öz öhdəliklərini tam yerinə yetirməyə çağıran qətnamə qəbul edib. Qətnamənin preampulasında TŞ-nin İran və Şimali Koreya ilə bağlı əvvəllər qəbul etdiyi sənədlərə, həmçinin onların nüvə proqramları ilə əlaqədar qüvvədə olan sanksiyalara istisnad edilir.
Lakin Tehranın ünvanına daha sərt xəbərdarlıq BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində ABŞ və Rusiya prezidentləri arasında keçirilmiş görüşdən sonra səsləndirilib. Rusiya prezidenti Dmitri Medvedev amerikalı həmkarı Barak Obama ilə Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyi məsələsində, demək olar ki, razılığa gəlib. Lakin Medvedev hesab edir ki, bu, İranın nüvə proqramının dinc xarakterli olduğunu sübut etməyəcəyi təqdirdə baş verməlidir.
Rusiya liderinin amerikalı həmkarı ilə razılaşmasının səbəbi bu kontekstdə elə bir ciddi əhəmiyyət daşımır. Lakin Medvedevin İranla bağlı sərt tonu ilə Vaşinqtonun Şərqi Avropada Hava Hücumundan Müdafiə (HHM) sistemi yerləşdirmək planından imtinası arasında əlaqənin olduğu şübhə doğurmur.
Tehranın Amerika-Rusiya xəbərdarlığına verdiyi cavab isə həm Medvedev, həm Obama, həm də Pittsburqda keçirilən G-20 sammitinə toplaşmış digər liderlər üçün əsl sürpriz oldu. Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ölkədə uranın zənginləşdirilməsini həyata keçirən ikinci zavodun da olması haqda məlumatlandırıb. İslam respublikasının Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi isə bildirib ki, "İran alimləri hazırda sentrifuqaların yeni nəsliniq sınaqdan keçirirlər".
Müəssisənin yeri, həmçinin orada quraşdırılmış sentrifuqaların sayı haqda heç bir məlumat verilməsə də, dünyanın bir sıra KİV-ində belə bir məlumat yayılıb ki, söhbət Qum şəhəri yaxınlığındakı uran zənginləşdirən zavoddan gedir. Məlumata görə, orada 3 min yeni tipli qaz sentrifuqasının quraşdırılması nəzərdə tutulub.
Ardınca raket sınağı keçirən Tehran bu addımı ilə nəhəng dövlətlərin sanksiya hədələrinə baxmayaraq, nüvə məsələsində heç bir güzəştə getməyəcəyini bir daha təsdiqləyib.
Qərb üçün (Obama-Medvedev görüşü göstərdi ki, yalnız onlar üçün yox) İranın əməlləri növbəti siqnaldır. Artıq dünyada əksəriyyət əmindir ki, Tehran uranın zənginləşdirilməsi prosesini elə bir mərhələyə çatdırıb ki, bu, ona 1 ildən sonra bir neçə nüvə partlayıcı qurğusu əldə etməyə imkan verəcək. Üstəlik, Tehranın nüvə silahını daşıya biləcək "Şahab-3" raketləri də var. Şübhəsiz ki, İranla beynəlxalq "altılıq" arasında danışıqlar Tehranın yeni zavodla bağlı etirafından əvvəlki dövrlə müqayisədə daha prinsipial və açıq xarakter alacaq. Problemin hərbi yolla həlli perspektivinə indiyədək kifayət qədər səbrlə yanaşan Barak Obamanın ilk dəfə bunun mümkünlüyünü dilə gətirməsi də təsadüfi deyil. Düzdür, Amerika administrasiyası anlayır ki, İrana qarşı yönəlmiş hərbi əməliyyatlar, Pentaqon rəhbəri Robert Geytsin dediyi kimi, "yalnız vaxt qazanmaq və Tehranın nüvə proqramını 1 ildən 3 ilədək ləngitməyə" kömək edərdi".
Qərb ekspertlərində narahatlıq yaradan daha bir məqam İran ərazisində hələ də kəşfiyyata məlum olmayan, həmçinin MAQATE-dən də gizli nüvə obyektlərinin ola biləcəyidir.
İran çox riskli oyuna gedib, onun iqtisadi və hərbi nəticələri gələcəkdə İslam Respublikasının vətəndaşlarında belə bir sual yarada bilər: bu oyun ona çəkilən zəhmətə dəyərdimi? Tehranın əməllərinə cavab olaraq, onun nüvə proqramının qarşısını almaq üçün qəti addımlar haqda düşünən yalnız beynəlxalq vasitəçilər deyil. İndi İsraildəki "qırğı"lar da yəhudi dövlətini yer üzündən silməklə hədələyən Tehrana önləyici zərbələr endirmək üçün əllərində olan əsasları ortaya çıxarırlar. İsrailin müdafiə naziri Ehud Barak ölkəsinin bu problemin heç bir həll variantını, o cümlədən, İrana hərbi müdaxiləni də istisna etmədiyini söyləyib.
Belə çıxır ki, tarixi kökləri Yaxın Şərq, daha geniş götürdükdə isə insan sivilizasiyasının yaranmasına gedib -çıxan hər iki ölkə regionu və bütünlükdə dünyanı böyük müharibə təhlükəsi ilə üz-üzə qoyur. Və indi dünya siyasətinin əsas prioriteti mümkün müharibəyə yol verməmək olmalıdır.
MƏSLƏHƏT GÖR: