24 Noyabr 2024

Bazar, 19:03

HƏR AİLƏNİN ÖZ HƏKİMİ

Azərbaycanda ailə tibb sistemi işlənib - hazırlanır

Müəllif:

15.09.2009

Dünya Bankı qrupunun (WBG) maliyyələşdirdiyi  səhiyyə sahəsində islahatlar layihəsinin (HSRP) gerçəkləşdirilməsi çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyi (SN) milli ailə tibbi sisteminin yaradılmasına doğru istiqamət götürüb (Fineko/abc.az). Nazirlik bu sahədə fəaliyyətin hüquqi əsaslarının işlənməsi üçün layihədə nəzərdə tutulanlardan əlavə, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaitlərini də cəlb edib. Ancaq bu hələ o demək deyil ki, yaxın zamanlarda ölkədə "Ailə həkimi haqqında" qanun qəbul ediləcək; hələ ki bu, planlaşdırılmır.

Hazırda Səhiyyə Nazirliyinin əmri yetərlidir. Qanunverici tənzimləmə məsələləri ailə həkimləri sisteminin formalaşdırılacağını təxirə salınıb. Hələ ki SN yalnız rəsmi olaraq, ölkədə yeni həkim ixtisasının - "ailə həkimi"nin olmasını, həmçinin ailə həkimləri ştatını müəyyən edib, onların yerlərdə ümumi profilli mütəxəssislər arasından seçiləcəyini vurğulayıb. Onların hazırlanıması üçün pilot bölgələrdən artıq 10 mütəxəssis seçilib və onlar Türkiyənin "Hacı Təpə" universitetində  sürətli kurslardan keçirilib, yerlərdə ailə həkimlərinin treninqi ilə məşğul olacaqlar.

 

Nəzarət, aşkaretmə və profilaktika

Ölkədə təxminən təkrar hazırlıq kursu keçmiş 300 mütəxəssisin olmasına baxmayaraq, onlar hələ də ailə həkimləri kimi işləyə bilmirlər. Səhiyyə Nazirliyinə paralel olaraq, ailə həkimlərinin fəaliyyəti üçün normativ sənədlər hazırlanır, onların sertifikatlaşdırılması, akkreditləşdirilməsi və lisenziyalaşdırılması sistemi üzərində iş gedir. Ailə həkimlərinin vəzifələri sırasına yayılmış xəstəliklərin üçüncü (xəstəxana) səviyyəsinə qalxmaması üçün onların ilkin (aşağı) səviyyədə nəzarəti, aşkar edilməsi və profilaktikası daxildir.

"İlkin ambulator poliklinika xidməti elə sistemlə gerçəkləşdirilirdi ki, tibb qurumu tərəfindən xidmət göstərilən rayon sahələrə bölünürdü və sahələrə sahə həkimləri nəzarət edirdilər. Lazım olanda məhdud sahə mütəxəssisləri, məsələn,  oftalmoloqlar və ya otolarinqoloqlar cəlb edilirdi. Bundan başqa, sahə terapevti daxili xəstəliklərlə məşğul olurdu, başqa həkimlərin məsləhətinə ehtiyac olduqda xəstəni mütəxəssisə yola salırdı. Dünyanın çox ölkəsində hazırda "sahə həkimi" anlayışı yoxdur. Qərbdə ailə həkimi təcrübəsi geniş yayılıb. O cümlədən ailə həkimi terapevtik bacarıqlarla yanaşı, oftalmoloqun, otolarinqoloqun, ginekoloqun elementar müayinə funksiyalarını da yerinə yetirə bilir. O həm də yalnız yaşlı insanları deyil, həm də uşaqları müayinə edə bilir", - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ancaq bu qurumda əmindirlər ki, ölkədə sahə həkimlərinin sayı və uzun müddət bu praktikanın tətbiq edilməsi nəzərə alınmaqla bu yeniliklər mərhələ-mərhələ tətbiq edilməlidir. İndiki mərhələdə müxtəlif pilot layihələr gerçəkləşdirilir, deməli sahə həkimlərini hələ heç kim ləğv etməyib. Mütəxəssislər hesab edirlər ki, ailə tibb sistemi özünü tamamilə doğruldur. Ən azından ona görə ki, gərgin iş vaxtında müxtəlif mütəxəssislərin qəbuluna düşmək üçün vaxt sərf etməyə ehtiyac qalmır. "Ailə həkimi" ixtisası bütün ailə üzvlərini tibbin bütün sahələri üzrə müayinə etməyə, yalnız istisna hallarda məsləhət və əlaqələndirmə üçün konkret mütəxəssisləri çağırmağa hüquq verir.

Onlarda bütün ailə üzvlərinin anadan olandan bu yana xəstəlik tarixçcəsi olur ki, bu da ona böyük üstünlük verir. Ailə həkimi sağlam həyat tərzinə öyrədə, qida və ailə planlaşdırması məsələləri barədə məsləhətlər verə bilər. Bir ailə üzvü kimi uzun müddət öz pasientlərini müşahidə etməklə, həkim xarici hal göstəricilərini və ya xəstəlik əlamətlərini nəzərə almaqla kifayətlənmir. Ona bəlli olan fiziki, psixoloji - sosial amillər 100 haldan 80-də pasientə xəstəlik zamanı ən optimal müalicə seçməkdə yardımçı olur.

Durum belədir ki, ailə həkimi olmayan zaman xəstəlik əlamətləri görünən kimi dar mütəxəssisə müraciət etməli olursan, bununla da "tibbi labirint"in əsirinə çevrilirsən. Narahat edən orqanda problemləri tapa bilməyən həkim pasienti başqa mütəxəssislərin yanına onlarla məsləhətlərə və müayinələrə yollayır. Bu zaman xəstəliyi müalicə etməkdənsə, vaxtında qabağını almaq olardı. Ailə həkimi mütəmadi olaraq profilaktiki baxış keçirir və bir çox hallarda xərçəng, miokard infarktı və ya insult kimi xəstəliklərin qarşısını alır.

Bəzi hallarda hətta genetik tədqiqat aparır ki, bu da pasientdə və ya onun uşaqlarında xəstəliklərin mümkün inkişafını "qabaqcadan görməyə" imkan yaradır. Xüsusi kömək tələb edən mürəkkəb hallarda ailə həkimi yaxşı mütəxəssislərin, sahə üzrə məsləhətçilərin iştirakı ilə konsiliumlar keçirir. Bu sistem Qərbdə uğurla işləyir, əgər o, Azərbaycanda tətbiq ediləcəksə, onda ölkənin sosial səhiyyə sisteminin yaradılmasında bir addım irəli atılmış olacaq...

 

...və başqa islahatlar

Bütövlükdə, Azərbaycanın səhiyyə sahəsində dəyəri $50 mln olan islahatlar layihəsi ölkənin sosial sahəsində ən iri sərmayədir. Layihənin tam dəyəri $86,75 mln.-dur. Vəsatin  83%-i birbaşa tibbi və sosial xidmətlərin inkişafına, 14%-i mərkəzi inzibatçılıq səviyyəsində  idarəetməyə, 3%-i  isə icbari tibbi ödənişlərin idarə edilməsinə xərclənəcək. Layihəyə beş əsas komponent daxildir. Buraya Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsi, siyasət, planlaşdırma və tənzimləmə şöbəsinin yaradılması; beş pilot rayonda tibbi xidmətlərin, onların keyfiyyətinin, əlçatarlılığının və səmərəliliyinin yaxşılaşdırılması; tibbi xidmət göstərilməsinin ilkin səviyyəsinin gücləndirilməsi; üç rayon hospitalının tikilməsi; səhiyyənin ilkin və ikinci bölmələri arasında əlaqənin möhkəmləndirilməsi daxildir.

Bununla yanaşı, vəsaitlərin bir maliyyələşdirmə mənbəsində cəmləşdirilməsi hesabına səhiyyədə maliyyələşdirilmənin islahatları aparılacaq. Planlaşdırılıb ki, ilkin səviyyədə adambaşına maliyyələşdirməyə, stasionar tibbi yardımın haqqının görülən işlərə görə ödəniməsinə keçilsin. Həmçinin, tibbi mütəxəssislərin diplomdan öncəki və diplomdan sonrakı hazırlığının yaxşılaşdırılması hesabına kadr potensialı yüksəldilsin.

Səhiyyə Nazirliyində qeyd ediblər ki, Dünya Bankı ilə saziş bağlandıqdan sonra qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üzrə daimi monitorinq aparılacaq. Ona görə də "ailə tibbi"nə keçid yerli səhiyyə sistemində yaxın zamanlarda müşahidə ediləcək yeniliklər dalğasının sadəcə bir damlasıdır.


MƏSLƏHƏT GÖR:

507