24 Noyabr 2024

Bazar, 19:41

GDO YE, "CANA GƏL"

Azərbaycanda genetik dəyişdirilmiş qatışıqlarla mübarizə üçün daha mükəmməl sənəd lazımdır

Müəllif:

15.07.2009

Hələ 2009-cu ilin yanvar ayında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) bəyan etmişdi ki, Azərbaycanın qida məhsullarında genetik dəyişdirilmiş (GD) qatışıqların mövcudluğu haqqında qanun layihəsində müəyyən çatışmazlıqlar olduğundan, yenidən işlənməsinə ciddi ehtiyac duyulur. Ancaq RGDM-in şöbə müdiri İmran Abdullayev "Region plus"a bildirmişdi ki, hələlik  parlamentdə lazımi əlavələr barədə müzakirələr aparılmayıb və bu, böyük ehtimalla payız sessiyasında baş tutacaq. 

Bununla yanaşı ekspert hesab edir ki, məsələnin həllini uzun müddət təxirə salmaq olmaz. Çünki RGEM-in araşdırmalarına görə, yerli qida məhsullarına da genetik dəyişdirilmiş orqanizmlər (GDO) vurulur, amma qablaşdırma zamanı məhsulun içində məhz hansı inqredientlərin olması göstərilmir. Bununla yanaşı, İmran Abdullaev bildirir ki, son zamanlarda Azərbaycan bazarına çıxarılan qida məhsullarının tədqiqatı və analizi üçün bir neçə struktur yaradılıb. Ancaq onların heç birinin yararsız malların ticarət şəbəkəsinə girişini qadağan etmək səlahiyyəti yoxdur. 

Ekspert qeyd edir ki, ərzaq məhsullarında GD elementlərinin olub-olmamasını araşdırmaq böyük önəm daşıyır. Çünki onların daşıdığı təhlükə sona kimi öyrənilməyib və ehtimal var ki, onların tətbiqi son nəticədə planetdə bütün canlı aləmin məhvinə gətirə bilər. Genetik dəyişdirilmiş orqanizmlər (GDO) hər hansı bir orqanizmə başqa genetik struktur və ya "məqsədli genlər" daxil edilməsi ilə əldə  edilə bilir. Bu, bitkiyə yeni xüsusiyyətlər vermək üçün tətbiq edilir. Ancaq artıq çoxdan sübut edilib ki, qeyri-təbii yolla yaradılmış hər bir şey özündən sonra müəyyən dəyişikliklərə səbəb olur. Həyat fəaliyyətinin sarsılmaz qaydalarına insanın müdaxiləsi isə kövrək ekoloji balansın pozulması ilə nəticələnə bilər.  

Azərbaycan mütəxəssisinin dediklərini Rusiya alimlərinin əldə etdiklərə nəticələr də təsdiq edir. Onların fikrincə, genlərin daxil edilməsi yalnız onların mutasiyaya uğramasına deyil, həm də bitkinin ümumi genomunda dəyişikliklərin baş verməsinə səbəb ola bilər. Bundan başqa, genetik dəyişdirilmiş bitkilərdə tanınmayan zəhərli zülalların yaranması da mümkündür. Ona görə də transgenlər insanda toksikozlara və allergiyaya səbəb ola bilər. 

Siçanlarla aparılmış təcrübənin nəticələri Rusiya alimlərini şoka salıb. Bir neçə təcrübə ardıcıllıqla keçirilib. Əsasən birinci və ikinci nəsil siçan balalarının fizioloji durumu və ölüm səviyyəsi öyrənilib. Birinci tədqiqat blokunda 30 ana siçanı araşdırıblar və onları 4 qrupa bölüblər. Birinci qrupa adi yem əvəzinə genetik dəyişdirilmiş soya unu yedizdiriblər. İkinci qrup siçanların yeminə adi soya əlavə ediblər. Üçüncü qrupa isə genetik dəyişdirilmiş soya ununun zülalları verilib. Dördüncü nəzarət qurupu isə adi, qatışıqsız standart yemlə qidalandırılıb. 

Siçanları həm döllənmə, həm də hamiləlik və əmizdirmə vaxtı da yedizdiriblər. Ümumilikdə, 221 siçan balası dünyaya gəlib. Mənfi nəticə "genetik dəyişdirilmiş soya" qrupunda qeydə alınıb. Birinci nəsildən olan həmin siçan balalarının yarıdan çoxu (51,6%) həyatlarının ilk üç həftəsi ərzində ölüblər. Sağ qalanların üçdəbirindən çoxu çəki və ölçülərinə görə nəzarət qrupundan olan siçan balalarından 1,5-2 dəfə balaca olublar. Onlar zəif və inkişafdan geri qalıblar. 

Rusiya ekspertləri bildirirlər ki, genetik dəyişdirilmiş məhsulların insan orqanizmi üçün təhlükəli olub-olmaması bəlli deyil. Amma siçanlar üzərində aparılmış təcrübə çox ehtiyatlı olmağı tələb edir. Bununla bağlı Moskva hakimiyyəti şəhərin ərzaq təhlükəsizliyi haqqında qanununa indiyə kimi görünməmiş düzəliş edib. Düzəlişdə bildirilir ki, şəhərin vəsaitlərini transgen məhsulların alınmasına yönəltmək olmaz və genetik dəyişdirilmiş qidaların istehsalçılarını kreditləşdirmək yasaqdır. 

Azərbaycanda genetik dəyişdirilmiş ərzaqlarla bağlı vəziyyət daha pisdir. Çünki Rusiyada qəbul edilən qanuna görə, həm yerli, həm də xarici istehsal məhsulu olan bütün ərzaq məhsullarının içində olan qatışıqların tərkibi markalaşdırma zamanı qeyd edilməlidir. Bu qanun beş ildir ki, qəbul edilib. Başqa sözlə, əgər hər hansı məhsulda 30%-dən artıq genetik dəyişdirilmiş element varsa, markalaşdırma zamanı məhsulun etiketində göstərilməlidir. İki il bundan qabaq isə qanuna edilən düzəlişə görə, GDO-lar 0,5%-dən belə çox olarsa, bu, etiketdə qeyd edilməlidir. 

Azərbaycanda İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yaradılsa da, Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi fəaliyyət göstərsə də, bu qurumlar tərəfindən təşkil edilmiş müəyyən tədqiqatlar aparılsa da, genetik dəyişdirilmiş ərzaq məhsullarına qarşı mübarizə geniş vüsət almayıb. Çünki bunun üçün müəyyən işlək normativ sənədlərin qəbulu gərəkdir. Həqiqətən də, yuxarıda göstərilən qurumların məsələ ilə bağlı imkanları demək olar ki, yox dərəcəsindədir - çünki lazımi şəraitin, yüksək texnologiyalı laboratoriyaların və s.-in olması da önəmlidir.

Belə bir vaxtda RGEM-dən də bildirirlər ki, Azərbaycan bazarı genetik dəyişdirilmiş məhsullarla doldurulub. Vəziyyətin kəskinləşməsi həm də onunla bağlıdır ki, gendəyişdirmə epidemiyası bütün aqrar bölməni əhatə edir. Əgər 10 il qabaq Azərbaycanda 12 qarpız növü yetişdirirdilərsə, indi mütəxəssislər bildirir ki, yalnız bir növ - "şaban" növü qalıb. Çünki genetik dəyişdirilmiş elementlər müəyyən vaxt ərzində təbii bitkilərin növ müxtəlifliyini məhv edir. Eyni sözü kartof, tomat və bitki yağları haqqında da demək olar. Genetik dəyişdirilmiş elementlər çipslərdə, fast-fudlarda, ketçuplarda və hətta uşaq yeməklərində də mövcuddur. Genetik dəyişdirilmiş toxumların artmamaq ehtimalı daha yüksəkdir. Hindistanda, hətta bununla bağlı olaraq fermerlər arasında intihar hallarının da sayı artıb. Onlara qarışıq toxumlar satıblar, içərisində ənənəvi toxumlar da, genetik dəyişdirilmişlər də olub. Artıq iki ildən sonra onlar məhsul əldə edə bilməyiblər, toxumlar bitməyib. 

Hətta normal bitkilər də tozlandırma nəticəsində qısırlaşıblar. Belə olan halda transgen toxumlar istehsalçıları dünyanın istənilən yerində aclıq törədə bilərlər. Amerikanın iri transgen məhsullar istehsalçısı olan "Monsanto" şirkəti bir zaman bildirmişdi ki, 10-15 ildən sonra planetdə bütün toxumlar transgen olacaq. Amma GDO-ların əksəriyyəti bir və ya iki nəsildən sonra qısırlaşırlar. Genetik dəyişdirilmiş bitkilər nəticəsində sahələrdə bioloji müxtəlifliyin məhv edilməsini məhz bununla bağlayarlar. 

Ekspertlər hesab edirlər ki, Azərbaycanın bütün dövlət qurumlarına - məktəblərə, uşaq bağçalarına, xəstəxanalara tərkibində GDO olan ərzaqlar almağı qadağan etmək lazımdır, amma bunun üçün qanunvericiliyə düzəliş etmək gərəkdir. Azərbaycanın ərzaq məhsullarına genetik dəyişdirilmiş əlavələr üzrə qanun layihəsinə bütün istehsalçıları öz məhsullarını markalaşdırmağa məcbur edən düzəliş əlavə edilməlidir. 

Maraqlıdır ki, 2000-ci ildə dünyanın 84 ölkəsindən olan 828 alim bütün ölkələrin hökumətlərinə məktub yazaraq,  genetik dəyişdirilmiş orqanizmlərin (GDO) təhlükəsindən danışıblar. Hazırda həmin sənədin altında imza sayı 2 mini keçib. Alimlər transgenlərin qidada işlədilməsinə qadağa qoyulmasını tələb edirlər. 


MƏSLƏHƏT GÖR:

524