
BÖYÜK ENERJİ OYUNU
Rusiya-Türkiyə münasibətləri: idarə olunan geosiyasi rəqabət ilə genişmiqyaslı iqtisadi əməkdaşlığın simbiozu…
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Avqustun 5-də Rusiya hökumətinin başçısı Vladimir Putin Türkiyəyə əvvəlcədən əsaslı surətdə hazırlıq görülmüş və geniş anons edilmiş səfərini reallaşdırdı. V. Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla sayca 9-cu dəfə idi ki görüşürdü və bu, tərəflər arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Yalnız 2008-ci ildə Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi rekord həddə - 50% artaraq, 37 milyard dollara çatıb. Nəticədə Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşına çevrilib. Türkiyə isə Rusiyanın ticarət etdiyi ölkələr arasında 5-ci yerə yüksəlib.
Doğrudur, qlobal maliyyə böhranı üzündən 2009-cu ildə bu rəqəm təxminən 2 dəfə azalıb. Amma Türkiyə işlətdiyi neftin təxminən dörddəbirini, təbii qazın isə yarıdan çoxunu yenə də Rusiyadan alır. Türkiyənin nəhəng inşaat-mühəndis şirkətləri isə öz növbəsində Rusiya ərazisinə böyük həcmdə investisiyalar qoyur və onların məbləği milyardlarla dollara çatır.
Üstəlik, hər il 2,5 milyon rusiyalı turist Antaliya, Bodrum və Türkiyənin digər kurortlarında dincəlir.
Məlum səbəblər üzündən danışıqların gündəmində daha çox iqtisadi məqamlar üstünlük təşkil edib. Bu məqam o dərəcədə geniş yer tutub ki, onun siyasi mahiyyəti də istər-istəməz beyinlərdə özünə yer edir. Putinin Ankara səfəri nəticəsində tərəflər arasında ümumilikdə 15 hökumətlərarası saziş və 7 xüsusi protokol imzalanıb. Ərdoğanın sözlərinə görə, bu sənədlər Moskva ilə Ankara arasında münasibətləri yeni strateji əməkdaşlıq səviyyəsinə yüksəldir və bu, ilk növbədə enerji sahəsinə aiddir.
İmzalanmış sənədlər arasında Rusiyanın "Atomstroyeksport", "İnter RAO EES" və Türkiyənin Park Teknik şirkətlərindən ibarət konsorsium tərəfindən 2012-ci ilə Aralıq dənizi sahilində yerləşən Mersin şəhərində 4 AES blokunun inşasını nəzərdə tutan müqavilə də var. Blokların hər birinin 1000 meqavatt gücündə olması nəzərdə tutulub. Bundan başqa, Rusiya "Samsun-Ceyhan" layihəsində də iştirak edəcək. Tərəflər "Mavi axın" layihəsi ilə əlaqədar çox vacib və praktiki planda tez reallaşdırılacaq razılaşma da əldə ediblər. Həmin kəmər vasitəsi ilə Rusiya qazı yalnız Türkiyəyə yox, oradan keçməklə, İsrail, Suriya, Liviya və Kiprə nəql olunacaq.
Türkiyəyə qərb istiqamətində göndərilən Rusiya qazının nəql müddətinin uzadılması da qərara alınıb. Qeyd edək ki, onun müddəti 2011-ci ildə başa çatmalı idi.
Bütün bunlarla yanaşı, ikitərəfli ticarət dövriyyəsinin balanslaşdırılması, onun strukturunun diversifikasiyası haqda razılaşmalar əldə olunub, Türkiyədən Rusiyaya heyvandarlıq və bitkiçilik məhsullarının ixracına, Rusiya gömrüyündə Türkiyə məhsulları ilə bağlı problemlərin aradan qaldırılmasına, eyni zamanda humanitar sahədə əməkdaşlığa dair razılığa gəlinib.
Bütün bunlar, təbii ki, son dərəcə vacib məsələlərdir. Lakin Türkiyənin "Cənub axını" layihəsi çərçivəsində Qara dənizin dibi və ölkənin iqtisadi zonası ilə Rusiya qaz kəmərinin çəkilməsinə razılıq verməsi Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Türkiyə hökuməti hələlik yalnız 2009-cu il noyabrın 1-dək layihələşdirilmiş boru xəttinin keçəcəyi istiqamətdə kəşfiyyat işlərinin aparılmasına razılıq verib. Türkləri narahat edən məsələlərlə (ekologiya və s.) bağlı müsbət cavab alınacağı təqdirdə isə Ankara 2010-cu il noyabrın 1-dək tikintinin aparılmasına "hə" deyəcək.
Göründüyü kimi, episentrində Türkiyənin olduğu "qaz borularının döyüşü" davam edir. Sonda iki rəqib layihə - "Cənub axını" və ABŞ-la Avropa İttifaqının reallaşdırmağa çalışdığı "Nabukko" qaz kəmərlərinin hansının reallığa çevrilib-çevrilməyəcəyi məhz Ankaranın meylindən asılı olacaq. Müşahidəçilər Türkiyənin cəmi 1 ay əvvəl öz ərazisində "Nabukko"nun əsas iştirakçısı olan dövlət başçılarının sammitini təşkil etdiyini xatırladır (toplantı iştirakçıları layihənin rellaşdırılmasına başlanmasını nəzərdə tutan sənədə imza da atıblar). İndi isə Ankara Rusiya layihəsinə razılıq verir.
Bu addım çox güman ki, Rusiyanın "Samsun-Ceyhan" layihəsində iştiraka razılıq verməsinə cavab kimi atılıb. Lakin bunun yeganə səbəb kimi göstərilməsi düzgün olmazdı. Ankara belə addımlarla Avropa İttifaqına göstərmək istəyir ki, "böyük enerji oyunu"nda onun kifayət qədər alternativləri var və bu səbəbdən də həm qaz layihələrində, həm də quruma üzvlük məsələsində Türkiyənin maraqlarını nəzərə almamaq olmaz.
Putinlə Ərdoğanın Ankara danışıqlarına gözlənilmədən İtaliyanın baş naziri Silvio Berluskoni də qoşulub və enerji məsələləri ilə bağlı çətin danışıqların uğurla bitməsində məhz onun əsas rol oynadığı istisna deyil. Axı İtaliyanın ENI və digər nəhəng şirkətləri həm Türkiyədə, həm də Rusiyada olmaqla, regionda reallaşdırılan, demək olar ki, bütün nəhəng boru xətləri layihələrinin iştirakçısıdır. Digər tərəfdənsə, bu ölkələrin liderlərini çoxdankı dotsluq münasibətləri də birləşdirir.
Protokol və sazişlərin imzalanması mərasimində Putinlə Ərdoğanın çıxışları, həmçinin onların jurnalistlərin suallarına verdikləri cavablar göstərir ki, əksər beynəlxalq məsələlərdə Moskva ilə Ankaranın mövqeyi ya bir-birinə yaxındır, ya da üst-üstə düşür. Vladimir Putinin açıqlamasından belə aydın olub ki, Moskva Ankaranın istəklərinin reallaşdırılması üçün çox addımlar ata bilər və o, hətta Yunanıstan və Kiprin müqavimətinə baxmayaraq, tanınmamış Şimali Kipr Türk Cümhuriyyəti ilə də iqtisadi əlaqələr qurmağa hazırdır.
Görəsən, bu bəyanat Türkiyənin də Abxaziya və Güney Osetiya ilə iqtisadi əlaqələr yaratmasına çağırış deyil ki? Görünür, belədir. Üstəlik, xüsusilə Abxaziya ilə münasibətlərin qurulmasına Türkiyənin çərkəs diasporu da lobbiçilik edir.
Bu haqda açıq danışılmasa da, görünən odur ki, tərəflər aparılan danışıqlarda Güney Qafqazdakı situasiyaya toxunmaya bilməzdilər. Üstəlik, Putinin Ankara səfəri 5 günlük Rusiya-Gürcüstan müharibəsinin ildönümünə təsadüf edib və həmin vaxt KİV ötənilki hadisələrin təkrarlanma ehtimalının müzakirəsi ilə məşğul idi. Təbii ki, Türkiyənin bu məsələyə dəstək verməsi birmənalı olaraq istisnadır. Lakin Saakaşvilinin "qarşısının alınması" və regionda status-kvonun qorunmasında tərəflərin mövqeyi bir-birinə yaxın ola bilər.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Rusiyanın baş naziri ölkəsinin sülh prosesinin irəliləməsində maraqlı olduğunu deyib və prezident Dmitri Medvedevin bu istiqamətdə gələcəkdə də yüksək səviyyədə səyləri davam etdirməyə hazır olduğunu söyləyib. Bu arada isə Bakıya Türkiyə generalitetindən ibarət böyük nümayəndə heyətinin səfəri gözlənilir. Onlar Azərbaycanın siyasi və hərbi rəhbərliyini həm regiondakı risklər, həm də İranın nüvə proqramı ətrafında gərginləşmiş situasiya haqda məlumatlandıracaqlar.
Bir sözlə, Rusiya ilə Türkiyə arasında siyasi dialoqun intensivliyi və iqtisadi əlaqələrin inkişaf etdiyi göz qabağındadır. Lakin, fikrimcə, bu iki fövqəldövlətin birmənalı olaraq, strateji tərəfdaşlığından danışmaq şişirtmə olardı. Əlbəttə, SSRİ ilə müqayisədə ərazi və ideoloji ekspansiya ideyalarına o qədər də mübtəla olmayan Rusiya ilə praqmatik əsaslarla münasibətlər qurmaq daha asandır. Lakin Moskva ilə Ankara arasında Güney Qafqaz və Mərkəzi Asiyaya təsir baxımından rəqabətin davam etdiyini də görməmək mümkün deyil.
Odur ki, Rusiya-Türkiyə münasibətləri bundan sonra da bir tərəfdən idarə olunan geosiyasi rəqabət, digər tərəfdən isə genişmiqyaslı iqtisadi əməkdaşlığın simbiozunu təşkil edəcək. Vladimir Putinin səfəri və iki ölkənin böyük müttəfiqliyi Tbilisidə şövqsüzlük, Yerevanda isə açıq narahatlıq və kinayə hissi ilə izlənildi. Axı bu ölkələrin xarici siyasəti tamamilə, iqtisadi siyasəti isə qismən Qərblə Rusiyanın, Türkiyə ilə Rusiyanın qarşıdurması və rəqabəti üzərində qurulub. Onlar bu amillərdən özləri üçün asan dividendlər qazanmağa öyrəşiblər.
Odur ki, əgər tərəflər arasında qarşıdurma zəifləyərsə, "forpostlar" və "demokratiya mayakları"nın əhəmiyyəti də azalacaq.
Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsinə Azərbaycanın münasibəti isə tamamilə fərqlidir. Bu əməkdaşlıq regionda rəqabətin səviyyəsini azalda, atmosferi yaxşılaşdıra, bu isə öz növbəsində köhnə münaqişələrin, xüsusilə Dağlıq Qarabağ probleminin həllini asanlaşdıra bilər. Zəngin təbii və maliyyə resurslarına malik olan, həmçinin əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın həm Türkiyə, həm də Rusiyaya təklif etməyə çox şeyi var. Bizə birgə nəhəng layihələrin reallaşdırılması üçün sülh, əməkdaşlıq və iqtisadi cəlbediciliyə, effektivliyə əsaslanan normal rəqabət lazımdır.
Putinin Ankara səfəri çərçivəsində razılaşmanın əldə edildiyi Rusiyanın qaz layihələrinə gəlincə, onlar Azərbaycanın planlarına maneə deyil. Üstəlik, onların reallaşdırılması niyyəti haqda bəyanatlarla layihələrin həyata keçirilməsi arasında məsafə böyükdür. Bəlkə də, bu razılaşmanın birbaşa nəticəsi kimi, Ankara Moskva ilə sazişinə əsaslanaraq, "Şahdəniz" yatağından aldığı qaza görə, daha əlverişli qiymət tələb edəcək. Lakin biznes biznesdir və tərəflərdən hər birinin mənfəətə qaçması başadüşüləndir. Üstəlik, Azərbaycan da bir müddət əvvəl Rusiya prezidenti Dmitri Medvedevin Bakı səfəri zamanı "Şahdəniz" layihəsinin ikinci fazası ilə əlaqədar qarşılıqlı səmərəyə əsaslanan qiymət formulu ilə bağlı ilkin razılaşma ilə özünü sığortalayıb.
Ümumilikdə isə, Türkiyə-Rusiya əməkdaşlığının dərinləşməsi bizə gələcəyə daha böyük nikbinliklə baxmaq imkanı verir.
MƏSLƏHƏT GÖR: