14 Mart 2025

Cümə, 20:57

HANNOVER HESABI İLƏ

“DÇ-2010”-un Finlandiya və Almaniyaya qarşı keçirilmiş iki seçmə oyununda Azərbaycan yığması ümumilikdə 1:6 hesabı ilə məğlub oldu

Müəllif:

15.09.2009

Futbol üzrə Azərbaycan milli komandası 2010-cu ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində hələ də qələbə qazana bilməyib. 4 gün intervalla Finlandiya və Almaniyaya qarşı iki qarşılaşmaya çıxan millinin əldə etdiyi nəticələr bir-birindən fərqlənmir - hər iki matçda Berti Foqtsun yetirmələri məğlub olub. Nəticədə komandamız Suomi ilə heç-heçə oynayan Lixtenşteyni də özündən önə buraxaraq, qrupda sonuncu yerə endi.

 

İki oyunda 1:6

Son zamanlar bu seçmə mərhələdə, ümumiyyətlə, ümidsiz təsir bağışlayan milli üçün məğlubiyyət vizit vərəqəsinə çevrilib. Komanda finlər üzərində qələbə qazanmağa çox yaxın olsa da, qol vəziyyətlərinin reallaşdırılması məqamındakı bəxtsizlik (və ya bacarıqsızlıq) yığmaya bu işin öhdəsindən gəlməyə imkan vermədi. Futbolda daim aksiom sayılan "vurmayana vurarlar" prinsipi, demək olar ki, hər qarşılaşmada bizə qarşı işləyir və rəqib bir-birindən anlaşılmaz qollara imza atır. Daha dəqiq desək, Azərbaycan millisinin müdafiəsi rəqibin öz planlarını həyata keçirməsini xeyli asanlaşdırır və odur ki, millimizin qapısına yol tapmaq o qədər də ciddi problem olmur. Son qarşılaşmalar, həmçinin Lənkəranda Finlandiya yığması ilə keçirilən matç da bunu bir daha sübut etdi. Düzdür, həmin oyunda millimiz bu seçmə mərhələdəki ilk qolunu vura bildi. Bu işin öhdəsindən "Qarabağ"ın heyətində mövsümə əla başlayaraq, Avropa Liqasında "Xonki"nin qapısından 2 top keçirmiş Elvin Məmmədov gəldi. Lakin qələbə hesabını qoruyub saxlamaq mümkün olmadı və finlər məntiqsiz 2 qol vurmaqla futbolda nəyin vacib olduğunu sübut etdilər. Söhbət tablodakı hesabdan gedir. Orada isə qarşılaşmanın sonunda qonaqları tam qane edən 1:2 hesabı yazılmışdı.

Üçqat dünya çempionu Almaniyanın "yuvası"na - Hannoverə səfər daha çətin alındı. Buna baxmayaraq, millimizin baş məşqçisi Berti Foqts cəsarətlənərək qarşılaşmadan əvvəl bildirirdi ki, yığma Almaniyaya yalnız qələbə ardınca gedir. Əlbəttə, bu niyyəti alqışlamağa dəyər. Lakin hər kəsə aydırdır ki, bu cür yanaşma, sadəcə, fantastikadır. Bakıda Lixtenşteynlə bacarmayan komandanın almanlarla səfərdə heç-heçə oynaması belə, realdırmı? Cavabı, həm də hamıya aydın olan cavabı qarşılaşma özü verib. Bundestim komandamıza pulsuz futbol dərsi keçərək, qapımıza istənilən zövqə uyğun qol vurub.

Əslində, qarşılaşmanın taleyi ilk yarının ilk dəqiqələrində, Mixael Ballakın penaltidən vurduğu qoldan sonra həll edilib. Sonradan isə qonaqların müdafiəsi rəqibə sadəcə qolları "ştamplamaqda" kömək edib. Bu işə ikinci hissədə meydandan qovulmuş kapitan Samir Abbasov da öz "töhfəsi"ni verib. Bir daha aydın olub ki, zədəli Rəşad Sadıqovun yoxluğunda millimizin müdafiəsi açıq qapını xatırladır. Sevindirici olan yeganə məqam artıq "Köln"ün maraq dairəsinə düşmüş qapıçı Kamran Ağayevin parlaq oyunudur. O, işinin öhdəsindən "5"ə layiq gəlib və buraxılmış qollarda da Kamranın günahı yoxdur. Qolkiperi qarşılaşmanın ən yaxşı oyunçusu adlandırmaq olar.

Qeyd edək ki, yekunda qeydə alınan 0:4 hesablı məğlubiyyət bizim üçün heç də ən pis sonluq olmayıb. İstənilən halda sürət də daxil olmaqla, birmənalı şəkildə yüksək səviyyə nümayiş etdirən komandalara qarşı mübarizə aparmaq hər zaman çətin olur. Bundestim öz zövqü üçün oynadı, onun qazmaçısı isə dubla imza atan Mirovlav Kloze oldu. 

Bununla yanaşı, qonaqlar xüsusilə ilk yarıda rəqibin qapısına doğru bir neçə yaxşı həmlə edə biliblər və Almaniyanın qapıçısı Rene Adler olmasaydı, futbolçularımız "quru hesab"la məğlubiyyətdən qaça bilərdilər. Lakin rəqibin əsas qapıçısı Roberto Enkenin qrip olması üzündən qapıda onu əvəzləyən Adler, xüsusilə, Aleksandr Çertaqanov və Mahir Şükürovun fərqlənməsinə imkan verməyib.

Almanların matçın gedişində etdiyi əvəzləmələr - Kloze və Bek isə əla oynayıblar. Yeri gəlmişkən, ikinci qol Miroslavın millinin forması ilə vurduğu 47-ci qol oldu və bu göstəricidə o, Rudi Föller və Yurgen Klinsmanna çatdı.

 

Foqtsun limiti 

Son uğursuzluqlar B.Foqsun AFFA ilə daha bir mərhələ üçün müqaviləni uzatmaq perspektivinə ciddi zərbə vurub. Onun rəhbərliyi altında milli özünün ən bərbad seçmə mərhələlərindən birini yaşayır və hələ qarşıda Lixtenşteynlə səfərdə, Rusiya ilə Bakıda keçiriləcək qarşılaşmalar var. Son zamanlar alman mütəxəssis kifayət qədər səs-küylü bəyanatlar səsləndirsə də, bütün bunlar sadəcə havaya deyilən sözlər idi. Almaniya üzərində qələbə, Avro-2012-nin finalına vəsiqə - deyəsən Bundestimə yox, Azərbaycan millisinə rəhbərlik etdiyini unutmuş Foqtsun ideyaları bunlar idi. Hərdən adama elə gəlir ki, məşqçi, ümumiyyətlə, reallıq hissini itirib. 

Maraqlıdır ki, 1996-cı ildə Almaniya millisi ilə Avropa Kubokunu qazandıqdan sonra Foqts bir məşqçi olaraq heç bir uğura imza atmayıb - özünü nə Şotlandiya, nə də Nigeriya yığmalarının "sükanı arxasında" göstərə bilib və Azərbaycandakı fəaliyyəti də hələ ki yalnız onun bacarıqsızlığını göstərir.

Qeyd edək ki, AFFA bir müddət əvvəl məhz almaniyalı mütəxəssisin "pas"ı ilə milli birincilikdə legioner limitini sərtləşdirib. Əvvəllər belə limit, ümumiyyətlə, yox idi, klubların əsas heyətində hətta 11 əcnəbinin meydana çıxmasına icazə verilirdi. Amma 2010/-11 mövsümündə vəziyyət fərqli olacaq. B.Foqts bu mövzuda danışan zaman bildirib ki, o, milliyə oyunçu seçməkdə çətinlik çəkir. 

Əslində, almaniyalı mütəxəssisin bu mövqeyi başadüşüləndir. Avropa kuboklarında uğurla çıxış edən "Bakı"nın heyətinin tamamilə əcnəbilərdən ibarət olması real durumu aydın şəkildə göstərir. Çempionlar Liqasının qarşılaşmalarında klubun heyətində meydana çıxan yeganə yerli futbolçu Bəxtiyar Sultanov olub. 

Odur ki, legionerlərə tətbiq ediləcək limiti nəzərə alaraq, Azərbaycan çempionu yeni transfer strategiyası müəyyənləşdirməlidir.

Futbol qütbünün digər tərəfindəki "Qarabağ" isə Avropada əcnəbilərin xidmətindən istifadə etmədən də uğur qazanmağın mümkünlüyünü göstərib. Albaniyalı müdafiəçi Admir Telli klubda yeganə legionerdi. Məhz bu səbəbdən Qurban Qurbanovun yetirmələrinin uğuru xüsusi diqqətə layiqdir. B.Foqts da məhz buna görə Almaniya ilə qarşılaşmada üstünlüyü əsasən "Qarabağ"ın oyunçularına verib və məhz onlar rəqib qapısı önündə təhlükəli anlar yarada biliblər.

Qeyd edək ki, vaxtilə legionerlərə limitin tətbiqinin aradan qaldırılması yalnız milli çempionatın səviyyəsinin yüksəldilməsi ilə yox, həm də yerli futbolçuların qiymətinin bir qədər azaldılması məqsədi daşıyırdı. Əksər mütəxəssislər yerli futbolçuların qiymətinin çox yüksək olduğunu düşünür. İndi isə fərqli situasiya yaranıb. Çempionatdakı rəqabət və klubların beynəlxalq arenadakı uğuru AFFA-nın aralıq məqsədinə nail olduğunu, artıq strategiyanı dəyişməyin zamanı çatdığını göstərir. 

Bununla yanaşı, milli komanda ehtiyat skamyasına malik deyil və bu da, təbii ki, rəqabətin olmamasına gətirib çıxarır.

Maraqlıdır ki, son illər ərzində Azərbaycan çempionatında legionerlərlə bağlı limit məsələsində 3 dəfə dəyişiklik edilib. Əvvəlcə eyni vaxtda meydanda 5 əcnəbi oyunçunun olmasına icazə verilirdi, sonradan "3+2" (3-ü meydanda, 2-si ehtiyatda) formatına keçildi. Sonda isə bir çox futbol klublarının təzyiqi nəticəsində AFFA xarici dövlətlərin legioner limitinin artırılması ilə bağlı təcrübəsini öyrənməyə qərar verdi. 

Bu məsələdə "böyük beşlik"ə daxil olan İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransanın futbol infrastrukturunu nəzərə alsaq, onların təcrübəsi bizə uyğun gəlmir. 

Odur ki, assosiasiya ilk növbədə diqqəti MDB və Şərqi Avropa ölkələrinin futbol çempionatındakı vəziyyətə yönəldib və nəticədə Azərbaycan futbolu üçün son dərəcə vacib olan qərar qəbul olunub.

Dünya çempionatının seçmə mərhələsinə qayıdaraq, qeyd edək ki, Hollandiya millisinin ardınca, İngiltərə və İspaniya da məqsədinə çatıb və CAR-a vəsiqə əldə edib. Almaniya isə hələ dünya birinciliyinə birbaşa vəsiqə uğrunda Moskvada Rusiya ilə münasibətləri aydınlaşdırmalıdır. Bundestimin baş məşqçisi Yoahim Lev bildirib ki, sözügedən qarşılaşmada xal itirəcəkləri təqdirdə Azərbaycanın köməyinə bel bağlayacaqlar. Axı, Rusiya millisi seçmə mərhələnin son matçını Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək. 

Hələ də Azərbaycan millisinə inanan insanların olması hər halda, xoşdur. Amma görünən odur ki, komanda özünün etimad limitini keçir və bəlkə də artıq keçib.


MƏSLƏHƏT GÖR:

384