
TEHRAN REBUSU
ABŞ-ın Iranla bağlı məxfi planı varmı?
Müəllif: Eldar PAŞAYEV Bakı
İranda müxalifətin insan tələfatı ilə nəticələnmiş genişmiqyaslı etiraz aksiyalarına baxmayaraq, 52 yaşlı Mahmud Əhmədinejatın prezident qismində parlament qarşısındakı andiçmə mərasimi baş tutdu. Özü də mərasim, sözün əsl mənasında, polisin və xüsusitəyinatlıların nəzarəti altında keçdi - onlar prezidenti və İslam Respublikasının ali lideri ayətulla Əli Xameneini müxalifətdən qoruyurdular. O müxalifətdən ki Əhmədinejatın andiçmə mərasimi zamanı parlamentin qarşısına toplaşaraq yalnız bir tələb səsləndirirdi - bu adamın hakimiyyətdən uzaqlaşdırılması! Müxalifət liderləri əmindirlər ki, Əhmədinejat seçkilərdəki qələbəni (səslərin 63%-i) qanunsuz yolla əldə edib, çünki iyunun 12-də keçirilmiş seçkilərin nəticələri guya saxtalaşdırılıb.
Prezidentin əsas siyasi rəqibi, keçmiş baş nazir Mir Hüseyn Musəvi öz tərəfdaşlarına müraciətində iqtidarı xalqın hüquqlarını pozmaqda və onun iradəsinə hörmətsizlikdə ittiham edib.
Rəsmi məlumatlara görə, iyunun ortalarında İranda baş vermiş toqquşmalar zamanı 20 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Hərçənd, müxalifət tamamilə başqa rəqəmlər səsləndirir - söhbət, onlarca insanın ölümündən gedir. Amma son söz sahibi olan ayətulla Əli Xamenei bu iddialara əhəmiyyət vermir və bunu İran İslam Respublikasındakı hazırkı rejimin düşmənlərinin fitnəsi adlandırır.
"12 iyun seçkiləri bizim ölkəmizin tarixində qızıl səhifə oldu. Səsvermə zamanı xalq xarici hökmdarlığı dəstəkləyən qüvvələrə şiddətli cavab verdi. Mən bu cəsur, ağıllı, zəhmətkeş insanı prezident elan edirəm," - deyə inauqurasiya mərasimində İİR-in ali lideri bəyan edib.
Avqustun 1-də isə İranda həbs olunmuş yüzdən artıq müxalifətçi üzərində ilk məhkəmə prosesi keçirilib. Müttəhimlər Qərb dövlətlərinin kəşfiyyat orqanları ilə əməkdaşlıqda və ölkənin milli təhlükəsizliyinə təhdiddə ittiham edilirlər. Qeyd edək ki, bu cür ittihamlar İranda ölüm hökmünü nəzərdə tutur. Özü də məhkəmənin legitimliyini şübhə altına alan istənilən şəxsi həbs təhlükəsi gözləyir.
İranın keçmiş vitse-prezidenti Məhəmməd Abtahi bildirib ki, bəzi qüvvələr İranda "məxməri inqilab" hazırlayırdılar və "prezident seçkilərində qanun pozuntularına dair yalançı iddialar" bu inqilaba təkan verməli idi. Onun iddiasına görə, guya nüfuzlu dövlət xadimi olan Əkbər Haşimi Rəfsancani, müxalifət lideri Mir Hüseyn Musəvi və keçmiş prezident Məhəmməd Hatəmi 12 iyundan sonrakı mərhələdə bir-birinə dəstək vermək haqda razılığa gəliblərmiş.
Rəfsəncani dərhal Abtahinin iddialarını rədd edib, Hatəmi onun ifadələrini "tamaşa" adlandırıb, Abtahinin həyat yoldaşı isə bildirib ki, o, bu ifadələri işgəncə altında verib.
Təəssüf ki, bu, həbsxanada saxlanılan müxalifətçilərdən işgəncə altında ifadələr alınmasına dair yeganə iddia deyil. Məsələn, prezidentliyə keçmiş namizəd Kərrubi öz veb-saytında yazır ki, həbs olunanlardan bəziləri həbsxanada zorlanmaya məruz qalırlar. Bəzi məhbusların ölüm hallarına gəlincə, İran rəhbərliyi bunu yoluxucu xəstəliklər və viruslarla izah edir.
Məhkəmə proseslərinə dair məqaləsində nüfuzlu "The Washington Post" qəzeti yazır ki, "son vaxtlar mövqeləri xeyli zəifləmiş İran rejimi öz əleyhdarlarını qorxutmaq üçün Stalin Rusiyasının təcrübəsindən yararlanır".
Bu arada isə İran hakimiyyəti Böyük Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşı Hüseyn Rassamı, həmçinin Fransa səfirliyinin əməkdaşı, ikili vətəndaşlığı olan Nazak Afşarı və xarici dil tədrisi ilə məşğul olan fransız Klotilda Reysi casusluqda və "İranın milli təhlükəsizliyinə" qarşı fəaliyyətdə ittiham edib. Hazırda Avropa İttifaqına sədrlik edən İsveç bunu ümumilikdə Avropa İttifaqına qarşı təhdid adlandırıb. Xatırladaq ki, hazırda Aİ İrana qarşı siyasətini sərtləşdirməyə - İttifaqa üzv olan 27 ölkənin səfirlərinin hamısını geri çağırmağa və Tehrana qarşı yeni iqtisadi sanksiyalar qəbul etməyə hazırlaşır.
İsveçin iddiasına cavabında İran XİN-in mətbuat katibi Həsən Kəşkavi bildirib ki, müxalifətçilər üzərindəki məhkəmə prosesi İranın daxili işidir və bunun Qərb ölkələrinə heç bir aidiyyəti yoxdur. O, əlavə edib ki, Tehran indiyədək Avropa ölkələrində keçirilən heç bir seçkilərə qatılmayıb və Avropa İttifaqından da anəloji addım gözləyir.
Beləliklə, İran hakimiyyəti cəmiyyətdəki etiraz dalğasını yatırmaq üçün bütün vasitələrdən istifadə edir. İyulun 31-də polis Tehrandakı iğtişaşlar zamanı qətlə yetirilmiş 27 yaşlı Neda Soltanın 40 mərasimini qeyd etmək üçün toplaşanların matəm mərasimini dağıdıb. Xatırladaq ki, İran müxalifətinin simvoluna çevrilmiş bu qızın ölüm kadrları videoya çəkilib və bütün dünyaya yayılıb. İndi Nedanı şəhid adlandırırlar - Youtube-da ona həsr olunmuş çoxlu kliplərə və qəzəbli şərhlərə rast gəlmək olar. Yeri gəlmişkən, bu internet-saytın istifadəçiləri amerikalıların İrandakı hadisələrə münasibətindən narazılıqlarını gizlətmirlər.
İranda isə xalqın iyunda olduğu kimi, yenidən küçələrə çıxmasının qarşısını almaq üçün ayatolla Xamneinin təşəbbüsü ilə müxalifətçilərin saxlandığı Kəh-rizak həbsxanasının rəhbəri həbs olunub.
Amma istisna deyil ki, İran rəhbərliyi digər istiqamətdə də hərəkətə keçəcək və müxalifət liderləri Musəvi, Hatəmi və Kərrubi də həbs ediləcəklər. Hər halda, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) zabitlərindən olan Yədulla Cavani bu tələblə çıxış edib.
Bu arada isə ABŞ Əhmədinejatı İran prezidenti kimi tanıyıb. "Bu, iranlıların mövqeyidir, onlar özlərinə rəhbər seçməli idilər. Əhmədinejad - İranın seçilmiş prezidentidir",- deyə Ağ evin rəsmi nümayəndəsi Robert Gibbs bildirib. Amma bununla belə o, əlavə edib ki, ABŞ prezidenti Barak Obama M.Əhmədinejatı prezident seçilməsi münasibəti ilə təbrik etməyəcək.
Fransa, Almaniya və Böyük Britaniya da bəyan ediblər ki, İran prezidentini təbrik etmək niyyətində deyillər.
Məsələ bundadır ki, Qərb siyasətçiləri və müşahidəçilərinin İranla bağlı yanaşmasında müəyyən çaşqınlıq hiss olunur. Çünki aydındır ki, Tehranla nüvə poqramına dair dialoqu davam etdirmək vacibdir, amma bu zaman kimə "stavka" olunmalıdır - bax, bu tam aydın deyil.
Məsələn, KİV - də belə bir məlumat yayılıb ki, Əhmədinejadla ayatolla Xamenei arasında müəyyən fikir ayrılıqları yaranıb, səbəbsə odur ki, dövlətin ali lideri prezidentin yaxın ətrafındakı bəzi şəxsləri qəbul etmir. Əksər beynəlxalq mətbu orqanlar bir məqamı diqqətdən qaçırmayıblar: inauqurasiya mərasimi zamanı M.Əhmədinejat 4 il əvvəlki mərasimdə olduğu kimi, ali liderin əlini öpmək istəsə də, ayətulla buna imkan verməyib. Və yalnız bir neçə dəqiqədən sonra ona çiynini öpməyə icazə verib.
Beləliklə, əksər ekspertlərin fikrincə, repressiyalar və məhkəmə proseslərinə baxmayaraq, İran müxalifəti hələ öz sözünü demək imkanı qazanacaq.
Əhmədinejadı tanıyan ABŞ-ın hərəkəti isə çoxlarına qəribə gəlir. Bəlkə də bu, Vaşinqtonun manevridir. Amma o da ola bilər ki, ABŞ Tehranın nüvə proqramı ətrafındakı böhranın həll olunmasının zəruriliyini bilsə də, anlayır ki, hazırkı qlobal böhran, həmçinin Əfqanıstan və Pakistanda terrorçuların aktivləşməsi fonunda, İrana hərbi müdaxilə üçün imkanlar yoxdur. Vaşinqton bu cür addım üçün geniş beynəlxalq dəstək qazana biləcəyinə şübhə edir. Fox və NBC telekanallarına müsahibəsində ABŞ prezidentinin mili təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyms Cons bir daha təsdiqləyib ki, onun ölkəsi Mahmud Əhmədinejadla qarşılıqlı əlaqə qurmağa hazırdır, çünki "o, səlahiyyətli fiqurdur və onunla işbirliyi qurmaq lazımdır".
Bu arada isə yaxın gələcəkdə İranın artıq nüvə silahına malik olacağını sübut edən faktların sayı artır. Bəzi məlumatlara görə, İran silah uranının hazırlanmasına dair təhqiqat proqramını hələ 2003-cü ilin yayında yekunlaşdırıb. "The Times" qəzetinin kəşfiyyatdakı mənbələrə istinadən yaydığı məlumata görə, hazırda İranda yalnız ayatolla Xameneinin müvafiq göstərişini gözləyirlər. Tapşırıq olsa, lazımi qədər zənginləşdirilmiş uranın əldə olunması üçün yarım il lazımdır və daha yarım il də başlıqların yığılmasına sərf olunacaq.
ABŞ İrana təzyiqləri özünün Yaxın Şərqdək mövqelərini möhkəmləndirmək yolu ilə də artırmağa çalışır. Söhbət, ilk növbədə Suriya ilə münasibətləri yaxşılaşdırmaq və ərəb-İsrail münaqişəsinin həlli prosesini aktivləşdirmək istiqamətindəki addımlardan gedir. Hərçənd, hələlik bu məsələdə hər hansı uğur əldə olunmayıb.
Odur ki, Ağ evin birmənalı olaraq səsləndirdiyi yeganə zəmanət odur ki, İran danışıqlara getməsə, Vaşinqton Tehrana qarşı daha sərt sanksiyaların qəbuluna çalışacaq - bu istiqamətdə ilk addımların artıq sentyabrda atılacağı gözlənilir. Amma deyəsən, bu hədələr İran rejimini o qədər də narahat etmir. Əksinə, o, sanki bilərəkdən Vaşinqtonla münasibətləri daha da pisləşdirməyə çalışır. VVS- nin məlumatına görə, İran rəhbərliyi üç nəfər ABŞ vətəndaşının (Yaxın Şərqdə çalışan jurnalist Şeyn Bauer, onun rəfiqəsi Sara Şurd və Pensilvaniya ştatının sakini, atası milliyətçə iraqlı olan Conşua Fettal) həbs olunması xəbərini təsdiqləyib. Bu şəxslərin səhv ucbatından İran sərhədini pozduqları ehtimal edilir.
Bu arada isə, İsrail növbəti dəfə bəyan edib ki, danışıqların iflasa uğrayacağı tədirdə onlar İrana zərbə endirmək niyyətindədirlər.
Bəlkə, Vaşinqtonun məxfi planı elə bundan ibarətdir?
MƏSLƏHƏT GÖR: