15 Mart 2025

Şənbə, 00:31

ÖZ ÇÖRƏYİMİZ

Bu il Azərbaycanda taxıl yığımı rekord həddə çatacaq kənd təsərrüfatı naziri Ismət Abbasov bu qənaətdədir

Müəllif:

15.07.2009

Azərbaycan iqtisadiyyatı 2009-cu ilin birinci yarısını ağrısız-acısız keçirdi. İqtisadiyyatın, demək olar ki, bütün sahələrində, o cümlədən kənd təsərrüfatında artım müşahidə edildi. Sosial problemlərin həllinə yönələn  tədbirlərin  gerçəkləşdirilməsiylə yanaşı, yeni sağlamlıq, mədəniyyət və idman obyektləri də istifadəyə verilməkdədir. Həmçinin, ölkənin ərzaq təhlükəsizliyinin təminində də yaxşı uğurlar qeydə alınıb. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov "Region plus"a verdiyi müsahibəsində ölkənin aqrar sənaye kompleksindəki vəziyyət və sahənin problemlərinin həlli barədə ətraflı danışıb. 

- Cənab nazir, hazırda respublikada var gücü ilə taxıl məhsullarının  yığımı gedir. İndiki biçin barədə nə deyə bilrəsiniz, taxılçılarımız hansı problemlərlə üzləşirlər və onlar yerlərdə  necə həll edilir?

- Hökumətin bütün diqqəti indi önəmli istiqamətə - yeni məhsulun yığımına yönəlib. Qeyd etmək lazımdır ki, biçin ən gərgin anına çatıb, hazırda tarlalarda 3 mindən çox kombayn, yüzlərlə yük maşını işləyir. Bizə hər gün  regionlardan operativ məlumatlar daxil olur. "Aqrolizinq" ASC texnika ilə bağlı yaranmış problemlərin həllində yardımçı olur, ASC tərəfindən yaradılmış təmir briqadaları kombaynçılara nasazlıqları aradan qaldırmaqda köməklik göstərir, yeni ehtiyat hissələri ilə də təmin edirlər. Yeni məhsulun tədarükü qrafiki qabaqlamaqla gedir və iyulun  6-a, demək olar ki, respublikanın taxıl sahələrinin 60% -indən məhsul artıq yığılıb. Kombaynlar 1 mln. 679 min ton payızlıq arpa və buğda biçiblər. Bu, keçən ilki səviyyəyə baxanda 48,2 min ton çoxdur. 

 Siz bilirsiniz ki, ölkənin taxıl əkinləri müstəqillik illərindən bəri ilk dəfədir ki, genişlənərək 1 milyon 79,3 min hektar olub. Bu, 2008-ci ilin göstəricisindən 215,8 min hektar çoxdur. Onun 810,7 min hektarı yumşaq və bərk buğda növlərinə ayrılıb. Bu da keçənilki səviyyədən 206,7 min hektar artıqdır. Mbvsümün sonuna yaxın  2 milyon tondan çox buğda məhsulu gözləyirik. 

Taxılın qiymətinə gəldikdə isə, biçin vaxtı o, yetərincə azalır. Ancaq fermer zərər çəkməməlidir. Tədarükçülər istehsalçılardan məhsulu maya dəyərindən yüksək qiymətə almalıdırlar. 

- Siz əminsinizmi ki, bizim taxılçılar bu il 3 milyon ton məhsul yığacaqlar?

- Biçinin səviyyəsi göstərir ki, indiki təsərrüfat ilində Azərbaycan rekord taxıl məhsulu götürəcək. 

- Doğrudan, taxıl biçini o qədər yüksəlib ki, regionlarda taxılın kiloqramının qiyməti 8 -10 qəpiyə düşüb. Bu gün fermer başqa bir problemin həllini istəyir. Becərilmiş taxılı nə edək, onu harada saxlayaq? 

- Siz çox aktual bir mövzuya toxundunuz. Biz bu məsələni nazirlikdə müzakirə etmişik,  Nazirlər Kabinetində təkliflə çıxış etmişik.  Bilirsiniz ki, Kənd Təsərrüfatı Nazirliyində bütün sutka ərzində "qaynar xətt" fəaliyyət göstərir. Kənd təsərrüfatı məhsulları istehsal edən fermerlər tərəfindən qaldırılmış istənilən məsələ operativ şəkildə həll edilir. Biz taxılçılarımızın əməyinə laqeydlik göstərə bilmərik. Özəl dəyirman strukturları olan bölgələrdə təşkilatlanmış şəkildə yeni məhsulun tədarükü aparılır. Taxılın dünya bazarlarına ixracı da istisna edilmir. 

- Məlumat var ki, FHN-nin nəzdində fəaliyyət göstərən Dövlət Taxıl Fondu xaricdən yumşaq buğda alıb. Mütəxəssislər bunu  belə əsaslandırıblar ki, guya ölkənin özəl təsərrüfatlarında çörək istehsalına cavab verəcək keyfiyyətdə buğda becərilmir. Bu faktla bağlı nə deyə bilərsiniz?

- Mən bizdə yüksək keyfiyyətli buğda olmaması barədə iddialarla heç də razılaşa bilmərəm. Biz elə bu məsələni həll edirik. Ona görə də keçən ilin payızında Rusiya Federasiyasının Krasnodar diyarının akademik P.P.Lukyanenko adına Kənd Təsərrüfatı İnstitutu ilə bağlanmış saziş əsasında 7189 min ton yüksək reproduksiyalı  buğda toxumu alaraq, ölkənin toxumçuluq təsərrüfatları arasında paylamışıq. Hazırda bizim yetərli həcmdə yüksək keyfiyyətli buğda toxumu fondumuz var. Bu buğda növü yüksək züllallıq və yapışqanlıq keyfiyyətinə malikdir, bu da çörək bişirmək üçün çox vacibdir. Yaxın illərdə biz rekord həcmdə taxıl istehsalına nail olmaqla yanaşı, həm də onun keyfiyyət göstəricilərini də yüksəldəcəyik. 

Taxıl Fonduna gəldikdə isə, Azərbaycan Respublikasının "Taxıl haqqında" qanununa görə, o, keyfiyyətli yerli taxıl hesabına formalaşdırılmalıdır. 

Deyilənlərə əlavə olaraq bildirmək istəyirəm ki, biz strateji planda taxıl məhsulları istehsalında yeni mərhələyə qədəm qoyuruq. Biz kəndlilərdə bu bitkiyə marağı artırmışıq. Bu da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qol çəkilmiş Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramının əsasını təşkil edir. Biz bu gün taxılçılarımızı dəstəkləməliyik, becərilmiş məhsulu qorumaq, yerli taxıl məhsulları bazarını qorumaq üçün əlimizdən gələni etməliyik.  Buğda maya dəyərindən yuxarı qiymətə satılmalıdır. Bizim bazarı qorumaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi taxıl və un idxalına gömrük rüsumlarını artırmağı təklif edib. 

- Meyvə - tərəvəz mövsümü qızğın çağındadır. Amma bir neçə meyvənin qiymətləri yüksək olaraq qalır. İstehlak bazarında balansın qorunması üçün nazirlik tərəfindən hansı tədbirlər görülür?

- Siz yaxşı bilirsiniz ki, biz İqtisadi İnkişaf və Səhiyyə nazirlikləri, həmçinin başqa hakimiyyət qurumları ilə birgə istirahət günləri ticarət yarmarkaları təşkil edirik. Bunda məqsəd ölkənin istehlak bazarında ərzaq qiymətlərinin süni şəkildə qaldırılmasının qarşısını almaqdır. Qarşıdan gələn şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satışı üzrə növbəti yarmarkalar keçiriləcək. 

Bir qayda olaraq bu yarmarkalarda adam çox olur. Şəhər sakinləri çalışırlar ki, bütün həftə üçün meyvə, tərəvəz və heyvandarlıq məhsulları alsınlar.  Çünki qiymətlər bazar qiymətlərindən aşağıdır. Əriyin, alçanın və şaftalının qiymətinin yüksək olması isə bu il məhsulun qıt olması ilə bağlıdır. Məsələ bundadır ki, bu meyvə ağaclarının çiçəklənməsi vaxtı şaxta düşdü və məhsulu kökündən məhv etdi. Belə vəziyyət yalnız Azərbaycanda deyil, həm də bütün Güney  Qafqaz ölkələrində, Rusiyanın Krasnodar diyarında və Ukraynanın Krım bölgəsində də müşahidə edilir. 

Tərəvəzlərə gəldikdə isə bu il rekord səviyyədə pomidor, xiyar, kələm, badımcan, göy bibər, həmçinin bostan bitkilərinin  istehsalı  gözlənilir. Özünüz görürsünüz ki, paytaxt bazarları meyvə - tərəvəz məhsulu ilə doludur, kəndlərdə də onlar boldurlar və çox ucuzdurlar. Bizim proqnozlarımıza görə, bu il tərəvəz istehsalı bir milyon tonu keçəcək. Meyvə və tərəvəzin konteynerlərlə yaxın xarici ölkələrə - Rusiya Federasiyasına, Belarusa, Gürcüstana və  Qazaxıstana daşınması təşkil edilib. 

- Bütün bunlara baxmayaraq, alverçilər kənd camaatına paytaxt bazarlarında sərbəst ticarət etməyə imkan vermirlər. Kənd Təsərrüfat Nazirliyi elə şərait yarada bilərmi ki, kənd adamları da Bakıda sərbəst ticarət edə bilsinlər?

- Mən artıq dedim ki, biz hər həftə kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkalar keçiririk. Həmin yarmarkalarda şəhər sakinləri tonlarla tərəvəz, meyvə, heyvandarılıq və quşçuluq məhsulları alırlar. Öz məhsullarını satmaq üçün kəndlilər paytaxta adi günlərdə də gəlirlər. Bax, onda alverçilərlə sövdələşmə başlayır. Belə vəziyyətlə mübarizə aparmaq çətindir. Ancaq biz inhisarın əleyhinə rəqabət üsulları tətbiq edirik və istehlak bazarında qiymətlərin bilərəkdən qaldırılmasının qarşısını alırıq. 

- Bizdə tez-tez konserv sənayesinin yararsız məhsulları ilə zəhərlənmə halları olur. Kənd Təsərrüfatı Nazirliyi ölkənin şərab bazarında olduğu kimi bu məsələni də öz nəzarəti altına götürə bilərmi?

- Məhsulun keyfiyyəti üzərində nəzarəti yalnız İqtisadi İnkişaf Nazirliyinin ayrı-ayrı qurumları deyil, həm də standarltlaşdırma və keyfiyyət üzrə dövlət qurumları da gerçəkləşdirir. Biz də həmçinin meyvə - tərəvəz konservlərinin keyfiyyətini diqqətlə nəzarətdə saxlayırıq. Şöbə və xidmətlərimiz çalışır ki, şəhər sakinlərinin süfrəsinə yararlı məhsul verilsin. Ancaq elə olur ki, mağaza və dükanlarda yararlılıq müddəti bitmiş məhsullara da rast gəlinir. Təbii ki, belə faktlara qarşı dərhal tədbirlər görülür. 

- Heyvandarlığın inkişafı barədə nə deyə bilərsiniz? 

- Bu, kənd təsərrüfatının yeganə sahəsidir ki, daim dinamik inkişaf edir. Statistik göstəricilərə görə, 2009-cu ilin əvvəlinə ölkədə iribuynuzlu mal-qaranın sayı, demək olar ki, 2,6 mln.-a çatıb. Bu, ötən ilin uyğun dövrünə baxanda 2,3% çoxdur. Fermalarda 1 milyon 242 min inək və camış saxlanılır. Xırdabuynuzlu mal-qarada da artım müşahidə edilir, onun baş sayı 8,3 milyonu keçib, artım 2,1% təşkil edib. 

Özəl fermer təsərrüfatları tərəfindən inkişaf etdirilən heyvandarlıq ölkənin kənd təsərrüfatının ən rentabelli sahələrindən biridir. Aqrar məhsul istehsalının ümumi balansında heyvandarlığın payı yarıya qədərdir və burada artım templəri bir çox parametrlər üzrə kənd təsərrüfatının başqa sahələrinə baxanda yüksəkdir. Belə ki, 1996-2006-ci illərdə heyvandarlıqda illik orta artım 4-6% təşkil edib. Adambaşına məhsul istehsalı isə hələ iki il qabaq ildə 20,5 kq ət və 161,3 l süd istehsalı səviyyəsinə qalxıb. 

Son on ilin statistikasına görə, ölkə özünü ətlə 80% həcmində təmin etmək iqtidarındadır və istehlak edilən südün üçdəbirindən çoxu özümüzdə istehsal olunur (ölkənin südə olan tələbatı 3,2 mln. tondur - müəllif).

- Bildiyiniz kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Buna görə də kənd təsərrüfatı məhsullarının keyfiyyəti birinci dərəcəli məsələdir. Yeyinti sənayesi məhsullarının dünya bazarlarında satılması üçün rəqabət qabiliyyətinin artırılması üzrə hansı tədbirlər görülür? 

- Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə böyük iş görülüb, baytarlıq və fitosanitar nəzarəti xidmətləri beynəlxalq qurumlarla bir sıra sazişlər bağlayıblar. Heyvandarlıq və bitkiçilik məhsullarının analizi üçün lazımi avandanlıq alınaraq ölkəyə gətirilib.  Rusiya, Ukrayna, İran, Moldova, Gürcüstan, Özbəkistan və Türkiyə ilə kənd təsərrüfatı sahəsində elmi, texniki və iqtisadi əməkdaşlıq üzrə bir sıra sazişlər bağlanıb. Kənd təsərrüfatının bir sıra sahələrində bizim fermerlər dünya standartlarının tələblərinə uyğun məhsullar buraxırlar. 

- Çayçılıq, tütünçülük və pambıqçılıq kimi dərin böhran içində olan bitkiçilik sahələri haqqında da soruşmaq istərdik. Hökumət onların dirçəldilməsi üçün nələri edə bilər? 

- Bildiyiniz kimi, aqrar bölmə  müəssisələrinin 98%-ə yaxını azad bazar iqtisadiyyatı şəraitində işləyən özəl müəssisələrdir. Müəyyən obyektiv səbəblər üzündən bu sahədə işləyən müəsisələr tənəzzül vəziyyətinə düşüb. Bir vaxtlar gəlirli sahələr olan olan çayçılıq və tütünçülük bu gün intensiv dirçəliş dövrü yaşayır. Yeni plantasiyalar salınır, perspektiv çay və tütün növləri becərilir.

Pambıqçılığın inkişafına gəldikdə isə, bu sahədə də dəyişikliklər nəzərdə tutulub. Xammalın keyfiyyətinin artırılması, məhsuldarlığının yüksəldilməsi, yüngül sənaye müəssisələrinin işinin təmin edilməsi üçün onun lazımi səviyyədə tədarükü nəzərdə tutulur. 

Bütövlükdə, son beş ildə bütün aqrar-sənaye kompleksinin instensiv inkişafında az iş görülməyib. Bu gün bizim qarşımızda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2009-2013-cü illər üzrə qoyulmuş ciddi tapşırıqlar durur. Biz də öz növbəmizdə bu tapşırıqları şərəflə yerinə yetirmək və ölkə əhalisini yüksək keyfiyyətli kənd təsərrüfatı malları ilə təmin etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. 

- Söhbətə görə təşəkkür edirəm.


MƏSLƏHƏT GÖR:

501