14 Mart 2025

Cümə, 21:39

"BİZİM PAYTAXTLARIMIZDA ƏSƏBİLİK HÖKM SÜRÜR"

Şərqi Avropa ölkələrinin sabiq liderləri ABŞ-ı Rusiya ilə hədsiz yaxınlaşmadan çəkindirməyə çalışır

Müəllif:

01.08.2009

İyulun 15 - də Polşanın "Vıborça" qəzetində Mərkəzi və Şərqi Avropanın siyasi xadimlərinin "Mərkəzi və Şərqi Avropadan Obama administrasiyasına açıq məktub"u dərc edilib. Litva, Latviya, Slovakiya, Çexiya, Rumıniya və  Polşadan (2) olan 7 sabiq prezidentin də qatıldığı 22 siyasətçi, ABŞ prezidentini Mərkəzi və Şərqi Avropa regionuna diqqəti azaltmaqda qınayıblar.

"Sabiqlər"in məktubu Şərqi Avropa siyasətçiləri və ziyalılarının müasir dünyanın yeni geosiyasi reallıqlarına qanunauyğun reaksiyadır. Söhbət ABŞ-ın qlobal rolunun zəifləməsi və Rusiyanın möhkəmlənməsi, nəticədə "ABŞ - Avropa - Rusiya" və "ABŞ - Şərqi Avropa - Qərbi Avropa" üçbucağı arasında ənənəvi münasibətlərdəki "yenilənmə"dən gedir. Bu, faktik olaraq, ABŞ-Rusiya münasibətlərindəki "yenilənmə"dən daha tez başlanıb.

Məktub müəllifləri bildirir: "Soyuq müharibə"nin bitməsindən 20 il keçdikdən sonra biz görürük ki, Mərkəzi və Şərqi Avropa ölkələri artıq Amerikanın xarici siyasətinin əsasını təşkil etmir. Obama administrasiyasının xarici siyasətin prioritetlərini müəyyənləşdirməyə başlamasından sonra bizim regionumuz artıq amerikalıları o qədər də narahat etməyən məkana çevrilib. Hətta bəzən bizdə belə fikir yaranır ki, amerikalı məmurların əksəriyyəti bizim regionumuzun problemlərinin birdəfəlik həll olunduğunu, indi bu məsələyə "quş qoyaraq" digər, daha təxirəsalınmaz strateji məsələlərin həllinə keçməyin vaxtı olduğunu düşünürlər".

Barak Obama administrasiyasının ölkəyə rəhbərliyə başlaması və ABŞ-a ciddi zərbə vurmuş qlobal iqtisadi böhranın yaşanması ilə Vaşinqton özünün qlobal hakimliyini daha ayıq başla qiymətləndirməyə və nəticədə Şərqi Avropa ölkələri ilə münasibətlərə daha praqmatik yanaşmağa başlayıb. Bununla da həqiqətən həmin ölkələrin Vaşinqtonun xarici siyasət prioritetləri sırasındakı rolu azalıb.

Corc Buşun prezidentliyi dövründə Şərqi Avropa Vaşinqtonun geosiyasi bölgüsündə vacib yerlərdən birini tuturdu. 

Birincisi, o, son zamanlar dünya siyasətində ABŞ-dan daha müstəqil siyasət aparmaq iddiasında olan Avropa nəhənglərinin (Fransa, Almaniya) ambisiyalarının  qarşısını alırdı. 

İkincisi isə Avropa İttifaqının xarici siyasətinin məhz Vaşinqtona sərf edən istiqamətdə inkişaf edəcəyinə zəmanət idi. Məlumdur ki, Şərqi Avropa liderləri, ABŞ-ın İraqa hücumu da daxil olmaqla, Avropa və dünya ilə bağlı təşəbbüslərini tam dəstəkləyirdilər. Onlar NATO və Avropa İttifaqının genişləndirilməsi məsələsində, eləcə də  Türkiyənin Avropa İttifaqına üzv olmasına vəkillik edir və Gürcüstanla Ukraynanın bu institutlara tezliklə qəbulunu hələ də Brüsseldən tələb edirlər.

Nəhayət, Qərbi Avropa ilə Rusiya arasında yerləşən Şərqi Avropa qitənin iki hissəsinin yaxınlaşmasının (Vaşinqton bunu özünün geosiyasi maraqlarına təhlükə sayır) qarşısını almaq üçün strateji baryer rolunu oynayırdı. Hətta ABŞ, müəyyən qədər, Yeni Avropanın (ilk növbədə Polşa və Baltikyanı dövlətlərin) Rusiyaya qarşı sərt siyasətini dəstəkləyir, bu sərtliyə Köhnə Avropa ilə Rusiya arasında münasibətləri pozan, onlara ABŞ-la münasibətdə ortaq mövqedən çıxış etməsinə imkan verməyən faktorlar kimi yanaşırdı. 

Bütün bu faktorlar Şərqi Avropa ölkələrinə ABŞ-dan özləri üçün lazım olan siyasi dəstək, investisiya və təhlükəsizliyə zəmanət kimi maksimum fayda əldə etməyə imkan verirdi.

Lakin qlobal iqtisadi böhran və onun ardınca ABŞ-Rusiya münasibətlərində "yeniləşmə" dünya və Avropa arenasında qüvvələr nisbətinə müəyyən dəyişikliklər edib və Şərqi Avropa ölkələrinin Vaşinqton üçün əhəmiyyətini azaldıb. İndi İrandakı və Koreya yarımadasındakı nüvə sahəsində olan problemlərin, eləcə də Əfqanıstanda, Yaxın Şərqdə, həmçinin Qafqazdakı məsələlərin  çözümündə və bir sıra iqtisadi - siyasi xarakterli regional və qlobal problemlərdə də (məsələn, Çinin qarşısının alınmasında) Vaşinqtonun Moskvanın dəstəyinə ciddi ehtiyacı var. Rusiyaya gəlincə, o əvvəlkitək xarici siyasətində hücum tempini azaltmır və dünya, Avropa və regional problemlərin həllində daha böyük rola iddia edir. Elə məktub müəlliflərini və onların arxasında dayanmış siyasi elitaları narahat edən də məhz iqtisadi potensialını möhkəmlətmiş Rusiyanın artıq özünün ənənəvi maraqlarını sonadək müdafiə etmək əzmi nümayiş etdirməsidir. 

Odur ki, Obamaya müraciətin əsas mövzusunun məhz Rusiya olması təsadüf deyil.

Məktub müəlliflərinin fikrincə, "Rusiya status-kvonu dəyişməyə çalışan dövlət roluna  qayıdır və XXI əsrin taktika və üsulları ilə XIX əsrin siyasətini yeritməyə cəhd edir. Dünya miqyasında Rusiya əksər məsələlərdə status-kvonu qoruyan fövqəldövlət kimi çıxış etsə də, regional səviyyədə və bizim xalqlarımıza münasibətdə bu status-kvonu pozmağa daha çox meyillidir". 

Məktub müəllifləri Amerika-Rusiya münasibətlərində "yeniləşmə"ni alqışladıqlarını bildirsələr də, bununla yanaşı, ABŞ-a xəbərdarlıq da ediblər: "Rusiya tərəfindən həyata keçirilən hədə-qorxu və lobbiçilik zaman keçdikcə, faktik olaraq, regionun neytrallaşmasına aparıb çıxaracaq".

Məktubda Rusiyanın adına daha 4 dəfə rast gəlinir, özü də hər dəfə Şərqi Avropanı narahat edən məsələlər kontekstində.

Birincisi, məktub müəllifləri "Rusiyanın Helsinki razılaşmasını, Paris xartiyasının əsas prinsiplərini, həmçinin "Sülh naminə tərəfdaşlıq" proqramını və Avratlantik İnteqrasiya Şurasının üzvünün ərazi bütövlüyünü pozduğu halda, NATO-nun kənarda dayanmasından" hiddətləniblər.

İkincisi, məktubu imzalayanlar istəyirlər ki, NATO Mərkəzi və Şərqi Avropadakı dayaqlarının möhkəmləndirilməsinə dair təklifləri qəbul etsin, çünki Rusiya ilə münasibətlərdə böhran yaranacağı təqdirdə bu, olduqca vacib məsələdir. Üstəlik, onlar NATO-Rusiya Şurasının öz fəaliyyətində dəyişiklik etməsini və əvvəlki formata qayıdılmasını - NATO üzvlərinin Moskva ilə dialoqda yekdil mövqedən çıxış etməsini istəyirlər. "Söhbət Rusiyadan gedən zaman təcrübəmiz bizə deyir ki, Moskvaya qarşı daha qətiyyətli və prinsipial siyasət nəinki Qərbin təhlükəsizliyini möhkəmləndirəcək, hətta sonda Rusiyanı daha yumşaq mövqe tutmağa vadar edəcək", - məktub müəllifləri belə hesab edirlər.

Üçüncüsü, Şərqi Avropa ölkələrinin əksər liderlərinin fikrincə, alyans Rusiyanın raketdən müdafiə sisteminin taleyini həll edəcək faktora çevrilməsinə imkan verməməlidir: "Proqramdan tam imtina və ya Polşa və Çexiya ilə ilkin məsləhətləşmələr olmadan Rusiyanın bu prosesə qoşulması bütün regionun Birləşmiş Ştatlara inamının azalmasına səbəb ola bilər".

Nəhayət, məktubda qeyd olunur ki, "Avropanın Rusiyanın enerji resurslarından asılılığı da alyansın birliyi baxımından narahatlıq yaradır". 

"Enerji daşıyıcılarının təchizatı ilə əlaqədar təhlükə bizim xalqlarımızın siyasi suverenliyinə tezliklə təsir göstərəcək", - məktubda belə bildirilir. 

Onlar bu məsələni "transatlantik prioritet"ə çevirməyi təklif edirlər. 

Müəlliflərin fikrincə, enerji təhlükəsizliyi Amerika-Avropa strateji tərəfdaşlığının ayrılmaz hissəsi olmalıdır. 

Maraqlıdır ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin sabiq liderləri Avropa daxilində enerji mənbələrinin, təchizatçıların və tranzit marşrutlarının diversifikasiyasına diqqətin artırılması ilə yanaşı, Moskvanın bu sahədəki monopoliyasından sui-istifadə faktlarının hüquqi baxımdan araşdırılmasını da tələb ediblər. Özü də, bu məsələdə Amerikanın dəstəyi xüsusi əhəmiyyətə malikdir.

ABŞ-la Şərqi Avropa arasında məktubda qeyd olunan məsələlər kontekstində münasibətlərin inkişaf perspektivlərini proqnozlaşdıran zaman bir məqamı da qeyd etmək istərdik. Ümumilikdə ABŞ bu gün Rusiya ilə normal, effektiv münasibətlərin qurulmasında, əvvəlki dövrlərdə olduğundan daha çox maraqlıdır. Lakin bu prosesin Amerika-Şərqi Avropa gündəmindəki prinsipial məsələlərdən imtina hesabına inkişaf edəcəyindən söhbət getmir. Bəzi Baltikyanı ölkə liderlərinin ABŞ-a, həmçinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenin Kiyevə səfərinin analizi göstərir ki, Şərqi Avropa liderlərinin bu cür həyəcan təbili çalmasına əslində elə də ciddi əsas yoxdur. Amerika-Rusiya əməkdaşlığı nə qədər dinamik inkişaf etsə də, ABŞ-ın Avrasiya strategiyasında Şərqi Avropanın geosiyasi funksiyası bir anın içərisində dəyişə bilməz. İstənilən halda, Parislə Berlinin dünya və Avropa iddialarının qarşısının alınmasında bu ölkələrin rolu, həmçinin onların Qərbi Avropa ilə Rusiya arasında baryer kimi əlverişli mövqeləri əvvəlkitək Vaşinqtonda qərar qəbul edənlər üçün aktual olacaq.

Şübhəsiz, Vaşinqton Moskva ilə münasibətlərinin "yeniləşməsi" prosesini davam etdirəcək, bundan sonra da özü üçün prioritet məsələlərin həllində Rusiya ilə qarşılıqlı sərfəli kompromislər axtaracaq. Lakin Cozef Baydenin də Kiyevdə bəyan etdiyi kimi, bu proses digər dövlətlərlə əlaqələr hesabına baş verməyəcək. Bu açıqlamaya isə yalnız Ukraynaya yox, bütünlükdə Şərqi Avropaya ünvanlanmış siqnal kimi baxmaq lazımdır.

Bundan başqa, Şərqi Avropa ölkələrinin özləri də ABŞ-ın Rusiya ilə yaxınlaşmasından xeyir əldə edə bilərlər. Məsələn, Əfqanıstana Rusiya ərazisindən NATO tranzitinə dair Vaşinqton ilə Moskva arasında əldə edilmiş razılaşma bəzi Baltikyanı ölkələr, ilk növbədə Latviya üçün son dərəcə əlverişli layihədir. İndi onun limanları, dəmir yolu NATO yüklərini qəbul edir və nəticədə tranzitdən gəlir əldə olunur. 

Başqa sözlə, "yeniləşmə" əsəb yaratsa da, transatlantik münasibətlərin sonrakı taleyinə, çətin ki, problem yaratsın.



MƏSLƏHƏT GÖR:

491