
HƏQİQƏT ANI
Azərbaycan iqtisadiyyatı sabitlik imtahanından üzüağ çıxdı
Müəllif: Nurlanə QULİYEVA Bakı
Çox ölkənin iqtisadiyyatını bərbad günə salmış dünya maliyyə böhranı "qasırğa”sının tezliklə sakitləşəcəyi barədə beynəlxalq ekspertlərin proqnozları Azərbaycan iqtisadiyyatının dayanıqlığına dırnaqarası baxanların son şübhələrini də yoxa çıxardı. Ağır sınaqlar ili ötüb -keçdi və Azərbaycan iqtisadi depressiyaya düşmədi, hətta bir çox makroiqtisadi göstəricilər üzrə müəyyən artım da göstərdi. Həmçinin, daha önəmli olan məsələ sosial və infrastruktur proqramlarının davam etdirilməsi oldu.
"Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, uğurla inkişaf etdirilir. Bizim iqtisadiyyat diversifikasiya edilib və bu da indiki ağır sınaqda bizi qoruyan başlıca amildir", - prezident İlham Əliyev ölkə iqtisadiyyatının birinci yarımilinin fəaliyyətinə yekun vurarkən belə dedi.
Regional lider
Dövlət başçısı haqlı olaraq bildirdi ki, böhran Azərbaycan iqtisadiyyatının imkanlarına şübhə ilə yanaşanlar üçün bir növ həqiqət anı oldu. Yalnız birinci yarımildə ümumi daxili məhsul (ÜDM) 3,6% artıb, özü də neftdənkənar bölmədə bu, 4,1%-ə bərabər olub. Bu göstərici Beynəlxalq Valyuta Fondunun (BVF) 2009-cu ildə dünya iqtisadiyyatında 1,4% azalma olacağı barədə proqnozu fonunda xüsusilə diqqətəlayiqdir.
Bu artımın fonunda inflyasiya 3,7% səviyyəsində qalır, ərzaq məhsulları üzrə o, 2,1% təşkil edib. Başqa sözlə, onun əhalinin sosial vəziyyətinə təsirindən danışmağa yer qalmır. Amma nəzərə almaq lazımdır ki, bu il əhalinin pul gəlirləri 19% yüksəlib (əhalinin orta aylıq maaşı təxminən 15% artıb) və aydın olur ki, real gəlirlərin artımı təxminən 15-16% təşkil edib.
Hər şey müqayisə zamanı aydın olur. BVF tərəfindən dünya iqtisadiyyatı barədə bu yaxınlarda dərc edilmiş proqnoza görə, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ÜDM 2,5-5% azalacaq. Azalma Avropa Birliyi ölkələrində 4,7%, Asiyanın yeni sənaye ölkələrində 6%, MDB ölkələrində məcmu 4% təşkil edəcək.
Bununla yanaşı, Azərbaycanın yaxın qonşularının iqtisadi durumu ciddi narahatlıq doğurur. Gürcüstan milli bankının yeniləşmiş proqnozlarına görə, 2009-cu ildə ölkə iqtisadiyyatında azalma əvvəl proqnozlaşdırıldığı kimi, 1,5% deyil, 4% səviyyəsində gözlənilir. Qeyd edək ki, 2007-ci ildə Gürcüstanda ÜDM artımı 12,3%, 2008-ci ildə isə 2,1% səviyyəsində qeydə alınıb.
Ermənistanda da oxşar durum müşahidə edilir. Orada milli statistika xidmətinin ilkin məlumatına görə, 2009-cu ilin yanvar-iyun aylarında 2008-ci ilin uyğun dövrünə baxanda iqtisadi azalma 16,3% təşkil edib. Azalma əsasən tikinti həcmlərinin aşağı düşməsi (53,5%) ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bu ilin may ayında Ermənistan Mərkəzi Bankı 2009-cu ildə ölkə iqtisadiyyatında 5,8% geriləmə olacağını proqnozlaşdırmışdı. Amma iyunun əvvəlində Ermənistan Mərkəzi Bankının sədr müavini Vaçe Qabrielyan 2009-cu ildə ÜDM-in artıq 7-8% azalacağı barədə məlumat yayıb. İyunun sonunda isə Beynəlxalq Valyuta Fondu Ermənistan iqtisadiyyatının 2009-cu il üzrə azalma proqnozunu 5%-dən 9,5%-ə qaldırıb. Dövlət büdcəsinə görə isə 2009-cu ildə Ermənistan ÜDM-nin artımı 9,2% və inflyasiya 4% (±1,5%) səviyyəsində proqnozlaşdırılıb.
Azərbaycanda isə azalma müşahidə edilən yeganə makroiqtisadi göstərici inflyasiyadır. Doğrusu, bununla yanaşı neftin qiymətinin düşməsi fonunda büdcə gəlirlərində də müəyyən azalma müşahidə edilir. Həmçinin, beynəlxalq maliyyə institutları həm də büdcə gəlirlərinin və xaricdən kreditləşdirmə imkanlarının azalmasına əsaslanaraq, Azərbaycan hökumətinə büdcə xərclərinin yüksək səviyyədə saxlanmasının riskli olması barədə xəbərdarlıq etmişdilər. Ancaq bu zaman yalnız gerçəkləşdirilməsində müddətin elə də əhəmiyyət daşımadığı investisiya layihələrinin maliyyələşdirilməsi təxirə salınıb. Amma pensiyalarla, əmək haqları və ünvanlı sosial yardımlarla bağlı bütün sosial proqramların yerinə yetirilməsi davam etdirilib.
Böhran fonunda onu da qeyd etmək gərəkdir ki, ötən altı ay ərzində Azərbaycanda 35 min yeni iş yeri açılıb. Onlardan 25 mini daimi iş yerləridir.
Azərbaycanın iqtisadi liderliyini beynəlxalq reytinq agentlikləri "Moody's Investor Service" və "Fitch Ratings"in qiymətləndirmələri də təsdiq edir. Onlar 2009-cu il üçün Azərbaycanın kredit reytinqini bir il öncə verdikləri "Ba1" və "BB+" səviyyələrində saxlayıblar. Eyni zamanda, Azərbaycandan fərqli olaraq, bu agentliklər 2008-ci ilin ortalarında və hazırda bir sıra MDB, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələri üçün kredit reytinqlərini yenidən qiymətləndirərək, onları bir-iki pilə azaldıblar.
"Standard&Poors" agentliyi isə birinci qiymətləndirmə nəticəsində kredit reytinqləri səviyyəsində Azərbaycana başqa agentliklər tərəfindən daha əlverişli iqtisadi şəraitdə verilmiş "BB+" reytinqini müəyyən edib. Bu da ölkə iqtisadiyyatının böyük imkanlarından və dayanıqlığından xəbər verir.
Reytinq qorunmalıdır
Əhalinin əldə edilmiş yüksək sosial və maliyyə rifahını qorumaq üçün ölkə hökuməti tərəfindən seçilmiş iqtisadi inkişaf yolu çox vacibdir. Adətən insan yaxşı şeylərə tez alışır və Azərbaycan əhalisi son illərdə mütəmadi olaraq maaşların, pensiya və müavinətlərin artmasına, infrastruktur və kommunal xidmətlərin yaxşılaşmasına, həmçinin uğurlu iqtisadi siyasətin başqa atributlarına çox alışıblar. Bəli, böhran respublikanı öz yolundan döndərə bilməyib, amma bununla belə onun bank, tikinti və başqa bölmələrə təsirini görməmək olmaz. Mühafizəkar iqtisadi siyasəti qorumaqla əvvəlki artım templərini bərpa etmək mümkündürmü?
Qeyd edək ki, bu mühafizəkarlıq dəfələrlə beynəlxalq ekspertlər və maliyyə institutları tərəfindən tənqid edilib. Amma həyat göstərdi ki, böhran dövründə məhz bu mövqe özünü doğrultdu. "Bəzən bizə inteqrasiya prosesinə sürətlə qoşulmağı, beynəlxalq ticarət strukturlarına inteqrasiya etməyi tövsiyə edirdilər. Amma bizim mövqeyimiz həmişə ehtiyatlı olub, çünki Azərbaycan iqtisadiyyatı özünü təminetmə qabiliyyətinə malikdir. Bir sıra başqa ölkələrdən fərqli olaraq, bizim xarici yardıma ehtiyacımız yoxdur", - deyə prezident İlham Əliyev bildirib.
O vurğulayıb ki, başqa ölkələrdən fərqli olaraq, bizim milli valyuta devalvasiaya uğramayıb. Bu çox önəmli iqtisadi və sosial göstəricidir. "Bir sıra ölkələrdə süni devalvasiya aparıldı, bunda məqsəd yerli istehsalçıların imkanlarını artırmaq idi. Biz də buna gedə bilərdik, amma getmədik, çünki ilk növbədə biz insanların həyat səviyyəsinin qayğısına qalmalıydıq. Əminəm ki, yaxın aylarda bunda heç bir dəyişiklik olmayacaq", - deyə dövlət başçısı vurğulayıb.
Mühafizəkarlıq həmişə iqtisadi siyasətin sabitliyinin özünəməxsus rəmzi olub və sonucda Azərbaycan hökumətini buna görə tənqid etmiş beynəlxalq ekspertlər də bunu etiraf etməli oldular. Bu baxımdan "Standard & Poor's" reytinq agentliyinin ekspertlərinin hesabatı diqqətə layiqdir. Hesabatda deyilir ki, Azərbaycan Respublikasının kredit qabiliyyəti üçün əsas risklər artıq ən yüksək nöqtəsinə çatıb. "Biz hesab edirik ki, ölkə rəhbərliyinin qısamüddətli perspektivdə mövcud risklərə qarşı ölçülmüş siyasəti Azərbaycanın suveren reytinqlərinin səviyyəsini müəy-yən edən əsas amildir", - ekspertlərin məruzəsində belə qeyd olunub.
Ekspertlərin fikrincə, hökumətin bank sektoruna etibarın bərpası və onun likvidliyinin dəstəklənməsi üçün götərdiyi səylər, həmçinin neftin qiymətinin ehtimal olunan artımı və hasilatının yüksəlməsi ilə 2009-cu ildə büdcə sisteminin aktivlərinin artımının gözlənilməsi nəzərə alınarsa, Azərbaycan oxşar reytinq kateqoriyasına malik ölkələrdən fərqli olaraq dövlət büdcəsinin yaxşı balans göstəricilərini saxlayacaq.
Orta müddətli perspektivdə xammal ixracından yığılmış vəsaitlərin struktur çatışmazlıqları üzündən Azərbaycan iqtisadiyyatın neftdənkənar bölməsinin artımını çətinləşdirən mənfi effekti balanslaşdırması da buna imkan yaradacaq. Ancaq beynəlxalq ekspertlər vurğulayırlar ki, uzun müddətli perspektivdə gəlirlərin qorunması üçün hökumət iqtisadiyyatın diversifikasiyasına, ölkənin dünya iqtisadiyyatına gələcək interqasiyasına və institusional sistemin təkmilləşdirilməsinə böyük diqqət ayırmalıdır.
"Cari məlumatlara əsaslanaraq, yaxın gələcəkdə Azərbaycanın suveren kredit reytinqinin azalması təhlükəsinin olmadığını bildirmək mümkündür. Bu, hər şeydən öncə neft hasilatının və neftin qiymətinin artması, həmçinin Azərbaycanın dövlət bölməsinin yüksək müsbət balansının olması ilə bağlıdır", - deyə beynəlxalq institutların ekspertləri vurğulayırlar. Qeyd edildiyi kimi, bu nəticə yetərincə diqqətəlayiqdir - axı bir vaxtlar vardı ki, Azərbaycan hökumətinin, demək olar ki, hər addımı kənardan tənqidə məruz qalırdı. Bizi "holland xəstəliyi", həyat səviyyəsi göstəricilərinin azalması, aqrar və istehsalat sahələrinin çökəcəyi ilə qorxudurdular. Ən başlıcası isə bizi əmin etməyə çalışırdılar ki, xarici dəstək və kreditlər olmadan ölkə yaşaya bilməz. Bəs nə oldu?
Bu günlərdə Beynəlxalq Valyuta Fondu əməkdaşlığın məhdudlaşması üzündən ölkədə öz ofisinin həcmini azaltdığını bildirib. Başqa bir səbəb kimi bu cür institutlarla münasibətlərin ayrı-ayrı layihələr üzrə məsləhət və texniki yardım xarakterli olduğunu, verilən kreditlərin isə iqtisadiyyatın dəstəklənməsinə yox, ayrı-ayrı infrastruktur layihələrinin qismən maliyyələşdirilməsinə yönəldiyi göstərilir.
Azərbaycan isə sübut etdi ki, iqtisadi siyasəti müəyyən edən istənilən qərar milli maraqlara əsaslanaraq verilməlidir. Yalnız onda sabitlikdən və ardıcıl inkişafdan danışmaq olar.
MƏSLƏHƏT GÖR: