
"BİZ SİZƏ SÜLHLƏ GƏLİRİK" ("Mars hücum edir" filmindən ifadə)
Müəllif: Redaksiya
Avqustun 11-də Rusiya prezidenti Dmitri Medvedev Dövlət Dumasına "Müdafiə haqqında" federal qanuna dəyişiklikləri nəzərdə tutan sənədi təqdim etdi. Yeni sənəd Rusiya ordusunun ölkə xaricində istifadə imkanlarını kifayət qədər artırır.
İndiyədək hərbçilər üçün baza rolunu oynayan bu qanun onların "missiya"sını 3 vəzifə ilə məhdudlaşdırırdı: Rusiyaya qarşı təcavüzün qarşısının alınması, ölkənin bütövlüyünün müdafiəsi və ərazi toxunulmazlığının təmini, Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl olunması.
İndi isə ordunun, sərhəddən kənarda daha geniş məqsədlərin həyata keçirilməsi üçün operativ istifadəsi nəzərdə tutulur.
Sənədin Kremlin rəsmi saytında yerləşdirilmiş mətnindən də göründüyü kimi, qanun layihəsində bildirilir ki, Rusiyanın maraqları və vətəndaşlarının müdafiəsi məqsədilə ölkənin Silahlı Qüvvələri "beynəlxalq sülh və təhlükəsizliyə dəstək üçün" federasiyanın sərhədlərindən kənarda da operativ istifadə oluna bilər. Bu işlərin beynəlxalq norma və hüquq, Rusiya ilə qüvvədə olan beynəlxalq müqavilələr və qanunlara əsaslanaraq, aşağıdakı məqsədlərin reallaşdırılması üçün görülə biləcəyi qeyd olunur:
1) Rusiya Federasiyasının ölkə ərazisindən kənarda dislokasiya edilmiş Silahlı Qüvvələri və ya digər qoşunlarına hücumların qarşısının alınması;
2) Digər dövlətə qarşı təcavüzün qarşısının alınması və ya ona cavab verilməsi;
3) Xarici dövlətlərdə yaşayan Rusiya Federasiya vətəndaşlarının müdafiəsi;
4) Quldurluqla mübarizə və gəmiçiliyin təhlükəsizliyinin təmini.
Bizim fikrimizcə, bu qanun layihəsinin meydana çıxması üçün bir neçə səbəb var. Şübhəsiz ki, onlardan ən vacibi Kremlin Abxaziya və Güney Osetiyada, həmçinin onların ətrafında maraqlarını və "nailiyyətlərini" qorumaq üçün əlavə zəmanətin yaradılmasıdır. Sənədin avqust hadisələrinin ildönümü ərəfəsində, həmçinin Dmitri Medvedevlə Vladimir Putinin müvafiq olaraq, Güney Osetiya və Abxaziyaya səfərlərinin baş tutduğu dövrdə peyda olması təsadüfi deyil. D. Medvedev situasiyanı belə izah edib: "Bu, bir il əvvəl baş vermiş məlum hadisələrlə əlaqədardır. Belə məsələlər dəqiq reqlamentlə müəyyənləşməlidir".
Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya tanınmamış Güney Osetiya Respublikası ərazisində "sülhə məcbur etmə" əməliyyatları keçirdi. Hüquqi baxımdan həmin əməliyyat xarici dövlətlərdə bir çox suallar yaradıb. Axı silahlı münaqişəyə hətta Federasiya Şurasının ilkin razılığı olmadan başlanıb. Həmin vaxt Federasiya Şurasının spikeri Sergey Mironov bəyan etmişdi ki, Rusiya Gürcüstana ordu yeritmir və sadəcə "sülhməramlı kontiengentinin sayını genişləndirir", odur ki, parlamentin yuxarı palatasının iclasının çağırılmasına ehtiyac yoxdur.
Kremlə yaxın politoloqlardan olan Sergey Markov isə hesab edir ki, həmin vaxt hüquqi improvizasiyaya əl atılıb və qanunvericilik məsələsi tam tənzimlənməyib. Odur ki, indi oxşar situasiyaların hüquqi baxımdan tənzimlənməsinə ehtiyac var.
Beləliklə, indi Rusiya prezidentinin ölkənin silahlı qüvvələrindən sərhədlərdən kənarda da operativ şəkildə istifadə etməsinə imkan verən baza yaradılıb.
İkincisi, yeni qanun layihəsi fikrimizcə, Rusiyanın yalnız Gürcüstanda yox, bütünlükdə MDB məkanında, həmçinin Güney Qafqaz regionunda hərbi-siyasi mövqelərinin gücləndirilməsinə yönəlib. Bu layihə, təbii ki, Azərbaycanda da maraqla qarşılanıb, çünki qanun Rusiyanın bizə qonşu, eyni zamanda hələ də düşmən olan Ermənistanda siyasi və hərbi mövqelərinin daha da gücləndirilməsi üçün əlavə faktor ola bilər.
Məsələ ondadır ki, indiyədək Rusiya qoşunlarının ölkədən kənarda güc tətbiqinə imkan verən yeganə tənzimləyici mexanizm 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) idi. Bu müqavilənin 4-cü bəndində "iştirakçı ölkələrdən birinə qarşı təcavüzün olacağı təqdirdə" birbaşa hərbi yardımın göstərilməsini nəzərdə tutulur.
Beləliklə, KTM Moskvaya öz qoşunlarından ölkədən kənarda olsa da, yalnız müqavilə iştirakçıları ərazisində istifadəyə imkan verir. Bu sənədi isə Rusiyadan başqa Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan imzalayıb.
Bununla yanaşı, KTM-nin 6-cı maddəsində xüsusi olaraq qeyd edilir ki, "silahlı qüvvələr müqavilə üzvü olmayan ölkələrin ərazilərindən kənarda, birmənalı olaraq, ancaq beynəlxalq təhlükəsizlik maraqları üçün, BMT Nizamnaməsinə qəti şəkildə əməl olunmaqla və üzv dövlətlərin qanunvericiliyi əsasında istifadə edilə bilər". Başqa sözlə, KTM BMT Nizamnaməsinə istnad edir, bu Nizamnamə isə KTMT üzvü olan ölkələrin bu və ya digər əməliyyatlarına beynəlxalq-hüquqi məhdudiyyətlər qoya bilər.
Yeni qanun layihəsində isə belə "məhdudiyyətlər" yoxdur.
Odur ki, yeni qanunun tətbiqi üçün daha uyğun məkan məhz Moskvanın öz təsir zonası kimi baxıdığı postsovet ərazisi ola bilər. Və burada söhbət heç də yalnız KTMT üzrə müttəfiqlərin müdafiəsindən getmir. Regionun bir çox ölkələrinin ərazisində Rusiyaya məxsus sülhməramlı kontingent (Moldova), həmçinin hərbi bazalar (Ukrayna, Ermənistan, Qırğızıstan, Tacikistan, Dnestryanı bölgə, Abxaziya və Güney Osetiya) var.
Nəhayət, bu regionun xeyli hisəsi həm də Moskvanın KTMT çərçivəsində yaratdığı operativ kollektiv reaksiya qüvvələrinin fəaliyyət məkanı da olacaq.
Bundan başqa, yeni qanun indən sonra hüquqi baxımdan mübahisəli olan bəzi məqamlarda da işə keçəcək. Bu baxımdan Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanovun 2006-cı ildə Qara dəniz donanması ilə bağlı səsləndirdiyi bəyanatını xatırlamaq kifayətdir. O bildirmişdi ki, əgər Ukrayna tərəfi Qara dəniz donanmasının obyektlərini ələ keçirməyə cəhd edərsə, oranı mühafizə edən Rusiya hərbçiləri silaha əl ata bilər.
Xarici ölkələrdə yaşayan Rusiya vətəndaşlarının müdafiəsinin təşkili ilə bağlı məqam isə Kremlə daha geniş imkanlar verir - bu məqama əsaslanan Moskva istədiyi zaman rusiyalı biznesmenlər, turistlər və adi vətəndaşların müdafiəsini əsas gətirməklə, ordunun xidmətinə müraciət edə bilər.
Ümumilikdə, göründüyü kimi, qanun layihəsi xəbərdarlıq xarakteri daşıyır və Moskvanın yalnız ümumi qəbul olunmuş beynəlxalq hüquqi norma və strukturlar çərçivəsində yox, maraqların tələb edəcəyi təqdirdə, onlardan kənarda da çıxış etməyə hazır olduğunu göstərir.
Söhbət bunun, bizim bölgəmiz də daxil olmaqla, beynəlxalq və regional təhlükəsizliyə necə təsir göstərəcəyindədir.
MƏSLƏHƏT GÖR: