ERMƏNİSTANDA QARABAĞ NİZAMLANMASI İLƏ BAĞLI NARAHATLIQ ARTIR
Serj Sarkisyanın silahdaşı: "Biz israrla "iki dövlət" adlı mənasız oyun oynamaqda davam etmişik"
Müəllif: Redaksiya
Ermənistanda Qarabağ nizamlanmasının gələcək taleyi ilə bağlı narahatlıq artmaqdadır. Erməni mətbuatının yazdığına görə, oktyabrda Ermənistan-Azərbaycan münaqişəsinin Madrid prinsipləri əsasında nizamlanması prosesi, faktiki olaraq, həlledici və Yerevan üçün əlverişsiz mərhələyə qədəm qoyacaq. Narahatlıq üçün digər səbəb kimi isə sentyabrda BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət"lə bağlı növbəti qətnamənin qəbul olunacağı göstərilir.
Ermənistan rəhbərliyi BMT Baş Assambleyasında Azərbaycanın təqdim etdiyi qətnamənin qəbulundan narahatlığını gizlətməyə çalışsa da, bu ölkənin sabiq xarici işlər naziri və BMT-dəki təmsilçi Aleksandr Arzumanyan öz nigarançılığını açıqca ifadə edib. "Ermənistanın işğalçı kimi təqdim edildiyi heç bir sənəd nə Dağlıq Qarabağ, nə də Ermənistan üçün əlverişli ola bilməz", deyə o vurğulayıb. A. Arzumanyanın sözlərinə görə, indi Azərbaycan bütün səylərini problemi özünə sərf edən formada təqdim etmək üçün mümkün qədər çox tribuna əldə etməyə yönəldib. "Bu, məqsədyönlü bir fəaliyyətdir və erməni diplomatiyası müvafiq cavab tədbirləri hazırlamalı idi. Odur ki, bu fəaliyyətin qarşısının alınmaması erməni tərəfinin olduqca zəif işləməsinin nəticəsidir", - deyə sabiq XİN başçısı qeyd edib.
Yerevanın sülh prosesində uduzduğunu müxalifətin lideri, hakim Qarabağ klanının ən çox ehtiyat etdiyi eks-prezident Levon Ter-Petrosyan da təsdiqləyib. O, iqtidardan getməyə hazırlaşdıqları güzəştləri açıqlamağı tələb edib. "Soyqırımı əldən verdilər, Qarabağı da verəcəklər. Yəqin ki, artıq veriblər", - deyə Ter-Petrosyan İcevanda ictimaiyyətlə görüşü zamanı bildirib.
Düzdür, Ter-Petrosyanın sözləri heç də o demək deyil ki, o, işğal olumuş torpaqları qaytarmaqdan başqa hansısa çıxış yolu bilir. Xatırladaq ki, sabiq prezidentin özü də vaxtilə məhz Dağlıq Qarabağa Azərbaycan tərkibində muxtariyyətin verilməsinə razılaşdığı üçün Qarabağ klanı tərəfindən devrilişdi.
Görünür, indi Ter-Petrosyan da eyni metoddan istifadə etməyi və Qarabağ kartından yararlanaraq hakimiyyətə qayıtmağı düşünür. Düzünə qalsa, o, bunu heç gizlətmir də və açıq şəkildə bildirir ki, Ermənistanın Dağlıq Qarabağı birdəfəlik itirməməsi üçün yeganə yol hazırkı iqtidarın hakimiyyətdən getməsidir. "Serj Sarqsyan mümkün qədər tez yola salınmalıdır", - deyə o vurğulayır.
S.Sarqsyanın özü isə hakimiyyətdən getməyə tələsməsə də, başa düşür ki, 17 il əvvəl Qarabağ klanının Ter-Petrosyana başa çatdırmağa imkan vermədiyi işi görmək, yəni işğal olunmuş torpaqları azad etmək, indi onun boynuna düşüb. Azərbaycanın diplomatik hücumla dünya birliyini öz tərəfinə çəkdiyini və Yerevanın sülh prosesini uduzduğunu anlayan Sarqsyan indi dünyanı öz ordusu ilə hədələməyə çalışır. "Ermənistan ordusunun gücü sayəsində bu gün ölkə rəhbərliyi sülh danışıqlarında daha inamlı mövqedən çıxış edir" - deyə Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüşdə Sarqsyan bəyan edib.
Amma erməni ordusunun rəhbərliyinin Azərbaycan qırıcılarının təmas xəttindəki planlı təlimlərindən qorxuya düşməsindən sonra Sarqsyanın dünyanı qorxutmaq istəyi bu dəfə də puç oldu.
Görünür, Ermənistan cəmiyyətinin və şəxsən S. Sarkisyanın təlaşa düşməsinə həqiqətən tutarlı səbəblər var. Azərbaycan prezidenti İlham Əliyevin inamlı çıxışları da göstərir ki, hadisələr heç də ermənilərin xeyrinə inkişaf etmir.
"Deyə bilərəm ki, bizim danışıqlar prosesindəki səylərimiz artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olub ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülüb, yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər" - Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşkil etdiyi iftar məclisində Azərbaycan prezidenti bu bəyanatla çıxış edib.
Dövlət başçısı bildirib ki, münaqişə ancaq mərhələli yolla həll oluna bilər və bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir: "İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaq və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcək", - deyə İ.Əliyev bildirib və əlavə edib ki, söhbət yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq statusdan gedir.
Prezident Azərbaycanın beynəlxalq nüfuzunun və ölkəmizə dost dövlətlərin sayının artdığını da təsadüfən vurğulamayıb. Bu amil sülh proseslərində heç də sonuncu rolu oynamır. "Wall Street Journal"ın yazdığı kimi, Dağlıq Qarabağ münaqişəsi Xəzər hövzəsinin enerji daşıyıcılarına xüsusi önəm verən Avropa üçün böyük riskdir.
Məqalədə vurğulanır ki, Türkmənistanın "Nabucco" layihəsindəki rolu həddindən artıq şişirdilib, çünki qaz kəmərinin Xəzərin dibi ilə çəkilməsi perspektivi çox dumanlı görünür. Bundan başqa, Aşqabad Rusiya ilə imzaladığı razılaşma ilə, bu ölkə qarşısında 25 il müddətinə öhdəlik götürüb, həmçinin Çinə də qaz kəməri çəkir.
Qəzetin yazdığına görə, bütün bunların fonunda Azərbaycan Qərb dövlətlərinin gözündə "Nabucco" layihəsi üçün əsas qaz ixracatçısı kimi görünür. Odur ki, Avropa Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez vaxta nizamlanmasında heç də ABŞ, Rusiya və Türkiyədən az maraqlı deyil.
Hadisələrin bu cür inkişafı isə Ermənistan cəmiyyətində təslimçi əhval-ruhiyyəni artırır. Bir vaxtlar işğalçı müharibədə Serj Sarqsyanın yaxın silahdaşı olmuş "Erməni könüllüləri Birliyi"nin rəhbəri Jirayr Səfilyanın dediyi kimi, "biz (Ermənistan və Qarabağ separatçıları - “R+”) israrla "iki dövlət" adlı mənasız oyun oynamaqda davam etmişik və deyəsən, unutmuşuq ki, bu yalnız, oyun imiş".
MƏSLƏHƏT GÖR:

592

