
TAYM-AUT
Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında düşünmək və real situasiyanı qiymətləndirmək üçün vaxt əldə etdi
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
İyulun 17-18-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son il ərzində, sayca 6-cı yüksək səviyyəli görüş keçirildi. Əvvəlcə prezidentlər İlham Əliyevlə Serj Sarqsyan XİN başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə geniş tərkibdə bir araya gəldilər.
Bunun ardınca dövlət başçıları arasında, təxminən, üç saat yarım davam edən təkbətək görüş baş tutdu.
Daha sonra isə Minsk Qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə birgə atılacaq yeni addımlara dair müzakirələr apardılar.
Bir gün sonra Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında üçtərəfli görüş də keçiridli.
Moskva görüşündə hər hansı sənədin imzalanmayacağı əvvəlcədən bildirilsə də, uzun illərdən bəri davam edən bu münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişin əldə ediləcəyini gözləyənlər də var idi. Lakin bu baş vermədi.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Bakıda keçirdiyi mətbuat konfransında bildirdi ki, Moskva danışıqlarında da söhbət münaqişənin həllində ilk addım kimi, işğal altında olan Azərbaycan rayonlarından beşinin boşaldılmasından gedib. Bunun ardınca isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulub. E.Məmmədyarov hesab edir ki, Rusiya prezidenti Dmitri Medvedevin prosesdə iştirakı danışıqların uğurlu inkişafına ümid yaradır. Nazir "Dağlıq Qarabağ ərazisindən erməni qoşunlarının çıxarılmasına dair birmənalı qərarın qəbul edildiyini" də söyləyib. Onun sözlərinə görə, hazırda erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxardılmasının qrafiki, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması, onlar üçün əlverişli yaşayış imkanlarının yaradılması və ərazilərin bərpası məsələləri də müzakirə edilir.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə öz azərbaycanlı həmkarına, həmçinin ölkə daxilindəki tənqidçilərə cavab olaraq, Yerevanda keçirdiyi brifinqdə deyib: "Ermənistan tərəfi heç zaman Madrid prinsiplərini qəbul etdiyini rəsmi səviyyədə bəyan etməyib. Biz yalnız bildirmişik ki, həmin prinsiplər danışıqlar prosesinin əsasını təşkil edir". Qoşunların işğal olunmuş torpaqlardan çıxarılması və məcburi köçkünlərin həmin ərazilərə qaytarılması məsələlərinə gəlincə, Nalbandyanın sözlərinə görə, "Moskva görüşündə bu məqamlara toxunulmayıb".
Ermənistan prezidenti Serj Sarqsyan da Moskva görüşündən danışarkən, ilk növbədə erməni tərəfini narahat edən məqamlar üzərində dayanıb: "Artıq hamıya bəlli olmalıdır ki, ən əsası Dağlıq Qarabağın statusudur. Bu status isə sərbəst iradə ilə müəyyənləşməli və hüquqi qüvvəyə malik olmalıdır. Nə vaxt ki, bu məsələni lazımi formada həll edəcəyik, düşünürəm ki, o zaman danışıqlar prosesi daha asanlıqla irəliləyəcək".
Əslində, Ermənistan rəhbərliyindən başqa reaksiyanı gözləmək də olmazdı. Görünən odur ki, artıq Ermənistan tərəfi danışıqlar prosesində saatın əqrəblərinin Azərbaycana tərəf fırlanmağa başladığını anlayır. S.Sarqsyanın danışıqlarda "çətinliklə də olsa", irəliləyişlərin mövcudluğu haqda ehtiyatlı fikirləri və əksinə, Azərbaycan prezidentinin inamlı açıqlamaları göstərir ki, Ermənistan rəhbərliyi öz maraqları baxımından heç də əlverişli durumda deyil. Serj Sarqsyanla Moskvada keçirilmiş görüşdən bir qədər sonra Nazirlər Kabinetinin geniş iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib: "Erməni tərəfi real situasiyanı anlayarsa, proqnozlaşdırarsa və Azərbaycanın artan imkanlarını - hərbi, iqtisadi, siyasi və diplomatik uğurlarını nəzərə alarsa, məsələ tezliklə həllini tapa bilər. Əlbəttə ki, biz vətəndaşlarımızın doğma torpaqlarına qayıda bilmələri üçün problemin mümkün qədər tez həll olunmasını istəyir və buna çalışırıq. Lakin bu razılaşma ilk növbədə ədalətli olmalı, ikincisi isə beynəlxalq normalara əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilməlidir. Hesab edirəm ki, danışıqlar masası üzərində olan təkliflər məsələnin mən dediyim formada həll olunmasını təmin edəcək".
Mənzərənin tam aydın olması üçün vasitəçilərin də baş verənlərə reaksiyasını xatırlatmaq yerinə düşər. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, Moskvada "fikrimizcə, müsbət və çox konstruktiv görüş keçirilib, onun gedişində açıq qalan bir sıra məsələlər müzakirə edilib".
Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə yeni qərarların qəbul edilməməsindən məyus olduğunu açıqlayıb: "Dərin, konkret və ciddi müzakirələr keçdi. Əlbəttə ki, mən yeni qərarların qəbul edilməməsindən məyusam. Lakin digər tərəfdən, biz artıq elə mərhələyə çatmışıq ki, çox ciddi və kifayət qədər çətin məsələlərin müzakirəsinə başlanılıb".
Göründüyü kimi, Rusiya prezidenti Medvedevin iştirakı ilə keçirilmiş görüş Azərbaycan-Ermənistan ikitərəfli danışıqları ilə müqayisədə daha ümidverici təsir bağışlayır. Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun sözlərinə görə, "Bu görüşlərin gedişində tərəflər arasında fikir ayrılığı yaradan bir sıra məsələlərlə bağlı çox maraqlı imkanları nəzərdən keçirmək mümkün oldu. Prezidentlərin məhz üçlükdə qəbul etdikləri çox maraqlı qərarlar var. Düşünürəm ki, gələcəkdə bu öz müsbət nəticəsini verəcək".
Rusiyanın "Kommersant" qəzeti ölkənin Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən xəbər verir ki, Moskva danışıqlarında əsas məsələ Dağlıq Qarabağın müqəddəratı ilə bağlı səsvermə və ona təklif edilən "aralıq status"la bağlı olub. Həqiqətən də ermənilərin təklif etdikləri qaydada referendumun keçirilməsi Azərbaycan üçün qəbulolunmazdır və ölkənin Konstitusiyası da buna imkan vermir. Moskva görüşündən bir müddət əvvəl İlham Əliyev Rusiyanın "Vesti" telekanalına müsahibəsində bildirmişdi ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar 1 il, 10 il və hətta 100 il davam edə bilər. Faktiki olaraq buna, status məsələsini danışıqların gündəmindən çıxarmaq və gələcəkdə baxmaq təklifi kimi də baxmaq olar.
Ermənilər isə cavab olaraq, daha dəqiq təyinat tələb etməyə başlayıblar. Onlar Madrid təkliflərindəki "aralıq statusu"nun müstəqilliyə maksimum yaxın olmasına çalışırlar. Onların nöqteyi-nəzərlərində bu, məntiqlidir. Axı, "aralıq status"u, məsələn, 5 il üçün nəzərdə tutulan müvəqqəti mərhələdirsə, onun detallarına getməyə ehtiyac yoxdur. Amma "aralıq status"u on illərlə davam edəcəksə, bu zaman situasiya dəyişir. Onda gələcəkdə sərhədlər, mülkiyyət, hüquq və maliyyə sistemi, investisiya, mülki identifikasiya, beynəlxalq əlaqələr və digər məqamlarla bağlı mübahisə və münaqişələrin meydana çıxmaması üçün ermənilər bütün bu məsələlərin razılaşdırılmasını, çərçivə razılaşmasında onların beynəlxalq zəmanətlə dəqiqləşdirilməsini istəyir. Bakı üçün isə hətta "aralıq statusu" çərçivəsində belə Dağlıq Qarabağ üçün geniş səlahiyyətlərin verilməsi, de-fakto, bu ərazinin Azərbaycandan ayrılmasını qəbul etmək olardı. Bu isə, təbii ki, mümkün məsələ deyil.
Beləliklə, açıqlanan Madrid prinsiplərinə dair maraqlı mənzərə alınır: statusun sərbəst iradə ilə müəyyənləşməsinə dair müddəa qeyri-müəyyən olsa, onda "aralıq statusu"nu daha konkret şəkildə göstərmək lazım gələcək. Və əksinə.
Prezidentlər vaxtlarını razılaşmanın mətnində bu və digər sözün aydınlaşdırılmasına yox, prinsipial məsələlərin, taleyüklü məqamların müzakirəsinə həsr edirlər. Bu səbəbdən də tərəflər pauza verərək situasiyanın yenidən analiz olunması üçün vaxt götürüblər. Bu vaxt ərzində mümkün qarşılıqlı güzəştlər müzakirə olunacaq və yalnız bundan sonra təkliflərə münasibətlərini açıqlayacaqlar.
İstənilən halda aydındır ki, Minsk Qrupunun təklif etdiyi Madrid prinsipləri əsasında aparılan danışıqlar prosesi finiş xəttinə yaxınlaşır. Moskva görüşündən sonra rusiyalı həmsədr Y.Merzlyakovun ilin sonunda özü ilə yanaşı M.Brayzanın da həmsədr postunu tərk edəcəyini söyləməsi də bunu göstərir. Bunu ilin sonunadək qalan müddətdən effektiv istifadə etməklə, danışıqlar prosesinin incəliklərini bilən hazırkı həmsədrlərin dövründə razılığın əldə olunmasına çağırış kimi qiymətləndirmək olar.
Lakin digər tərəfdən, bu çağırışı münaqişə tərəflərinin Madrid prinsipləri əsasında razılığa gələcəklərinə olan inamsızlığın göstəricisi kimi də qəbul etmək mümkündür.
Amma mən risk edərək, kompromisin mümkün olduğunu söyləyəcəyəm, çünki Minsk Qrupunun həmsədrləri olan fövqəldövlətlərin fəal səyləri bunu real edir. Düzdür, Rusiya, ABŞ və Fransa prezidentlərinin G8 ölkələrinin bir müddət əvvəl İtaliyada keçirilən sammiti çərçivəsində səsləndirdiyi müraciət bu iş üçün kifayət deyil. Nəticə əldə etmək üçün yalnız danışıqlara siyasi dəstək yox, həm də təzyiq mexanizmlərinin işə salınması, zəmanət və stimul vacibdir. Ermənistan çətin iqtisadi durumdadır və onun kreditlərə, investisiyalara ciddi ehtiyacı var. Münaqişənin həll ediləcəyi təqdirdə bu ölkəyə maliyyə yardımının artırılacağına dair vəd, əks təqdirdə isə onun azaldılacağı ilə bağlı bəyanat vacib stimullaşdırıcı faktor ola bilər. Azərbaycanın isə pula ehtiyacı olmasa da, irimiqyaslı regional layihələrin reallaşdırılması baxımından dayanıqlı sülhün olması onun üçün də vacibdir.
Həmsədrlər bəyan ediblər ki, onlar iyulun sonlarında Krakovda bir araya gələrək prezidentlərin Moskva görüşünü analiz etmək, son diskussiyalar əsasında Madrid təkliflərini təkmilləşdirmək fikrindədirlər. Bunun ardınca onlar Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün təşkili məqsədi ilə sentyabrda regiona səfər etməyi düşünürlər. Həmin göürüşün oktyabrın əvvəlində MDB-nin növbəti sammiti çərçivəsində Kişinyovda baş tutacağı gözlənilir.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər davam etdirilir. Lakin danışıqların hazırkı raundunun da əvvəlkilərtək uğursuzluğa düçar olacağı istisna deyil. Ermənistandakı daxili siyasi vəziyyət, prezident Serj Sarqsyanın zəif mövqeyi onu müxalifətin hədəfinə çevirir, işğal altındakı Azərbaycan torpaqlarından çıxmaq istəməyən qüvvələr isə beynəlxalq ictimaiyyətin qanuni tələblərinə məhəl qoymayaraq, əraziləri işğaldan azad etməmək üçün oyun oynamağa çalışırlar.
Məsələnin belə olub-olmadığı tezliklə aydınlaşacaq. Biz isə danışıqların uğursuzluğa düçar olacağı təqdirdə həyata keçiriləcək variantları nəzərdən keçirməliyik - diplomatik, hərbi, iqtisadi və informativ. Ermənilərin hərbi uğurları artıq geridə qalıb və indi Azərbaycanın demoqrafik, iqtisadi, maliyyə, hərbi və geosiyasi üstünlükləri ildən-ilə artır.
Bunu isə yalnız ermənilərin yox, həm də onların himayədarlarının anlaması çox vacibdir.
MƏSLƏHƏT GÖR: