
YOLUN YARISI
"Əsrin Müqaviləsi"ndən keçən 15 il ərzində Azərbaycan regionun iqtisadi liderinə çevrildi
Müəllif: Nurlanə QULİYEVA Bakı
Adətən, belə deyirlər ki, böyük hadisələrin gerçək qiymətini tarix verir, özü də uzun illərdən sonra. Şişirtmədən demək olar ki, 15 il öncə dünyanın 6 ölkəsindən olan 10 şirkətlə bağlanmış beynəlxalq neft sazişi gənc Azərbaycan üçün taleyüklü önəm daşıyıb. Məsələ bundadır ki, saziş çox məhsuldar olub. Bu təkcə onun birinci saziş olması və özündən sonra başqa neft-qaz sazişlərinin bağlanması ilə qapanıb qalmır. 1994-cü il sentyabrın 20-si çağdaş Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı üçün təkan oldu. O vaxt Azərbaycanın prezidenti olan Ümumimilli Lider Heydər Əliyevin bütün dünya toplumuna etdiyi cürətli çağırış olmasa idi, bu gün ölkədə müşahidə edilən hətta ən kiçik uğurdan tutmuş ölkənin regional liderliyinə sübut olan statistik göstəricilərə belə rast gəlinməzdi. İri neft sərmayələri siyasi sabitliyin özünəməxsus təsdiqi və iqtisadiyyatın başqa sahələrinə xarici sərmayə yatırımlarının sığortası oldu.
Bu bir çağırış idi və heç də hamı bu başlanğıcın uğurla sonuclanacağına inanmırdı. Ancaq hansısa 10 -15 ildən sonra Xəzərin dərinliklərindən əldə edilmiş neft və qazın hesabına Azərbaycanı Avropaya enerji göndərilməsi üzrə əsas qaynaqlardan biri saydılar.
Bu cür irimiqyaslı saziş olmadan neft hasilatını öz güclərimizlə həyata keçirmək mümkün idimi? Bu gün artıq bəllidir ki, yox. Əlbəttə ki, məhz neft sazişlərinin hesabına Azərbaycanın Dövlət Neft Şirkətinin gücü xeyli artıb, o kredit alan qurumdan nüfuzlu sərmayəçiyə çevrilib, amma indi etiraf etmək lazımdır ki, Xəzərin dərin sulu hissəsində hasilat aparmaq o vaxt mümkün deyildi.
"Ətrafa bax..."
"Əsrin müqaviləsi" 30 ilə hesablanıb, yəni yolun yarısı artıq keçilib. Və onun gerçəkləşdirilməsinin real sonucları heyran qoyur. "BP" neft şirkətinin "BP-nin Azərbaycanda dayanıqlı inkişafı haqqında" hesabatına görə, "Azəri-Günəşli-Çıraq", "Şahdəniz" (Mərhələ 1) yataqlarının işlənməsi, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri magistrallarının çəkilməsi üçün yatırılan vəsaitlərin toplam məbləği $28 mlrd təşkil edib!
Yalnız 2004-2008-ci illər arasını "Azəri-Günəşli-Çıraq", "Şahdəniz" layihələrinin gerçəkləşdirilməsi, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri magistrallarının tikilməsi üçün sərf edilən ümumi sərmayə həcmi $23,2 mlrd. təşkil edib, bunun $20,8 mlrd. kapital qoyuluşları, 2,4 mlrd.-ı isə istismar xərcləri idi.
Biz inkişaf etmiş infrastruktur əldə etdik, dörd qurğu çağdaşlaşdırıldı. Onlardan biri, "Dədə Qorqud"un modernləşdirilməsi xarici şirkətlərə 70 mln dollara başa gəldi. Əvvəllər "Kaspmorneft" adlanan "İstiqlal"ın çağdaşlaşdırımasına isə 200 mln dollar sərf olundu. Son qurğu isə Heydər Əliyevin adını daşıyır. O ən çağdaş qurğudur və Xəzərin ən dərin yerində, hətta 1200 metr dərinlikdə belə qazma aparmağa imkan verir, qazma dərinliyi isə 10 kilometrə qədər çatır.
Sənaye və energetika naziri Natiq Əliyevin bildirdiyi kimi, "əsaslı kapitala yatırılan sərmayələr elə şeydir ki, onları nə daşıya bilərsən, nə də qırıb dağıda bilərsən, onlar Azərbaycanda qalacaqlar. Ola bilər ki, biz BP ilə vidalaşacağıq, onlara gördüyü işlərə görə təşəkkür edib ayrılacağıq, amma boru kəmərləri, platformalar, yeraltı anbarlar, qazma qurğuları və bizim nəhəng terminal bizə qalacaq. Keçmiş sovet məkanında belə terminal heç yerdə yoxdur, dünya üzrə ən yaxşılardandır".
Bu günə kimi Neft Fondu "Əsrin müqaviləsi" də daxil olmaqla neft və qaz satışından $25 mlrd. əldə edib. Bunlar nəhəng pullardır, bir neçə il qabaq Azərbaycanın bütün ümumi daxili məhsulu (ÜDM) $20-25 mlrd. təşkil edirdi. "Hesablamalar göstərir ki, yalnız Neft Fondu $200 mlrd.-a yaxın əldə edəcək. Amma mən hesab edirəm ki, bu, BP-nin pessimist qiymətləndirməsidir", - deyə N.Əliyev bildirib.
Pullar Azərbaycan üçün nə ediblər? Yalnız onu demək lazımdır ki, ölkədə qızıl-valyuta ehtiyatları yarandı, müdafiə qabiliyyəti möhkəmləndi, donanma yeniləndi, bir az qabaq beynəlxalq maliyyə institutlarının güzəştli kreditlərindən asılı olan ölkə, bu gün rahatlıqla onlardan imtina edir, iri infrastruktur və sosial layihələr gerçəkləşdirir, mütəmadi olaraq əmək haqları, pensiya və müavinətlər qaldırılır və s. Dövlət Neft Fondunda yığılmış vəsaitlər hesabına qaçqınlar və məcburi köçkünlər üçün müvəqqəti qəsəbələr tikilib və dəhşətli çadır-şəhərcikləri tarixə qovuşub. Bundan başqa, bu yaxınlarda ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin xarici universitetlərdə oxuması üzrə dövlət Proqramına da qol çəkilib. Dünya üzrə 500-dən çox tanınmış və daha peşəkar universitet seçilib və bu gün istənilən azərbaycanlı gedərək bu universitetlərdə oxuya bilir, özü də onların bütün xərcləri Dövlət Neft Fondu tərəfindən ödənirlir.
Natiq Əliyev bildirir ki, "Əsrin müqaviləsi"nin Azərbaycana verdikləri barədə "saatlarla da danışmaq olar, sadəcə "ətrafa bax" demək də yetərlidir".
Gələcəyin bünövrəsi
Və bütün bunlar yalnız yolun yarısında əldə edilib! "Əsrin müqaviləsi"nin əsas predmeti olan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının ehtiyatının yalnız yarısından biri çıxarılıb. ADRNŞ-in məlumatına görə isə bütövlükdə AÇG-dən 1997-ci ilin noyabr ayından bu yana 164,2 mln. ton neft, 37,3 mlrd. kubmetr səmt qazı çıxarılıb, 13,1 mlrd. kubmetr qaz isə laylara vurulub.
VR-nin məlumatına görə, 1 yanvar 2009-cu il müddətinə kimi AÇG-dən 141,1 mln. ton neft çıxarılıb. Daha 34,6 mln. tonun isə bu ilin sonuna kimi çıxarılması gözlənilir.
Bununla yanaşı, ARDNŞ-dən bildiriblər ki, blokdan çıxarıla bilən neftin ümumi həcmi 923 mln. ton qiymətləndirilir ("İnterfaks-Azerbaydjan"). "AÇG saziş blokunun ehtiyatlarının keçən il gerçəkləşdirilmiş son qiymətləndirilməsinə görə, 2008-ci ilin sonuna olan tarixə blokda olan ilkin geoloji və çıxarıla bilən ehtiyatlar uyğun olaraq 2 mlrd. 188 mln. ton və 923 mln. ton hesab edilir. Bununla yanaşı, 1998-ci ildə gerçəkləşdirilmiş ilkin qiymətləndirmə ilə müqayisədə AÇG blokunun neft ehtiyatları 45,6%, çıxarıla bilən ehtiyatları isə 1,5 dəfə artırılıb", - deyə şirkətdən bildiriblər.
ARDNŞ-in məlumatına görə, blokdan çıxarıla bilən səmt qazı ehtiyatları 353 mlrd. 756 mln. kubmetr, təbii qaz ehtiyatları isə 632 mlrd. 366 mln. kubmetr səviyyəsində qiymətləndirilir. Natiq Əliyev bildirib ki, "əgər bütün konsepsiya 30 il ərzində 511 mln. ton çıxarmağa yönəlibsə, hələ yataqda gələcək nəsillərimizin çıxarması üçün nə qədər neftimiz qalacağı barədə özünüz düşünün!".
Bu amil xüsusilə önəmlidir, çünki hələ bu yaxınlara qədər bədxah insanlar bayram edirdilər: "20 ildən sonra Azərbaycanda neft bitəcək, onda gör başlarına nə gələcək". Bu gün onlar heç nə deyə bilmirlər: birincisi, ölkədə gündən-günə neftdənkənar bölmənin imkanları artır, ikincisi, neft Azərbaycanda elə də tezlikdə bitməyəcək.
"Əsrin müqaviləsi" bağlanan zaman o, fasilə lay dəstəsinə qədər neft hasilatını nəzərdə tuturdu. Həmin laydan aşağı olan hər şey isə yeni danışıqların söhbətidir. Bu gün isə bəllidir ki, bu laydan aşağıda böyük təbii qaz və kondensat yataqları var. Onlar yüz milyard kubmetrlərlə qaz və on milyonlarla ton kondensat səviyyəsində ölçülür. Və bu gün Azərbaycanda yeni sazişlərin bağlanması zamanı daha əlverişli şərtlər seçimi etmək, şirkətlərin və onların təqdim etdiyi şərtləri seçərkən daha diqqətli olmağa imkan var.
MƏSLƏHƏT GÖR: