14 Mart 2025

Cümə, 20:48

"NABUCCO" GERÇƏKLİYƏ YAXINLAŞIR

Amma layihənin repspektivləri sonadək hələ də aydınlaşmamış qalır

Müəllif:

01.08.2009

"Nabucco" layihəsi ətrafında hadisələrin inkişafı getdikcə daha maraqlı məcraya düşür. Ankarada Türkiyə, Avstriya və Macarıstan dövlət başçıları, Bolqarıstan və Rumıniya energetika nazirləri tərəfindən bağlanmış saziş enerji təhlükəsizliyi sahəsində gedən proseslərin məntiqi ardıcıllığı oldu. Bu proseslər keçən ilin avqust ayında baş vermiş Rusiya-Ukrayna müharibəsindən və bu ilin əvvəlindən gərginləşən Rusiya-Ukrayna qaz münaqişəsindən sonra  xeyli fəallaşıb. 

Dəyəri 7,9 milyard avro olan "Nabucco" layihəsi təbii qazı Mərkəzi Asiya və Xəzər regionu ölkələrindən Avropa Birliyi ölkələrinə daşımağı nəzərdə tutur. Uzunluğu 3300 km olan qaz kəməri Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə qazı Avstriyadakı anbarlara çatdırmalıdır. Layihə iştirakçıları Avstriyanın "OMV", Macarıstanın "MOL", Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Trans-gaz", Türkiyənin "Botas" və Almaniyanın "RWE" şirkətləridir. Hər bir iştirakçının payı bərabər 16,67%-dir. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq düşünülür, 2014-cü ildə isə ilk qaz nəqlinin gerçəkləşdirilməsi planlaşdırılır. Qaz kəmərinin tikintisinin başa çatdırılmasından sonra Avropa ildə 31 mlrd. kubmetr qaz alacaq.

Ankara sazişinin bağlanmasına baxmayaraq, "Nabucco"nun perspektivləri sona qədər aydın deyil. Bu da hələ də borunun doldurulması probleminin olması, həmçinin kənarda rəqabət aparan layihələrin mövcudluğu ilə bağlıdır. Bəllidir ki, "Nabucco"un resurs bazasına Rusiya iddia edir, həmçinin Transadiratika və Türkiyə-Yunanıstan-İtaliya boru kəmərlərinin tikintisi planlaşdırılır. Bununla belə, Türkiyə paytaxtında əldə edilmiş saziş çoxlarını "Nabucco"nun gerçəkləşdirmə şansının hələ də qaldığına inandırıb. 

Layihənin gerçəkləşdirilməsində Türkiyənin mövqeyinin dəyişməsi böyük rol oynayıb. Ankara boru kəmərilə nəql ediləcək qazın 15%-ni sonradan ixrac üçün ucuz qiymətlərlə almağa təkid edirdi. Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki, "Türkiyənin "Nabucco" kəməri ilə ötürüləcək qaza çıxış imkanı olacaq, buna görə də qazın 15%-ni aşağı qiymətə almaq tələbindən imtina edir". Şübhəsiz, Ankara düşünür ki, "Nabucco"nun gerçəkləşdirilməsi Avropa Birliyinə (AB) tam hüquqlu üzv kimi girmək barədə danışıqlarda Türkiyənin mövqeyini gücləndirəcək. Ankara qiymət məsələsində son qərarını hələ açıqlamasa da, onun gerçəkdən sərt ötürmə şərtləri irəli sürməyəcəyini ehtimal etməyə tam əsas var. 

Bununla yanaşı, Türkiyə amili "Nabucco" kəmərinin doldurulması kimi önəmli məsələdə bir az fərqli baxışdan özünü göstərir. Sirr deyil ki, Ankaranın layihəni gerçəkləşdirməsinə mane olan səbəblərindən biri ona İraqın qoşulması perspektivi idi. Bu ölkənin qaz resursları isə əsasən ölkənin şimal tərəfində, yəni kürd muxtariyyətinin ərazisində cəmləşib. 

Bu yaxınlarda Avstriyanın "OMV" şirkəti və Macarıstanın "MOL" şirkəti İraq Kürdüstanında qaz hasilatının artırılması məqsədi ilə İraqın "Pearl Petroleum" qaz şirkətinin səhmlərinin ümumilikdə 20%-ni satın alıblar və bu, "Nabucco" layihəsinin xammalla təchizi strategiyasının bir hissəsi hesab edilib. Eyni zamanda İraq baş naziri Nuri əl-Maliki bəyan edib ki, ölkəsi nəzərdə tutulan qaz kəmərinə ildə 15 mlrd. kubmetr qaz verəcək.

Ancaq İraqın layihədə iştirakı onu Türkiyə ilə birləşdirəcək müvafiq borunun çəkilməsi halında mümkündür. Ona görə də ehtimal etmək olar ki, Ankara bir tranzitçi kimi onun mövqelərini yüksəldən bu məqamdan istifadə etməyə çalışacaq. Bu, təkcə Avropaya inteqrasiya ilə bağlı danışıqlarda onun çəkisini artırmaqla kifayətlənməyəcək, həm də Türkiyə ordusunun Kürdüstan Fəhlə Partiyasının (PKK) terror qruplaşmalarına qarşı əməliyyatlarında Qərbin daha böyük dəstəyini almaq üçün yararlı olacaq. 

"Nabucco" ətrafındakı son hadisələr, yəqin ki, Rusiya ilə Qərbin münasibətlərindəki gərginliklə bağlıdır. Qərb Moskvadan qaz asılılğında qalmaq istəmir və Avropa bazarlarına Rusiya Federasiyasından yan keçən "mai yanacaq" layihələrini lobbiləşdirmək üçün istənilən imkandan istifadə edir. 

Avropa Birliyinin planlarına həmçinin Moskva ilə Ukrayna arasında anlaşılmazlıq da yardım edir. Ukrayna Rusiya karbohidrogenlərinin Avropaya daşınmasında önəmli tranzit ölkəsidir. Həmçinin Rusiya ilə Türkmənistan arasında yaranmış anlaşılmazlıqlar da Qərbin işinə yarayır. Türkmənistan Mərkəzi Asiyanın zəngin qaz yataqlarının sahibidir və həm də "Nabucco" layihəsində iştirak etməyə meyllidir. Ancaq "Nabucco"nun gerçəkləşdirilməsi yuxarıda sadalanan və Rusiyanın liderlik etdiyi enerji layihələrinə ciddi zərbə vura bilər. 

"Nabucco"nun əsas rəqibi "Cənub axını" qaz kəməri layihəsidir. Bu kəmərin Qara dənizin dibi ilə Novorossiyskdən Bolqarıstanın Varna şəhərinə çəkilməsi düşünülür. Sonra onun iki qolu Balkan yarımadasından keçərək İtaliya və Avstriyaya gedəcək. Ancaq Bolqarıstanın gələcək baş naziri, 5 iyulda parlament seçkilərini udmuş QERB partiyasının lideri Boyko Borisov bildirib ki, Rusiya ilə bütün enerji layihələri, o cümlədən "Cənub axını"nın Bolqarıstan sahəsinin çəkilməsi ilə bağlı danışıqları dayandırmaq lazımdır. 

Bununla belə, Qərb Rusiyanın bir qaz təchizatçısı kimi "Nabucco"da iştirakını istisna etmir. Bu barədə açıq şəkildə ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi təmsilçisi Riçard Morninqstar  və dövlət katibinin müavininin köməkçisi Metyu Brayza bildiriblər. Ancaq Rusiya "Nabucco"ya yararlı qarşılıqlı işbirliyi meydanı kimi deyil, Avropaya qaz nəqli üzərində öz inhisarçı nəzarətinə mane olan amil kimi baxır. Buna görə də o, Avropa qaz bazarına işğal strategiyasından tam imtinaya səbəb ola biləcək və Qərb tərəfdən lobbiləşdirilən layihədə iştirakını mümkün saymır. 

"Nabucco" məsələsində, ikimənalı olsa da, İran süjeti də var. İran İslam Respublikasının iştirakı gələcək qaz kəmərinin doldurulması ilə bağlı bütün şübhələri aradan götürə bilər. Buna görə də bu ölkənin layihəyə qoşulmasına AB-nin bir neçə dövləti və Türkiyə tərəfdardır. Amma İrandan öz nüvə proqramını dayandırmağı tələb edən Vaşinqton bu cür perspektivin tam əleyhinədir. "Qoy İran əvvəlcə normal dövlətə çevrilsin və nüvə silahı layihələndirməyi dayandırsın, sonra onun "Nabucco" layihəsində iştirakından danışmaq olar", - deyə bu yaxınlarda Brayza bildirib. Amma Tehran isə "Nabucco"da iştiraka hazır olduğunu bildirir. Bu barədə İranın milli qaz şirkətinin başçısı Əzizullah Ramazani bildirib. Onun sözlərinə görə, qaz kəmərinin tikintisinin başa çatacağı 2014-cü ildə İran Avropa istiqamətində ildə 10 mlrd. kubmetr qaz göndərə bilər. İran bu fikirdədir ki, avropalılar öz enerji təhlükəsizliklərinin xatirinə okeanın o tayındakı müttəfiqlərini İranın təklif etdiyi resurslardan istiadəyə razılaşdıra biləcəklər. 

Türkmənistanla məsələ daha sadədir. Qərb bu ölkəni Rusiyadan yan keçən qaz kəmərinin tikintisi layihəsində iştiraka razı salmaq üçün bir neçə il sərf edib. Və indi Aşqabat inamla Avropanı "Nabucco" vasitəsilə qazla təchiz etməyə hazır olduğunu bildirib. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov açıq bildirib ki, onun ölkəsi "Nabucco" kimi iri beynəlxalq layihələrdə iştirak imkanlarından yararlanmaq niyyətindədir. 

Görünür, Aşqabatın bu qərarında həlledici rolu Rusiya ilə son qaz "toqquşma"ları oynayıb. "Qazprom" şirkəti 2003-cü ildə bağlanmış sazişə görə, 25 il müddətinə ildə 50 mlrd. kubmetr türkmən qazını satın almaq üçün inhisarçı hüquqa malikdir. Ancaq bu ilin aprel ayında türkmən qaz kəmərinin Dövlətabat - Dəryalık hissəsində partlayış olub. Aşqabat bunu Rusiya tərəfinin təbii qazı satınalma norma və qaydalarını pozması ilə əlaqələndirib. 

Rusiya tərəfi Türkmənistana əvvəlcədən xəbər vermədən götürdüyü türkmən qazının həcmlərini qəflətən kəskin azaldıb. Halbuki, qaz buruqlarını, qazötürmə infrastrukturunun bütün elementlərini buraxılan yanacağın həcminin azalmasına hazırlamaq üçün ən azı bir həftə lazımdır. Qəza nəticəsində, həmçinin qaza tələbatın müəyyən qədər düşməsi üzündən "Qazprom" faktiki olaraq Türkmənistandan qaz alınmasını dayandırıb. Bu amil də "Aşqabat"ın "Nabucco"ya meyyil etməsinə müəyyən qədər şərait yaradıb.

 "Nabucco" ətrafında qarşıdurmanın gərginliyi fonunda Azərbaycan qibtədoğuran sakitliyi ilə seçilir. Ölkəmiz gerçəkləşdirilməsi ilk öncə Avropa Birliyinə lazım olan "Nabucco"nun maliyyələşdirilməsində iştirakdan prinsipial olaraq imtina etməsinə baxmayaraq, həm də bu yeni qaz layihəsinin lokomotivlərindən biri kimi çıxış edir. Britaniyanın "Financial Times" qəzeti yazır ki, "işə salınmasından dərhal sonra  "Nabucco" üçün zəmanətli qaz verməyə qadir yeganə ölkə Azərbaycandır".

Azərbaycan, doğrudan da, "Nabucco" üçün öz qaz ehtiyatlarını təqdim etməyə hazırdır və onlar qaz kəmərinin ildə 8 mlrd. kubmetrə bərabər ilkin layihə gücünə çatdırılması üçün tam yetərlidir. Bakı bu layihəni ona görə dəstəkləyir ki, o, ölkənin dünya bazarlarında mövqeyini gücləndirəcək, həmçinin Azərbaycanın enerjidaşıyıcılarının ixracı marşrutlarının diversifikasiyası üzrə imkanlarını artıracaq. Azərbaycanın qaz ixracı sahəsində çoxşaxəli siyasətinin göstəricisi bu yaxınlarda Rusiyanın "Qazprom" şirkəti ilə bağladığı saziş oldu.  Lakin bu addımı atan Azərbaycan heç də özü üçün "Nabucco"da iştirak perspektivini qapatmadı. Həm Rusiya ilə, həm də sonuncu layihə ilə əməkdaşlığın üstünlüyü məsələyə sadəcə kommersiya müstəvisi üzərindən baxılmasında və işə heç bir siyasi münaqişənin qatılmamasındadır. 

Bakının diversifikasiya siyasəti baxımından Bolqarıstan, Yunanıstan və İtaliya ilə Azərbaycan qazının nəqli üçün qaz kəmərinin tikintisi haqqında sazişin imzalanması da diqqətə layiqdir.  "BEH" (Bulgarian Energy Holding), "DEPA" (Greek Public Gas Corporation) və İtaliyanın "Edison International Holding BV" şirkətləri Yunanıstandan Bolqarıstana qaz kəməri tikintsini planlaşdırırlar. Bu, layihələşdirilən "TGI" (Türkiyə - Yunanıstan - İtaliya) boru kəməri ilə birləşdiriləcək. Qaz kəməri ilə "Şahdəniz" yatağının işlənməsinin birinci fazası çərçivəsində hər il 1 mlrd. kubmetr Azərbaycan qazı ötürüləcək. Qaz kəmərinin tikintisinin başa çatdırılması 2012-ci ilə planlaşdırılır. 

 "Əlavə xəttin işə salınması qazı Balkan ölkələrinə və daha sonra Avropaya ötürməyə imkan verir. Türkiyə və Azərbaycanla tranzit sazişi bağlandıqdan sonra bu boru ilə Azərbaycan qazı da gedəcək. Bundan sonra Azərbaycan İtaliya üçün önəmli qaz ixracatçısına çevriləcək", - deyə İtaliyanın "Stampa" qəzeti yazır.

Dünya siyasi mərkəzləri Azərbaycanın strategiyasının özəlliyini yetərincə yaxşı qəbul edirlər. Avropa Komissiyasının Rusiya Federasiyası üzrə təmsilçiliyinin başçısı Mark Franko Rusiyanın "Kommersant" qəzetinə bildirib ki, "əgər Bakı həm Rusiya, həm də "Nabucco" ilə əməkdaşlıq edərsə, mən bunda problem görmürəm". 

Bu barədə ABŞ-ın Atlantika Şurasının Avrasiya Energetika Mərkəzinin eksperti Aleksandros Petersen maraqlı fikir söyləyib. O, hesab edir ki, Bakı "Qazprom"la saziş bağlamaqla Türkiyə və bir sıra Avropa Birliyi ölkələri ilə "qiymət" razılığının əldə edilməsində həlledici rol oynadı. Həmçinin Brüsselə və Vaşinqtona ciddi siqnal göndərdi ki, "Nabucco" barədə həlledici qərarın verilməsinin vaxtı çatıb.


MƏSLƏHƏT GÖR:

398