
GERÇƏK İŞLƏR PALATASI
İsgəndər Xəlilov: "Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üzrə iş davam edir"
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
- Azərbaycan - Rusiya münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanla Rusiya arasında münasibətlərin formatı genişlənir və zənginləşir, iqtisadi əlaqələr, ticarət dövriyyəsi böyüyür, onların strukturu yaxşılaşır.
Azərbaycan və Rusiya bir-birlərini dost ölkələr və strateji tərəfdaşlar kimi sayırlar. Bu sadə bir təsvir deyil, bu, möhkəm əsasa, dərin tarixə malik münasibətlərimizin məğzidir. Münasibətlərimiz bu gün də dostluq, dinc qonşuluq, bərabərlik və iki ölkənin qarşılıqlı faydası prinsiplərinə əsaslanır. Biz Rusiya ilə iqtisadi əməkdaşlığımızın inkişafına prioritet kimi baxırıq və Azərbaycan tərəfi Rusiya Federasiyası ilə münasibətləri daha da möhkəmləndirmək niyyətindədir.
Şübhəsiz, son bir neçə ildə Rusiya-Azərbaycan əlaqələrində müşahidə edilən yaxşılaşma ilk növbədə iki ölkə başçısı arasında dost münasibətlərin qurulması ilə bağlıdır. Bu iki ölkə arasında iqtisadi əməkdaşlığın məhsuldar olmasına imkan yaradır. Dünya böhranına baxmayaraq, Azərbaycan və Rusiya ticari-iqtisadi əlaqələri əvvəlki səviyyədə saxlamağa çalışıblar.
Tarixə nəzər salsaq, hesab edirəm ki, iqtisadi inkişaf üçün güclü impuls 2004-cü il 6-7 apreldə Bakıda "Azərbaycan - Rusiya ticari-iqtisadi münasibətlər. Meyillər və onların inkişaf perspektivləri" mövzusunda keçirilmiş Birinci Rusiya- Azərbaycan İqtisadi Forumu olub. Forumun işində Azərbaycan prezidenti İlham Əliyev, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının o vaxtkı həmsədrləri - Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Abbas Abbasov və Rusiya Federasiyasının sənaye və energetika naziri Viktor Xristenko, həmçinin iki ölkənin dövlət, ictimaiyyət, elmi və işgüzar çevrələrinin 300-dən çox təmsilçisi qatılıblar. Bu forumdan sonra ARİƏP-ə Rusiyanın müxtəlif regionlarından işgüzar təkliflər daxil olmağa başladı və Palata Rusiya və Azərbaycan şirkətləri arasında əlaqələrə yardımçı olmağa başladı. Qeyd edək ki, həmin dövrdə Mordaviya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə ARİƏP arasında işgüzar tərəfdaşların tapılması ilə bağlı xidmət göstərilməsi üzrə saziş bağlanıb.
İkinci bu cür forum 2006-cı ilin 21-25 fevral günlərində keçirildi və burada iştirakçıların siyahısı iki ölkənin dövlət, ictimai, elmi və geniş iş dairələrinin 450 təmsilçisinə qədər genişləndi. Yada salaq ki, tədbir Azərbaycanda baş nazir Vladimir Putinin də qatıldığı Rusiya günlərinin açılışı ərəfəsində keçirildi. ARİƏP həmin günlərdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinə həsr edilmiş sərginin təşkilatçılarından biri kimi çıxış edirdi.
- Azərbaycan - Rusiya İşgüzar Əməkdaşlıq Palatasının əsas məqsədləri və öhdəlikləri nədir?
- Hər şeydən öncə bizim palata, Azərbaycan və Rusiya işgüzar dairələri, icra və qanunvercilik orqanları təmsilçiləri, hər iki ölkədən olan iri iş adamları ilə əlaqələr qurmaqda yardım etmək məqsədi daşıyır. Biznes üzrə tərəfdaşların tapılmasını, sahibkarlıq subyektləri, həmçinin təkcə Rusiya və Azərbaycanın deyil, həm də üçüncü ölkələrin icra və qanunvericilik hakimiyyəti orqanları ilə mütəmadi əlaqələr saxlanmasını da bura aid etmək olar.
Bu tapşırığın yerinə yetirilməsi üçün, təbii ki, biz məlumat-analitika fəaliyyəti həyata keçirməliyik, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər potensialını araşdırmalıyıq. Qeyd edək ki, bu mənada, daha dolğun mənzərəni Azərbaycan və Rusiya iş dairələri, üçüncü ölkələrdən marağı olan sahibkarlarla birgə keçirilən konfrans və seminarlarda, sərgilərdə, yarmarkalarda əldə etmək olar və bizim palata tez-tez belə tədbirlərin təşkilatçısı kimi çıxış edir.
Bundan başqa, biz, əlbəttə ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericilikləri ilə qadağan edilməmiş bütün fəaliyyət sahələrində palata üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə edirik. Özü də bu məqsədlərə çatmaq üçün həm hüquqi, həm iqtisadi və digər başqa vasitələrdən də istifadə edirik.
- Sizin palataya rəhbər seçilmənizdən sonra onun işinin fəallaşdırılması üçün hansı işlər görülüb?
- Mən palatanın idarə heyətinin sədri vəzifəsinə 4 fevral 2009-ci il tarixli iclasda seçilmişəm. Fevraldan bu yana keçən müddətdə palatanın işinin fəallaşdırılması və iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə bir sıra görüş və tədbirlər keçirilib. Məsələn, apreldə ARİƏP rəhbərliyi ilə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında görüş keçirilib, mayın 16-da palatanın genişləndirilmiş iclası olub. Daha bir parlaq hadisə isə, əlbəttə ki, "Proqress" mükafatı üzrə müsabiqə olub. Müsabiqə 2008-ci ilin yekunlarına görə, Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin ən yaxşı iştirakçısı adı uğrunda keçirilir və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Rusiya Federasiyasının ticarət nümayəndəliyi ilə ARİƏP tərəfindən elan edilir. Mən düşünürəm ki, bu mükafat işgüzar əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük əmək sərf etmiş bir çox şirkətlərin işinin parlaq göstəricisidir. Bildirmək yetərlidir ki, 23 nominant arasında "Azersun Holdinq" MMS, "Azercell Telecom" MMC, "AZNAR" ASC, "Zaminbank" ASC və s. iri şirkətlər var.
Bütövlükdə, qeyd etmək istəyirəm ki, keçən illər ərzində Azərbaycan - Rusiya ticari-iqtisadi münasibətlərin möhkəmlənməsinə bir sıra yetərincə iri və tanınmış şirkətlər yardım ediblər ki, onların yardımı olmadan qarşıya qoyulmuş məqsədlərə çatmaq çətinləşərdi. Məsələn, maliyyə əməliyyatlarını təmin edən "İnqosstrax" sığorta şirkəti, "Xalq Bank" və "Nikoyl" bankları, Azərbaycandan Rusiyaya maşınqayırma məhsulları ixrac edən "AzRosPromİnvest", iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafında iştirak edən "AVTOLUCKS Expedition & Logistics", AZEL şirkətlərini və əlbəttə ki, Azərbaycanın rus icmasını göstərmək olar.
- Yaxın zamanlarda ikitərəfli münasibətlərin inkişafı üzrə hansı problemlər həll ediləcək?
- Bu gün Azərbaycanda regional inkişafa, birbaşa regionlararası əlaqələrin yaradılmasına xüsusi önəm verirlər. Onların sırasına Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Nijni Novqorod, Stavropol diyarı, Sverdlovsk və Samara vilayətləri, Tatarıstan və Dağıstan aid edilə bilər. Görülən işlərə baxmayaraq, biz dayanmırıq və palatanın qüvvəsi hesabına regionlararası münasibətlərin çevrəsini genişləndirməyə çalışırıq.
Açıq danışacağam, Azərbaycan və Rusiya arasında ticari-iqtisadi münasibətlərin indiki səviyyəsi iki ölkənin potensial münasibətlərinə uyğun gəlmir. Tərəflər ayrı-ayrı müəssisələrin əməkdaşlığını o cümlədən regional səviyyədə inkişaf etdirməlidirlər, kooperasiya ələqələri qurmalıdırlar, fəal şəkildə milli sərmayələr cəlb etməlidirlər və s. ARİƏP bu işlərdə öz fəaliyyətini genişləndirməlidir.
Bu məqsədlə Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi 2009-cu ilə bir sıra tədbir və görüşlər təyin edib. Belə ki, sentyabrın ikinci yarısında geniş iclas keçirilməsi planlaşdırılır və orada Moskvada biznes, konfrans keçirilməsi məsələsinə baxılacaq. Başqa sözlərlə, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üzrə işlər davam edir.
MƏSLƏHƏT GÖR: