
BİR QƏTNAMƏNİN İKİ TƏRƏFİ
Müəllif: Redaksiya
Sentyabrın 9-da Gürcüstanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "Abxaziya, Gürcüstan və Gürcüstanın Sxinvali rayonu / Güney Osetiyadan olan daxili köçkünlərin vəziyyəti haqqında" adlı qətnamənin səsverməsi keçirilib. 48 ölkənin nümayəndə heyəti sənədin lehinə, 19-u isə əleyhinə səs verib. 78 nümayəndə heyəti bitərəf qalıb, 47-si isə səsvermədə iştirak etməyib.
Tbilisi səsvermənin nəticəsini Gürcüstan diplomatiyasının böyük uğuru kimi qiymətləndirir. Mixail Saakaşvili bildirib ki, "qaçqınların Abxaziya və Sxinvali regionuna qayıtmasını, onların mülkiyyətinin qorunmasını nəzərdə tutan bu qətnamə Gürcüstanın ərazi bütövlüyünü təsdiqləyir". "Gürcüstan ölkənin işğaldan sülh yolu ilə azad edilməsi, ərazi bütövlüyünün sülh yolu ilə bərpasına nail olmaq üçün diplomatik və siyasi fəaliyyətini davam etdirəcək". Rusiya tərəfi isə məsələni tamamilə başqa cür qiymətləndirir. Ölkənin Xarici İşlər Nazirliyinin şərhində bildirilir ki, "Gürcüstan humanitar tematikada spekulyasiya edərək, quruma tam siyasiləşdirilmiş layihə çıxarıb".
Rusiya XİN-in fikrincə, sənəd "2008-ci ildə Tbilisinin Güney Osetiyaya təcavüzündən sonra yaranmış qaçqın və daxili məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsindən çox, Gürcüstanın artıq mövcud olmayan sərhədlərdə ərazi bütövlüyünün təsdiqinə yönəlib".
"Qətnamə reallıqdan uzaqdır və biz qaçqınların geri qaytarılması üçün təcili addımların atılmasına ehtiyac görmürük". "Kommersant" qəzetinə müsahibəsində Rusiya XİN MDB Departamentinin rəhbəri Andrey Kelin belə deyib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətləri məhz Kelin kurasiya edir.
XİN-dəki daha bir yüksək rütbəli mənbə isə bildirib ki, bu qətnamənin icrası məcburi deyil, odur ki, Moskva ona, sadəcə, əhəmiyyət verməyəcək.
Həqiqətən də, sənədin mətnini Rusiya üçün məqbul adlandırmaq çətindir. Qətnamənin qərar hissəsi 8 maddədən ibarətdir və onların hər birində Gürcüstanın işğal edilmiş ərazilərində humanitar situasiyanın normallaşdırılması üçün konkret tövsiyələr əks olunub. Məsələn, sənəddə bildirilir ki, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün qaçqınlar, daxili məcburi köçkünlər və onların nəsillərinin Abxaziya və Güney Osetiya da daxil olmaqla, Gürcüstanın bütün ərazisindəki evlərinə dönmək hüququ var. Qətnamədə xüsusi şəkildə qeyd olunur ki, qaçqınların mülkiyyət hüquqlarının qorunması vacibdir. Orada bu hüquqların pozulması ilə onların mülkiyyətinin ələ keçirilməsinin yolverilməzliyi əksini tapıb.
Bundan başqa, qətnamədə "Gürcüstandakı münaqişədən əziyyət çəkmiş qaçqınların öz evlərinə könüllü və heç bir maneə olmadan qayıtması üçün qrafikin müəyyənləşdirilməsi" də var.
Qeyd edək ki, Baş Assambleyada Azərbaycan da digər 47 ölkə ilə birlikdə qətnaməni dəstəkləyib və bununla da qonşu dövlətin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin pozulmaması prinsiplərinə sadiq olduğunu nümayiş etdirib.
Bakı bununla qonşu ölkə ərazisindəki humanitar problemlərin həllində maraqlı olduğunu da göstərib.
Lakin bu dəstəyi heç də Bakının Gürcüstan rəhbərliyinin Rusiyaya qarşı bütün sərt addımlarını dəstəkləməsi kimi qiymətləndirmək olmaz. Ötən günlər ərzində baş verənlər də bu mövqeyi bir daha təsdiqləyib. Bir neçə gün əvvəl Gürcüstanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın sonlarında keçiriləcək payız sessiyasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsi təklifi ilə çıxış edib. AŞPA-nın qaydalarına görə, hər hansı təşəbbüsün müzakirəyə çıxarılması üçün ən azı 20 parlamentarinin imzası tələb olunur. Artıq sənədə 70 imza atılıb və onların arasında Polşa ilə Litvadan olan parlamentarilər üstünlük təşkil edirlər - müvafiq olaraq, 16 və 8. Bundan başqa, sənədə Danimarka, Böyük Britaniya, Çexiya, İsveç, Bolqarıstan, Ukrayna, Estoniya, Litva, Finlandiya, Avstriya, İslandiya, Lixtenşteyn, İtaliya, Bosniya və Herseqovina, Rumıniya, Belçika, Almaniya, İspaniya, Türkiyə, İrlandiya, Macarıstan, hətta Monakodan olan deputatlar da imza atıblar. "Novosti-Qruziya" agentliyinin məlumatına görə, sənəd müəllifləri Rusiyanı AŞPA-nın 1633 (2008-ci il) və 1647 (2009-cu il) qətnamələrinə əməl etməməkdə günahlandırır, "güc və təxribata əsaslanan siyasətə cavab verilməsini" istəyirlər.
Tbilisinin son təşəbbüsü ortaya belə bir sual çıxarır: BMT Baş Assambleyasında bu qədər uğurlu səsvermədən dərhal sonra Moskva ilə belə sərt qarşıdurmaya getməyə dəyərdimi? Axı, Tbilisi bununla bəzi dairələrin Baş Assambleyada qəbul edilmiş sənədin Gürcüstandakı humanitar böhranın aradan qaldırılmasına yönəlmədiyini, əslində Moskvaya siyasi təzyiq, (açıq demək lazımdır ki, bunun perspektivi o qədər də çox deyil), Rusiyanın beynəlxalq aləmdən təcrid olunmasına cəhddə şübhələrini daha da artırır.
Bizə belə gəlir ki, qarşıdurma yolunun seçilməsi Tbilisiyə çətin ki, uğur gətirsin. Bu xəttin Gürcüstanın dostları tərəfindən dəstəklənəcəyi də az ehtimal olunandır.
BMT Baş Assambleyasında qəbul edilmiş qətnamə ilə bağlı daha bir məqama diqqət çəkmək istərdik. Sənədin vacib maddələrindən biri Gürcüstanın Abxaziya və Güney Osetiya regionlarında demoqrafik vəziyyətin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlıdır. Fikrimizcə, bu ədalətli norma Gürcüstan rəhbərliyinə bu regionlarda etnik vəziyyətin qorunması tələbini irəli sürməyə imkan verməklə yanaşı, həm də onun üzərinə ölkənin diger regionlarında demokrafik görünüşün dəyişməsinə səbəb ola biləcək hər hansı daxili siyasətin yürüdülməməsi ilə bağlı öhdəlik də qoyur. Söhbət ilk növbədə azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionundan gedir.
Məsələ ondadır ki, M.Saakaşvilinin hakimiyyətə gəlməsindən keçən dövr ərzində Gürcüstanın bu regionunun azərbaycanlı əhalisinin sayı 224 mindən (2002-ci ildəki siyahıyaalmaya əsasən) 132 minə (2007-ci ilin məlumatı) enib. 2002-ci ildə Kvemo-Kartlinin 3 rayonu - Marneuli, Bolnisi və Dmanisidə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi (ümumi əhalinin 65-85%-i). Bu gün isə bu bölgənin rayonlarından heç birində azərbaycanlılar artıq aparıcı etnik qrup deyil.
Təbii ki, bu tendensiya Bakını narahat etməyə bilməz. Axı, Gürcüstanda yalnız gürcülər, ermənilər, abxazlar və osetinlərin yox, azərbaycanlıların da layiqli həyat, haqq və azadlıqlarının müdafiəsi hüquqları var.
Başqa sözlə, Gürcüstanın öz xarici siyasətini hücum üzərində qurmaq haqqı var. Lakin bununla yanaşı, o, məsuliyyətli daxili siyasət aparmalı olduğunu da unutmamalıdır.
MƏSLƏHƏT GÖR: