24 Noyabr 2024

Bazar, 18:45

BİZNESİN GÖRÜNƏN YOLU

Rusiyada əcnəbi şirkətlər üçün əsas problem ümumi iqtisadi strategiyanın çətin anlaşılmasıdır

Müəllif:

17.03.2015

İstər kiçik, istər orta, istərsə də böyük bizneslə məşğul olan istənilən kəs, öz işinin strateji planlaşdırılmasında ən vacibi nə olduğuna dair suala cavab verəndə, aydın və tərəddüd etmədən deyəcək ki, bu, biznesinin idarə olunduğu ölkədəki siyasi qüvvələrin hərəkətlərini öncədən bilməsidir. Qalan hər şey ikinci dərəcəlidir. Bazarın mənfi konyunkturuna, valyutanın qeyri-sabitliyinə, bahalı maliyyə resurslarına və s. özünü uyğunlaşdırmaq olar. Bütün bunları müəyyən dəqiqliklə hesablamaq və inkişafın optimal modelini düzəltmək olar - əgər sən ölkədə baş verən prosesləri başa düşürsənsə.

Əl-qol ilə danışan Filip Peqoryenin emosional nitqini dinləyəndə, mən istəmədən gülümsəyir və yanımda oturanların da bu cür xeyirxah təbəssümlərini görürdüm. Martın 11-də Moskvada "İnvestRos" Rusiyaya sərmayələrin artırılmasının təmin edilməsi üzrə beynəlxalq konfransın keçirildiyi zalda ən müxtəlif biznes nümayəndələri, qanun yaradanlar və məmurlar oturmuşdular. Onların hər biri fransızın sözlərini özü bildiyi kimi anlayırdı. Bəziləri onun dəlillərilə razılaşırdı, bəziləri isə yox. Lakin sonda hamı həmrəylik göstərirdi. Peqorye isə sadə şeylərdən danışırdı. Biz avropalıyıq, lakin Rusiyada biznes aparan zaman bu ölkənin, onun xalqının bir hissəsi oluruq. Biz siyasətdən kənarıq. Bizi ancaq iqtisadi mənfəət maraqlandırır. Əgər bizi Rusiyanın sərvətləri sayəsində varlanan quzğun sayırsınızsa - okey, problem yoxdur. Bizə bunu etməyi qadağan edən qanunlar qəbul edin. Bizi öz tərəfdaşınız hesab edin, bizə bunu həmin qanunlar sayəsində hiss etməyə imkan verin. Lakin söz verin! Dövlətin birinci adamı ölkəyə inanmağa çağıranda, Dövlət Dumasının isə demək olar ki, hər ay bir-birinə zidd qanunlar qəbul edəndə biz anlamırıq. Sonradan biz uzun müddət "bu və ya digər qanun və ya ona düzəliş nə deməkdir?" sualı ilə müxtəlif instansiyalara qaçırıq.

2014-cü ilin mayında Filip Peqoryeni Rusiyada ən iri xarici biznes assosiasiyası olan Avropa Biznesi Assosiasiyası (ABA) idarə heyətinin sədri seçiblər. Hazırda quruma 650-dən çox Avropa şirkəti daxildir. Rusiya ABŞ və Çindən sonra Avropa İttifaqının üçüncü ən iri ticari-iqtisadi tərəfdaşıdır. Aİ-yə RF-in ticarət dövriyyəsinin, təxminən, 50%-i düşür. Avropa İttifaqı, həmçinin Rusiyanın ən iri xarici sərmayəçisidir. Bu assosiasiyanın şefinin vəzifələrinə Avropa şirkətlərinin Rusiya bazarına inteqrasiyası etməsinə köməklik göstərmək daxildir. O, özü bunu etməyə şad olardı, amma onun özünün suallardan başı gicəllənir. O, bunu açıq-aşkar çıxışı zamanı göstərirdi. Mən, Şərq adamı kimi, onun jestikulyasiyasını, demək olar ki, səhvsiz başa düşürdüm.

Nadir təsadüf, lakin öz nitqində fransız həmin ötən ilin may ayını xatırlayırdı. Şəxsən onun üçün yaddaqalan ayda Rusiya prezidenti Peterburq İqtisadi Forumunda çıxış edib. Forumun şüarı "Dəyişikliklər dövründə etimadın möhkəmləndirilməsi" idi və Vladimir Putin xarici sərmayəçiləri təzyiqə uymamağa və Rusiya ilə öz xeyri nöqteyi-nəzərindən işləməyə çağırıb. Şəxsi mənfəəti barədə artıq bu ilin martın 11-də Avropa biznesin nümayəndəsi də danışırdı. O, Rusiyanı da öz xeyrini müəyyənləşdirməyə dəvət edirdi. Belə olan halda ortaq dil tapmaq mümkün olacaq. Hər şeydə...

Sərmayə konfransının hər halda Rusiya hakimiyyətinin uzun illər ərzində iqtisadiyyatda yığılan problemlərin həll edilməsi cəhdlərində müsbət dinamika yaratdığını desəm, yanılmaram. Həm qanunverici (konfrans Dövlət Dumasının hamiliyilə keçib), həm də biznes dairələrin nümayəndələri bir səs kimi dövlətin kiçik və orta sahibkarlığa diqqətinin dəyişməsini qeyd edirdi.

Uzun müddət ərzində neftin yüksək qiymətlərə köklənməsi Rusiyada xammal iqtisadiyyatının deyil, xammal müstəmləkə iqtisadiyyatının yaranmasına gətirib çıxarıb. Bu, bir dollarlıq xammalın 1,5-2 dollarlıq mal istehsal olunduğu zamanda baş verir. Müqayisə üçün: Avstraliyada - 6, Kanadada - 8, Avropa İttifaqında - 11, ABŞ-da - 13.

Müxtəlif ekspertlərin müasir çağırışlarına cavab verməyən Rusiya iqtisadiyyatının onun indiki strukturunda görəcəkləri barədə proqnozların sayı-hesabı yoxdur. Kapitalın güclənən qaçışı, ölkənin məhdudlaşan qızıl-valyuta ehtiyatları və əriyən ehtiyat fondu buna nümunədir. Rusiya neftin "vaxtında" baş verən düşməsi ilə güclənən sanksiyalara dözməyəcək. Bir tərəfdən işsizlik, kölgə iqtisadiyyatının sürətlə artımı, digər tərəfdən maaşların real ixtisarı, inflyasiya və digər buna bənzər məsələlər, yəni bu hələ harasıdır...

"Stratfor" amerikan analitik mərkəzin yaxın 10 ilə olan yeni fevral proqnozu, ümumiyyətlə, unikaldır. Burada Rusiyanın perspektivləri, açıq danışsaq, məyusedicidir - nəinki iqtisadiyyatın, həm də özlüyündə dövlət quruculuğunun süqutu... Vaxtilə Pekində 2008-ci il Yay Olimpiya Oyunlarının keçirilməsindən sonra Çin iqtisadiyyatının süqutuna vəd verən Corc Fridmana xüsusilə inanmayacağıq.

Ələlxüsus da, son aylar Rusiya iqtisadiyyatının perspektivləri haqda beynəlxalq proqnozlarda neqativlə yanaşı, nikbin notlar da yaranıb. Müxtəlif izahlar verilir. 

Məsələn, Dünya Bankının (DB) tərtib etdiyi "Doing Business-2015" reytinqində Rusiya iki bənd yüksələrək - 62-ci yerə qədər qalxıb. Onun reytinqinin nəticələrinə daha çox təsir edən indikatorlar "Müəssisələrin qeydiyyatdan keçirilməsi" (54 pilləlik artım - 88-ci pillədən 34-dək), "Kreditləşmə" (48-ci yerə yüksəlmə - 109-dan 61-ə), "Tikintiyə icazə alınması" (22 pilləlik artım - 178-dən 156-ya qədər). 

"Capital Economics" Britaniya Tədqiqat Mərkəzinin analitikləri yarım ildə bir dəfə inkişaf etməkdə olan iqtisadiyyata malik 25 ölkədə maliyyə böhranı ehtimalını qiymətləndirirlər. Onlar beş parametri nəzərə alırlar: səhmlər bazarının dinamikasını, ölkənin ticarət balansını, xarici borcun səviyyəsini, özəl sektorun borc yükünü və valyutanın real məzənnəsini. Həddin 5 bal üstələnməsi (maksimal 10-dan) o deməkdir ki, ölkə böhranqabağı vəziyyətdədir. Odur ki, Rusiya 3,3 balı ilə cəmi 20-ci yeri tutur. Venesuela (8,3 bal), Bolqarıstan (6) və Tailandla Çin (5,7 olmaqla) "liderlik" edir. Bu reytinq Rusiyanın hazırkı iqtisadi vəziyyətini defolt gözləmədiyindən xəbər verir. Hərçənd ötən il 5,5 balla ona yaxınlaşırdı.

Və lap təzə xəbər. Həm də rəylərindən beynəlxalq maliyyə institutları tərəfindən iltifatlı və ya neqativ münasibət asılı olan üç beynəlxalq reytinq agentliyinin birindən. "Bloomberg" agentliyi xəbər verir ki, "Fitch" artıq apreldə Rusiyanın investisiya reytinqini artım istiqamətində yenidən nəzərdən keçirə bilər. Yanvarın ortasında agentlik Rusiyanın reytinqini investisiya səviyyəsinin ən aşağı pilləsinə - neqativ proqnozla "BBB-"yə endirmişdi. Yeri gəlmişkən, "Moody's" və "Standard & Poor's" reytinq agentliyi RF-in reytinqini "zibil" səviyyəsinə endirmişdi. "Fitch"in ekspertlərinin fikrincə, 360 mlrd. dolları üstələyən ehtiyatların həcmi böhranın qarşısını almaq üçün yetərlidir. Tədiyyə balansının profisitinin artması və daha real büdcə reytinqi üçün daha dəstəkləyici əlamətlər sayıla bilər. 

Agentlik ehtimal edir ki, Rusiyanın güclü start mövqeyi var və aprel ayına bu müsbət amillərin vəziyyətə təsir edib-etmədiyi tam müəyyənləşəcək.

Ölkə iqtisadiyyatının dirçəlməsi üçün çoxsaylı məqamlar mövcuddur. İstənilən ölkənin, nə cür fəlakətli şəraitdə olmasına baxmayaraq bunlar həmişə olur. Qərb ölkələri ilə əlaqələrin bütün mürəkkəbliyinə baxmayaraq, Rusiya tam təcrid olunmayıb. Onunla işgüzar münasibətlər qurmaq istəyirlər, Rusiya isə öz növbəsində istər xarici, istərsə də daxili investisiyalara kəskin ehtiyac duyur.

"Əsas problem - ümumilikdə, siyasətə inamın tamamilə olmamasıdır. Strategiya yoxdur, heç bir günlük siyasət də yoxdur. Nə qədər qərar sistemsiz şəkildə verilir: ticarət yığımı üzrə, deoffşorlaşdırma, pensiya yığımları, valyutada vergi hesablarına əlavə nəzarət üzrə, hüquq mühafizə səlahiyyətləri üzrə və s. investorlar aldadılıblar, onlar bütün bu qərarları ölçüb-biçirlər: bax, bu anlaşılmır, bu qorxudur, bax, bu əksinə olacaq, burada inzibati və ya hüquq mühafizə təzyiqi artacaq, bu da tarqetinqlənmə (inflyasiyanın səviyyəsi üzərində nəzarət) - sanki yaxşıdır, kapitalın hərəkətinin saxlanılması - da. Ortamüddətli şərait üçün mənfilər müsbətlərdən daha çoxdur. Deməli, investisiyalar azalacaq. Beləliklə, əvvəlcə axıra qədər düşünülmüş strategiya ilə deyil, ən azından etimadın artırılması üzrə nümayişkaranə tədbirlər ilə kifayətlənmək olar. Bəzən artıqlaması ilə də olar. Əks təqdirdə, digər ciddi tədbirləri heç kim ciddi qəbul etməyəcək", - bu sözlər RF-in keçmiş maliyyə naziri, indi isə ölkə prezidentinin müşavirlərindən biri Aleksey Kudrinə məxsusdur. Güman edirəm ki, bax burda etimad barədə danışan fransız Peqoryeni susaraq dinləyənlər də ürəklərində onunla razılaşırdılar. Və "İnvestRos"da bu sözlərin ünvanlandığı kəslər, güman ki, onlardan nəticə çıxardılar.


MƏSLƏHƏT GÖR:

733