DOLCE VITA
Dünya daha bir böhranla - şəkər tozu çatışmazlığı ilə üz-üzə qalacaq
Müəllif: Zeytulla CABBAROV İmişli - Bakı
Hindistanda və Braziliyada havaların pis keçməsi öz işini görüb. Dünya artıq ikinci ildir ki, şəkər çatışmazlığı hiss edəcək. Gözlənilir ki, qlobal tələbat 2010-cu ilin sentyabr ayına daha 5 mln. ton artacaq, bu isə sözügedən məhsul üzrə rekord ölçüdə defisitin yaranmasına səbəb olacaq.
İlin əvvəlində şəkər, demək olar ki, iki dəfə bahalaşıb. Son günlərdə onun qiyməti dünya bazarlarında son 28 il üzrə maksimum yüksək qiymətə - bir funt (0,4535924 kq) üçün 23,33 sentə qalxıb. Amma bu da son deyil. Bir sıra ekspertlərin fikrincə, qiymət daha 80% də, yəni funtun qiyməti 40 sentə qədər qalxa bilər. Bu xəbərlər dünyanın bir çox ölkələrində "şəkər" ajiotajına səbəb olub. Məsələn, Ukraynada şəkərin qiymətini azacıq salmaq üçün artıq dövlət ehtiyatlarından satmağa başlayıblar. Amma istehlakçıların fikrincə, onun qiyməti hətta ortadan da aşağıdır.
Azərbaycanda isə hələ ki vəziyyət sabitdir və yeganə yerli şəkər tozu istehsalçısı "Azersun Holding" imkan verilən bütün üsullarla qiymətləri qoruyur. Ancaq çətin ki, bunu davam etdirməyə gücü çata. Daha doğrusu, əgər İmişli müəssisəsinin xaricdən aldığı xammalın qiyməti artmaqda davam edərsə, kommersiya məntiqi bu fədakarlığı davam etdirməyə imkan verməycək.
Şirinlik azalacaq
Artıq deyildiyi kimi, qiymətlərin yüksəlməsinin əsas səbəbi dünyanın ən iri şəkər istehsalçısı Braziliyada şəkər qamışı məhsulunun qıt olmasıdır. Leysan yağışları mövsümünün uzanması ucundan Braziliya məhsul proqnozlarını azaldıb. Dünyanın ikinci şəkər istehsalçısı və ən iri istehlakçısı Hindistanda isə əksinə quraqlıqdır. Bunun üzündən şəkər qamışı istehsalı keçən ilki 26 milyon ton səviyyəsindən bu il 15,5 mln. ton səviyyəsinə düşüb. Ölkə şəkər ixracatçısından şəkər idxalçısına çevrilib. İlkin hesablamalara görə, 2009/-10-cu marketinq ilində Hindistan 5 mln ton şəkər idxal edəcək, bu ilki idxalı isə 2,7 mln tondur.
Dünyanın üçüncü şəkər istehsalçısı Çində də vəziyyət yaxşı deyil. Orada milli inkişaf və islahatlar üzrə komissiyadan olan məmur bildirib ki, bu il ölkə üzrə şəkər kəsiri 1,5 mln tona çata bilər. Qeyd edək ki, Çinlə bərabər dünya üzrə üçüncü şəkər istehsalçısı sayılan Avstraliyada fermerlər şəkər qamışı sahələrini artırıblar və bu il şəkər istehsalını 250 min ton artırmağı düşünürlər. Bu yenilik qiymət artımını bir qədər dayandırıb. Ancaq ekspertlər bildirirlər ki, bu məlumatlar dünya üzrə şəkərin qiymətinin qalxması meylinin qarşısını tam ala bilməz.
Quraqlıq üzündən Tailandda və Meksikada da şəkər qamışı sahələri zərər görüb. İyunda analiiklər 2009 /10-cu marketinq ili üzrə şəkər çatışmazlığı proqnozunu 6 mln tona qədər artırıblar. Halbuki, martda onlar kəsirin 2,5 mln. ton olacağını düşünürdülər.
"Dünya defisiti üzündən şəkərin qiyməti 80% arta və bir funt üzrə 40 senti (yəni ton üzrə $881-i) ötə bilər",- deyə "Aisling Analytics" xammal hec - fondunun icraçı direktoru Maykl Koulmen proqnozlaşdırır. Dünyanı ən iri şəkər zavodunun sahibi "Al Kaleej Sugar Co." şirkətinin rəhbərliyi də eyni fikirdədir. Şəkərin qiymətinin yüksək olması ABŞ-ın iri yeyinti şirkətlərinin rəhbərlərini, hətta hökumətdən şəkər idxalı kvotalarını artırmağı xahiş etməyə məcbur edib, ABŞ-da yerli istehsalçıları qorumaq üçün şəkər idxalına kvota qoyulur. Başqa sözlə, dünya daha bir böhranla - şəkər böhranı ilə üz-üzə qalıb və o, ölkələrə heç də maliyyə böhranından az təsir göstərmir.
Yuxarıda deyildiyi kimi, Azərbaycanda dünya şəkər böhranı ilə bağlı heç kim həyəcan içində deyil. Bundan başqa, bu, bizim ölkədə hətta "kompot-mürəbbə" mövsümündə də, belə hiss edilmir. Müəyyən qiymət dəyişiklikləri hiss olunur, amma bu, sadəcə idxal məhsulu və topdansatışçıların spekulyativ qazancları ilə bağlıdır. Yeganə yerli istehsalçı "Azersun Holding"in tərkibinə daxil olan İmişli şəkər zavodu rəsmi olaraq qiymətləri qaldırmayıb və bunu etməyə çalışmır. Bu, təkcə ölkədə şəkər çuğunduru istehsalının təşkil edilməsi ilə əlaqəli deyil. Həm də holdinqin xammaldan qablaşdırmış hazır məhsula qədər bütün istehsal zəncirini qurmaq siyasəti ilə bağlıdır. Azərbaycanda, xüsusilə də İmişlidə və yaxınlıqda yerləşən rayonlarda bu məhsulun yetişidirilməsinə maraq dəfələrlə artıb. Nəzərə alsaq ki, ölkədə şəkər çuğunduru yetişdirməyə yalnız 1992-ci ildən başlanılıb, keçən müddət ərzində qazanılmış uğurlar əlbəttə ki, heyranedicidir.
Qiymətləri tam gücümüzlə qorumalı
Qeyd edək ki, ilk başdan Azərbaycan qonşu istehsalçı ölkələr - Türkiyə və İran üçün yalnız xammal mənbəyi idi. Bu ölkələrin şəkər zavodları o qədər də pis olmayan şəkər dərəcəsi ilə seçilən Azərbaycan çuğundurunu həvəslə alırdılar. Ancaq belə durum yerli istehlakçını ucuz və keyfiyyətli şəkərlə təmin etmək baxımından qaneedici deyildi. Problemə dövlət səviyyəsində baxıldı və yerli zavodun tikilməsi barədə qərar qəbul edildi. Bu yeyinti sənayesi nəhənginin tikilməsi $100 mln.-a başa gəldi.
Qeyd edildiyi kimi, ötən müddət ərzində müəssisənin istehsal gücü genişləndirilib, dərin emal texnologiyası mükəmməlləşdirilib. Bununla yanaşı, həm də məhsulun keyfiyyətinə diqqət artırılıb.
2006-cı ildə zavod ISO 9001: 2000 keyfiyyətin idaredilməsi sistemi sertifikatına layiq görülüb. Hazırda zavod təmsilçiləri ISO 14001 ekoloji təhlükəsizlik idarəetmə sistemi sertifikatı almağı planlaşdırırlar. Zavodun şəkər tozu Belçikada yerləşən şirkətin laboratoriyasında testdən keçirilib. Müəyyən edilib ki, şəkər tozunun keyfiyyəti Avropada istehsal ediləndən 50% yüksəkdir.
İmişli zavodunun işə salınması ilə azrbaycanlıların şəkərlə təmin edilməsi xeyli yaxşılaşıb. Məhz onun fəaliyyəti hesabına indiyə kimi şəkərin qiymətinin qalxmasının qarşısını almaq mümkün olub. Ancaq ədalətlə demək lazımdır ki, müəssisənin idarəetməsinə bu asan başa gəlmir. Məsələ bundadır ki, xammalın əsas hissəsni xaricdən idxa etmək lazım gəlir. Özü də təbii ki, dünya qiymətlərinə.
Bəli, ötən illər ərzində şəkər çuğunduru sahələrinin sərhədləri yetərincə genişlənib, artıq Aran düzənliyinin praktik olaraq bütün rayonlarında, o cümlədən Gəncə-Qazax, Dağlıq Şirvan və başqa kənd təsərrrüfatı iqtisadi rayonlarında şəkər çuğunduru becərirlər. Hazırda bu sahədə 20 minən 30 minə kimi insan məşğuldur. Fermerlər hələ ki hektardan 30-40 ton məhsul götürürlər. Halbuki 80 tondan 160 tona kimi məhsul əldə etmək imkanı var.
2009-cu ildə yerli istehsalçıların maddi vəziyyətini yaxşılaşdırmaq üçün İmişli şəkər zavodu fermerlərin təhvil verdiyi şəkər çuğundurunun qiymətini 43 manatdan 49 manata qaldırıb. Zavod becərmə və xammalın daşınması üzrə bütün xərcləri də öz üzərinə götürür. Nəticədə şəkər çuğunduru əkilmiş hər sahədən təmiz gəlir 2300-2500 manat təşkil edir ki, bu da sahəyə marağın artması ilə nəticələnir. Son üç ilin göstəriciləri bunun sübutudur. Həmin göstəricilərə görə, 2008-ci ildə şəkər çuğunduru məhsulu 2006-cı ilə baxanda 110 min ton artıq yığılıb. Artım dinamikası 2009-cu ildə də davam etməlidir.
Ancaq yuxarıda göstərildiyi kimi bu, zavodun xammala olan tam tələbatını ödəmir və müəssisə onu çox yüksək qiymətlərlə xaricdən almağa məcbur olur. Axı bu gün zavodun tam gücü 400-450 min ton şəkər istehsalıdır, bunun 230-250 min tonu yerli istehlak üçün sərf edilir. "Azersun Holding"dən bildiriblər ki, İmişli zavodunda istehsal edilən şəkər həm daxili bazarın tələbatına gedir, həm də Orta Asiya ölkələrinə, Əfqanıstana, Gürcüstana, Ukraynaya, İraqa yola salınır.
Buna görə də "Azersun Holding"in son məhsulun qiymətini saxlamaq barədə səylərinə baxmayaraq, onun qiymətinin gələcək dəyişməsini proqnozlaşdırmaq mümkün deyil, çünki şəkər də qiyməti birjada tənzimlənən az sayda ərzaq məhsullarından biridir. Eyni zamanda burada bildiriblər ki, "holdinq bundan sonra da ölkənin daxili bazarını şəkər çuğundurundan istehsal edilmiş yüksək keyfiyyətli məhsulla təmin edəcək və çalışacaq ki, qiymətləri əvvəlki səviyyədə saxlasın". Qeyd edək ki, hazırda holdinqdə olan ehtiyatlar bir ay ərzində tələbatı ödəməyə imkan verir.
MƏSLƏHƏT GÖR:

502

