14 Mart 2025

Cümə, 21:39

HAQQINDA ƏFSANƏLƏR DOLAŞILAN DİYAR

Zaqatalanın gözəllikləri barədə səyyahlar hələ çox əsrlər bundan əvvəl söz açıblar

Müəllif:

01.08.2009

Deyilənlərə görə, dünyanın ən ətirli tütünü burada bitir. Həmçinin qızılgüllər diyarı olan Zaqatala möhtəşəm çinar ağacları ilə də məşhurdur. Mərkəzi parkdakı 750 illik çinar ağacları buranın tarixi simvoludur. Şəhərin girişindən çıxışına qədər hər yerdə qarşınıza çıxan fındıq bağları isə buranın əsas rəmzi hesab edilir. 

Yerlilərin  “çörək ağacı” dediyi fındıq buranın ən məşhur nemətidir. 9 min hektara yaxın bağ sahələri var. Buradakı fındıq zavodunda ildə 3000 ton fındıq ləpəsi istehsal edilir. Yol boyunca bütün istiqamətlərdə “fındıq qəbulu” yazılmış lövhələrə rast gəlmək olar. 

Şəkidən sonra Zaqatalaya aparan yollar irəlidə insanı gözləyən təəssüratlar haqqında ipucu verir. Bu yolun gözəlliyi keçən əsrin əvvəllərindən burdan keçənləri valeh etməyə başlayıb. Zaqatala dairəsi məşhur Tiflis - Nuxa - Şamaxı - Bakı ticarət yolunda mühüm məntəqə olub. 1867-ci ildə Zaqatalaya yol çəkilişinə başlanılıb. Səyyahlar 1909-cu ildə hər iki tərəfdən fındıq, qoz, meyvə ağacları ilə əhatələnmiş 68 verstlik şose yolu Nuxa - Zaqatala və Zaqatala - Laqodexi yolundan bəhs ediblər. Dairədə yeganə şəhər - inzibati mərkəz Zaqatala şəhəri olub. Bura XIX əsrin ortalarından yüksəlməyə başlayıb, 1850-ci ildə isə şəhər statusu alıb. 

 

Zaqatala Dövlət Təbiət Qoruğu

Bu qoruq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Zaqatala və Balakən rayonlarının torpaq sahəsində 1929-cu ildə yaradılıb. Zaqafqaziyada yerli flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardandır. Dəniz səviyyəsindən 600 - 3600 metr hündürlükdə yerləşir. Təxminən, 2400 metr yüksəklikdən alp çəmənlikləri başlayır. 24 min ha ərazidə 800 - dən çox bitki, 32 növ məməli, 90 növə qədər köçəri və oturaq quşlar yaşayır. 12 bitki növü Qırmızı kitaba salınıb. Ekoturizm üçün ideal şəraiti olan Qoruq ərazisində müxtəlif qala və şəlalələr var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışlarını müşahidə etmək, foto və videoçəkilişlər aparmaq olar. Bu marşrutlarda turistlərin dincəlməsi və çadırda gecələməsi üçün münasib yerlər var. Qırqovul və su quşlarını, qaban, dovşan və başqa heyvanları ovlamaq mümkündür. Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün əlverişli şərait var. Ümumiyyətlə, turizm potensialı çox yüksək olan Zaqatalada bir neçə istiqamətdə daxili turist marşrutu müəyyənləşdirilib ki, bunlar vasitəsilə rayonu gəzib yaxşı tanımaq olar. 

 

Ləzzət - Car - Şamil Qalası

Mərkəzə ən yaxın və ən populyar səyahət marşrutudur. Son dayanacağı yerlilərin Şamilyovka dediyi Şamil qalasıdır. Yüksək dağ başında, sıx meşənin içərisində yerləşən bu müdafiə qalasına yalnız atla və ya piyada getmək olur. Atla 3 - 4 saatda gedilən qalanı piyada ziyarət etmək, kəndlilərin dediyinə görə, bir gün vaxt aparır. Bura Şeyx Şamilin rus işğalına qarşı mübarizə apardığı illərdə sığınacaqlarından biri olub. 

Mərkəzdən cəmi 1 km aralıda yerləşən Car kəndi Zaqatalanın əsas tarixi mərkəzi olub. Sonradan inzibati mərkəz indiki rayon ərazisinə köçürülüb. Əhalisi əsasən müsəlman avarlardır. Tarixi abidələrlə zəngin kənddə Şeyx Şamilin büstü qoyulub. Mərkəzdəki XVIII əsrə aid Car məscidi ciddi dini və siyasi mərkəz olub. Rus və fars işğallarına qarşı mübarizə aparan Car - Tala və Car - Balakən camaatlığı liderlərinin bir qismi məhz bu dini mərkəzdə yetişib.  

Car və Tala kəndlərinin tarixi şəhərdən də qədimdir. 300 il əvvəl İlisu sultanlığının tabeliyində olublar. Nadir şaha qarşı XVIII əsrin I yarısında vuruşublar. 1735-ci ildə Nadir şah ona baş əyməyən camaata elə vergilər qoyub ki, böyük üsyan qalxıb. Bölgəyə cəza dəstələrini yollayan Nadir şah həmin kəndləri xarabaya çevirsə də,  camaatı yenə özünə tabe etməyi bacarmayıb. 

 

Cingöz qala (XVIII əsr) 

Çingiz qalası da deyirlər. İbrahim kişinin həyətyanı sahəsində, fındıq bağının ortasında yerləşir. Digər yerlərdən fərqli olaraq Zaqatala - Balakən zonasında şəxsi evlərin həyətlərində tarixi abidələr sayca çoxluq təşkil edir. Dördbucaq formasına görə bu tip qalaları odlu silah kəşf edilməzdən əvvəlki tarixə aid edirlər. Bununla belə, qalanın 20 - 25 metrliyindəki qoruyucu divarın üzərində ərəbcə yazılmış kitabədə tarix XVIII əsri göstərir. 

XVI əsrin sonlarından başlayaraq burada tez - tez dəyişən Osmanlı və Səfəvi dövlət idarə üsulu insanları tez - tez üsyana qalxmağa vadar edirdi. 1578-ci ildə Səfəvilərlə Osmanlılar arasında baş verən Qanıx döyüşü də burada, Qanıx çayın sahilində baş tutub. Osmanlıların qələbəsi ilə başa çatan bu tarixi hadisədən sonra bölgə bir müddət Osmanlı türklərinin təsiri altına düşüb. Odur ki, Balakən - Zaqatala bölgəsindəki dini ayinlərin bir qismi, xüsusilə mövlud kimi tanınan və peyğəmbərin anadan olması şərəfinə düzəldilən məclislərdə bu yaxınlıq daha çox hiss olunur. Mövlud məclislərində Yunus Emrenin ilahiləri bu günə qədər oxunur. 

 

Ləиzzət

Zaqatalanın ən populyar istirahət mərkəzinin adıdır. Buraya ilk dəfə gələn hər kəsə ləzzət verdiyi üçün adı elə belə də qalıb. Rayon mərkəzindən 4 km aralıda, Car kəndi ərazisində, dağ ətəyində, Zilban çayı sahilində salınıb və 1986-cı ildən fəaliyyət göstərir. Təmiz hava, gözəl mənzərə, iti sürətlə axan çayın şırıltısı buranı əvəzsiz edir. Yüzillik ağacların qalın gövdələrinin, budaqların arasında hazırlanmış xüsusi yerlərdə oturub yemək - içmək və ətrafı seyr etmək çox keyiflidir. Arzu edənlər buralarda dağ keçisi ovuna da çıxa bilərlər. Azərbaycan, Dağıstan və Gürcüstan mətbəxindən bütün yeməklər bişirilir. Hamısı ləzzətlidir, amma bir dənəsi var ki, oraya getmişkən mütləq dadına baxılmalıdır. Bu, xəmir, toyuq əti və müxtəlif ədviyyatlardan hazırlanan Ləzzət dövrəsidir.  Balıq həvəskarları isə Makov kəndi ərazisində yerləşən “Farel birliyi”nə baş çəksələr yaxşıdır. 

“Farel birliyi” 1978 - ci ildən fəaliyyət göstərir. Buna “balıqçılıq istirahət mərkəzi” də deyirlər. Ərazidə farel balıqları yetişdirilir. Farel yalnız  şirin suda yaşayan bahalı, ləzzətli balıqdır. İstirahət mərkəzində xüsusi hovuzlarda yetişdirilən çox sayda balıq buradan satışa yollanır. Farel birliyi istirahət mərkəzi çeşidli ağac növlərinin, qızılgüllərlə dolu yaşıl parkın içərisində salınıb. İstirahət mərkəzində son illərdə lüks və superlüks kotecləri olan otel inşa edilib.  

 

Toponim

Zaqatala adının etimologiyası ilə bağlı bir neçə rəvayət var. Yerlilərə görə bu, Zəki talası deməkdir. Guya qədimdə Zəkəriyyə adlı şəxs sıx meşəni qıraraq yer (tala) açıb və özünə burada ev tikib. Bundan sonra Zəkəri tala, Zakirtala  kimi tanınmağa başlayıb. Zaqatala adı Sakatala, yəni Sak düzü adının dəyişmiş versiyasıdır. E.ə. VII əsrin əvvəllərində Kimmer - Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskunlaşıblar. Sakların yerləşdiyi ərazi Kür çayının sağ sahilindən Qafqaz dağ ətəkləlrinə qədərki sahəni tuturdu. İki hissədən ibarətdir: zaqa və tala. Zaqa - Saka sözündən götürülüb, saklar mənasında işlənilir. Odur ki, Zaqatala Zakirin yox, sak tayfalarının talasıdır. 

 

Tarixi

Zaqatala ərazisində yaşayışın III minillikdən bəri mövcud olduğunu sübut edən tarixi - arxeoloji abidələr var. Alazan çayı vadisində neolit dövrünə və eramızdan əvvəl III - I minilliklərə aid olan “Yalovlu təpə” arxeoloji tapıntıları aşkarlanıb. Muğanlı kəndi yaxınlığında əkinçilik işi ilə məşğul olan kəndlilər iş zamanı torpaqdan at dişi şəklində çapacaqlar, saxsı qablar, uşaq qəbirləri tapıblar. 

Zaqatala Qafqaz Albaniyası dövlətinin qərbində yerləşirdi. Uzun əsrlər bölgəyə hakim olmuş Albaniya dövlətində eranın əvvəllərində xristianlıq rəsmi din kimi qəbul edilir. O zamana aid Alban xristian memarlıq abidələri ilə rayon ərazisi çox zəngindir. Zaqatala - Qax arası dağlıq ərazidə trapez şəkilli Armatay dağının yamaclarına səpilmiş kəndlərdə və meşəlik ərazilərdə bu məbədlər sayca çoxluq təşkil edir.   

Burada bizim eranın əvvəllərinə aid olan qalalar, müdafiə sədləri, türbələr, məbədlər, evlər, sənətkarlıq emalatxanaları, məscidlər və minarələr var. Rayon ərazisində dövlət tərəfindən qorunan 100 - ə yaxın abidə qeydə alınıb. Zaqatala kəndlərində V - VI əsrlərə aid 10 - dan çox Alban abidəsi var. Onları Alban evi də adlandırırlar.

Mamrux, Paşan, Muxax kəndlərində yerləşən və bir - birinə bənzər bu qədim alban abidələrində 1974-75, 1982-84-cü illərdə elmi araşdırmalar aparılıb. Ehtimal edilir ki, məbədlər inşa edildikləri ilk zamanlarda müqəddəs üçlüyə - Mitra, Ahuramazda və Anahidə həsr olunub. Bu isə göy cisimlərinə, sonsuz dünyaya məxsus Göyə, Günəşə və Aya inamla bağlı idi. İslamdan əvvəl yüzllər boyunca Aya, Günəşə və xristianlığa bağlı inanc hakim olub. 

 

Məscidlər

Şimal - şərq zonasında məscidlərin sayca çoxluq təşkil etdiyi yer Zaqataladır. Burada 40-a yaxın məscid var. Əksəriyyətində minarələrin olmaması diqqəti çəkir. Çoxu kommunist rejim zamanı dağıdılıb. Kənd məscidləri milli memarlıq üslubunda inşa edilib. 1998 - 2002-ci illərdə istifadəyə verilmiş şəhər məscidi isə Osmanlı türk memarlığı əsasında, Türkiyənin Giresun bölgəsindən usta Adem Elmas tərəfindən tikdirilib. Bunlardan ən böyüyü Aşağı Tala kəndindədir. XIX əsrdə inşa edilmiş Cümə məscidi bütün Qafqazda ən böyük məscid olub. 20 ha sahəsi olan məsciddə eyni zamanda 2500 nəfər ibadət edə bilir. Deyilənlərə görə, yerli məscidin tamamlanması üçün tələb olunan vəsaiti məşhur xeyriyyəçi milyoner Hacı Zeynalabdin Tağıyev bağışlayıb. 

