ŞİMAL CƏNUBA QARŞI
Dünyada yenidən Əfqanıstanın bölünməsi Planının aktuallaşacağı istisna deyil
Müəllif: NURANİ Bakı
Əfqanıstanda prezident seçkisinin nəticələri hesablanır. Rəsmi rəqəmlərin, ən tezi, sentyabrın 17-də açıqlanacağı gözlənilir. Əgər ikinci turun keçirilməsi zərurəti yaranarsa, o, yalnız Ramazan ayının başa çatmasından sonra baş tutacaq.
Hələliksə iki nəfər özünü qalib elan edib: hazırkı prezident Həmid Kərzai və onun əsas rəqibi, ölkənin sabiq xarici işlər naziri Abdulla Abdulla.
Hazırkı dövlət başçısının seçki qərargahının rəhbəri Din Məhəmməd ilkin nəticələrə əsaslanaraq, Kərzainin qalib gəldiyini bəyan edib. Lakin o, ilkin nəticələri haradan əldə etdiyini açıqlamayıb. Məhəmməd əminliklə onu da əlavə edib ki, ölkədə "prezident seçkisinin ikinci turu olmayacaq".
Doktor Abdulla Abdullanın seçki qərargahının mətbuat katibi Səyid Aka Fazil Sançaraki isə öz növbəsində bildirib ki, "bizim seçki məntəqələrindəki müşahidəçilərmizdən əldə etdiyimiz nəticələr göstərir ki, namizədimiz 63, Həmid Kərzai isə 31% səs toplayıb".
Səsvermənin başa çatmasından sonrakı ilk saatlarda rəsmi Kabil təmsilçiləri təbriklər almağa başlayıblar: axı, taliblərin səsverməyə qatılanların "əllərinin kəsiləcəyi" və "başlarının üzüləcəyi" haqda hədələrinə baxmayaraq, seçki baş tutmuşdu. Vəziyyət hətta o həddə çatmışdı ki, Əfqanıstan hökuməti səsvermə məntəqələri bağlananadək KİV-ə partlayışlar və atışmalar haqda məlumat yaymağı qadağan etmişdi.
Terror dalğaları isə kifayət qədər təsirli idi. Səsvermənin başlanmasından cəmi 1 saat sonra paytaxtda zibil qutularına yerləşdirilmiş 7 partlayıcı işə salındı. Seçki günü Kabil raket atəşinə də tutuldu. Mərmilərdən biri Vəzir Əkbər Xan rayonuna düşdü, daha bir raket başqa rayonda yaşayış evini dağıtdı. Qilment əyalətinin inzibati mərkəzi olan Laşqarxaq minaatanlardan atəşə tutuldu.
Eyni vəziyyət Qəndəharın inzibati mərkəzində də baş verdi.
Bütün bunlara baxmayaraq, seçicilərin 40-50%-i səsverməyə qatıldı. Bununla yanaşı, Əfqanıstanda bir çox kişilərin öz xanımları və həddi-büluğa çatmış qızlarının yerinə də səs vermələri, çətin ki, ciddi qanun pozuntusu kimi qəbul edilsin.
Ekspertlər hesab edir ki, Əfqanıstan üçün 30-dan artıq namizədin iştirakı, tele-debatlar və s. ilə keçirilən seçkinin özü də artıq vacib faktordur.
İtaliyanın "La Respubblica" qəzeti Əfqanıstanda seçkiöncəsi əhval-ruhiyyə haqda yazır: həqiqət ondan ibarətdir ki, əfqanların əksəriyyəti həqiqətən də bu seçkiyə inanır. Kabilə şimaldan gəlmiş gənc katibə Əminə qəzetə bildirib ki, "zorakılıq, korrupsiya, işsizlik hələ də yüksək həddə qalır. Zorakılıq həmişə olub və yenə də olacaq. Lakin səsverməyə getmək lazımdır".
Brukinqs İnstitutunun xarici siyasət üzrə elmi əməkdaşı Vanda Felbab-Braunun "The Los Angeles Times" qəzetində yer almış məqaləsində deyilir ki, bu seçki əfqanlarda öz gələcəklərinə, az da olsa, nəzarət etdiklərini düşünmək imkanı verir.
Seçkinin ölkədə idarəçiliyi yaxşılaşdıracağı və möhkəmləndirəcəyi də qeyd olunan faktorlar sırasındadır və bu, heç də az əhəmiyyət daşımır. Bu, qiyamçılarla mübarizə, sabitliyin yaradılması və bərpa işlərinin aparılması baxımından vacibdir. Lakin hətta ədalətli və azad seçki də çox vacib olan faktor - idarəçiliyin yaxşılaşmasına zəmanət vermir.
İlkin təbriklərlə yanaşı, ekspertlər onu da bildirirdilər ki, müharibə aparan Əfqanıstanda nöqsansız seçkinin keçirilməsi mümkün deyil. Belə olduğu təqdirdə isə onun nəticələrinin açıqlanmasından sonra məğlub namizədin rəqibinin qalibiyyətini tanımaması riski böyükdür.
İtaliyanın "Corriere Della Sera" qəzeti bildirir ki, Əfqanıstanda seçki məntəqələrinin çölündə səsvermədən çıxan şəxslər arasında heç bir sorğu aparılmayıb, ictimai rəy sorğuları keçirilməyib və seçkinin ilkin nəticələri açıqlanmayıb. Buradakı atmosferi, əlbəttə ki, Tehranda bir müddət əvvəl yaşanmış vəziyyətlə müqayisə etmək olmaz, lakin ssenari İrandakı qədər dumanlı görünür.
Ekspertlər xatırladır ki, Abdulla Abdulla öz iddialarını hələ 2002-ci ildə ortaya qoyub. Əfqanıstan və İraqla bağlı bir çox nəşrlər üçün məqalələr yazan jurnalist xanım Kameliya Entehabi-Fərd ona kifayət qədər yaxşı xarakteristika verib: "Əfqanıstan nəhəng və çox tozlu ölkədir. Lakin burada tozdan gizlənmək üçün təmizlik və sakitlik vahələri var. Onların arasında xarici işlər nazirinin Kabilin şimal hissəsində yerləşən, gözəl bağçası olan, gül-çiçəklə əhatə olunmuş iqamətgahını göstərmək olar. Bu iqamətgahın otaqlarında gül dəstələri qoyulub, onların ətri evə daxil olan hər kəsi dərhal vurur. Qonaq otağında nəzakətli gənc insanlar hər on dəqiqədən bir gözlənti ilə bağlı yaranmış narahatlığa görə üzr istəyir. Bu, Əfqanıstan siyasətçilərinin yeni nəslinin təmsilçisi olan doktor Abdulla Abdullanın operativ qərargahıdır".
"Xarici işlər naziri Abdulla bu vahəyə dünyanın hər tərəfindən onlarla gənc əfqanı dəvət edib. Onlar tipik texnokratlardır və hökumət ümid edir ki, bu şəxslər ölkənin bərpası proqramını reallaşdırmağı bacaracaqlar. Onların əksəriyyəti hələ uşaqkən Əfqanıstanı tərk edərək, xaricdə lazımi texniki bacarıq və təcrübə əldə ediblər. Abdullanın özü kimi, bu insanların da əksəriyyəti etnik taciklər, qonurgözlülər və açıq rəngli dərililərdir. Və onların əksəriyyəti Əfqanıstanın şimal-qərbində yerləşən Pəncər vadisindən gələnlərdir", - deyə Entehabi-Fərd yazır.
Yəni, göründüyü kimi, parçalanma ilk baxışda hiss edildiyindən daha ciddidir. Və bu yalnız siyasi rəqabətə klanlararası və etnik qarşıdurmanın qarışması ilə əlaqədar deyil. Kərzai ilə Abdulla arasında fərq çoxlarının yadına 2001-ci ilin payızında - NATO-nun Əfqanıstanda antitalib əməliyyatlarına yeni başladığı zaman Londonun "The Times" qəzetində getmiş sensasion məlumatı salır. Orada söhbət keçmişdən - XX əsrin ortalarından gedirdi: 1947-ci ildə Mərkəzi Şərqi görünməmiş geosiyasi fırtına bürüyür, keçmiş Britaniya Hindistanının yerində iki yeni dövlət - Hindistan və Pakistan yaranır (sonradan Pakistanın tərkibində olan Banqladeş də müstəqillik qazanır).
"The Times"in yazdığına görə, 50-ci illərin ortalarında Böyük Britaniya Əfqanıstanı keçmiş SSRİ ilə Pakistan arasında bölmək planı hazırlayıbmış. Britaniya XİN-nin 1951-ci ildə ölkənin Kabildəki səfiri Con Qardenerə ünvanlanmış məktubunda deyilir ki, "əgər çevriliş baş verərsə (Əfqanıstanda), nəticədə bu ölkənin ümumiyyətlə yox olması heç də faciə yaratmayacaq - hazırkı şəraitdə Əfqanıstanın yaxın gələcəkdə yaşamaq imkanı son dərəcə şübhəli görünür, çünki bu ölkə nə tarixi, nə də iqtisadi baxımdan bir-biri ilə əlaqəsi omlayan vilayətlər konqlomeratını xatırladır".
Belə qiymətləndirməyə, həqiqətən də, diqqət ayırmağa dəyər. Bir çox ekspertlərin xatırlatdıqları kimi, Şərqdə həmişə qədim tarix və mədəniyyətə istinad etmək dəbdə olub. Özü də bu diskussiya forması həm Yaxın, həm Orta, həm də Uzaq Şərq üçün xasdır. Amma məsələ bundadır ki, heç də bütün Şərq ölkələri dövlətçilik ənənələrinə malik deyil. Əfqanıstan dünya xəritəsində yalnız XIX əsrin ortalarında, cənubdan Böyük Britaniyanın, şimaldan isə Rusiyanın idarəçiliyini artırdığı zaman Mərkəzi Asiyada yaşanan "böyük oyun"lar zamanı peyda olub. O zaman hər iki imperiya heç bir çətinlik çəkmədən yerli knyazlıqlar, xanlıqlar, əmirlikləri, xüsusilə əhalisinin özlərinin belə ərazinin kimə məxsus olduğunu bilmədikləri nəhəng səhralıqları "udublar". Və təbii ki, bu iki imperiya gec-tez qarşı-qarşıya gəlməli idi. Lakin böyük müharibə nə Böyük Britaniyanın, nə də Rusiyanın planlarına daxil deyildi.
Nəhayət , London ənənəvi üsula əl ataraq, Rusiya Türküstanı ilə Britaniya Hindistanı arasında bufer dövlət - Əfqanıstanın yaradılmasına qərar verdi. Onun sərhədləri isə heç nəyə əsaslanmadan müəyyənləşib: hazırda Əfqanıstan-Pakistan sərhədinin keçdiyi Dürand xətti isə köçəri xalqların uzun əsrlik marşrutlarını və ənənəvi Puştustanı iki hissəyə böldü. Əfqanıstanın şimalını isə tarixən Kabil və Kandaqara deyil, Səmərqənd və Buxaraya istiqamətlənmiş ərazilər təşkil etdi. Bu səbəbdən də, indi Əfqanıstanın cənubunda əsasən puştunlar yaşadığı halda, şimalda taciklərlə özbəklər çoxluq təşkil edir. Və keçən onilliklər ərzində daim yoxsul və inkişafdan qalan, yol və infrastruktura malik olmayan bu ölkəni birləşdirmək mümkün olmayıb.
Əfqanıstanın milliyyətcə puştun olan şah sülaləsi, pis-yaxşı, şimalla cənub arasında balans saxlamağı bacarırdı. İndi isə situasiya fərqlidir və bunun günahı nə sovet müdaxiləçilərində, nə də NATO-dadır. Bu vəziyyətin yaranmasının əsas səbəbkarları Sovet qoşunlarının ölkəni tərk etməsindən sonra hakimiyyəti bölüşdürə bilməyən mücahidlərin özləridir. Əfqanıstanın Rəbbani və Əhməd Şah Məsud kimi nüfuzlu liderləri şimalı təmsil edən taciklər idi. Taliblər isə əsəsən puştunlardır.
Məhz "Taliban" dövründə bir çox puştun klanlarının liderləri belə qərara gəldilər ki, taciklər və özbəklərlə hakimiyyətin bölüş-dürülüməsi vacib deyil. Tacik və özbəklər isə öz növbələrində heç də əsassız olmayaraq, belə düşünülər ki, "Taliban" hakimiyyətinin devrilməsindən sonra hakimiyyətin "nəzarət paketi" puştunların əlində olmamalıdır.
Ölkənin parçalanması təhlükəsinin əsasını da məhz bu təşkil edir.
Forin ofisin açıqlanan məxfi sənədlərindən görünür ki, 50-ci illərdə səfir Qardener məsələyə xüsusi şövqlə yanaşmayıb. Əfqanıstanda "hakimiyyət vakuumu" təhlükəsinin yarana biləcəyini və SSRİ-nin bundan istifadə edəcəyini anlayan diplomat XİN-ə bildirib ki, ölkənin parçalanması ilə bağlı planı təhlükəli hesab edir. Həm də ona görə ki, ölkəni işğal edəcək istənilən qüvvələr yerli sakinlərin müqaviməti kimi "baş ağrısı" ilə qarşılaşacaqlar. "The Times" yazır ki, Əfqanıstanın bölünməsi planının arxivə atılması üçün səfirin bu mövqeyi kifayət edib. Üstəlik o zaman Əfqanıstanda dramatik hadisələr də yaşanmırdı.
İndi isə bu haqda xəbərdarlıqlar yenidən qızışır və Əfqanıstanın parçalanması fikrinin dünyada yenidən aktuallıq qazanacağı istisna edilmir. Xüsusilə, Kərzai və Abdullanın razılığa gələ bilməyəcəkləri təqdirdə.
MƏSLƏHƏT GÖR:



393

