
ŞİMALİ QAFQAZDA NƏ BAŞ VERİR?
Rusiyanın cənubunda vəziyyət getdikcə gərginləşir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Son zamanlar Şimali Qafqazın şəhərləri və yaşayış məntəqələrindən gələn xəbərlər müharibə bölgəsindən daxil olan məlumatları xatırladır. Orada silahlı basqın, qətl, partlayış və sui-qəsdsiz bir gün belə keçmir.
Məsələn, avqustun 17-də kamikadze Nazranın (İnquşetiya) daxili işlər idarəsinin qarşısında yük maşınını partlatdı. Nəticədə 21 nəfər həlak oldu, onlarca insan yaralandı.
Elə həmin gün qonşu Çeçenistanda rusdilli ailənin beş üzvünün hamısı qətlə yetirildi, bundan bir qədər əvvəl isə yaraqlılar altı milis işçisini yaraladılar.
Avqustun 16-dan 17-nə keçən gecə Xasavyurt şəhərində qaz kəməri partladıldı, avqustun 18-də isə Mahaçqala bazarlarının birində partlayış törədildi.
Ümumilikdə ilin əvvəlindən Dağıstanda milis postlarına 128 hücum olub, həmçinin 3 terror aksiyası həyata keçirilib. Eyni zamanda 39 milis işçisi, xüsusi xidmət orqanlarının 4 əməkdaşı, 10 hərbçi və 12 mülki şəxs qətlə yetirilib.
İnquşetiyada törədilmiş 58 silahlı basqın nəticəsində isə 37 güc strukturu işçisi öldürülüb, 79-u yaralanıb.
Baş verən hücumların qurbanları yalnız adi vətəndaşlar və hərbçilər yox, həm də yüksək vəzifə sahibləri, hüquq müdafiəçiləri olur. Məsələn, bu ilin mayında Dağıstanın daxili işlər naziri Adilgəray Maqomedtahirov güllələnib. İyunda isə sui-qəsd nəticəsində İnquşetiya prezidenti Yunusbek Yevkurov ağır yaralanıb. Bir müddət əvvəl bu respublikanın inşaat naziri Ruslan Amerxanovu da öz kabinetində güllələyiblər.
Bundan başqa, Dağıstanın "İstina" qəzetinin jurnalisti Malik Axmedilov qətlə yetirilib, Çeçenistanda isə məşhur hüquq müdafiəçisi Natalya Estemirova oğurlanaraq öldürülüb.
Mülki sektorun fəalı Zarema Sadulayeva və onun həyat yoldaşı Alik Cəbrayılov da qətlə yetirilənlər sırasındadırlar.
Güman ki, siyahı bununla bitməyəcək - Şimali Qafqazda situasiya getdikcə daha da pisləşir.
Siyasətçilər, analitiklər və jurnalistlərin, eləcə də adi vətəndaşların cavab axtardıqları bir sual var: Şimali Qafqazda nə baş verir? Bütün dünyada müşahidə olunan radikal və ekstremist islamçıların fəallığı buraya da ayaq açır? Yoxsa bu, Rusiyanın Abxaziya və Güney Osetiyadakı fəaliyyətinə kənardan verilən cavabdır? Bəlkə, boru xətti müharibəsinin əks-sədası özünü bu formada büruzə verir? Bütün bunlar nə ilə başa çata bilər?
Suallar çox olsa da, hətta ən tanınmış və nüfuzlu ekspertlərdə də bu suallara cavab yoxdur. Şübhəsiz ki, terror aksiyalarının kimlər tərəfindən törədilməsi, onun sayı, reallaşdırılarkən nümayiş olunan yüksək peşəkarlıq, həmçinin yerli hökumətlərin baş verənlərin qarşısının alınmasında acizliyi bu regionda daimi böhranın göstəricisidir.
"Qafqaz gizli xarici qüvvələrin fəaliyyəti üzündən yox, daxili ziddiyyətlərlə bağlı qaynayır. Burada qan qisasçılığı, kriminal "razborkalar", həmçinin yerli elitalar arasında mübarizə yaşanır", - deyə Rusiyanın Siyasi və Hərbi Analizlər İnstitutunun nümayəndəsi Sergey Markedonov bildirir.
Moskva Karneqi Mərkəzinin təmsilçisi Aleksey Maloşenko isə hesab edir ki, bu region Rusiyaya tabe olsa da, daha çox öz qanunları ilə yaşayan qonşunu xatırladır. Onun sözlərinə görə, burada radikal islamçıların əməlləri "arxaikləşdirməyə və ənənəvi cəmiyyətin müasirləşdirilməsinə qarşı yönəlib".
Malaşenko açıq şəkildə bildirir ki, bölgədə yaranmış situasiya çıxılmazdır.
Bununla yanaşı, Rusiyanın güc strukturları, Şimali Qafqaz respublikalarının bir çox liderləri daim bölgənin xarici qüvvələr tərəfindən qarışdırılması və beynəlxalq dini ekstremizmdən danışırlar. Bir çox hallarda Gürcüstan və hətta Azərbaycanın adı bu düşmən fəaliyyəti üçün tranzit ölkə kimi çəkilir. Rusiyaya dost olan Azərbaycanın ünvanına səsləndirilən bu ittihamların sübutunun olmaması və qərəzliliyi o dərəcədə aydındır ki, sonda Rusiyanın Bakıdakı səfiri telekameralar qarşısında Moskvanın bir müddət əvvəl İnquşetiya və Dağıstanda baş vermiş terror aksiyaları ilə əlaqədar Azərbaycandan heç bir narazılığının olmadığını söyləməyə məcbur olmuşdu. Söhbətə nöqtəni isə Rusiya prezidenti Dmitri Medvedev qoydu. Avqustun 19-da ölkənin Təhlükəsizlik Şurasının Stavropolda keçirilən iclasında o, xarici faktorların vacibliyini birbaşa qeyd edib. Bununla yanaşı, Medvedev deyib: "Lakin ilk növbədə səbəbi ölkə daxilində axtarmaq lazımdır - bu, işsizlik, yoxsulluq və elə hüquq-mühafizə orqanlarının özündə, həmçinin məhkəmə sistemində mövcud olan korrupsiyadır".
Moskva çoxmilyardlı dotasiya ilə Şimali Qafqaz elitasının loyallığına nail olur. Lakin bu məbləğin böyük hissələri oğurlanır, təyinatı üzrə xərclənmir, sıravi vətəndaşlara isə qəpik-quruş çatır. Bu azmış kimi, Şimali Qafqaz klanları arasında Moskvadan gələn maliyyə axınına nəzarət uğrunda da ciddi mübarizə baş qaldırıb.
2010-cu ildə Dağıstanda prezident seçkisi keçiriləcək və seçkinin necə keçəcəyi heç də yalnız bu respublikadakı vəziyyətdən asılı deyil. Mübarizə Dağıstanın hazırkı başçısı Muxu Əliyevin tərəfdarları ilə "Şimal alyansı" arasında gedəcək və demək olar ki, bu, artıq başlayıb. Bir çoxları isə vəziyyətin gərginləşməsinin səbəbi kimi, məhz bunu göstərir.
İnquşetiyaya gəlincə, burda vəziyyətin gərginləşməsinə təsir göstərən səbəblərdən biri yerli əhali arasında böyük nüfuza sahib Ruslan Auşevin hakimiyyətdən kənarlaşdırılması və milyarder Mixail Qutseriyevin biznesinin əlindən alınmasıdır. Üstəlik, qonşu Çeçenistanın İnquşetiya ilə bağlı ambisiyaları da vəziyyəti mürəkkəbləşdirir: Qroznı vaynax xalqının birləşdirilməsi bəhanəsi ilə Çeçen-İnquş Respublikasının bərpa olunmasını təklif edir. Bu isə İnquşetiyanın "udulması" deməkdir.
Ümumiyyətlə, bu muxtar respublikanın aydın sərhədləri yoxdur: onun Şimali Osetiya ilə sərhədi, konkret olaraq, Priqorod rayonu hələ də potensial münaqişə ocağı kimi qalır.
Çeçenistanla Dağıstan arasında da mübahisəli ərazilər var. Dağıstanda bu və ya digər etnik qrupların nəzarətində olan rayonların inzibati sərhədləri ilə bağlı açıq mübahisələr davam edir.
Dağıstan və İnquşetiyada bitib-tükənməyən terror aksiyalarının fonunda Çeçenistanda durum nisbətən yaxşıdır. Buna ilk növbədə Çeçenistan lideri Ramzan Kadırovun şəxsi qvardiyasının sərt və çox vaxt Rusiya qanunlarına tabe olmayan fəaliyyəti nəticəsində nail olunub. Amma, yalnız Kadırovun yaxın ətrafının ölkə rəhbərliyinə şəxsi loyallığı əsasında yaradılmış sabitlik çox aldadıcıdır və daimi deyil.
Regionda terror müharibəsinə də Çeçenistandan rəhbərlik edildiyini nəzərdən qaçırtmaq olmaz. Bu, sabiq "İçkeriya prezidenti" (Məshədovdan sonra), indi isə "Qafqaz mücahidlərinin əmiri (baş komandanı) və cihad başçısı" Doku Umarovdur. Onun tərəfdarlarının əksəriyyəti İmam Şamilin ənənələrinə uyğun olaraq, Şimali Qafqazda vahid islam dövlətinin yaradılması uğrunda mübarizə aparır.
Şimali Qafqazda situasiya Gürcüstan və Azərbaycana birbaşa təsir göstərir. O, Ermənistan, Türkiyə və hətta İranda da müəyyən izlər buraxır. Abxaziya və Güney Osetiyanın şimalda baş verən proseslərə təsiri əvvəllər də var idi, Moskvanın onların müstəqilliyini tanımasından sonra isə bu, daha ciddi xarakter aldı. Burada əhalinin əlində xeyli silah-sursat var, insanların böyük hissəsi ondan hətta kriminal, klanlararası mübahisələrdə də istifadə etməyə hazırdır. Elə bir müddət əvvəl Rusiyanın baş naziri Vladimir Putinin Abxaziyada səfərdə olduğu zaman Qaqra və Suxumidə partlayışlar törədildi. Bu silahlardan Kokoytanın qruplaşmaları tərəfindən Gürcüstan kəndlərinin atəşə tutulmasında istifadə edilir. Məqsəd isə Gürcüstanla Rusiya arasında yeni hərbi qarşıdurmaya nail olmaqdır. Lakin bu, çətin ki, Moskvanı sevindirsin. Abxaziya və Güney Osetiyadan gətirilmiş və qeydiyyatda olmayan minlərlə silah, avtomat, qumbara və digər sursatlar Şimali Qafqazda əllərdədir və yerli hüquq-mühafzə orqanları üçün əsl başağrısına çevrilib.
Terrorçu-ekstremist fəallığının Azərbaycan ərazisinə, xüsusilə, Zaqatala-Balakən və Qusar rayonlarına keçirilməsinə cəhdlərin qarşısı sərhədçilərimiz, təhlükəsizlik qüvvələri və DİN tərəfindən qətiyyətlə alınır. Şübhəsiz ki, ölkə rəhbərliyi Qafqaz dağının digər tərəfindəki situasiyanı diqqətlə izləyir. Şimali Qafqazda baş verən son hadisələrin Azərbaycan sərhədçilərinin iş rejiminə təsir edib-etməməsi haqda jurnalistlərin suallarını cavablandıran Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev bildirib ki, orada yaşananlar hərbi xidmət fəaliyyətində nəzərə alınır: "Prezident, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar bütün lazımi tapşırıqları verib və lazımi maddi vəsait ayrılıb. Əminliklə deyə bilərəm ki, bu gün ölkənin şimal sərhədləri etibarlı şəkildə qorunur".
Bu arada, Moskvanın asayişin qorunması və terror təhlükəsinin qarşısının alınmasında konstruktiv əməkdaşlıq və qarşılıqlı dəstəyə ehtiyacının olduğu bir vaxtda Rusiyanın bəzi dairələri ermənipərəst KİV-də ("Regnum" agentliyi) absurd informasiyalar yaymaqdadırlar. Söhbət Kollektiv Operativ Reaksiya Qüvvələrinin "erməni bazaları"nın Azərbaycanla sərhəd Dağıstanda tətbiqinin müm-künlüyü haqda məlumatlardan gedir. Şübhəsiz ki, bunun üçün Ermənistanın nə vəsaiti, nə də gücü var.
Kiminsə belə primitiv yalanla Bakını qorxudacağını düşünməsi əbəsdir. Bununla Azərbaycanla Rusiya arasında qarşılıqlı səmərəli əməkdaşlığa kölgə salmaq da mümkün olmayacaq.
Bəd niyyətli təbliğat aksiyalarından praktiki problemlərə keçsək, burada ətrafında düşünülməli məsələlər var. Şimali Qafqazda situasiyanın getdikcə gərginləşməsi Azərbaycan-Rusiya birgə iqtisadi layihələri üçün də bir sıra problemlər yarada bilər. Vacib nəqliyyat kommunikasiyaları - dəmir yolu və avtomobil trasları, Bakı-Novorossiysk kəməri ilə neft nəqli məhz bu qeyri-sabit ərazilərdən keçir. Rusiyanın Azərbaycan qazının alınması ilə bağlı planı və onun Şimali Qafqaz vasitəsi ilə nəqli Şimal-Cənub nəqliyyat dəhlizi planı kimi, ümumiyyətlə, sual altına düşə bilər.
Bütün bunların birgə müzakirəsinə və baş verənlərə operativ reaksiyanın göstərilməsinə ciddi ehtiyac var.
MƏSLƏHƏT GÖR: