
SƏS-KÜYLÜ "YENİLƏŞMƏ"
Vaşinqton Moskva ilə dialoq qurmaqla paralel olaraq, Rusiya ilə münaqişə vəziyyətində olan müttəfiqlərini də razı salmağa çalışır
Müəllif: Namiq MAYILOV Bakı
Hər şey ABŞ prezidenti Barak Obamanın Moskvaya səfərindən iki həftə sonra Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenin Ukrayna və Gürcüstana baş çəkməsi ilə başladı. Bu səfəri şərh edən dünya mətbuatının, demək olar ki, hamısı belə bir fikir irəli sürür ki, Baydenin qarşısına Vaşinqtonla Moskvanın münasibətləri "yeniləşdirməsi"ndən hiddətlənən müttəfiqləri sakitləşdirmək vəzifəsi qoyulmuşdu. Amma bununla yanaşı, vitse-prezident öz bəyanatlarında Rusiya ilə yeni qarşıdurmaya əsas verməmək üçün son dərəcə ehtiyatlı olmalı idi. Bayden Kiyevdə və Tbilisidə bildirdi ki, Moskva ilə Vaşinqton arasında dialoqun bərpası Ukrayna və Gürcüstana hər hansı zərər vurmayacaq. O, Ukraynanı regionun ən azad və demokratik dövlətlərindən biri adlandırdı, ölkəsinin Kiyevin NATO-ya qəbulunu dəstəklədiyini xatırlatdı, həmçinin Kiyevin Rusiyadan xammal asılılığının azaldılması niyyəti ilə enerji təhlükəsizliyi üzrə Amerika-Ukrayna işçi qrupunun yaradıldığını da elan etdi. Bununla yanaşı, Bayden Ukraynada hakimiyyətdə olan və liderləri bir-biri ilə yola getməyən koalisiyanın ünvanına çoxsaylı iradlarını da gizlətmədi. "Liderlər arasında əlaqələr o qədər pozulub ki, siyasi oyunbazlıq göründüyü kimi inkişafa mane olur. Düzlük olmadan dostluq mümkün deyil", - deyə C.Bayden bildirib və əlavə edib ki, Ukrayna iqtisadi inkişaf olmadan, demokratiyanın çiçəklənməsinə nail ola bilməyəcək.
Baydenin Gürcüstandakı çıxışında da, demək olar ki, eyni fikirlər səsləndirilib. O, bir tərəfdən Tbilisinin Şimali Atlantika Alyansına can atmasına dəstək nümayiş etdirib, digər yandan isə Rusiya ilə atəşkəs xəttində Avropa İttifaqının müşahidə missiyasında Amerikanın iştirakı və Gürcüstana silah təchizatı məsələsi haqda ətraflı danışmağı lazım bilməyib.
Ukraynada olduğu kimi, Gürcüstanda da Bayden bu ölkələrdə siyasi durumun ürəkaçan olmadığına işarə edib. Bununla yanaşı, o, Vaşinqtonun əvvəlkitək Rusiyanın yaxın xarici ölkələri öz təsiri altına salmaq iddialarını qəbul etmədiyini də söyləyib.
Əksər analitiklərin fikrincə, məhz bu ideya Baydenin turnesinin əsas "sakitləşdirici" leytmotivi olub.
İlk baxışdan belə təsəvvür yaranır ki, məqsədə nail olunub - nə şiş yanıb, nə də kabab. Lakin vitse-prezidentin "The Wall Street Journal"a müsahibəsindəki birmənalılıq Kremldə hiddətlə qarşılanıb.
İnopressa.ru saytı xəbər verir ki, "The Wall Street Journal"a müsahibəsində ABŞ-ın vitse-prezidenti zəifləmiş Rusiyanın Birləşmiş Ştatlar qarşısında baş əyəcəyini bəyan edib. Onun fikrincə, Rusiya iqtisadiyyatı zəifləyir və bu, Moskvanı milli təhlükəsizlik məsələlərində Qərbə güzəştə getməyə, keçmiş SSRİ respublikaları üzərində nəzarəti azaltmağa, həddindən artıq böyük nüvə arsenalının ixtisarına əl atmağa məcbur edəcək.
Baydenin fikrincə, Rusiyanın yeni xarici siyasi kursunda əsas hərəkətverici qüvvə daxili siyasi gərginlikdir. ABŞ-ın vitse-prezidenti onu da bildirib ki, Rusiya əhalisi azalır, bank sektoru və strukturu, çətin ki, daha 15 il dözsün, ümumilikdə isə ölkə dünyanın sürətlə dəyişdiyi bir vaxtda artıq köhnəlmiş konsepsiyalardan əl çəkmək istəmir.
C.Bayden hesab edir ki, Moskvanın nüvə arsenalının ixtisarına dair danışıqların bərpasına cəhdi onunla bağlıdır ki, Rusiyanın maddi imkanları artıq ona böyük arsenal saxlamağa imkan vermir.
Bundan başqa, vitse-prezidentin fikrincə, Rusiya artıq qonşularını əvvəlkitək qorxuda bilməyəcək, enerjidaşıyıcılarının nəqlini dayandırmasından ən böyük zərbə isə elə Moskvanın özünə dəyib - Kremlin bu addımları, əslində, Nabucco layihəsinin dirçəlməsinə səbəb olub.
Bütün bunlarla belə, Bayden ABŞ-ı Rusiya ilə böyük oyunçu kimi rəftar etməyə çağırıb: "Mənim atam deyirdi: heç kəsi küncə çox sıxma, çünki o, küncdən çıxmaq üçün səni yıxmalı olacaq".
Amma bu sözlər də əksər analitiklərdə, ilk növbədə də Qərb ekspertlərində Vaşinqtonun Moskva ilə yaxınlaşma istəklərinin səmimiliyinə şübhəni aradan qaldırmayıb. "Belə çıxır ki, ABŞ Rusiya ilə münasibətlərin "yeniləşməsi"ndə uğura yalnız bu səbəbdən ümid edir?"- deyə Baydenin "zəifləmiş Rusiya" ilə bağlı bəyanatını şərh edən qəzet şərhçiləri sual edir.
İtaliyanın "Corriere della Sera" qəzeti bununla əlaqədar yazır: "Açıqlamalarında kifayət qədər tez-tez səhvə yol verən Co Bayden, yəqin ki, bu dəfə Amerika administrasiyasının düşündüklərini dilə gətirib". Şərhçi Fabritsio Draqosey yazır ki, hazırda vaxtilə Hitler və Napoleonun yol verdikləri "tarixi səhvi" təkrarlamaq lazım deyil. O xatırladır ki, 1990-cı illərin əvvəllərində Avropa və Amerika Moskvanı hesabdan silmişdi, lakin Rusiya ilk növbədə neft və qazın hesabına yenidən dirçəldi.
Co Baydenin müsahibəsinin Obama administrasiyasını da ciddi narahat etdiyi hiss olunmaqdadır. Belə ki, müsahibənin dərc olunmasından cəmi bir gün sonra Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Baydenin fikirlərini müəyyən qədər korrektə etməyə cəhd göstərib. "Biz Rusiyaya nəhəng fövqəldövlət kimi baxırıq", - deyə o, NBC telekanalının Meet the Press verilişində verdiyi açıqlamada bildirib: "İndi bütün ölkələr müxtəlif təhlükələrlə qarşılaşır. Ruslar bilirlər ki, onların siyasətinin bəzi istiqamətləri ilə bağlı bizdə müəyyən suallar var. Eyni zamanda bizim siyasətimizin müəyyən məqamları da Rusiyada suallar doğurur".
Dövlət katibi iki dövlət arasında, xüsusilə İran, KXDR və terrorizmlə mübarizə sahələrində müsbət əməkdaşlığı vurğulayıb. Bununla da X.Klinton, faktiki olaraq, vitse-prezidentin nəzərdə tutulanı söyləmədiyinə işarə vurub. Klinton xatırladıb ki, Obama administrasiyasında Rusiya ilə münasibətlərin "yeniləşmə"sinin tərəfdarı kimi ilk çıxış edən məhz o olub.
Ağ evin digər təmsilçisi Robert Gibbs da bəyan edib ki, " Amerika və Rusiya xalqlarının inkişafı və təhlükəsizliklərinin təminatı məsələlərində birgə fəaliyyəti Moskva ilə münasibətlərin "yeniləşməsi" cəhdlərində əsas diqqət mərkəzində saxlanılan məqamlardır".
"Ümidvarıq ki, Rusiya bizimlə zəif olmasından yox, milli maraqlarından çıxış edərək işləyəcək", - deyə Gibbs Baydenə istiqamət verməyə çalışıb.
Moskva isə Baydenin Ukrayna və Gürcüstana səfərlərinə neqativ reaksiya verməməyə çalışsa da, onun sözügedən müsahibəsindən sonra narazılığını gizlədə bilməyib. Çünki Rusiya rəsmilərinin fikrincə, bu müsahibə Vaşinqton diplomatiyasındakı "ikili yanaşmanı" üzə çıxarıb. Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Sergey Prixodko deyib: "Ortaya sual çıxır: ABŞ-ın xarici siyasətini kim müəyyənləşdirir - prezident, yoxsa onun komandasının hörmətli üzvləri?"
Bununla yanaşı, Prixodko Baydenin açıqlamalarının ümumilikdə Ağ evin məqsədyönlü kursunun göstəricisi yox, ayrı-ayrı məmurların fikri olduğuna ümid etdiyini də vurğulayıb.
Rusiyanın Strateji Qiymətləndirmələr İnstitutunun prezidenti Aleksandr Konovalovun fikirləri ilə də razılaşmamaq çətindir. O, hesab edir ki, Baydenin bəyanatları Obamanın mövqeyinə tam zidd ola bilməz. Amma bu mövqe açıqlanmalı idimi - bax, əsas sual məhz budur. Konovalov deyir: "Bayden Amerika elitasında istədiyi yeri tuta bilər. Lakin o, Barak Obama administrasiyasında işləməyə razılıq verib və hökumətdə ABŞ siyasətindəki əhəmiyyətinə görə ikinci postu turur. Odur ki, vitse-prezidentin açıq-aydın öz şefinin fikrinin əleyhinə getməsi mümkün deyil. ABŞ-da kiminsə prezidentin fikri ilə üst-üstə düşməyən şəxsi mövqeyi varsa, həmin şəxs administrasiyada işləməyə razılıq vermir".
Görünən odur ki, Obama administrasiyasında, həqiqətən də, maliyyə böhranında siyasi gəlir əldə etməyin tərəfdarları var. Axı bu böhran şəraitində Rusiyanın heç də bütün imkanları iddiaları ilə üst-üstə düşmür.
İstənilən halda, C.Baydenin bəyanatı Amerika-Rusiya münasibətləri baxımından heç də vaxtında səsləndirilməyib. Ən azı ona görə ki, B. Obamanın Moskva səfərindən sonra tərəflər arasında dialoqun qurulması üçün əlverişli şərait yaranmışdı. Görünürdü ki, həm Rusiya, həm də Birləşmiş Ştatlar gələcək əməkdaşlığın qurulması üçün çox şeyə gediblər.
Lakin indi artıq şübhə yoxdur ki, Baydenin Ukrayna və Gürcüstana səfərlərini, həmçinin "The Wall Street Journal"a müsahibəsini Moskva gələcəkdə mütləq nəzərə alacaq. Baxmayaraq ki, H.Klintonun da dediyi kimi, ABŞ və Rusiya "münasibətlərdə "yeniləşmə"nin başlanğıcındadırlar". Bu mərhələdə isə tərəflərin başlanmış dialoqu davam etdirmələri üçün etibar və inam atmosferini qoruyub-saxlamaları vacibdir.
MƏSLƏHƏT GÖR: