14 Mart 2025

Cümə, 21:45

GÜNDƏLİKSİZ SAMMİT

Aktauda keçirilən görüş Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xəzərdəki maraqlarının üst-üstə düşdüyünü təsdiqlədi

Müəllif:

15.09.2009

Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin Aktauda keçirdikləri görüş həm Xəzər regionunda, həm də ondan kənarda böyük rezonans yaradıb. O, Xəzər dənizi vasitəsilə sərhəd  olan postsovet "dördlük"ünün mehriban qonşuluq, bərabərhüquqlu və qarşılıqlı təhlükəsizlik prinsipləri əsasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə regional əməkdaşlığı möhkəmləndirmək niyyətini ortaya qoydu.

Qeyd edək ki, sammitin keçirilməsi ideyası Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülmüşdü və onun Aktauda təşkil olunması da məhz bununla əlaqədardır. 

Bu ideya daha bir Xəzəryanı ölkə - İranın böyük hiddətinə səbəb oldu. Bu ölkənin xarici işlər naziri Mənuçöhr Möttəki 4 sahilyanı ölkənin xarici siyasət idarələrinə məktub göndərərək, bu dövlətləri Xəzərin problemlərinə Tehranın iştirakı olmadan baxmaqda günahlandırıb. İranın bəzi siyasətçiləri isə bu məsələ ilə əlaqədar səs-küylü bəyanatlarla çıxış ediblər. Məsələn, ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hişmatulla Felahet Pişea Tehranın iştirakı olmadan keçirilən görüşü "İrana xəbərdarlıq" kimi qiymətləndirib. Deputat düşünür ki, İran "ümumi maraqları naminə Xəzərlə bağlı Tehranın iştirakı olmadan qərar qəbul etmək istəyən" Rusiya, Türkmənistan, Qazaxıstan və Azərbaycandan beynəlxalq məhkəməyə şikayət etməlidir.

Lakin hələ Aktau görüşü baş tutmamış iştirakçı dövlətlər  İranın nəzərinə çatdırmışdı ki, narahatlığa heç bir əsas yoxdur. Çünki "dördlük" bu sammitdə dənizin hüquqi statusu ilə bağlı hər hansı qərar qəbul etmək niyyətində deyil. 

Görüşün gedişində isə 4 prezident təsdiq edib ki, onların Xəzərin problemlərinə dair məsələləri İranın iştirakı olmadan müzakirə etmək fikirləri  yoxdur. Prezidentlər yaxın zamanlarda Bakıda Xəzəryanı dövlətlərin növbəti sammitinin keçiriləcəyinə ümidlərini də ifadə ediblər. Məsələn, sammitə ev sahibliyi edən Nursultan Nazarbayev deyib: "Bu gün biz Xəzər dənizi ilə bağlı problemləri müzakirə etmirik. Son dəfə bu məsələni Tehranda müzakirə etmişik və həmin vaxt növbəti görüşün Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Ümid edirik ki, Tehranın da iştirakı ilə tezliklə hamımız toplaşacağıq və bu problemi müzakirə edəcəyik".

Ümumiyyətlə, Aktau sammitinin gündəliyi də olmayıb. Nazarbayevin dediyi kimi, bu dövlətlərin arasında "ciddi, böyük problemlər yoxdur. Digər problemləri isə biz müzakirələrlə aradan qaldıra bilərik və məhz belə də edirik. Bu görüşdən, sərbəst şəkildə fikir mübadiləsi aparmaqdan biz hamımız qazanırıq, bizim xalqlarımız qazanır".

Azərbaycan prezidenti İlham Əliyev isə öz çıxışında deyib: "Biz tez-tez müxtəlif tədbirlərdə, həmçinin MDB-nin formal və qeyri-formal sammitlərində görüşürük. Odur ki, bizim məsləhətləşməmiz təbii hadisədir və bugünki görüş də qarşılıqlı maraq doğuran məsələlərlə bağlı sadəcə qeyri-formal şəraitdə, gündəlik olmadan fikir mübadiləsinin aparılmasına yaxşı imkan yaradır".

Əlbəttə ki, Aktauda Xəzər problemlərinin həlli məsələsi diqqətdən kənarda qalmayıb. Lakin bununla yanaşı, regional təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq, MDB dövlət başçılarının oktyabrda Kişinyovda keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq kimi məsələlər də müzakirə edilib. Rusiya prezidenti Dmitri Medvedev isə qlobal maliyyə böhranının yaratdığı vəziyyətdən çıxmağın yolları üzərində xüsusi dayanıb. Amerikanın Pittsburq şəhərində keçiriləcək "Böyük iyirmilik" sammiti ərəfəsində Rusiyanın mövqeyini açıqlayan Medvedev bildirib ki, Moskva beynəlxalq maliyyə sisteminin təkmilləşdirilməsinin vacibliyi ilə bağlı mövqeyində israr edəcək. "Dünya ictimaiyyətinin, nəhəng iqtisadiyyatların beynəlxalq maliyyə sistemində islahatların aparılması və onun yenidən qurulması istiqamətində addımlar atması çox vacibdir", - deyə Rusiya prezidenti qeyd edib. 

O, həmkarlarına bu istiqamətdə vahid mövqenin ortaya qoyulmasını təklif edib.

Aktau sammitində Xəzəryanı "dördlük"ün strateji tərəfdaşlığına birbaşa aidiyyəti olan məsələlərə toxunulduğunu düşünmək üçün bütün əsaslar var. Söhbət, ilk növbədə, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətdən gedir. Aktau sammitindən bir qədər əvvəl Rusiya prezidenti Xəzəryanı ölkələr arasında qaz sahəsində münasibətləri orta və uzaq perspektivlə bağlı hökumətlərarası razılaşmaların bazasında yeniləşdirmək təklifi ilə çıxış etmişdi. Belə görünür ki, Moskva enerji sahəsində dövlətlərarası əməliyyatlar zamanı iqtisadi məqsədəuyğunluq və kommersiya maraqlarına əsaslansa da, bununla belə, bu məsələlərin öz geosiyasi maraqlarına uyğun şəkildə nizamlanmasında maraqlıdır. 

Moskvanın Xəzərdə "qeyri-region dövlətlərinin" hərbi mövcudluğunun qəbuledilməzliyi ilə bağlı mövqeyi də məhz bununla əlaqədardır. Xatırladaq ki, D.Medvedev bu mövqeyi avqustda Həştərxanda keçirdiyi "daxili" müşavirədə bir daha bəyan etmişdi. 

O da qeyd edilməlidir ki, bu sahədə Moskvanın mövqeyi ilə digər Xəzəryanı dövlətlərin mövqeyi üst-üstə düşür.

Aktau sammiti çərçivəsində Azərbaycan və Qazaxıstan ekspertlərinin "Xəzəryanı "beşlik"in potensialının birləşdirilməsi" mövzusunda hazırladıqları hesabat da açıqlanıb. Orada deyilir: "Əgər 5 sahilyanı ölkə - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan üçün Xəzər hər 5 xalqın rifah halının asılı olduğu "doğma ev"dirsə, bir çox kənar oyunçular üçün Xəzər dənizi regiondakı xalqların maraqları ilə heç bir əlaqəsi olmayan məqsədlərini reallaşdırmaq üçün vasitədir".

Bununla yanaşı, Xəzəryanı dövlətlər arasında fikir ayrılıqları da qalır. Məsələn, Rusiya ilə Türkmənistan arasında Rusiyanın "Qazprom" şirkətinin Türkmənistan qazını almaqdan imtinası ilə əlaqədar problem hələ də həllini tapmayıb. Elə sözügedən hesabatda da qeyd olunur ki, bəzən sahilyanı dövlətlər həll olunmamış mübahisələr və fikir ayrılıqları zamanı arbitraj üçün Xəzərdən uzaqda yerləşən üçüncü dövlətlərə müraciət edirlər. Halbuki bu cür "arbitraj" əksər hallarda qərəzli xarakter daşıyır və yavaş-yavaş regiona müdaxilə edən xarici qüvvələr, artıq Xəzəryanı regiondakı problemlərin həllinə müdaxilə üçün "hüquqi əsası"nın olduğunu düşünərək, öz "payını" tələb etməyə başlayırlar.

Əlbəttə ki, burada Azərbaycan-Türkmənistan münasibətlərindəki problem nəzərdə tutulur. İki ölkə arasında son illər ərzində dialoqun fəallaşması bu münasibətlərin Xəzərin hüquqi statusuna dair bir sıra fikir ayrılıqlarının olmasına rəğmən yaxın zamanlarda möhkəm tərəfdaşlığa çevriləcəyinə şübhə yeri qoymur. 

Bununla yanaşı, Aşqabadın son addımlarının müəyyən narahatlıq yaratdığı da qeyd edilməlidir.

Məlum olduğu kimi, Türkmənistan prezidenti bildirib ki, yaxın zamanlarda onun ölkəsi Xəzər dənizində Azərbaycanın bəzi neft-qaz yataqlarına sahib çıxmaq haqqının olub-olmadığını müəyyənləşdirmək üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək fikrindədir. Bunun ardınca Qurbanqulu Berdımuhammedov ölkəsinin Xəzərdə hərbi-dəniz bazası yaratmaq niyyətini açıqlayıb və bildirib ki, Türkmənistan quru sərhədləri ilə yanaşı, dəniz sərhədlərinə də malikdir və onların "yadların qəsdindən" qorunması vacibdir.

Türkmənistan prezidentinin bu bəyanatlarını şərh edən Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının Xəzərdə "regional sülhün yaradılması" mövqeyindən çıxış etdiyini bir daha xatırladıb. Rəsmi Bakı Türkmənistan tərəfinin açıqlamalarına hər hansı sərt reaksiyadan yayınsa da, dünyanın bir sıra aparıcı KİV-ində az qala Azərbaycan-Türkmənistan qarşıdurması haqda danışılmağa başlandı. Bundan başqa, Azərbaycan bir məqama da işarə edib ki, o, Aşqabadın qərarlarında öz maraqlarına birbaşa təhlükə görmür. Bakı, hətta onların Türkmənistan tərəfi üçün məqsədəuyğun olduğunu bildirərək, buna anlayışla yanaşdığını da bəyan edib. 

Bununla əlaqədar olaraq, Bakı rəsmiləri bildiriblər ki, Türkmənistan öz suveren dövlət hüquqlarından istifadə edir və bu səbəbdən dost ölkənin maraqlarına hörmətlə yanaşılmalıdır. 

Azərbaycan tərəfi Türkmənistanın Hərbi Dəniz Qüvvələrinin möhkəmlənməsində bu ölkəyə köməklik göstərməyə hazır olduğunu da bildirib və bunu özünün həmin sahədə böyük təcrübəyə, həmçinin yüksək peşəkarlığa malik hərbi dəniz qüvvələrinə malik olması ilə əsaslandırıb.

Təbii ki, Türkmənistan rəhbərliyinin son qərarlarında açıq-aşkar geosiyasi səbəblər hiss edilir. İstənilən halda, Xəzərdə müşahidə olunan militarizasiya müxtəlif regional enerji layihələrinin icrası ilə birbaşa əlaqəlidir. Əlbəttə, dünyanın aparıcı qüvvələrinin Mərkəzi Asiya və Xəzərin zəngin mineral resursları uğrunda apardıqları mübarizə region dövlətlərini öz mövqelərini möhkəmləndirməyə, özlərini, şəxsi maraqlarını qorumağa qadir etibarlı tərəfdaş kimi göstərməyə sövq etməyə bilməz və bu, ilk növbədə onların hərbi qüdrətlərini artırmaq cəhdlərində əks olunur. Berdımuhammedovun Türkmənistanın Xəzərdə hərbi-dəniz bazasını yaratmaq istəyini bəyan etməsi də Aşqabadın "Nabukko", həmçinin Transxəzər və Xəzəryanı qaz kəmərləri layihəsində marağının göstəricisidir.

Bütün bunlarla yanaşı, müəyyən fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan dördtərəfli sammit keçirməklə göstərdilər ki, onların regiondakı uzunmüddətli strateji maraqları üst-üstə düşür. Aktau sammitinin verdiyi əsas siqnal da məhz bundan ibarətdir.

Daha bir vacib məqam: Xəzər regionunda yaşanan siyasi proseslər bütünlükdə postsovet məkanı üçün böyük əhəmiyyət daşıyır. Çünki Aktau sammitində də diqqət mərkəzində olan "dördlük" daxilindəki bütün problemli məsələlərin aydınlaşdırılması hazırda fəaliyyətində dönüş nöqtəsi yaşayan MDB çərçivəsində strateji əməkdaşlığın vektorlarının müəyyənləşməsinə də yardım edə bilər.


MƏSLƏHƏT GÖR:

427