24 Noyabr 2024

Bazar, 01:25

"HƏR İKİ CAHANI SIĞDIRAN" İNSAN

İnsanlar var ki, onlar haqqında belə demək olar: anadangəlmə maariflənmişlər. Və Mirzə Cəfər Topçubaşov belələrindən idi...

Müəllif:

17.03.2015

XIX əsr humanitar təfəkkürün gündoğar dövrü olub. Məhz həmin vaxt müasir fəlsəfə, sosiologiya, linqvistika, tarix və digər humanitar elmlərin əsas konsepsiyalarının təməli qoyulub. Rusiya imperiyasında inkişaf etmiş əsas istiqamətlərdən biri şərqşünaslıq idi. İmperiyanın daxilində yüzlərlə alim dilləri, adət-ənənələri, xalqların tarixini öyrənirdilər. Sadəcə, onlardan biri deyil, əksinə onların arasında ən yaxşı alim imici qazanan soydaşımız, hərtərəfli istedada malik görkəmli şəxsiyyət Mirzə Cəfər Topçubaşov olub.

 

Gözəl dillər dəryası 

Topçubaşovun Tiflisdə yaşayan ailəsi Gəncə əsillidir. Mirzə Cəfərin babası - Əli Mərdan gürcü çarları II İrakli və XII Georginin sarayında xidmət edib, topçu alayının rəisi və çar sarayının yerləşdiyi qalanın komendantı olub. Qardaşı Əli Əkbər hərbi xidmətə qəbul olunub və podporuçik rütbəsində xidmət edib. Bizə Əlimərdan bəy kimi tanınan qardaşı oğlu - görkəmli ictimai və dövlət xadimi, eyni zamanda ilk Azərbaycan Demokratik Respublikasının həmtəsisçisidir. Topçubaşovların soyadı ümumiyyətlə, Rusiyada böyük populyarlığa malik idi. Çünki bir çox dünya şöhrətli rusiyalı şərqşünaslar Mirzə Cəfər Topçubaşovun tələbələri olublar. 

"Mirzə Cəfər farsca təkcə düzgün deyil, həm də gözəl danışmağı öyrədirdi - bu o dərəcədə sezilirdi ki, Kazan müəllimlərinin fars dili bilikləri Mirzə Cəfərin tələbələrinə nəinki yanlış, həm də kobud və əsl fars dili deyil, ruhən tatar kimi görünürdü ", - deyə bu barədə onun tələbəsi, rus şərqşünası, professor Vasili Qriqoryev yazırdı. 

Mirzə Cəfər həyatının böyük hissəsini imperiyada ən iri (dünyada ən yaxşılarından biri) Sankt-Peterburq Dövlət Universitetində şərq dillərini tədris edib. Həmin dövrdə (söhbət XIX əsrin əvvəlindən gedir) rus şərqşünaslığı imperiya üçün dörd mühüm şərq dili ilə məşğul olurdu: ərəb, fars, türk və tatar. Və Mizə Cəfər bütün bu dilləri mükəmməl bilirdi. 1845-ci ildən başlayaraq Peterburq Universitetinin Şərq ədəbiyyatı kafedrasında tatar (Azərbaycan dili), gürcü və erməni dilləri və ədəbiyyatının tədrisinə başlanıldı. Hərçənd universitetin nizamnaməsinə uyğun olaraq Azərbaycan dilinin tədrisi hələ 1835-ci ildə başlamalı olsa da, bu proses ancaq 1845-ci ildə başlayıb. Türk dilinə gəldikdə isə bu, ancaq univeristetə rus şərqşünası, poliqlot, yazıçı və redaktor Osip Senkovskinin 1822-ci ildə gəlişi ilə ölü nöqtəsindən tərpəndi və burada Mirzə Cəfər onun yaxın məsləhətçisi oldu. Senkovski Mirzə Cəfərin təşəbbüsü ilə hətta "Taxta kukla" Azərbaycan nağılını rus dilinə tərcümə edir və onu dekabrçıların "Qütb ulduzu" almanaxında nəşr etdirir. 

V. Qriqoryev "Sankt-Peterburq universiteti mövcud olduğu ilk əlli il ərzində" adlı kitabında yazır ki, "Mirzə Cəfərin fars ədəbiyyatından mühazirələri hamını məftun edirdi, onun tələbələri fars dilinin olduqca tez öyrənirdilər". 1835-ci ildə Topçubaşov pensiya yaşına çatan professor-şərqşünas Fransua Bernar Şarmuanın vəzifəsini əvəz edir. Nəticədə, Fars dili və ədəbiyyatı kafedrasına rəhbərlik etməyə başlayır. Demək lazımdır ki, Mirzə Cəfər tələbələrinə nəinki fars dili və ədəbiyyatını, həm də xəttatlığın zəruri qaydalarını öyrədirdi. Qriqoryev həmçinin yazırdı ki, Mirzə Cəfərin tələbələri xəttatlığa, dillərtək müvəffəqiyyətlə yiyələnmişdilər. Xəttatlıq üzrə peşəkarlıq, məlum olduğu kimi, təhsil görmüş insanın Şərqdə əsas əlamətlərindən biri hesab olunurdu. Bu mənada Mirzə Cəfər sadəcə qüsursuz xəttat deyil, demək olar ki, rəssam idi. Bununla yanaşı, Mirzə Cəfər geniş istedada malik idi.

 

Şair və tərcüməçi

"Fars dili dərsində tələbələr bu son yarımildə bütün "Gülüstan"ı, Sədinin əsərlərini və Fərdi Edin Atarın "Pəndnamə"sinin 41-ci fəslini oxuyurdular"... Onların əksəriyyəti rus dilindən fars dilinə tərcümə ilə məşğul olurdular və bunun öhdəsindən son dərəcə uğurla gəlirdilər. Digərləri öz aralarında eləcə də müəllimləri ilə danışmaq səviyyəsində fars dilinə yiyələnirdilər; onların yaxşı tələffüzü müəllimləri Mirzə Cəfərin fəaliyyətinə və səylərinə olan hörməti daha da artırırdı". Bu raportu Xalq Maarifliyi Naziriyi üçün Topçubaşovun universitetdə işinin lap əvvəlində (həmin vaxt onun hələ 23 yaşı vardı) təhsil dairəsinin müdiri S. Uvarov yazıb. Şərqin əsl bələdçisi kimi, Mirzə Cəfər öz işini poeziya bilikləri olmadan təsəvvür etmirdi. O, həvəslə tələbələrinə şeirlər oxuyardı, onları özü tərcümə edərdi və tələbələrini də tərcümə ilə məşğul olmağa həvəsləndirərdi. O, bilirdi ki, şeirə bağlanmadan həqiqi şərqşünas olmaq mümkünsüzdür. Mirzə Cəfəri Şərqlə Qərb arasında mizrab adlandırmaq olardı. Və bu təkcə kadrların hazırlanmasını ehtiva etmir. O, dünyada ilk dəfə "İncil"i fars dilinə peşəkarcasına tərcümə edib. Avropalı şərqşünaslar onun bu işini o qədər yüksək qiymətləndirmişdilər ki, onu London Kral Asiya Cəmiyyətinin üzvü təyin ediblər.

Qeyd etmək lazımdır ki, Mirzə Cəfər səyləri, yüksək peşəkarlığı və sənətinə olan sevgisi sayəsinddə əksər rusları Şərqi sevməyə və anlamağa məcbur edib. Deməli, onun dostu, Moskva Universitetinin professoru olmuş P. Petrov, yazırdı: "Mirzə Cəfər mənə Hafizin bir sıra qəsidələrinin, qəzəllərinin sehrli mənalarını başa salanda, o zaman mən özümə dedim ki, onlardan ən yaxşılarını rus dilinə tərcümə edim və bunu mütləq həyata keçirim. Ya mən tamamilə şərqlənmişəm, ya da onlar, həqiqətən, ən yüksək poeziyanın möcüzəsidirlər". Mirzə Cəfər Şərq poeziyasının çoxsaylı ən yaxşı nümunələrini rus dilinə tərcümə edib: Attarın "Pəndnamə"sini, Sədinin "Büstan" və "Gülüstan"ı, Haifizin seçilmiş qəzəlləri, Cəlaləddin Ruminin bir neçə məsnəvisini, Firdovsinin "Şahnamə"sindən parçalar (bu son dərəcə böyük işdir və bir qədər sonra tam tərcümə edilib), "Təzkireyi-Mukin Xan"nın ayrı-ayrı hissələrini, Vəssafın "Tarix", habelə" Mahzen-ül-İnşa".

Yeri gəlmişkən, Topçubaşovun rəhbərliyi ilə artıq qeyd edilən Qriqoryev Qiyasəddin Xandəmirin "Həbib-üs -seyr" əsərinin bir hissəsi olan "Monqolların qədim dövrdən Teymurləngə qədər tarixləri" adlı əsərini tərcümə edib.

 

Diplomat

Topçubaşov Sankt-Peterburqa doğma Tiflisdən 1817-ci ildə lap gənc yaşlarında gəlib. O, ilk vaxtlar İran səfirliyində tərcüməçi kimi işləyib və ancaq sonra universitetdə işləməyə başlayıb. Bundan başqa, gəzirdi, diplomatlarla ünsiyyətdə olurdu və həqiqi gizli müşavir vəzifəsini tuturdu. Daha doğrusu, müasir anlamda siyasi məsləhətçi olub. Peterburq universiteti, Rusiya Arxeologiya Komissiyası və İmperiyanın Xarici İşlər Nazirliyinin Asiya departamentində uğurlu fəaliyyətinə görə Mirzə Cəfər II və III dərəcəli müqəddəs Anna, III dərəcəli müqəddəs Vladimir, I dərəcəli müqəddəs Stanislav və İranın məşhur "Şiri-Xurşid" ordenləri ilə mükafatlandırılıb.

 

Baxışları

"İncil"in tərcümə olunmasına və həyatının böyük hissəsini Peterburqda keçirməsinə baxmayaraq, Topçubaşov öz dinini dəyişməyib. Bütün "irəliləmiş" müsəlmanlar kimi - Nəsimi kimi Mirzə Cəfər sufi olub. Bundan başqa, bir çox maarifçi insanın sufi fəlsəfəsini sevməyi və anlamağında onun böyük rolu olub. Topçubaşov sufi məktəbinin poeziyasının bilicisi olub. Professor Veselovski yazırdı ki, Mirzə Cəfər sufi kimi Şərq poeziyasının pərəstişkarı olub. Sədi, Hafiz, Cəlaləddin Ruminin şerləri onun şərhlərində tələbələrə əsl zövq verirdi. 

Topçubaşov dünyasını dəyişməzdən əvvəl "Topçubaşov mükafatı"nın təsis edilməsi üçün 1000 rubl (həmin dövrdə bu böyük pul idi) həcmində beşfaizlik dövlət bank biletlərini öz fakültəsinə təqdim edib. O, inzibati-idarəetmə sahəsində xüsusi fərqlənən tələbələr üçün nəzərdə tutulmuşdu. Mükafatın faizləri iki ilə 100 rubl təşkil edirdi. İmperatorun razılığı və senatın qərarı ilə mükafat rəsmi status aldı və onun ölümündən sonra təqdim edildi. 

Məşhur Əlimərdan Sankt-Peterburqa gələndə, xeyli vaxt keçsə də, adı Peterburq İmperator Universitetinin tarixinə əbədi həkk olunmuş əmisi Mirzə Cəfəri, paytaxtın elmi və siyasi dairələrində böyük ehtiram və heyranlıqla xatırlayırdılar.


MƏSLƏHƏT GÖR:

762