Müəllif: Sabirə MUSTAFAYEVA BAKI
Yenə sual yaranır: niyə onlarda elədir, bizdə belə? Yəni "onlarda elə" yaxşıdır, "bizdə isə belə də" yaxşı deyil. Bu məsələ ABŞ-dan olan qonağın öz söhbətində Vaşinqtondakı uşaq oyun meydançalarının necə parlaq və gözəl olmasından danışması ilə başladı. Qonaq bədii-publisistik ifadələrlə bildirdi ki, həmin meydançalar uşaqlarda həm fantaziyanı inkişaf etdirir, eyni zamanda həm də ətraf mənzərə ilə harmonik şəkildə uzlaşır. Bu, uşaqların ümumi inkişafı üçün çox önəmlidir. ABŞ-da uşaq meydançalarındakı avadanlığın təhlükəsizlik məsələsi də çox önəmlidir.
Buna görə də, demək olar ki, havadakı bütün oyun qurğuları - yelləncəklər, təpələr, karusellər, yırğalanan kürsülər, sürünmə cığırları, trenajorlar, maneələr, labirintlər və uşaqların çox sevdiyi başqa qurğular da plastik və ağac materiallardan düzəldilib.Onların hamısının üzərinə yumşaq örtük çəkilib ki, uşaqlar yıxılanda zərbənin təsiri minimuma ensin. Həmçinin uşaq meydançalarındakı qurğuların hissələri və qoşvaqları, eləcə də ümumi konstruksiyası möhkəm və dayanıqlıdır. Metal qaynaq yerlərinin çapıqları və ağac səthlərinin qovşaqları mükəmməl şəkildə təmizlənib və pardaxlanıb.
Təhlükəsiz uşaqlıq
"Amerikada belə oyun meydançaları, demək olar ki, bütün parklarda var. Parklar da ki bütün bələdiyyə dairələrində mövcuddur. Əvvəlcə onların cəlbedici xarici görkəmi məni qorxudurdu - düşünürdüm ki, onlara daxil olmaq pulludur və az vəsait tələb etməz. Amma mən öz uşağımı bu cür cənnət məkanında oynamaq sevincindən məhrum etmək fikrində deyildim. Mən öz qızımla əyləncə meydançasının ərazisinə daxil olanda heç kim məndən giriş pulu istəmədi. Sonra anladım ki, burada hər şey pulsuzdur, təkcə həmin meydançalarda satılan yeməklər və buterbrodlar istisnadır, uşağına yemək götürməyi unutmuş analar problemlərini həll edə bilərlər. Müxtəlif çeşidli ərzaqlar - hamburger, dondurma, konfet və digər məhsullar meyvə şəklində olan səyyar konteynerlərdə satılır.
Hər tərəf təmizdir, böyük çəmənlikdə çox sayda ağaclar var. Analar öz uşaqları ilə uşaq meydançalarında, demək olar ki, bütün günlərini keçirə bilərlər, adətən yalnız gündüz vaxtı yatmağa gedirlər. Bu bir növ gündəlik gəzintiyə - valideynlər üçün istirahətə, uşaqlardan ötrü isə maraqlı əyləncəyə çevrilib. Ona görə istirahət adlandırırıq ki, ana öz uşağını oynamağa buraxandan sonra onun təhlükəsizliyinə tam əmin ola bilir, çünki onu addım-addım izləməyə, yıxılıb əziləcəyindən ehtiyat etməyə gərək qalmır, sadəcə müşahidə yetərlidir. Uşaqlar da, demək olar ki, hətta bələkdə ikən müstəqil olmağa alışırlar", - deyə həmsöhbətimiz bildirir.
