
HƏR RAYONUN ÖZ REFRİJERATORU OLMALIDIR!
Azərbaycanın aqrar bölməsində anbar infrastrukturunun inkişafı üzrə layihələrin gerçəkləşdirilməsi davam edir
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Dünya ərzaq böhranının və ötən ilin payızından başlanmış qlobal maliyyə-iqtisadi problemlərin yenidən təkrarlanması ehtimalı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini artırıb. Bununla bağlı olaraq, ötən ilin avqust ayında yerli aqrar istehsalın artırılmasına yönəldilmiş Dövlət Ərzaq Proqramı qəbul edilib. Özü də aqrar sənayenin inkişafının önəmli elementi kimi ölkə üzrə meyvə-tərəvəz və ət-süd məhsullarının saxlanması üçün xüsusi soyuducu şəbəkələr bazasının yaradılması və həmçinin taxıl anbarlarının tikilməsi nəzərdə tutulur.
Taxıl bazarı tənzimlənəcək
"Ötən il taxıl istehsalı proqnozu artıqlaması ilə yerinə yetirildi. Bundan başqa, bir sıra rayonlarda məhsul artıqlığı və qiymətlərin aşağı düşməsi müşahidə olundu. Nəticədə fermerlərin bir hissəsi istehsal etdiyi buğda məhsulunu satmaqda çətinliklə qarşılaşdı", - deyə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
Nazirin sözlərinə görə, bazar tələbatını tənzimləmək üçün dövlət istehsal edilən buğdanın bir hissəsini əlverişli qiymətə almalı və bununla da fermerlərdə istehsala marağı artırmalıdır.
İri topdansatış alıcısı kimi çıxış edən dövlət təkcə ehtiyat həcmləri təmin etməklə qalmayacaq, həm də lazım olanda yerli bazarlarda qiymətləri tənzimləyə biləcək. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Taxıl Ehtiyatı Fondu yaradılır. Fond vasitəsi ilə yerli istehsalçılardan ildə 260 min ton məhsul alınacaq. Ancaq taxıl bazarının tənzimlənməsi üçün iri taxıl anbarlarının - elevatorların olması vacibdir.
Taxıl ehtiyatlarının yaradılmasında çətinlik onunla bağlıdır ki, keçmiş sovet dövründən qalan taxıl anbarları artıq yararsız hala düşüblər, onları bərpa etmək və yenilərini tikmək lazımdır. Bu tipli yeganə iri obyekt Azərbaycanla Qazaxıstanın birgə fəaliyyəti nəticəsində artıq yaradılıb - iki il qabaq açılmış Bakı Taxıl Terminalı idxal taxılının boşaldılması və saxlanması üçün nəzərdə tutulur.
Daha bir iri taxıl anbarı bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında tikilib. Elevator ABŞ-dan gətirilmiş avadanlıqla təchiz edilib. Qısamüddətli saxlanc üçün nəzərdə tutulan çənlərə 20 min ton məhsul boşaltmaq olar. Məhsulu uzun müddət saxlayan taxıl çənlərinin tutumu isə 18 min tondur. Bu cür elevator hər biri 3 min ton taxıl tutan altı bunkerdən ibarətdir. Kompleksdə 60 tonluq elektrik qapanı və yükqaldırma qabiliyyəti 100 ton olan lift işləyir. Anbarın ərazisində keyfiyyətin yoxlanılması - taxılın təmizlik və nəmlik göstəricilərinin öyrənilməsi üçün xususi laboratoriya da fəaliyyət göstərir.
Taxıl elevatorlarının tikilməsi yetərincə kapitaltutarlı işdir və fermer təsərrüfatları, xırda aqrar şirkətlər təkbaşına onun öhdəsindən gələ bilməzlər. Buna görə də hökumət bu obyektlərin tikintisini qarışıq maliyyələşdirmə hesabına gerçəkləşdirməyi qərara alıb. İqtisadi İnkişaf Nazirliyindəki (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) isə ölkənin altı iqtisadi rayonunda taxılın təmizlənməsi və saxlanması üçün anbar komplekslərinin tikintisi barədə tender elan edib. Elevatorların hər birinin tutumu 10 min ton olacaq.
"Onların Azərbaycanın Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonlarında tikilməsi nəzərdə tutulur, ötən il ölkədə istehsal edilən taxılın 89,5%-i bu iqtisadi rayonların payına düşüb", - deyə SKMF Müşahidə Şurasının başçısı Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, bu iş ölkədə yaradılan Taxıl Ehtiyatı Fondu ilə birgə reallaşdırılır, layihələrin maliyyələşdirilməsi isə sahibkarlıq subyektlərinin, SKMF-nin güzəştli kreditlərinin, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) və onun törəmə qurumlarının vəsaitləri hesabına gerçəkləşdiriləcək. Layihə iştirakçılarının təklifləri avqustun 31-nə kimi qəbul ediləcək, tenderin sonucları isə bu il sentyabrın 17-də açıqlanacaq.
Soyuducu bumu gözlənilir
Meyvə-tərəvəz və ət-süd məhsullarının saxlanması üçün soyuducu anbarları şəbəkəsinin yaradılması layihəsi də az əhəmiyyət daşımır. Ölkənin aparıcı kənd təsərrüfatı regionlarında bu cür obyektlərin yaradılması məsələsi idarələrdə və hökumət səviyyəsində uzun müddətdir ki, müzakirə edilir. Məsələ həmişə olduğu kimi, maliyyə sarıdan əngəlləndiyindən ilkin olaraq, bu işə özəl sərmayəçiləri, məsələn, ABŞ və Almaniyadan olan sərmayəçiləri, həmçinin beynəlxalq donorları cəlb etmək düşünülürdü.
Ancaq xarici sərmayəçilər bizim aqrar sənaye kompleksinə elə də xüsusi maraq göstərmirlər, beynəlxalq maliyyə qurumları isə adətən pilot layihələrlə kifayətlənirlər. Belə layihələrdən biri üç il qabaq Cəlilabad rayonunun Göytəpə qəsəbəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirilib. Burada kartofu uzun müddətə saxlamaq üçün tutumları uyğun olaraq 10 və 40 ton olan iki anbar tikilib. Təəssüf ki, bu anbarlar rayonun tələbatını tam təmin etmək iqtidarında deyillər. Cəlilabadda tutumu 200 ton olan daha bir anbar tikilərsə, vəziyyət dəyişə bilər, həmin anbarın tikintisi yerli fermer təsərrüfatlarının ümumi səyləri ilə həyata keçirilir.
Nəticədə, 2007-ci ildə kənd camaatı üçün lazım olan anbarları dövlət vəsaiti ilə tikmək qərara alındı. Ona görə də yaradılan obyektlər dövlət müəssisəsi kimi fəaliyyət göstərəcək, anbar sahələri isə icarəyə veriləcək və kommersiya qurumları tərəfindən idarə ediləcək. Layihəni birbaşa gerçəkləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi (KTN) "Aqrolizinq" ASC-ni cəlb edib, quruma dövlət büdcəsindən 10 milyon manat ayrılıb. Bu vəsaitlərə planlaşdırılan 55 refrijerator anbarının 7-si tikilib. O cümlədən, Quba və Salyan rayonlarında hər birinin tutumu 5 min ton olan iri səkkiz seksiyalı soyuducu anbarlar işə salınıb. Naxçıvan Muxtar Respublikasında isə 2500 tonluq soyuducu anbar istifadəyə verilib.
Bu ildən isə regional soyuducu-anbar infrastrukturunun inkişafı layihəsinin gerçəkləşdirilməsi SKMF-ə tapşırılıb. Qurum bu yaxınlarda sözügedən sahə ilə bağlı investisiya layihələri üzrə tender keçirib. Bütövlükdə, SKMF-ə Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarının sahibkarlarından 33 layihə daxil olub. Tender şərtlərinə uyğun olaraq, hər bir soyuducu anbar ən azı iki min ton məhsulun saxlanmasına hesablanmalıdır. Sahibkarlar layihələrin ən azı 30%-ni maliyyəşdirməlidirlər, qalan vəsaitlər isə kredit şəklində SKMF-dən və AİŞ-dən cəlb edilə bilər. Qabaqcıl texnologiyalar əsasında kompleks tikintisini nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Hələ ki SKMF 40 inzibati rayonu əhatə edən dörd iqtisadi regiondan təkliflərin qəbulu barədə elan verib. Gələcəkdə hökumət ölkənin bütün iqtisadi rayonlarında soyuducu anbarların tikintisinə maliyyə dəstəyi göstərməyə hazırdır.
Fermerlərə yardım
Refrijerator anbarların tikintisi ölkənin aqrar bölməsinə nə verəcək? İqtisadi İnkişaf Nazirliyi tərəfindən aparılmış marketinq araşdırmaları göstərir ki, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında kənd təsərrüfatı məhsulları istehsalı və ixracı üçün böyük potensial var. Ancaq bir sıra hallarda, məsələn, təklifin tələbi üstələdiyi və ya xarici bazarlarda qiymətlərin azaldığı hallarda meyvə-tərəvəzin qiyməti fermerlər üçün əlverişli olmur və onların fəaliyyətini rentabelsiz edir.
Refrijerator anbarların olması kəndlilərə tez xarab olan məhsulları saxlamağa, onu daha sonra əlverişli bazar qiymətlərinə satmağa imkan yaradır. Soyuducu anbarlar çoxfunksiyalı olacaqlar, çünki bu komplekslərdə məhsulun sortlaşdırılması, qablaşdırılması, təmizlənməsi və s. üzrə də xidmətlər göstəriləcək. Ölkədə çeşidli anbar infrastrukturunun olması idxaldan asılılığı azaltmağa, payız - qış mövsümündə də ölkəni yerli istehsal məhsulu olan meyvə və tərəvəzlə təmin etməyə imkan yaradır.
Təqdirəlayiqdir ki, soyuducu anbarların tikintisi də özəl sahibkarlar tərəfindən aparılır. Belə ki, "Palmali" şirkəti bu il Masallı rayonunda bu cür obyektin yaradılmasına başlamağı planlaşdırır. "Asnaf sənaye şirkəti" MMC və Azərbaycan İnvestisiya Şirkəti isə daha bir iri kommersiya layihəsini gerçəkləşdirmək niyyətindədir, onlar 2007-ci ilin iyun ayında Bakı yaxınlığında quru yüklər üçün anbar sahələri və sənaye soyuducusu tikmək barədə protokol imzalayıblar.
İlkin qiymətləndirmələrə görə, kompleks 3 min kv. m sahəni tutacaq, layihənin dəyəri isə $20 mln. həcmində qiymətləndirilir. Bu layihəyə islam investisiya şirkətləri, Xəzər Beynəlxalq İnvestiya Şirkəti və Beynəlxalq Maliyyə Korporasiyası maraq göstərir.
Kənd təsərrüfatının anbar infrastrukturunun daha bir inkişaf istiqaməti mineral gübrələr üçün anbarların tikintisini nəzərdə tutur. Ötən il "Aqrolizinq" ASC tərəfindən Şəki və Sabirabad rayonlarında mineral gübrələrin saxlanması və paylanması üçün regional logistika bazalarının tikilməsinə tender elan edilib.
Ağılla təşkil edilmiş anbar və logistika infrastrukturunun olması bizim fermerlərə yaxın və uzaq xarici bazarların mənimsənilməsinə də imkan yarada bilər. Belə imkanlar var, bu yaxınlarda Minsk vilayətinin qubernator müavini Valeri Skakunun rəhbərlik etdiyi Belarus nümayəndə heyətinin respublikamıza səfərə gəlməsi də belə bazarların olmasına sübutdur. Danışıqların gedişində Azərbaycandan Belarus bazarlarında meyvə və tərəvəzin topdan satışı üçün imkanlar müzakirə edilib.
Mövsümi məhsulların göndərilməsi ilə bağlı oxşar danışıqlar çoxdan Qazaxıstanla da aparılır. Bu ölkənin Manqustau vilayətində, hətta Azərbaycandan meyvə və tərəvəz daşınması üçün refrijerator anbarlar yaradılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanla Rusiya arasında bizim ölkənin doqquz rayonunda Rusiya bazarına aqrar məhsul daşınması üçün anbar, qablaşdırma və təşkiletmə xidmətlərinin göstərilməsi üçün loqistika mərkəzlərinin açılması məsələsi də müzakirə edilir. Buna paralel olaraq, Rusiyanın bir sıra regionlarında, o cümlədən Tambov vilayətində aqrar məhsul ixracatının sistemləşdirilməsi və yüngülləşdirilməsi üçün Azərbaycanın logistika və anbar mərkəzlərinin yaradılması məsələsi barədə də müzakirələr aparılır.
MƏSLƏHƏT GÖR: