14 Mart 2025

Cümə, 21:39

OD OLMASA, TÜSTÜ ÇIXMAZ

Azərbaycanda həyat səviyyəsinin artması ilə ətraf mühitin müdafiəsi məsələsi böyük aktuallıq kəsb edir

Müəllif:

01.08.2009

Bakının ekoloji durumu ciddi təhlükə doğurur. Mütəxəssislər həyəcan təbili çalırlar  - paytaxtda tozun sıxlığı, atmosferin çirkliliyi, suyun keyfiyyəti, səs-küyün həddən çox olması məqbul normaları ötür. O cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin milli monitorinq departamentinin atmosferin durumu ilə bağlı son araşdırmaları göstərir ki, Bakıda tozun konsentrasiyası normativ standartlardan 1,3 dəfə yüksəkdir. Sumqayıt, Gəncə və  Mingəçevirdə də oxşar durumdur. 

ETSN-də etiraf edirlər ki, Bakıda və bütövlükdə Azərbaycanda ətraf mühitin müdafiəsi məsələsi gündəmə çıxmaqdadır. Ölkə əhalisinin həyat səviyyəsinin artımı, uyğun olaraq, əhalinin ekoloji baxımdan müdafiəsinin aşağı düşməsinə səbəb olur. Şəhərdə bərk məişət tullantılarının illik göstəricisinin, həmçinin gündəlik avtomobil sayının, uyğun olaraq, atmosferə atılan tullantıların artması qeydə alınır. Sənayenin inkişaf etməsi istehsalat tullantılarının utilizasiyası məsələsinin aktuallığını artırır. Bakının indiki ekoloji durumu necədir? 

 

Tüstü təpəmizdən çıxır  

Düşünün ki, siz acı tütstü dumanının içinə düşmüsünüz. Nəfəs ala bilmirsiniz, boğazınız göynəyir, başınız hərlənir, gözləriniz yanır və sulanır. Özü də bu, sizin həyətdə yanan zibil tonqalının yanından keçməyinizə görə baş vermir. Dioksin dumanı çağırılmamış qonaq kimi birbaşa sizin mənzilinizə soxulur, özü də qışda da, yayda da bu belədir. 

Yayda vəziyyət daha da kəskinləşir - boğucu iydən siz gecə yata bilmirsiniz, çünki istidən pəncərəni tam açmalı olursunuz, səhər tezdən isə "tüstü dumanı" sizi yuxudan oyadır. Yanan zibilin qoxusunu gətirən kəskin tüstü gecə və səhər 8-ci Kilometr, Bakixanov və Əhmədli qəsəbələrini, həmçinin metronun "M.Əzizbəyov", "Q.Qarayev" stansiyaları tərəfini, Heydər Əliyev prospektini və Dərnəgül şosesini örtür. Yanan zibillə nəfəs almağın insanın başına nələr gətirə biləcəyi hamıya aydındır, burada ağ ciyər xəstəliklərindən onkoloji xəstəliklərə qədər mümkündür. 

Balaxanı qəsəbəsindəki zibilxanadan isə "qlobal tüstü" çıxır. Hər gecə poliqonda zibillər yandırılır və yerli hakimiyyət yaxın zamanlarda vəziyyətin dəyişdirilməsi ilə bağlı heç bir tədbir görə bilmir. Bununla yanaşı, ETSN-dən "Region plus"a bildiriblər ki, ətrafı bürüyən yanmış zibil qoxulu tüstü, doğrudan da, Balaxanı zibilxanasından gəlir. Bunu aydınlaşdırmaq üçün ETSN xüsusi monitorinq keçirib. Məsələ ilə bağlı qurumun "qaynar xətt"inə yetərincə çox müraciət daxil olur. "Biz hələ ki hər hansı bir tədbir görə bilmirik. Çünki zibilin yandırılması Bakı Zibilyandırma Zavodunun tikintisi üçün nəzərdə tutulan sahənin təmizlənməsi məqsədilə aparılır". 

Bax, belə! Amma nə olur-olsun, Balaxanı zibilxanasından dioksin tüstüsü bir ilin söhbəti deyil, problem artıq beş ildən artıqdır ki, gündən-günə gərginləşir. Amma zibilyandırma zavodunun tikilməsi barədə söhbət iki ildir ki, gedir.  ETSN-dən olan mənbənin bildirdiyinə görə isə, poliqon üçün təmizlik işlərinə yalnız 2009-cu ildən başlanıb. Yəni Balaxanı zibilxanasında illərdir ki, zibil yandırılır və yalnız bu ildən başlayaraq onun zavodun tikintisi üçün edildiyi bildirilir. 

Qeyd edək ki, Azərbaycanın ekoloji durumunun yaxşılaşdırılması üzrə kompleks plan çərçivəsində 2008-ci ilin avqust ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Bakı şəhərinin bərk məişət tullantılarının idarəedilməsinin təkmilləşdirilməsi haqqında" fərman verilib. Fərmana görə, Bakı şəhərində yaranan bütün məişət tullantıları növlərinin yerləşdirilməsi və utirlizasiyası üzrə işlər "Təmiz şəhər" SC-yə tapşırılıb. Ancaq SC-nin sədri Zakir İbrahimov "Region plus"a bildirib ki, zavodun tikintisi poliqonun özündə aparılmayacaq. İnşaat işləri  zibilxanın yaxınlığında - Balaxanı qəsəbəsində yerləşən 10 hektar ərazidə aparılacaq. 

"Tikintiyə bu ilin avqust ayında Fransanın "CNIM S.A." şirkəti başlayacaq və o, üç il ərzində həyata keçirilməlidir. Mümkün çatışmazlıqların düzəldilməsi üçün daha iki il də lazım gələ bilər, bundan sonra 20 il ərzində "CNIM S.A." onun  operatoru olacaq", - deyə Zakir İbrahimov vurğulayıb. Hazırda zavod üçün ayrılmış ərazidə hazırlıq işləri görülür - ərazi hasara alınır, torpaq planlaşdırma işləri görülür. Zavod 2012-ci ildə istismara veriləcək. 

Eyni zamanda İbrahimov qeyd edib ki, zibilxananın özündə planlı şəkildə zibil yandırılmır. "Balaxanı açıq basdırma poliqonu 1963-cü ildən fəaliyyət göstərir. Onun 200 hektar ərazisində 60 milyon kubmetr tullantı yığılıb. Bakı və Abşeronun bütün məişət tullantılarının 80% -i bura göndərilir.  Poliqonun özündə və ətrafında ekoloji durum kritikdir. Zibilin çürüməsi və parçalanması nəticəsində poliqonda öz-özünə alışma baş verir, bu isə istixana qazlarının buxarlanması, qrunt sularının çirklənməsi, yoluxucu xəstəliklərin yayılması ilə nəticələnir". 

Ancaq Bakıda zibilyandırma zavodu tikildikdən sonra vəziyyət dəyişməyə başlayacaq. Onun gücü ildə 500 min ton təşkil edəcək. Nəticədə paytaxtda zibilin həcmi 10 dəfə, çəkisi isə üç dəfə aşağı düşəcək. SC-nin məlumatına görə, Bakıda hər adama ildə 350 kq zibil düşür.                 

 

Ağacların kəsilməsi  

Bizim hər birimiz Azərbaycan Konstitusiyasının 39-cu maddəsinin I bəndinin vasitəsi ilə "sağlam ətraf mühitdə yaşamaq" hüququ əldə edirik və həmin maddənin III bəndinə görə, "heç kim ətraf mühitə, təbii sərvətlərə qanunla yol verilən normalardan artıq zərər vura bilməz". 

Ancaq bir sıra məmurlar yaşıllıqlar, parklar və bağçalar üçün nəzərdə tutulmuş torpaq sahələrini satmaqla çoxdan öz hədlərini keçiblər. Bu ərazilərdə yüksək binalar, mebel mağazaları, şadlıq evləri və başqa əyləncə obyektləri tikilir. Tikinti bumu Bakını elə hala salıb ki, ETSN-in məlumatına görə, 1967-ci ildə Abşeron yarımadasının 20%-i yaşıllıqların payına düşdüyü halda, hazırda bu rəqəm 1-2 %-ə qədər enib! Bakıda şəhərin yaşıl fondu vəhşicəsinə məhv edilir. 

Xatırladaq ki, ölkədə ağacların kəsilməsi ilə bağlı kritik durum olmasına hökumətin 2009-cu ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclasda Azərbaycan prezidenti İlham Əliyev də diqqət yetirib. Dövlət başçısı yeni obyektlərin tikilməsi ilə bağlı ağacların kəsilməsini qadağan edib, Bakıda və ətrafında 3 milyon tingin əkilməsi barədə sərəncam verib. "Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyyətinə təkliflər planı hazırlamaq və ekoloji xəritəni təsdiq etməyi tapşırıram. Proqramın gerçəkləşdirilməsi üçün tədbirlər planı işlənilməlidir", - deyə prezident vurğulayıb. Bununla belə dövlət başçısı bir sıra hallarda Bakıda müxtəlif obyektlərin tikintisi üçün ağacların məhv edilməsinə dair mütəmadi məlumatlar aldığını bildirib: "Yerli icra hakimiyyəti orqanlarına, sahibkarlara və öz vəzifəsindən sui-istifadə edən insanlara sonuncu dəfə xəbərdarlıq edirəm ki, onlar dayansınlar. Mən Bakıda və Azərbaycanda ağac kəsilməsini qadağan edirəm. Əgər bundan sonra mən eşitsəm ki, hansısa sahibkar, yüksəkçinli şəxs və ya başqası haradasa ağacları kəsərək özünə mülk tikir, ertəsi gün kəsilmiş ağaclar üzərində tikilmiş bina söküləcək və bu əməlləri törədənlər cəzalandırılacaq".

ETSN-də bildirirlər ki, bu gün kəsilmiş ağacların sayı üzrə "rekord göstərici" Bakının Nizami rayonuna məxsusdur, ikinci yerdə isə Xətai rayonu gəlir. Qurumdan bildiriblər ki, prezidentin sərəncamı ilə yalnız plan nəzarəti deyil, həmçinin ağacların kəsilməsi üzrə xüsusi monitorinq aparılıb və monitorinqin ilk nəticələri artıq Nazirlər Kabinetinə göndərilib. Bakının ən çox ağaclar kəsilən Xətai və Nizami rayonları üzrə ayrıca hesabat təqdim edilib. ETSN-də düşünürlər ki, ağacların kəsilməsi üzrə cərimələrin məbləği artırılmalıdır. Bir kəsilən ağaca görə 3-4 min manat cərimə təyin ediləcəyi ehtimal edilir. 

 

Sement tozu, qum, qurum, tullantı qazları və küy 

Əgər Bakıya Dağüstü parkdakı müşahidə meydançasından baxılsa, günün istənilən vaxtı şəhərin üzərini qurumdan, buldozer və betonqarışdıranların sement tozundan, tullantı qazlarından ibarət qalın bir təbəqənin ötrdüyünü görmək olar.  Başqa sözlə, bu, ETSN-in mütəmadi olaraq haqqında məlumat verdiyi toz yığınıdır. 

ETSN-dən "Region plus"a bildiriblər ki, qurum tərəfindən aparılan statistikaya görə yuxarıda sadalanan amillərə səs-küy ekologiyasının pozulmasını da əlavə etmək olar. Burada minik avtomobillərinin, xırda və iri qabaritli avtobusların siqnalları, tikinti küyü, müxtəlif səs siqnalları əsas rol oynayır. Bu səslər əhalinin sağlamlağına və əsəb sisteminə təsir göstərir.  

Hazırda Bakıda hər gün 300 minə yaxın avtomobildən istifadə edilir. Onların tullantı qazları vasitəsilə atmosferə qurğuşun və başqa yanma məhsulları atılır. Beləliklə, Bakının ekoloji çirklənməsinin 60-70%-i avtonəqliyyatın payına düşür, 30-40%-i isə sənaye müəssisələrinin əməyidir. ETSN-də sözügedən problemlərin həlli kimi ekoloji normaların pozulmasına görə cərimələrin məbləğinin artırılmasını görürlər. Bundan başqa, şəhərə iritonnajlı yük maşınlarının və şəhərdən tranzitlə keçən avtomobillərin daxil olmasını qadağan etməyin vaxtı çatdığını bildirirlər. Bu məsələdə Azərbaycanda istifadə edilən mühərrik yanacağının da keyfiyyəti rol oynayır. Qərbdə yanacaq standartları - 2-4 qəbul edilib. 

Qeyd edək ki, nəqliyyat vasitələrinin tullantı qazlarının tərkibində zərərli maddələrin miqdarını tənzimləyən “avro-2” standartı Avropada 1996-cı ildə tətbiq edilib. Üç ildən sonra onu “avro-3” əvəzləyib. 2005-ci ildən isə Avropa ölkələrində “avro-4” standartına keçilib. Bundan başqa, hazırda Avropa Birliyi ölkələrində “avro-5” standartlarına keçid müzakirə edilir. Özü də bu, qanunvericilik səviyyəsində baş verir. Bu standartların Azərbaycanda da tətbiqi ölkənin neftayırma zavodlarının müasirləşdirilməsini tələb edir. 

Mütəxəssislər hesab edirlər ki, Bakıda ekoloji durumun yaxşılaşdırılması üçün kompleks tədbirlər gərəkdir. Burada məişət tullantılarının yığışdırılmasından, daşınmasından və utilizasiyasından başlamalı, nəqliyyat sistemində sərt normativlərin tətbiq edilməsinə, Bakı buxtasının təmizlənməsinə, suyun keyfiyyətinin yaxşılaşdırılmasına və şəhərin yaşıllaşdırımasına qədər işlər görülməlidir. 

Məsələ ilə bağlı sosial və tədris maarifçilik proqramı da az rol onyamır. Müxtəlif maarifçilik tədbirləri ilə vətəndaşların ekoloji təhsilinin səviyyəsini artırmaq lazımdır və ali məktəblərdə ekologiya fənlərinin tədrisinə ehtiyac var. Məsələn, 1999-cu ildə Azərbaycan Memarlıq Tikinti Universiteti bunu edib və tədrisə yeni tikinti ekologiyası fənni daxil olunub. 

 Təbiətin inkişaf qanunlarını və ekologiyanın əsaslarını  bilmək memarların və inşaatçıların peşəkarlığını artıracaq, bina və tikililərin təbiətə mənfi təsirini azaldacaq. Tikinti obyektlərini təbii mühitə elə uyğunlaşdırmaq lazımdır ki, həm təbii sistemlərin inkişafına şərait yaransın, həm də şəhərdə insanların sağlam həyat tərzi yüksəlsin. 


MƏSLƏHƏT GÖR:

494