24 Noyabr 2024

Bazar, 20:23

ŞİRƏSİZ BİR GÜNÜNÜZ OLMASIN

Mütəxəssislər meyvə şirəsini yaxşı ad qazanmış istehsalçıdan almağı məsləhət görürlər

Müəllif:

15.08.2009

İçək, ya içməyək? Bax, sual bundadır. Termiki qablaşdırma keçmiş meyvə şirəsi nədir? Sağlamalıq üçün yararı varmı? Bir çox istehlakçılar daim özlərinə bu sualları verirlər. İstehlakçı hətta meyvə şirəsi istehsalının incəliklərini anlamasa da, qazlaşdırılmış içkilərin sağlamlığa zərəri ola biləcəyini düşünərək, təbii şirələrə üstünlük verməkdə davam edir. Ümumiyyətlə isə bu heç də gerçəklikdən uzaq deyil. Əgər meyvə şirəsi meyvələri tam əvəz edə bilməsə də, qazlı içkilər üçün alternativ ola bilər. Ancaq burada hər kəsin bir zövqü olmasını da unutmaq olmaz.  Başqa bir məsələ isə bu gün ölkədə istehsal edilən şirələrin metroloji standartlara, norma və qaydalara uyğun gəlib-gəlməməsi ilə bağlıdır.

 Bəllidir ki, məsələnin bu tərəfi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) nəzarəti altındadır. 

Qurumun mətbuat xidmətindən "Region plus"a bildiriblər ki, yerli meyvə şirələri bazarının mütəmadi yoxlanması göstərir ki, bu sahədə vəziyyət elə də yaxşı deyil. Müəyyən istehsalçılar buraxdıqları məhsula görə daşıdıqları məsuliyyəti sona kimi anlamırlar. Bu yaxınlarda SMPDK "Can-Pa"MMC tərəfindən buraxılan "Portağal" şirəsinin istehsalına qadağa  qoyub. "Portğal"da bağırsaq çöpləri qrupundan olan bakteriyalar tapılıb. Məhsulun fiziki-kimyəvi göstəriciləri də normativ sənədlərin tələblərinə cavab verməyib. 

Nə etməli? Müxtəlif istehsalçıların çoxlu sayda şirələrinə necə nəzarət olunmalı? Özü də hamısı iddia edir ki, onların məhsulundakı  vitamin daha çox və dadı daha yaxşıdır. SMPDK-də isə istehlakçılara məsləhət görürlər ki, daha yaxşı ad qazanmış istehsalçıların məhsulunu alsınlar və qənaət məqsədi ilə sağlamlıqlarını risk altında qoymasınlar, çünki məhsulun keyfiyyəti artdıqca qiyməti də artır. Bu məhsulun qiymətinin necə formalaşmasından danışmazdan öncə şirələrin nə olduğuna və hansı növlərə ayrıldığına nəzər yetirək. 

 

Meyvədən  şirəyə

Təbii şirənin faydası bu gün kimsədə şübhə doğurmur. Amma bununla belə, şirə ilə təbii meyvədə olan vitaminlərin miqdarının eyni olub-olmaması indi çoxlarını düşündürür. Bəli, elədir. Amma bunun üçün şirənin yüz faiz təbii olması əsas şərtdir. Məsələn, bir bardaq portağal şirəsində 50 - 70 milliqram C vitamini var ki, 100 qram portağal içində də o qədərdir. Əslində, bu, yaşlı adam üçün bir gündə lazım olan qədər vitamin ehtiyatıdır. 

Meyvə şirələri qlükoza, fruktozı, mineral maddələr mənbəyidir. Həm də şirələrdə polisaxarid - pektin var ki, o da mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır. Qanda xolesterinin səviyyəsini aşağı salır. Ancaq bununla belə müxtəlif cür şirələrdə faydalı maddələrin miqdarı dəyişir. Ən çox vitamin birbaşa sıxma şirələrin tərkibindədir - bu, laboratoriya analizləri və testlər yolu ilə də sübut edilib. 

Meyvə və giləmeyvələrdəki qiymətli maddələrin miqdarı birbaşa sıxılmış şirələrdəkindən heç nə ilə seçilmir. Düzdür, meyvənin qabığında da çox miqdarda vitamin var və şirə istehsalı zamanı onlardan istifadə edilmir. Beləliklə, anlamaq gərəkdir ki, Azərbaycan bazarında lazımi vitaminlərə, karbohidrogenlər və mineral maddələrə malik olan 100 faizlik təbii meyvə şirəsi elə də çox deyil. Amma buna baxmayaraq, demək olar ki, şirə paketlərinin hər birinin üzərində 100 faiz təbii məhsul olduğu göstərilir. 

Şirələr çoxdur, amma SMPDK-da da etiraf edirlər ki, onların çoxunun keyfiyyəti heç də ürəkaçan deyil, yəni lazım olan səviyyədə yararlı və təbii deyillər. Azərbaycan bazarındakı şirələrin 80%-i konsentrata su qatılması ilə əldə edilmiş şirələrdir. Bu cür məhsullar üzərində aparılan çoxsaylı müzakirələrə bayxmayraq, alimlər onları da insan orqanizmi üçün çox yararlı sayırlar. 

 

Konsentrasiya edilmiş şirələr

Qəbələ Konserv Zavodunun baş texnoloqu Kamil İsmayılov "Region plus"la söhbətində bildirib ki, müəssisə konsentrasiya edilmiş və birbaşa sıxma şirələrin istehsalında ixtisaslaşıb. Konsentrasiya edilmiş şirə nədir? Bu məhsul əsas xammalda, yəni birbaşa sıxılmış şirədə olan suyun bir qisminin kənarlaşdırılması yolu ilə əldə edilir. "Bu şirə əldə etmə texnologiyası beynəlxalq səviyyədə qəbul edilmiş standartdır", - deyə  İsmayılov vurğulayır. Konsentrasiya nəticəsində şirədə həll olmuş quru  maddələrin miqdarı 2 dəfədən çox artır. Mayenin buxarlanması aşağı təzyiqdə, vaakumda aparılır. Belə şəraitdə su 65-70°S-də qaynayır. Bu cür istilik emal rejimi vitaminləri saxlamağa və mikrofloranın inkişafını əngəlləməyə imkan verir. Əldə edilmiş konsentrasiya şirə qatı siropa bənzəyir, onu -18°-yə qədər çatan aşağı temperaturda saxlayırlar. Şaftalı, ərik, alma, gavalı, gilas, qarağat şirəsi belə saxlanır. "Belə məhsulu saxlamaq da, daşımaq da asandır. Biz öz istehsalımızda istixana şəratində yetişmiş meyvələrdən istifadə etmirik. Buna görə də yay mövsümü meyvələrini konsentrata çevirməklə yararlanırıq". 

Yaxşı keyfiyyətli 100 faizlik təbii şirə həmin siropu ondan çıxarılan qədər şərbət, yəni şəkər və su ilə qarışdırmaqla alınır. "Bizim müəssisədə suya çox yüksək tələblər qoyulub. Biz artezian suyu işlədirik. Onun  heç bir qatışığı olmamalıdır, çünki şirənin dadına fiziki-kimyəvi və mikrobioloji xüsusiyyətlər təsir göstərə bilər. Ona görə də şirənin bərpa edilməsi üçün istifadə edilən su bir neçə mərhələdə təmizlənir", - deyə İsmayılov vurğulayır. 

Texnoloqun sözlərinə görə, müəssisədə birbaşa sıxma yolu ilə şirə əsasən almadan alınır. Kamil İsmayılov qeyd edib ki, zavodda şirə istehsalı aşağıdakı dövlət standartlarına əsaslanır: su ilə qarışdırılmayan birbaşa sıxma, 100 faiz təbii şirə №656-79; şaftalı şirəsi - AZS (206, 203) - 40% konsentrat və 60% şəkərli şərbət (su); qara qarağat şirəsi - №657-79 - 40% konsentrat və 60% şəkərli şərbət.                               

 

Şirə təbiidir? 

Dietoloqlar hesab edir ki, XXI yüzilliyin məhsulları arasında şirələrdən və şirə qatılmış içkilərdən istifadə qidanın tərkibinin yaxşılaşdırılmasının ən əlverişli üsullarındandır. Şirə qatılmış içkiləri müxtəlif əlavə komponentlərlə, məsələn, vitaminlər, minerallar və mikroelementlərlə zənginləşdirilmiş funksional ərzaq məhsulu kimi istifadə etmək mümkündür. 

Bir bardaq təbii şirənin qiymətinin neçəyə olmasını asanlıqla hesablamaq olar. Misal üçün, hazırda dünya bazarında bir ton konsentrasiya edilmiş portağal şirəsinin qiyməti $1000-dır. Bir litr içkinin hazırlanmasına 200 qram konsentrasiya edilmiş şirə sərf edilir. Buna görə də tam əminliklə bahalı şirənin 90% təbii olduğunu söyləmək olar. İnsan 2-3 yaşından başlayaraq gün ərzində 1 və ya 2 bardaq şirə içməlidir, bu, bizim qida mədəniyyətimizin atributuna çevrilməlidir. 

Ancaq şirə alarkən 100 faiz təbii şirənin yerinə aşağı keyfiyyətli və ya saxta şirə almaqdan necə qurtulmaq olar? Təəssüf ki, hazırda bunun yeganə yolu yaxşı ad qazanmış istehsalçının məhsulunu almaq və təbii ki, müvafiq xidmətlər tərəfindən mütəmadi keçirilən nəzarətdir. 

Mağazadan şirə alarkən mütəxəssislər mütləq istehsal tarixinə və yararlılıq müddətinə baxmağı məsləhət görürlər. Burma qapaqlı şüşə qaba yerləşdirilmiş şirəni açarkən özünəməxsus şaqqıltı salmalıdır. Əgər bu olmursa, ondan zəhərlənmək ehtimalı var. 

Yaxşı ad qazanmış istehsalçılar həmişə qablaşmanın üzərində məhsula daxil olan inqredientlərin tam siyahısını, qida tutumunu, istehsal tarixini və yararlılıq müddətini göstərirlər. Yaxşı şirkət xammalı və istehsalın bütün texnoloji zəncirini ciddi nəzarətdə saxlayır. Sanitariya parametrləri və təhlükəsizlik baxımından heç bir qüsura yol vermək olmaz. İxtisaslaşmış mağazalara üstünlük verin. 


MƏSLƏHƏT GÖR:

423