Şəhər parklarında uşaq meydançalarının olması ABŞ üçün normaldır və onların durumuna bələdiyyələr nəzarət edir, büdcəsi isə vətəndaşların vergi ödəmələri hesabına formalaşır, müəyyən qədər də dövlət dotasiyası verilir. Bunu hər şeylə maraqlanan həmsöhbətimiz ortaya çıxarıb. Onun fikrincə, bu təcrübə Azərbaycan üçün də yararlı ola bilər və o, haqlıdır. Heç kəsə sirr deyil ki, Bakı həyətlərindəki uşaq meydançalarının vəziyyəti çox acınacaqlıdır. Nəzərə almaq lazımdır ki, bu tip uşaq meydançalarının ən yaxşı vəziyyətdə olanları Rusiyadadır və bu ölkədə artıq çoxdan oyun meydançalarında uşaq ölümü ilə bağlı kədərli statistika aparılır. Ona görə də ümidimiz yalnız Allaha qalır, çünki bizim uşaq meydançalarımızda vəziyyət qat-qat acınacaqlıdır.
Bəllidir ki, istənilən problemin həlli zamanı rəqəmlərə üz tutmaq daha əlverişlidir. Bu məsələdə isə rəqəmlər dəhşət doğurur. Bakı Şəhər İcra Hakimiyyəti (İH) və başqa rayonların İH-ləri bunun statistikasını aparmadıqlarına görə, Rusiya reallıqlarına müraciət etməyə məcburuq. Rusiyada təkcə keçən il oyun meydançalarında 40 min adam həlak olub. Hər il 40 min uşaq oyun zamana zədə alır. Bu rəqəmlər yol nəqliyyat hadisələri zamanı qeydə alınan göstəricilərdən də yüksəkdir.
Uşaq oyun meydançalarında bədbəxt hadisələrin çoxu avadanlığın təhlükəli həddə çatması, oyun konstruksiyasının quruluşunun düzgün olmaması, həmçinin avadanlığın təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə bağlıdır. Rusiyanın "Komsomolskaya pravda" qəzeti metal "göy qurşağı" pilləkəninin altında qalan qızın ölümcül zədə alması barədə yazandan sonra vəziyyət daha da qorxulu şəkil alıb, çünki bizim uşaq oyun meydançalarımızda da bu cür pilləkənlər var və əksəriyyəti də yaxşı bərkidilməyib.
MİS, yoxsa bələdiyyə?
Bakıda uşaq meydançalarının təhlükəsizlik normalarına uyğunluğu yoxlanılmır. Bunu adi gözlə də görmək olar, pozuntular yetərincədir, yelləncəklərdə oturacaqlar belə yoxdur. Vəziyyət çox ciddidir: bir həyətdə uşaq meydançasındakı "turnik" böyürü üstə yıxılmışdı, ikincidə metal təpəcikdə artıq qaynaq yerləri qopmuşdu və metal vərəqlərin tilləri təhlükəli şəkildə yuxarı çıxmışdı. Konstruksiyanın özünün bu gün - sabah çökəcəyi görünürdü.
Əgər uşaqlar burada oynamağa davam etsələr, nə olacaq? Elə həyətlər var ki, sökülmüş metal uşaq çardaqlarının bünövrədən çıxan iti ucları yerdə olduğu kimi qalıb. Şəhərimizdə bu cür pozuntular çox saydadır. Nümunə həyətlərin say, demək olar ki, azdır. Onlarda isə uşaq meydançalarındakı avadanlığın üzərində yumşaq örtüyün çəkilməsindən, plastik və ağacdan istehsal edilmiş yelləncəklərdən danışmağa dəyməz. Yəni tam bir ekstrim halıdır. Ən dəhşətlisi isə odur ki, Bakıda oyun meydançalarında uşaqların təhlükəsizliyinə cavabdeh olan elə bir idarə yoxdur. Çünki bələdiyyələrlə icra hakimiyyətləri arasında səlahiyyətlərin bölünməsi məsələsi ilə bağlı hələ də tam bir anlaşılmazlıq hökm sürür.
Qaradağ rayonunun Müşviqabad qəsəbəsinin bələdiyyə başçısı "Region plus"la söhbətində bildirib ki, onlarda uşaq meydançalırına xidmət üçün vəsait yoxdur, modernləşdirmədən söhbət açmağa belə dəyməz.
"Həm də bizim səlahiyyətimizdə olan əraziləri, çətin ki, uşaq oyun meydançaları adlandırmaq mümkündür. Bunlar daha çox futbol meydançalarıdır. Düzdür qapılar durur, amma bilmirəm, möhkəmdirlər, yoxsa, yox. Bəzən bələdiyyələr arasında gənclərin futbol yarışları keçirilir. Bu baş verəndə hər şeyə təcili yardım həkimləri nəzarət edirlər, onları biz çağırırıq. Meydançanın özü də qumla örtülüb. Qanuna görə, uşaq oyun meydançaları üzərində nəzarəti bələdiyyələr həyata keçirməlidir. Amma faktik olaraq səlahiyyətlərin bölünməsi hələ ki gerçəkləşdirilməyib. İndiyə kimi həyətlərin çoxuna Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin (MKD) Mənzil-İstismar İdarəsi xidmət göstərir. Bunlar kooperativlər də ola bilər. Deməli, tələb onlarınkıdır. Uşaq meydançalarının saxlanması haqqı mənzil haqqına daxildir. Sakinlər bəllidir ki, hər ay mənzil haqqı ödəyirlər. MİS-lər də həmin pulların hesabına meydançaları normal durumda saxlamalıdırlar", - deyə bələdiyyə başçısı vurğulayıb.
Bakı İH-dən isə bunun əksinə olaraq, bildirdilər ki, uşaq meydançalarına xidmət bələdiyyələrin işidir: "MİS yalnız həyətlərin təmizliyinə, zibilin vaxtında yığılmasına, mənzillərə xidmət edilməsinə cavabdehdir. Biz uşaq meydançaları üçün yeni avadanlıq alınması ilə məşğul ola bilmərik".
Buna görə də uşaq meydançalarında avadanlıqla bağlı Azərbaycanın milli standartlarından danışmaq yetərincə gülməli görünə bilər. Böyük ehtimalla sovet illərindən bu yana sözügedən məsələyə baxılmayıb, metal konstruksiyalar, sərt səthlər və sair ekstrim növləri hələ də qalmaqdadır.
Başqa məsələ də var. Sovet illərində yaşayış binalarının layihələşdirilməsi zamanı məcburən uşaqların oynaması üçün də meydançalar nəzərə alınırdı. Amma indi hər gün və hər yerdə tikintinin məhz uşaqların oynaması üçün nəzərdə tutulan meydançalarda aparılması müşahidə edilir. Bu da başqa söhbətin mövzusudur. Standartlara gəldikdə isə, Rusiyada onlara yalnız 2004-cü ildə yenidən baxılıb. Ona görə də Rusiyada problem kimi həmin tarixdən uşaq meydançalarındakı avadanlığın dəyişdirilməməsi göstərilir. Azərbaycanın uşaq meydançalarındakı avadanlıqların dəyişdirilməməsi isə daha əvvəllərə gedib çıxır. Sadəcə sakinlərdən yığılan pulun hesabına boyadılır.
"Həyətin ehtiyacları üçün daxili yığımlar" praktikası indiki şəraitdə geniş istifadə edilir. Buna görə də həyətin tam abadlaşdırılması və uyğun olaraq yaxşı avadanlıqlı uşaq meydançalarının yaradılması üçün vəsait çatışmazlığında təəccüblü heç nə yoxdur. Belə çıxır ki, ata və analar öz körpələrinə qarşı diqqətsizlik göstərirlər, ona görə də zədələrdən yaxa qurtara bilmirlər. Xoşbəxtlikdənmi və tam təsadüfdənmi, son zamanlarda Azərbaycanda uşaqların oyun meydançalarında zədə alması barədə böyük sayda zədələnmələr qeydə alınmayıb. Amma bu heç də o demək deyil ki, bizim körpələrin həyətlərdə keçən uşaqlığı təhlükəsizdir - bizdə bu suala böyük sükutla yanaşırlar.
Məhz bu laqeydlik 2003-cü ildə iki uşağın sirkdə həlak olmasına səbəb oldu. Faciə yeni il tamaşasının antraktı zamanı baş verdi. Sirk işçilərinin uşaqları gəzdirdiyi səyyar kabinəni saxlayan tros qırıldı. Uşaqlar 15 metr yüksəklikdən yerə düşdülər, sağ qalanlar belə böyük zədələr aldılar. Bu laqeydlik 2006-cı ildə bulvarda "şeytan çarxı"ndan yıxılan ana və qızın həlak olması ilə nəticələndi. Qızı kəmərlə bağlamamışdılar və nəticədə o da kabinədən düşmüşdü. Ana qızını tutmağa çalışdığından, o da yıxılmışdı. Daha bir bədbəxt hadisə isə ötən il Bakının Əmircan kəndində baş vermişdi, 13 yaşlı Əlizamin Əliyev həyətdəki yelləncəkdən yıxılaraq dünyasını dəyişmişdi. 2009-cu ilin aprel ayında Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində də analoji hadisə nəticəsində 2003-cü ildə anadan olmuş Elgün Əsgərov həlak oldu. Yelləncəyin oturacağını saxlayan kəndir qəfil qırılaraq oğlanın boğazına dolanıb və nəticədə uşaq boğulub.
İsveçrənin Bern şəhərində isə bu yaxınlarda bir körpə oyun meydançasında paslı mismara ilişərək, ayağını yaralamışdı. Sığorta şirkəti körpəyə pulsuz tibb yardımı göstərmişdi, həm də meydançanın yerləşdiyi binanın sahibinə hesab yollamışdı. O da dinməzcə cəriməni ödəmişdi. Bu məsələ ilə bağlı bütün Avropa qəzetləri geniş səs-küy qaldırmışdı. Almaniyada uşaq meydançalarında alınmış zədələrdən söhbət gedəndə hakimiyyətin əsas götürdüyü "qəzalar və zədələr boş yerdən yaranmır" prinsipidir.
Şükür ki, bu, həddən az baş verir. Hər şeydən öncə, ona görə ki, meydançalar yiyəsiz olmur. Həmişə sahibi var və onlar avro qarşılığında uşaq təhlükəsizliyinə zəmanət verirlər. Özü də meydançaları saxlamaq qaydaları çox kəskindir. Vaxtında yığılmamış zibilə və ya vaxtında kəsilməmiş quru ağaca görə cərimə tətbiq edirlər, əvvəlcədən düşünürlər ki, külək onları oynayan uşaqların gözünə doldura bilər. Uşaq meydançalarında olan bütün oyuncaqlar isə xüsusi texniki testdən keçmiş "lisenziyalı" avadanlıqlardır.
Burada hətta ən bacarıqlı əllərin yaratdığı mükəmməl "ixtiralara" belə yer yoxdur. Ən azı ildə bir dəfə bütün yelləncəklər və təpəciklər, qumluqlar və evciklər ağacın göbələklə yoluxma səviyyəsinə, aparıcı konstruksiyaların möhkəmliyinə, detalların və möhkəmləndirici vintlərinin etibarlılığına görə attestasiyadan dəfələrlə keçirilir. Keçməyənlər həm də cərimə edilir. Özü də qaydaların siyahısı ildən - ilə genişləndirilir. Bu yaxınlarda Kassel ətrafında təpəciyə çıxmış dörd yaşlı uşaq yıxılaraq ölüb. Velosiped dəbilqəsinin kəməri onun boğazını kəsib. Həmin vaxtdan meydança sahibi buraya velosiped dəbilqəsi ilə gəlməyi qadağan edən lövhə asmağa məcbur edilib.
Standartlar barədə
Beləliklə, uşaq meydançası necə olmalıdır? Rusiya keyfiyyət standartlarına görə, əgər meydança bağça yaşlı uşaqlar üçün nəzərdə tutulubsa, onda yaşayış evlərindən və ictimai binalardan ən azı 10 metr aralı olmalıdır. Əgər kiçik və orta yaşlı məktəblilər üçün nəzərdə tutulubsa, minimum məsafə 20 metrdir. Uşaq meydançasından hətta piyadalar üçün nəzərdə tutulan yol belə keçə bilməz, o, keçidlərdən, dönmə meydançalarından, zibilyığma sahələrindən, dayanacaq qarajlardan da xeyli uzaq olmalıdır. Uşaq meydançalarına girişi küçələrdən və keçidlərdən təşkil etmək olmaz. Əgər meydança yaşıl örtüklərlə əhatələnibsə, onda zibil qabları ən azı 15 metr aralıda, şəhər nəqliyyatının marşrutlarının son dayanacaqlarındakı dayanma -dönmə meydançaları isə ən azı 50 metr aralıda olmalıdır.
Qanunla hətta uşaq meydançalarının "kompleks rahatlıq elementlərinin" mütləq sihayısı da nəzərdə tutulub. "Yumşaq" örtük siyahısına yuxarıda sadalananlarla yanaşı "meydanın səthinin qazonla qovuşma elementləri", məsələn, səki daşları, yaşıllıqlar, skamya və urnalar, işıqlandırma cihazları da daxildir. Uşaq meydançalarının avadanlığı milli təhlükəsizlik standartlarına uyğun olmalıdır (əgər belə standartlar varsa). Belə ki, təkcə təpəciklər, yelləncəklər və s.-in düzəldildiyi materialların möhkəmliyi barədə deyil, həm də onların öz konstruksiyasının möhkəmliyi barədə də xüsusi normalar mövcud imiş. Onların hamısı mütləq təhlükəsiz olmalıdırlar. Xüsusi diqqət ona verilir ki, oyun zamanı uşağın bədən hissələri və geyimi qurğunun hansısa elementinə ilişib-qalmamalıdır.
Həm də ki uşaq meydançası yaşıl zonada olmalıdır və ora ən azı gündə 5 saat günəş işığı düşməlidir. Həm də ağaclar meydanın şimal və şərq tərəfindən ən azı 5 metr, cənub və qərb tərəfindən isə ən azı 1 metr aralı olmalıdır. Məktəbəqədər olan uşaqlar üçün nəzərdə tutulmuş meydanlarda iynəli və zəhərli meyvələri olan bitkilərin əkilməsi qadağandır.
Əgər uşaq meydançasında qumluq varsa (bu, Bakıda nadir haldır - müəllif), onda qumda çınqıl, lil və ya gil qarışığı olmamalıdır. Yuyulmuş çay qumundan istifadə edilməlidir, dağ qumundan istifadə isə qadağandır. Uşaq meydançasına qumu müvafiq icazəsi və təchiz etdiyi məhsula uyğun sertifikatı olan istənilən qurum verə bilər. Rusiyada, məsələn, uşaq meydançasında olan qum ildə 2 dəfə - "qum mövsümü"nün açılışından qabaq və yayın sonunda sanepidstansiya tərəfindən analizə götürülür. Təchizatçının sertifikatı olduqda qumu adətən analiz etmirlər. Əgər yerli sakinlərdən kimsə qumun pişik tərəfindən bulanmasından narahatdırsa və ya qumun keyfiyyətindən şübhələnirsə, epidemioloqlara müraciət edə bilər və onlar da plandankənar analiz apara bilərlər. Əgər nəticə pis olarsa, qum hökmən dəyişdirilməlidir.
Rusiyada uşaq meydançalarında işləməyə yalnız şəhərin sifraşini yerinə yetirmək üçün keçirilmiş müsabiqədə qalib gəlmiş təşkilatları buraxırlar. Uşaq meydançalarındakı vəziyyətə nəzarəti isə istismarçı qurum və İnzibati Texniki İnspeksiya Birliyi həyata keçirməlidir. Deməli, cavabdeh olanlar var.
MƏSLƏHƏT GÖR: