14 Mart 2025

Cümə, 21:39

ÜMİDVERİCİ İNTENSİVLİK

ATƏT-in baş katibi: "Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlardakı fəallıq sülhün yaxında olduğunu göstərir"

Müəllif:

01.08.2009

ATƏT-in baş katibi Mark Perren de Brişambo Bakıya səfəri çərçivəsində ölkə rəhbərliyi, rəsmi şəxslər, ictimai-siyasi təşkilatların nümayəndələri ilə görüşüb. Səfərin yekununa dair mətbuat konfransında səsləndirdiyi bəyanatda o, Azərbaycanın ATƏT-lə müxtəlif sahələrdə əməkdaşlığını müsbət qiymətləndirib. 

Baş katib Bakıya səfərinin yekunları haqda fikirlərini jurnalımızla da bölüşüb.

- Cənab baş katib, Azərbaycan ictimaiyyətində ATƏT-in abbreviaturası, əsasən, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Minsk Qrupu ilə assosiasiya olunur. Artıq 12 ildir ki, ATƏT-in Minsk Qrupu bu işlə məşğuldur. Siz onun fəaliyyətindən razısınızmı?

-Minsk Qrupu Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi vasitəçilər qrupudur. O, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əlindən gələni etməyə çalışır. Həmsədrlər elə platforma qurmağa cəhd edirlər ki, onun əsasında tərəflər arasında sülhə nail olunsun. Əlbəttə ki, bu işdə iradə, xoş məram və dost münasibətlərinin olması da vacibdir. Dostluqdan danışarkən biz şübhəsiz ki,  dostların bir-birlərini tənqid edə bilmələrini də qəbul edirik. Lakin bu tənqid qarşılıqlı hörmət çərçivəsindən çıxmamalıdır. Ümid edirik ki, münaqişə tərəfləri də  öz aralarında razılığa gələcəklər.

- Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda böyük intensivlik müşahidə edilir. Gözləntiləriniz nədən ibarətdir?

-ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün son dərəcə fəal iş aparır. Artıq 12 ildir ki, o, öz fəaliyyətini davam etdirir, tərəfləri qane edəcək təkliflərlə çıxış edir. Bu ilin əvvəlindən etibarən, danışıqların çox intensiv şəkildə və kiçik fasilələrlə davam etdirilməsi sülhün uzaqda olmadığını göstərir.

- Bir müddət əvvəl Türkiyədə Nabucco qaz kəməri layihəsinə dair hökumətlərarası saziş imzalanıb. Necə düşünürsünüz, bu layihənin reallaşdırılmasında Azərbaycanın əhəmiyyəti nə dərəcədədir?

- Enerji təhlükəsizliyi yaxşı və sabit münasibətlərin qorunması üçün vacib önəm daşıyır və bu baxımdan Azərbaycan da böyük əhəmiyyətə malikdir. Azərbaycanın iqtisadi imkanları ona belə status verir. Ümid edirik ki, gələcəkdə də Azərbaycan bu kimi razılaşmalara qoşulmaqla, öz istiqamətini birdəfəlik müəyyənləşdirəcək. Əlbəttə ki, enerji layihələrinə qoşulma ölkənin daxili və xarici sabitliyindən, həmçinin ona olan etimaddan, inamdan birbaşa asılıdır. Ümid edirik ki, digər ölkələr də enerji təhlükəsizliyi ilə bağlı layihələrə qoşulmaq imkanı qazanacaq.

- Söhbət inamdan düş-müşkən, Azərbaycan ATƏT-lə kifayət qədər uzun müddətdir ki, əməkdaşlıq edir. Bu əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

-ATƏT-in 56 üzvünün hər biri kimi, Azərbaycan da qurum üçün olduqca böyük önəm daşıyır. ATƏT üçün dövlətlərin öhdəliklərə əməl etmələri vacibdir. Odur ki, biz üzv ölkələrə, həmçinin Azərbaycana bu məsələdə kömək edir, müxtəlif layihələr həyata keçiririk. Hazırda ATƏT-in Bakı ofisi və Azərbaycan hökuməti üç layihənin icrasını davam etdirir: məhkəmə sistemi, daxili işlər orqanı və insan haqları sahələrində. Məhkəmələrin monitorinqi, kiçik və orta sahibkarlığın inkişafı, KİV-in fəaliyyəti və seçkilər də buraya daxildir. Bütün bunlar, əlbəttə ki, əməkdaşlıqda normal, sağlam atmosferin yaradılmasına xidmət edir. Biz bu əməkdaşlığı həm hökumət, həm də vətəndaş cəmiyyəti ilə həyata keçiririk.

- Bu, sizin Bakıya üçüncü səfərinizdir. Bu müddət ərzində daha çox hansı sahədə inkişaf müşahidə etmisiniz?

-Bəli, bu, mənim sizin ölkənizə üçüncü səfəridir və hər dəfə mən Bakının daha da gözəlləşdiyini müşahidə edirəm. Siyasi sahədə də xeyli müsbət dəyişikliklər gözə dəyir. Hesab edirəm ki, Azərbaycanın çox yaxşı gələcəyi var.


MƏSLƏHƏT GÖR:

399