14 Mart 2025

Cümə, 20:48

HAKİMİYYƏT HAQQI

Azərbaycan Avropanın postkommunist ölkələri arasında hakimiyyətin legitimlik əmsalına görə liderdir

Müəllif:

01.08.2009

Azərbaycan Avropanın keçmiş kommunist ölkələri arasında hakimiyyətin legitimlik əmsalı üzrə liderlik edir. Portlend Dövlət Universitetinin siyasi elmlər üzrə dosenti Bryus Cillinin "Hakimiyyət haqqı. Dövlət öz legitimliyini necə qazanır və itirir" adlı kitabında apardığı analizin nəticələri belədir. 

"İnterfaks"ın məlumatına görə, "Postkommunist Avropa" regional qrupunda Azərbaycan bu göstərici üzrə Mərkəzi və Şərqi Avropanın 21, eləcə də MDB-nin Avropa hissəsindəki bütün ölkələri (Rusiya, Ukrayna, Belorus, Moldova, Gürcüstan və Ermənistanı) qabaqlayaraq 1-ci yeri tutub.

Ümumilikdə isə müəllif kitabda dünyanın 72 ölkəsindəki vəziyyəti təhlil edib və onları 6 qrupa bölüb: Qərb, Postkommunist Avropa, Yaxın Şərq, Latın Amerikası, Asiya və Afrika. 

Müəllif bu dövlətlərdəki sosial-iqtisadi və siyasi vəziyyəti öyrənərək, məlumatları ümumiləşdirib və onları "hakimiyyətin legitimlik əmsalı üzrə" sıralayıb.

Analizin nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə dünyanın 72 ölkəsi arasında 9-cu yeri tutur və bu zaman yalnız Danimarka, Norveç, Niderland, Kanada, Avstriya, Finlandiya, İsveç və ABŞ-dan geri qalır.

Bu zaman Azərbaycan Avropa İttifaqının, Asiya və Latın Amerikasının inkişaf etmiş dövlətlərini qabaqlayır.

Həmin siyahıda "narıncı inqilabın vətəni" olan Ukrayna 56-cı, "qızılgül inqilabı"nın beşiyi Gürcüstan 68-ci, Türkiyə 62-ci, Ermənistan 70-ci, Rusiya  isə 72-ci yeri tutur. 

Kitabda Azərbaycana ayrılmış son dərəcə böyük diqqəti nəzərə alaraq, politoloq Fuad Axundovdan onun bəzi məqamlarına şərh verməyi xahiş etdik.

F.Axundov hər şeydən əvvəl onu qeyd etdi ki, Bryus Cilli Amerikanın nüfuzlu alimidir və ABŞ-la yanaşı Avropanın elmi dairələrində də, müasir Çinin sosial-siyasi inkişafı və demokratik müasirləşməsi mövzusunda nəşrləri, məqalə və monoqrafiyaları ilə tanınır. Onun "Hakimiyyət haqqı" kitabı artıq elmi dairələr tərəfindən müsbət qiymətləndirilib, həmkarlarıı isə bu əsəri "politologiya və dövlət idarəçiliyi elmlərinin inkişafına önəmli töhfə" adlandırıb.

Bu işdə B.Cilli dövlət legitimliyi probleminə, başqa sözlə, dövlət hakimiyyətinin legitimliyinə müraciət edib. Dünyanın 72 aparıcı ölkəsində sosial-iqtisadi və siyasi inkişafı öyrənən və nəticə çıxaran Cilli kitabında dövlət legitimliyi və onun əsasını təşkil edən faktorlara nadir yanaşma ortaya qoyub.

F.Axundovun sözlərinə müəllif 72 ölkədə "hakimiyyətin legitimlik əmsalı"nı müəyyənləşdirərkən, "dövlət legitimliyi" anlayışını təşkil edən üç aparıcı komponenti - hakimiyyətin addımlarının qanuniliyi, bu addımların əhali tərəfindən dəstəklənməsi (dövlət başçısına etimad, ictimaiyyətin iqtidarın siyasətini və apardığı islahatları dəyərləndirməsi, demokratiyanın səviyyəsindən məmnunluq və s.) və cəmiyyətdə sabitlik, vətəndaş həmrəyliyini əsas götürüb.

Fuad Axundovun fikrincə, amerikalı alim öz analizində hakimiyyətin fəaliyyətinə xalqın dəstəyinin dərəcəsi, dövlət başçısına inam kimi göstəricilərə daha böyük önəm verib, məhz bu göstəriciləri siyasi analizdə daha vacib məqam sayıb. Politoloq bildirib ki, ölkədə mütəmadi keçirilən sosial araşdırma və sorğuların nəticələrində də təsdiqlənən Azərbaycan prezidentinin əhali arasındakı ənənəvi yüksək reytinqini və onun reallaşdırdığı sosial-iqtisadi islahatlara vətəndaşların birmənalı dəstəyini nəzərə alsaq Azərbaycanın "dövlət legitimliyi" məsələsində, hətta Avropanın daha firavan dövlətlərini arxada qoyması tamamilə qanunauyğundur.

F.Axundovun fikrincə, Azərbaycanın belə yüksək yer tutmasının səbəbləri haqda müəllifin öz fikirləri də vacibdir. B.Cilli Azərbaycanın bu reytinqini SSRİ-nin dağılmasından və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra cəmiyyət tərəfindən  siyasi fəaliyyətin dəstəklənməsi üçün mineral ehtiyatları cəld  səfərbər etməyi bacarması ilə əsaslandırıb. Müəllif hesab edir ki, bu zaman həmin ehtiyatların dünya bazarlarına çıxarılması və əldə edilən gəlirlərin ölkənin  sosial-iqtisadi inkişafının və sosial-siyasi sabitlik maraqlarının təminatına birbaşa tabe edilməsi nəzərdə tutulub.

F.Axundov şərhində bildirir ki, amerikalı alimin dövlət hakimiyyətinin legitimliyi məsələsinə yanaşması, şübhəsiz ki, novatorluqdur. Cillinin üstünlüyü ondadır ki, bu və ya digər ölkənin inkişaf modelinin effektivliyini, dövlət hakimiyyətini və daxili siyasi hakim elitanı qiymətləndirən zaman o, daha geniş, kompleks yanaşma ortaya qoyur, bir çox iqtisadi, sosial və siyasi faktorların məcmusunu nəzərə alır. Məhz bu cür yanaşma daha obyektiv və ədalətli mənzərə yaradır.


MƏSLƏHƏT GÖR:

397