15 Mart 2025

Şənbə, 00:43

SLAVYAN "BAZARI"

Rusiya ilə Ukrayna arasında münasibətlər kritik həddə çatıb

Müəllif:

15.08.2009

Rusiya ilə Ukrayna arasında münasibətlər yenə gərginləşib. Özü də bu dəfə hadisələr artıq kritik həddə çatıb. Rusiya prezidenti Dmitri Medvedevin ukraynalı həmkarı Viktor Yuşşenkoya müraciəti və Ukraynaya səfir təyin olunmuş Mixail Zurabovu Kiyevə göndərməkdən imtina edən Moskvanın demarşı Moskva-Kiyev münasibətlərində tamamilə yeni vəziyyət yaradıb. 

Avqustun 11-də Viktor Yuşşenkoya müraciət edən D.Medvedev Moskvanı incik salmış bütün nüansları açıqlayıb. Əsas irad ötən il Gürcüstanla yaşanmış münaqişə zamanı Ukrayna rəhbərliyinin tutduğu "anti-Rusiya" kursu ilə bağlı olub.  Bu iradın indi səslənməsi təsadüfi deyil - bir müddət əvvəl Kiyev bəyan edib ki, Moskva ilə Tbilisi arasında toqquşmalar bərpa olunsa, Ukrayna Rusiya gəmilərini RF-in Sevastopoldakı bazasına buraxmayacaq. 

Bundan başqa, Ukraynanın NATO-ya can atması da Moskvada anti-Rusiya siyasətinin göstəricisi kimi qəbul edilir. 

Öz müraciətində D.Medvedev həmçinin vurğulayıb ki, Rusiya Ukraynanın qaz nəqliyyat sisteminin Avropa İttifaqının köməyi ilə modernləşdirilməsinə dair layihədən də narahatdır - bu islahatlarda məqsəd "Qazprom" şirkətinin Ukrayna ərazisindən qaz nəqlindəki monopoliyasına son qoymaqdır.

Nəhayət, V.Yuşşenko adminstrasiyasının rusiyalı investorlara, rus dilinə və rus pravoslav kilsəsinə münasibəti də Kremldə narazılıqla qarşılanır. 

Bununla yanaşı, Rusiya prezidenti Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı da mövqeyini açıq şəkildə ortaya qoyub və bu ölkədə yeni iqtidarın hakimiyyətə gəlməsindən sonra ikitərəfli münasibətlərin yaxşılaşacağına ümidvar oduğunu deyib.

Xatırladaq ki, gələn ilin yanvar ayında Ukraynada keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısının təkrar seçilmək şansı çox azdır. Son rəy sorğularının nəticələrinə görə, hazırda seçkilərin favoriti onun köhnə rəqibi Viktor Yanukoviçdir: respondentlərin 24%-i seçkilərdə ona səs verməyə hazırlaşır.

Bəzi analitiklərin fikrincə, D.Medvedevin son müraciəti də məhz qərbyönümlü V.Yuşşenkonun reytinqini bir az da azaltmaq məqsədi güdürdü.

Amma V.Yuşşenko da döyüşsüz təslim olmaq fikrində deyil. İkigünlük pauzadan sonra o, D.Medvedevə cavab məktubu ünvanlayıb. Ukrayna prezidenti bildirib ki, Rusiya dövlət başçısının "bədxah xarakterli" müraciətindən məyus olub. 

Onun fikrincə, Rusiyanın yeni səfirinin Kiyevə gəlişinin təxirə salınması "ikitərəfli münasibətlərin konstruktiv inkişafına töhfə verməyəcək".

 "Sizin məktubunuzda indiyədək səslənən iradlar yenidən təkrarlanır və bu iradların məqsədi Ukraynanı tarixinə, milli maraqlarına və xarici siyasi prioritetlərinə öz baxışından məhrum etməkdir", - deyə V.Yuşşenko cavab məktubunda yazır ("Qazeta.ru").

Bundan başqa, V.Yuşşenko xahiş edib ki, Ukraynanın NATO-ya qəbul olunmaq istiqamətindəki səyləri "anti-Rusiya kursu" kimi qəbul edilməsin.  Ukrayna prezidenti vurğulayıb ki, hər bir suveren dövlətin istənilən hərbi-siyasi ittifaqlarda iştirak etmək hüququ var, alyansa qəbulla bağlı son qərar isə yalnız bütün Ukrayna ərazisində keçiriləcək referendumdan sonra qəbul olunacaq.

V.Yuşşenko həmçinin Rusiya tərəfini RF-in Qara dəniz donanmasının Ukrayna ərazisində saxlanmasına dair ölkə qanunvericiliyini və ikitərəfli razılaşmaları sistematik şəkildə pozmaqda ittiham edib və vurğulayıb ki, Ukrayna qanunvericiliyi ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə ümumiyyətlə icazə vermir.

Ukraynalı analitik Aleksandr Paliyanın fikrincə, V.Yuşşenkonun iki gün susması, ona öz mövqeyini ətraflı götür-qoy etməyə və D.Medvedevin bütün ittihamları ilə bağlı dolğun cavab hazırlamağa imkan verib.

Odur ki, Ukrayna prezidentinin məktubu diplomatik, təmkinli və qeyri-emosional şəkildə yazılıb. Ekspertin fikrincə, cavabı ləngitməklə, V.Yuşşenko həmçinin beynəlxalq KİV-in diqqətini özünə cəlb etməyə də nail olub.

Rusiyalı analitiklər isə hesab edirlər ki, Yuşşenkonun cavabı ləngitməsi onun ABŞ-ın hadisələrə reaksiyasını gözləməsi ilə bağlı olub və məhz buna görə onun cavabı Amerikanın mövqeyi ilə üst-üstə düşür: xatırladaq ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Filipp Krouli Vaşinqtonda keçirdiyi brifinqdə bəyan edib ki, "Ukrayna suveren dövlətdir və onun  öz maraqlarını özü lazım bildiyi istənilən vasitələrlə qorumağa tam hüququ çatır".

"Associated Press" xəbər verir ki, F.Krouli həmçinin Ukraynanın NATO-ya üzv qəbul olunmasının lehinə çıxış edib. Onun sözlərinə görə, Ukraynanın müstəqil şəkildə qərarlar qəbul etmək hüququ var və ABŞ hesab edir ki, "Ukrayna istəsə, NATO-ya qəbul oluna bilər".

Bununla belə, Dövlət Departamentinin nümayəndəsi Rusiya-Ukrayna münasibətlərinin yaxşılaşacağına ümidvar olduğunu vurğulayıb. 

Amma belə görünür ki, F.Kroulinin bu niyyəti tezliklə həyata keçməyəcək. Hər halda, Rusiya prezidenti açıq şəkildə bildirib ki, Kiyevlə diplomatik münasibətlər, 2010-cu ilin yanvarında keçiriləcək prezident seçkilərinədək, çətin ki, bərpa olunsun. 

Özü də münasibətlərin seçkilərdən sonra da bərpa olunması yalnız bir halda mümkündür ki, V.Yuşşenko öz postunu tərk etsin...


MƏSLƏHƏT GÖR:

411