14 Mart 2025

Cümə, 22:36

" QADINLAR ARZU EDİRLƏR…"

Sankt-Peterburq antrepriz teatrının qastrolları göstərir ki, Azərbaycanda özəl teatrın da yaşamağa haqqı var

Müəllif:

15.08.2009

Antrepriz (entreprise) sözü bizə fransız dilindən gəlib. Özəl tamaşa: sirk, teatr və sair deməkdir. Özəl teatrların yaranma tarixi bir az keçmişlərə gedir, amma biz həmin vaxtlara baş vurmağa çalışmayacağıq. Yalnız onu deyəcəyik ki, bizdə, Bakıda ötən yüzilliyin başlanğıcında çoxlu antrepriz teatrları olub. 

Onların içində ən məşhuru, rus teatrı tarixinə daxil olmuş  Polonskinin antreprizi idi. Bu teatrın əsası 1911-ci ildə qoyulmuşdu. 1923-cü ilə qədər Rus dramı adı altında  fəaliyyət göstərən teatr, "Pel-Mel" teatrının binasında yerləşirdi. 1923-cü ildə truppanın böyük hissəsi Bakı Fəhlət teatrının tərkibinə daxil olur və beləliklə də Səməd Vurğun adına Rus Dram Teatrının əsası qoyulur. 

Görünür, bakılılar artıq kök salmış adətlərə görə Rus Dram Teatrını hələ də "Rus dramı" adlandırmaqda davam edirlər. Əslində isə bu, kobud səhvdir. Çünki Polonski antreprizində o zaman doğrudan da, rus dramaturgiyası tamaşaya qoyulurdu və teatrın rus dramı adı gerçək duruma uyğun gəlirdi. 

Ümumiyyətlə isə, gəlin, söz oyunundan yox, antreprizdən danışaq. Bir müddət idi ki,  unudulan bu söz,  yenidən danışığımıza qayıdıb və heç də təkcə bununla kifayətlənməyib.  Azərbaycanın "Teatr haqqında" yeni qanununda mövcud dövlət qurumlarının bədii yaradıcılığın yeni alternativi kimi antrepriz yaratmaq imkanları nəzərdə tutulur. İstənilən halda, bu, bir qədər qeyri-müəyyən variantdır və öyrənilməsinə ehtiyac var. Amma ölkədə bu istiqamətdə müəyyən cəhdlər müşahidə olunur.

 

Xoş heyrət 

İlk olaraq Rüstəm İbrahimbəyovun "İbrus" teatrı yaranıb. Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində gənclər üçün prodüser mərkəzi təşkil edildi. Ardıyca isə  "PRO-SENT" prodüser mərkəzi. Ancaq nədənsə, bir çoxlarının, xüsusilə də Rusiya teatr tənqidçilərinin antreprizə münasibəti elə də yaxşı deyil. Bu onunla izah edilir ki, antrepriz tamaşa  layihələri çox nadir hallarda yüksək bədii quruluş zövqü ilə seçilir. 

Rejissorların səhnə qiraətinin tələskənliyi, aktyorların təxmini oyunu dramaturq mətnlərini təhrif edir. Nəticədə çağdaş antreprener, yəni özəl teatrın yiyəsi tamaşaçıya hazırlıqsız aktyor oyunu təqdim etmiş olur. Ancaq Sankt-Peterburqdakı Kolomensk teatr mərkəzinin Qaston  Qorbovitskinin "Aşiq Mopassan"  pyesi əsasında qoyduğu "Məndən bərk yapış və sev." tamaşası bakılıların  heyrətinə səbəb oldu.   

Bu tamaşada rəssamın başına gəlmiş əhvalatlar,  böyük yumor və həyəcanla təsvir edilir. Daha doğrusu, şairin başına gələnlər. Əslində isə o, yazıçı Gi de Mopassandır, Anri Rene Albera Gi.  Ancaq bu, dünya şöhrətli sənətkarın həyatının quru bioqrafik məlumatları deyil. Və ya şedevrlər üçün mövzuların haradan gəldiyini danışmağa cəhd də deyil. Bu,  adi həyatda, darıxdırıcı  və bəzən də kədərli məişətdə ilahi dəyərləri görməyi bacaran rəssamın qəlbinin dərinliklərinə nüfuzetmə cəhdi idi.  

Şairanəlik var. Bu elə bir andır ki, hətta yalanı belə, alilik və heyranedici gözəllik bəxş edir. Andrey Noskov Parisdəki qəzeti üçün qalmaqallı məlumat əldə etməkdən ötrü  markiz de Qayyarların ailə qəsrinə gəlmiş Ləbarb adlı qəhrəmanı oynayır. İlk başdan biz kövrək addımlarla qəsrin qapısından girən, valeh olmuş nəzərlərlə qulluqçuya baxan və sevgi nəğmələri oxuyan hansısa utancaq sadə adamı görürük.

Lakin qəsrdə qalmağı istər-istəməz onu qadınlarla görüşə meyilləndirir, o getdikcə açılışmağa başlayır. Detalları görmək və qeyd etmək qabiliyyəti ilə yanaşı, qarşıdakı adamın ruhi halını və düşüncələrini hiss etmək, tənha qadınların arzu və istəklərini anlamaq bacarığı markiz de Qayyarın qəsrində ona qadın düşkünü səviyyəsindən yuxarı qalxmağa imkan yaradır. 

Belə ki, istər qulluqçu, istər markiza, istərsə də onun qızı olsun, Ləbarbın hər bir ayrıca götürülmüş qadınla münasibəti heç də bayağı arvadbazlığa, mənəviyyatsız zinaya və ya günahsız bakirə qızın həyasızcasına yoldan çıxarılmasına çevrilmir! Bu, əslində qadına özünü qadın kimi hiss etməyə imkan verən ali yalan kimi təzahür edir. Məsələn, Mariya-Antuanettaya (RF-in əməkdar artisti Larisa Dmitriyeva) bu səyyar reportyorla roman yalnız bayağı xoşbəxtlik anı bəxş etməklə  qalmır. Qadının qazancı daha yüksək olur. Ləbarb onda insan həyatında mümkünsüz olan nəyinsə olmadığına inam yaradır. Başa salır ki,  hər hansı ötərgi həvəs dalınca Parisi tərk etməyə dəyməz. Xoşbəxtlik də elə burda, lap yaxındadır. Sadəcə, anlamaq və inanmaq lazımdır ki, kiçik bir restoran açmaqla da arzunu gerçəkləşdirmək olar. Bununla da xoşbəxt olmaq mümkündür. O, son qəpiyə qədər bütün pullarını qadına verir. Tam qəlbi ilə istəyir ki, bu kiçicik insanın arzuları gerçəkləşsin. Daha çox istədiyi isə bu qadının arzularının gerçəkləşəcəyinə inanmasıdır. 

Onun xoşbəxtliyin mövcudluğuna və mümkünlüyünə inamının gücü Mari-Antuanettaya keçir. Yad insanın xeyirxahlığından riqqətə gələn Antuanetta pul qalağını sinəsinə sıxaraq, Ləbarba başa salır ki, sayəsində markizin evində qulluqçu işləyən bu sadə qadın qısa bir zaman kəsyinidə olsa belə, özünü kraliça kimi hiss edir, gələcəyinin daha yaxşı olacağına inam qazanır. Bu, nəhayət ki, onun meqopolisin fəsadlarından və cazibəsindən uzaq bir əyalətdə yaşamasına məna qazandırır. 

Anna Samoxinanın oynadığı Markiza de Qayyar sülalə gerbi qarşısında daşıdığı kompleks və öhdəliklərin ağırlığından üzülmüş bir varlıqdır.  Ancaq o, sadə və fani bir qadın kimi sevgi, inam və ümid istəyir. Daim tənha olan qadın Ləbarbla üz-üzə gələndə onu maddiləşmiş xəyal kimi qəbul edir. Əsilzadə əri öz qadınına inciklik və pərtlik xatirəsi qoyaraq, qəsrdən kənara çıxan zamandan markiza əsl kişi arzusu ilə alışıb-yanırdı. Onun candan və içdən gələn kişi arzusu qarşısına çıxır! Ona hətta toxunmaq da olar, çünki gerçəkdir. Ancaq Qayyarların nəsillikcə gələn əsilzadə riyakarlığı markizadan da yan keçmir. Qana yerimiş bu vərdiş markizanın sadə bir qadına çevrilməsinə mane olur, o, özünü əsilzadə puritan kimi aparmağa məcbur olur. 

Noskovun Ləbarbı zinadan sonra qadında baş verən dəyişmələri araşdırmaçı diqqəti ilə müşahidə edir. Bəzən adama elə gəlir ki, bu durum onu hətta cəzb edir.  O, iki hisslə üz-üzə qalır, bunun biri reportyor marağı, o birisi isə şair pərəstişidir. Və şairlik qələbə çalır. Qadına qarşı hisslərini vəsf edən həddindən gözəl sözlər şeirə çevrilir və bloknotunda həkk olur:

...Hər gecə iztirab içrə dilərik Dodaqdan süzülən "hə" kəlməsini, Gizli cənnətlərin qapısı olan İpək geyimlərin həzin səsini...

Bu, Mopassanın şeirlərindəndir. Onlar çoxdur. Qadına vüqar, sevgi və həssaslıq bəxş edən bahalı lələklər kimi bütün tamaşa boyunca səpələniblər. 

Çox təhlükəli məqamdır, satqıncasına əxlaqsızlığa, ədəbsizlik zolağına meyilləndirir. "Kəmərdən aşağı" yeknəsəqlik səviyyəsində yaşamaq imkanı, məzhəkəvari yüngül və şən  süjet illüstrasiyası elə də tələbkar olmayan tamaşaçı üçün tələsik qoylmuş xaltura imkanları olması ilə bezdirir. 

Piterlilər şairin əhvalatının səhnə tərtibatını səyyar antreprizlərin təngəgətirici səviyyəsinə enməsinə imkan vermədilər. Onlar Ləbarbın gözləri ilə alçaq gerçəkliyi yüksək yalana çevirən həqiqət anını müşahidə etməyə üstünlük verirlər. Bu isə sevginin gücündəndir, həmişə deyil, ani olsa da. Ancaq hər dəfə ürəkdən və çılğın olan bir sevginin gücündə! Bu həmişə belə olacaq. Sanki sonuncu dəfə olurmuş kimi. Sanki aşiqin qarşısında planetin tək qadını dayanırmış kimi. 

Anın gerçəkliyi həm aktyor, həm də onun qəhrəmanı üçün çox önəmlidir. O gerçəklik, bəlkə də, bu an burada da var. Elə bir gerçəklik ki, bir də heç kimlə heç zaman təkrar olunmayacaq.  

Və onun bütün bu münasibətləri yaradıcılıqdır. Bu, onun həyatıdır. O, özü qadın ruhunun möhtəşəm və zərif araşdırmaçısıdır. Şair və yazıçı  Anri Rene Alber Gi və ya Ləbarb. Ya da ki Andrey Noskov. O bu həyatı xırda qurtumlarla sevgi adlı myevə şirəsi kimi içir. Və bu ona xoşbəxtliyi hiss etmək imkanı verir. Bu xoşbəxtlik gündən-günə, macəradan-macəraya axır. 

Əbədiyyətə qədər belə davam edə bilərdi. Ancaq... Onun həyatına bir ilğım kimi Anrietta adlı bir varlıq (Yuliya Rudina) daxil olur. Bu, Markiz de Qayyarın qızıdır. İddialı, açıq görüşlü, diqqətli və xasiyyəti tez-tez dəyişən bu qızda sanki bütün dünya qadınlarının qeyri-müəyyənliyi cəmlənib. Öz daxilində sevir, amma qalan bütün həyatında harmonik xoşbəxtlik imkanı tapmaq üçün yoxa çıxır. Parisin meqopolis qələbəliyində onu gözləyən həyatın bir gənci, reportyoru, yeni başlamış şairi sevməkdən daha maraqlı, daha gözəl olacağını düşünür. 

O hər şeyi birdən qazanmaq istəyir, xoşbəxt həyat, gur və parlaq şöhrət, çoxlu pərəstişkar və öz təkrarsızlığına inam sahibi olmaq arzusundadır. O özünü ətrafında planetlərin dolaşmalı olduğu Günəş kimi hiss edir. Ləbarb isə onun üçün kiçicik bir ulduzdur. Buna görə də qızın öz hərarəti Ləbarbın ürəyini yandırmağa kifayət edir və onun həyatının qalan hissəsini əzablarla doldurur. Ona həm də qanad verir. Çünki indən belə o, çox qadınlarda sevdiyi qızı axtaracaq. Bu qadınları olduqları kimi sevəcək. Axtaracaq, ancaq tapmayacaq. Çalışacaq, əzab çəkəcək və yaradacaq. Bundan sonra onun qəhrəmanlarının hər birində öz Anriettasından nələrsə olacaq.

Bədəndə qaynayan odlu cərəyanlar 

Mənim ürəyimə axdı, yandırdı. Mənim ürəyimi alovlandıran 

O Günəş Adəmdən uzaq qalmışdı.

Yuliya Rudina öz qəhrəmanını ilk dəfə yaşanan cilovsuz ehtiras hissi ilə doldurur. O, şiddətli bir arzu ilə Anrietta de Qayyarın hər anına xoşbəxtlik ahəngi bəxş edir. Yalnız içində böyük bir eşq daşıyan aktrisa bunu edə bilərdi. Səhnədə peyda olduğu ilk andan o, təkcə Ləbarbı deyil, həm də tamaşaçıları öz əsirinə çevrir. Temperamentin, hisslərin, həssaslığın, zərifliyin, dünyaya bu qədər sadəlövhcəsinə aşiqliyin çılğın hücumunun qarşısında hər insan dura bilməz. 

Bu əyalət qızına isə elə gəlir ki, dünya aşiqlərdən və sevgidən başqa heç nə deyil. Onun xəyal dünyasında çirkab, alçaqlıq və günah yoxdur. Orada yalnız sevgi var, bir gerçəklik kimi, bir bayram kimi. Təkrarsız və tək saydığı şəxsiyyətinə sevgidən başqa heç nə yoxdur. Pərvanə odun başına dolanan kimi o, bu həyata can atır. Heç kim onu dayandırmaq iqtidarında deyil. Onun qarşısını almaq istəyən Ləbarbı vecinə almır///... Nə olsun, sevir? Bu dünyada o qədər aşiqi var ki... Nə qədər istərsən!.. Və qız bu sevgilərin hamısına sahib çıxmaq istəyir...

Qız onun həyatına bir ilğım kimi girir. Yandırır və yoxa çıxır. Sadəcə, xatirələr və ağrı qoyaraq, nəhəng Paris fəzasında əriyir. Bu ağrı ürək xəstəliyinə çevrilir. Və xəstəxana palatasının divarları hər dəfə yenidən onu keçmişi haqqında düşüncələrə qaytaracaq. Xoşbəxt olduğu günləri xatırlayacaq.  Anası (xalq artisti, Rusiya Dövlət Mükafatı laureatı Tatyana Tkaç) oğlunun yavaş-yavaş, geri dönmədən dünyanı tərk etməsi ilə barışmaq istəmir, ürək ağrısı ilə deyir: "Ah... Kaş ki, sən ömrünün ən yaxşı çağını qadınlara xərcləməyəydin!" Və şairin layiqli cavabını alır: "Ana, həyatda ayrı yaxşı nə var ki?.. Gözəl qadınlardan başqa?" Bəlkə də,belədir! Hardan biləsən?..

Sankt-Peterburqun Kolomensk teatr mərkəzi çox uğurlu praktiki nümunədir. Piterlilər özləri də Rusiyanın ilk layihələrindən biri olduqlarını söyləyirlər. Etiraf edək ki, uğurla başa gəlmiş layihədir. Çünki Kolomenskdəki teatr incəsənt məbədgahıdır. Melpomene məbədgahı. Orada xidmət edən insanlar öz peşəsinin aşiqləridir. 

Deməli, antrepriz dövlət teatrına bir alternativ kimi, yüksək bədiyyatlı bir qurum səviyyəsinə qalxa bilər. Daha doğrusu, o, əlahəzrət teatra yalnız sevginin yaşandığı məbədgah ola bilər...



MƏSLƏHƏT GÖR:

348