 

Yuxarı Çardaxlar kəndi 

Rayon mərkəzindən 14 km şimal - şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları və cənubdan Muxax kəndi ilə həmsərhəddir. Yeri gəlmişkən, Y.Çardaxlar - Muxax kəndləri Zaqatala üzrə daxili səyahət marşrutlarından birini təşkil edir. Kənddə orta əsrlərdən qalma Şüayi qalası var. Buna Bürc də deyirlər. Gözləmə məntəqəsi olub. Karvan yolu üzərində yerləşir. Vaxtilə karvanların gəliş - gedişləri ilə bağlı xəbərləşmə mərkəzi, bir növ mayak kimi  istifadə edildiyi güman olunur. Gözəlliyinə, mənzərəsinə, tarixi abidələrinə və mehriban insanlarına görə buralara gəlməyə dəyər. Ekoturizm üçün hər cür şərait var. Suyunda farel balığı olduğu söylənən Bitdili çayı axır. Meşə hər cür meyvə və giləmeyvələrlə zəngindir. Çiçəklərin qoxusu, quşların səsi, hər tərəfdən qaynayan sərin bulaqlar buranı ideal piknik ərazisinə çevirir. Yuxarı Çardaxlarda mütləq görülməsi gərəkən yer kəndin yuxarı başındakı tarixi abidə, buraların yaraşığı, yüksək dağ zirvəsində daşdan yonulmuş möhtəşəm heykəli xatırladan Pəri Qalasıdır. 

 

Pəri qalası rəvayəti

Xalq arasında bu adla tanınsa da, əslində Zərdüşt məbədidir. Hərbi - strateji əhəmiyyətli yerdir. Pəri qalasına aparan yollar tamamilə uçduğundan oraya getmək mümkün deyil. Kəndlilərin söylədiyinə görə, dağ boyunca üzüyuxarıya doğru 45 dəqiqə çıxmaqla qalaya yalnız yaxınlaşmaq olur. İçərisinə daxil olmaq isə qeyri- mümkündür. Pəri qalası haqqında çox sayda əfsanə danışırlar. 1889 - cu ildə İosif Qallaxov adlı müəllifin “Qafqazın adları və yerlərinin təsviri” adlı xatirələr məcmuəsindəki rəvayət belə səslənir:

“Dünyanı işğal edən Topal Teymur Azərbaycana gəlib çıxır. Yerlilərin güclü müqavimətindən təşvişə düşən Teymur ən güclü sərkərdələrini səfərbər edir ki, bu tərəfləri ram etsinlər. Son nəfərinə və son nəfəsinədək vuruşan camaatın içərisində gözəlliyi və igidliyi ilə seçilən cavan bir qızın xəbəri Teymura da çatır. Şiddətli döyüşlərin birində Pəri adlı bu qız Teymurun sevimli sərkərdəsini öz qılıncı ilə öldürür. Sevimli sərkərdəsinin ölüm xəbərinə qəzəblənən Teymur Pəriyə xəbər yollayır ki, xoşluqla silahını yerə qoysun. Üstəlik, ona arvadı olmağı də təklif edir. Pərinin “düşmənə təslim olmaqdansa ölmək yaxşıdır” cavabına qəzəblənən Teymur daha amansız davranmağı əmr edir. Nəticədə, çox insan qırılır, Pəri də döyüşə - döyüşə bu qalanın olduğu yüksəkliyə qalxır. Artıq gücünün tükəndiyini hiss edir. Uduzduğunu anlayınca da özünü qaladan aşağıdakı çaya atır. Hər yerdə onu axtaran düşmən əsgərləri bir neçə gün sonra qızın meyitini çaydan tapıb Teymurun hüzuruna gətirirlər. Teymur Pəri xanımın cənazəsini bir gecə çadırında saxlamağı əmr edir. Ertəsi gün Teymur qoşununu buralardan çəkib başqa yerlərə hücuma keçir. Deyirlər, qocaldıqdan sonra ona Qafqaza yenidən hücum etməyi təklif edən bir qocaya: “Orada qadınlar da kişilər kimi mərdliklə can verirlər,” - deyə cavab verib. Bir daha da buralara ayağı dəymir. 

 

Qaladüzü parkı və Zaqatala qalası

Qaladüzü deyilən ərazidə 1947 - ci ildə mədəniyyət və istirahət parkı salınıb. Bura şəhərin ən üst, dağlıq hissəsidir. 13 ha sahəsi olan parkda 27 növ ağac əkilib. Karusellər, abidələr, çayxana və restoranların fəaliyyət göstərdiyi park zaqatalalıların ən populyar dincəlmə mərkəzidir. 1803-cü ildə Zaqatala Rusiya rərkibinə daxil edildikdən sonra, burada qulluq edən rus zabitlərinin dəfn edildiyi yer olan Qaladüzündə bir böyük kilsə və buranın tarixində çox önəmli yeri olan qala da yerləşir.  

XIX yüzilliyin əvvəllərindən etibarən bu bölgəyə dəfələrlə işğalçı yürüşlər təşkil edən Rusiya hər dəfə xeyli itkiyə məruz qalıb. 1804-cü ildə qəddar və məğlubedilməz rus generalı Qulyakov burada öldürülüb. O dönəmdə bütün rus imperiyasına yayılan üsyanlar dalğası da məhz burada başlayıb. Çar hökuməti üsyanların qarşısını ala bimək üçün burada ciddi hərbi istehkam və qala tikdirməyin, qoşun saxlamağın vacib olduğuna qərar verir. 

Qala Çar Rusiyası tərəfindən hərbi - strateji məqsədlə 1804 - cü ildə tikilməyə başlanıb, 1830-cu ildə tikintisi başa çatıb. 9 hektar sahəsi və 3 giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 30-a yaxın bina var. Vaxtilə burada toplarla təchiz edilmiş güclü qarnizon, qərargah, xəzinə saxlanılıb. Qala çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi və Rusiyanın Cənubi Qafqazda ən böyük istehkamlarından biri olub. 

1905 - ci ildə Rusiyada “Potyomkin” gəmisinin matrosları Çar Rusiyası zülmünə qarşı üsyan qaldırdığına görə bu qalaya sürgün olunub. Məncə, sürgün olunmaq üçün əla yerdir. İllər sonra burada həmin tarixi hadisənin süjeti əsasında “Yenilməz batalyon” filmi çəkilib. Son illərdə qalada restavrasiya işləri aparılıb.  

 

Mosul kəndi

İraqda və Türkiyədə eyniadlı şəhər  var. Zaqatalanın Mosul kəndinə toya getmək maraqlıdır. Burada toylar əsl əyləncəli tamaşanı xatırladır. Bütün kənd iştirak edir. Dəvətnaməyə ehtiyac yoxdur. Çadır qurulur. Stollar düzülür. Üstü yeməklə doldurulur. Bu tərəflərdə qadınlarla kişilər eyni stol arxasında oturur, bir yandan yeyib - içir, bir yandan da durmadan rəqs edirlər. Bir-birini əvəz edən Qafqaz musiqisi sədaları altında növbə ilə hamı ortaya atılır. Burada toylar temperamentli rəqs yarışlarını xatırladır. Böyük həvəslə oynayanlar bütün ustalığını və məharətini göstərməli olurlar.

 

Şalaxo 

Bu, Qafqaz xalqları arasında geniş yayılmış, toylarda ən sevilən və ən qədim kişi rəqslərindəndir. Yaranma tarixi maraqlıdır. Keçmişdə kənd - kənd dolaşan qaraçılar ayı və meymun gəzdirər, camaatın qarşısında onları oynadardılar. Heyvanları gəzdirən qaraçının qaval çala - çala oxuduğu yeksənəq, sadə bir melodiya ahəngində ayı ya da meymun hoppanar, mayallaq vurar, oynardı. Bələdçi qaraçı onun kürəyinə bir ağac parçası qoyardı. Guya ki, bir şələ çırpı yükləyib, işarə edərdi ki, tamaşaçıların qabağından keçsin. Özü isə oxuyardı. Oxunan mahnıda tez - tez şələ sözündən istifadə edilərdi ki, şalaxo sözü də bu kökdən törəyib. Xalq arasında şələxo deyirlər. Şalaxonu eyni vaxtda 2 - 3 adam oynayır, lakin onlardan birinin ifa etdiyi rəqsin şəkli digərinə oxşamır. Burada əsasən oynayanlar arasında bacarıq məharət ifa texnikası yarışı gedir. 



MƏSLƏHƏT GÖR:

807